Onun haqqında danışanda adının önündə çoxsaylı epitetlər qoymağa çalışırlar: “böyük alim”, “görkəmli tədqiqatçı”, “jurnalistikamızın patriarxı”, “qeyrətli vətəndaş”, “fədakar insan”, “mehriban ailə başçısı” və s. Beləcə, ildən-ilə pərəstişkarları onun kimliyini, şəxsiyyətini layiqincə xarakterizə edə biləcək daha nadir, daha bəlağətli, daha sanballı ifadələr axtarıb tapmağa və sanki bununla ona olan, lakin özünün iddiasında bulunmadığı bir mənəvi borcun öhdəsindən gəlməyə, əvəzini verməyə çalışırlar. Son günlərdə eşitdiyim “məfkurə mühəndisi”, “millət müəllimi” kimi ifadələr də professor Şirməmməd Hüseynova ziyalı rəğbətinin, tələbə məhəbbətinin doğurduğu səmimi duyğulardan qaynaqlanır.
Bəxtiyar Vahabzadə Şirməmməd Hüseynov haqqında öz səmimi duyğularını belə ifadə etmişdi:
Şirməmməd - əxlaqın,
haqqın öz səsi ,
Ləyaqət, dəyanət
mücəssəməsi!
Bəli, özünün ürək dostu, qəlb sirdaşı, vicdan və məslək qardaşı Şirməmməd Hüseynov haqqında bu heyrətamiz misraları poetik düşüncənin mükəmməl ifadə tərzində yalnız Bəxtiyar Vahabzadə kimi dahi söz ustadımız deyə bilərdi.
Çoxları onun haqqında çox dəyərli fikirlər söyləyir. Şirməmməd Hüseynova məfkurə mücahidi kimi baxırlar, onun milli sevgisinə həsəd aparırlar. Doğrudan da, bir insanın on minlərlə insanı bir peşənin vurğununa və fədaisinə çevirməyi bacarması böyük düha tələb edir. Bu gün jurnalist peşəsini özünün həyat tərzinə çevirmiş, özünü bütövlükdə bu peşəyə həsr etmiş, öz varlığını bu peşə fəaliyyətindən kənarda təsəvvür etməyən minlərlə tələbəsi bu dühanın cəmiyətimizdəki görüntüləri, cəmiyyətin yoluna işıq saçan qığılcımlarıdır.
Ona “bənzəri olmayan natiq” də deyirlər. Həqiqətən, minlərlə insanın nəfəs dərmədən, zamanı hiss etmədən, yorulmadan, usanmadan qulaq asmağa hazır olduğu bir natiqə tarixdə çox nadir hallarda rast gəlinir. O əsl natiqdir. İnamlı duruşu ilə, ona qulaq kəsilənlərin gözlərinə zillənən iti baxışları ilə dediyi sözləri dinləyənlərin zehnlərinə birdəfəlik həkk etməyi bacaran bir natiq. Şirməmməd Hüseynov sadə bir natiq deyil. O, bəzən söylədiyi fikirlərin arxasında gizlətdiyi ən vacib məna və mahiyyət çalarlarını dinləyicisinə səsinin ahəngi ilə, üzünün ifadəsi ilə asanlıqla anlatmaq kimi qeyri-adi bir məharətə sahib olan natiqdir. Elə bir natiq ki, söylədiyi hər bir cümlə, hər bir fikir, hər bir mülahizənin təkzibi mümkün olmayan bir aksiomdur.
Ona “fədakar araşdırmaçı” da deyirlər. Tədqiqatçılar illərlə kitabxana rəflərində qalıb toz basmış ədəbiyyatla çalışmaqdan, indiyədək elmi dövriyyəyə çıxmamış bilgiləri öyrənib bu bilgilər əsasında yeni bir elmi əsər ortaya qoymaqdan zövq alır və haqlı olaraq bununla fəxr edirlər. Şirməmməd Hüseynov isə adi tədqiqatçı deyil. O, sadəcə əsər yazmır, o, milli düşüncəmizin keçmişində bugünümüzü və gələcəyimizi araşdırır. O, dahi Mirzə Fətəlinin, Həsən bəy Zərdabinin, Əli bəy Hüseynzadənin, Əhməd Ağaoğlunun, Ömər Faiq Nemanzadənin, Məmməd Əmin Rəsulzadənin, Üzeyir bəyin bugünümüzə gəlib çatmış saralmış arxiv sənədlərinin hər sətrində bu millət fədailərinin düşüncələrini, arzu və istəklərini, sonsuz vətən eşqini aşkar edir.
Bütün bu bilgiləri öz qəlbinin genişliyindən, öz dərrakəsinin və ruhunun süzgəcindən keçirib bugünümüzə gətirir və bizimkiləşdirir. O, özünün elmi tapıntılarını yalnız alimlərin oxuyacağı elmi əsərə yox, aydın və məntiqli şərhləri ilə millətini sevən hər bir vətəndaşın həyat amalına və fəaliyyət proqramına çevirə bilir. Belə idrak, belə peşəkarlıq, millətin gələcəyi qarşısında belə bir məsuliyyət hissi və nəhayət, belə bir vətənsevərlik bütün tədqiqatçılara xas olan keyfiyyət deyil.
