Azərbaycan elminin inkişafı tarixində XX əsrin xüsusi yeri var. Məhz həmin dövrdə ölkəmizdə elmin ən müxtəlif sahələrinin sistemli inkişafı və çiçəklənməsi mərhələsi başlanır.
Bütün zamanlarda xalqımıza hörmət və şöhrət gətirən görkəmli şəxsiyyətlərimiz–alimlərimiz, mədəniyyət və incəsənət xadimlərimiz olub. Bu mötəbər sırada keçən əsrdə Azərbaycan mikrobiologiya elminin inkişafında xüsusi xidmətləri olan biologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi Həbibə Süleyman qızı Qasımovanın da adı var. Həbibə xanım o alimlərdəndir ki, çalışdığı elm sahəsində keçilmiş yollarla deyil, açılmamış cığırlarla irəliləyib. Başqa sözlə, öz ziyası ilə elmin hələ öyrənilməmiş, yaxud az öyrənilmiş səhifələrinə işıq saçıb .
Professor Həbibə Süleyman qızı Qasımova 1922-ci il avqustun 24-də Bakı şəhərində anadan olmuşdur. 1939-cu ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsinə daxil olmuşdur. Əla qiymətlərlə oxuduğu və ictimai işlərdə fəallığı nəzərə alınaraq o, 1942-ci ildə Stalin təqaüdünə layiq görülmüş və 1944-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir. Fitri istedada malik və çalışqan, işini sevən, məsuliyyəti, intizamı və məqsədyönlülüyü ilə fərqlənən gənc mütəxəssis biologiya fakültəsində assistent-müəllim vəzifəsində saxlanılmışdır.
Elm mücahidi olan Həbibə xanım təhsilini davam etdirmək məqsədilə, 1946-cı ildə mikrobiologiya ixtisası üzrə universitetin aspiranturasına daxil olmuşdur. O, respublikanın cənub zonasında Azərbaycan torpaqlarının “penisillium” növlü göbələklərini tədqiq edərək onların növ