Doğmaları onu “mehriban ata”, “qayğıkeş həyat yoldaşı”, “məsuliyyətli ailə başçısı” adlandırırlar. Lakin o, sadə bir ailə başçısı deyil. O, həm də həyatının hər gününü sevdiyi peşəni başqalarına sevdirməyə həsr edən, bilik və bacarığını əsirgəmədən bölüşən bir müəllimdir. Şirməmməd müəllim onu sevən on minlərlə tələbənin, bir ölkədə bir peşə fəaliyyətində çalışan bütün insanların mənəvi atasıdır. Onu prinsipial, mübariz, üsyankar kimi də sevirlər. Çünki o, gördüyü işin doğruluğuna inanan və həm də inandıran, fədakar və mübariz ruhlu siyasi-ictimai xadimdir.
Adətən, belə insanlar haqqında deyirlər ki, onlar özləri üçün yaşamırlar. Şirməmməd Hüseynov da bu qəbildən olan, lakin adi bir ictimai-siyasi xadim qəlibində olmayan şəxsiyyətdir. İçərisində bulunduğu cəmiyyətin çatışmazlıqlarına dözməyən və qəzəblənən, eyni zamanda, yeri gəldikcə, sözü və əməlləri ilə başqalarını qəzəbləndirən, heç bir təzyiq qarşısında, heç zaman, heç bir halda öz inamından dönməyən üsyankar birisinin evin kandarından içəridə – ailə ocağında mərhəmətli bir insana, sevimli bir ataya, qayğıkeş bir həyat yoldaşına çevrilməsi, doğrudan da, inanılmaz bir iradə, qibtə olunacaq bir dözüm və nəhayət, nəcabət dəyərlərinə əsaslanan yüksək əxlaq tələb edir. Bu mənada Şirməmməd Hüseynovun ailə məhəbbəti, doğma ocaq sədaqəti əsrlərin təcrübəsindən yoğrulmuş milli əxlaq mərtəbəsinə yüksəlir və onun etalonunu özündə əks etdirir.
Milli fikir tariximizdə, milli istiqlal mücadiləmizdə və milli əxlaq xəzinəmizdə millətin başını ucaldan, milli qürur gətirən, zaman-zaman fəth olunmuş şöhrət zirvələrimiz var. Bu zirvələrdə Nizami, Nəsimi, Mirzə Fətəli, Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Məmməd Əmin Rəsulzadə, Üzeyir bəy Hacıbəyli kimi mütəfəkkirlərimiz dayanır. Öz həyatı, mübarizəsi, ictimai fikir cərəyanı ilə bu sırada qərarlaşan və öz varlığı ilə milli sərvət xəzinəmizi daha da zənginləşdirən şöhrət zirvələrimizdən biri də Şirməmməd Hüseynov zirvəsidir. Bu, elə bir möhtəşəm zirvədir ki, bugünkü və gələcək ziyalı nəsillərimiz üçün belə bir yüksəkliyi fəth etmək müşkül görünür. Bütün bunlara baxmayaraq, Şirməmməd Hüseynov özü haqqında danışmağı xoşlamır. Jurnalistlər nə qədər çalışsalar da tərifdən və onun şəxsiyyətinə səmimi pərəstişdən xoşhal olduğunu sezmək, verəcəyi cavabların başında onun dilindən “mən” sözünü eşitmək mümkün deyil. Onun haqqında yazılmış çoxsaylı məqalələrdə, dəyərli ziyalılarımızın çıxışlarında “istiqlal aşiqi”, “haqq-ədalət carçısı” adlandırılan bu bənzərsiz insanın ətrafında baş verən və onun şəxsiyyətinə sevgidən doğan pərəstiş həyəcanlarına reaksiyası təəccüb doğuracaq dərəcədə sadədir. Buradan da onun portretinə yeni bir cizgi, adının önünə isə yeni bir epitet yaranır - təmənnasız insan. Şirməmməd Hüseynova umacaq anlayışı yaddır. O, “təmənna” adlı hissiyatdan çox uzaqlarda və çox yüksəklərdə dayanan bir insandır.
Şirməmməd Hüseynovdan danışarkən, onun haqqında düşünərkən təmənnasız olmaq mümkün deyil. Təmənnamız isə ondan ibarətdir ki, Ulu Tanrı Şirməmməd Hüseynova uzun ömür, möhkəm can sağlığı bəxş etsin, bu böyük ustada hələ uzun illər yazıb-yaratmaq xoşbəxtliyi və ən müqəddəs arzularına qovuşmağı nəsib etsin.
Millətin şərəfini uca tutmağı özünün şərəf işi hesab edən, bu günlərdə Prezident İlham Əliyevin sərəncamı ilə “Şərəf” ordeninə layiq görülən şərəfli müəllimimiz Şirməmməd Hüseynova 90 illik yubileyi münasibətilə ən səmimi arzularımızı çatdırırıq.
Cavanşir FEYZİYEV,
Milli Məclisin deputatı, fəlsəfə doktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.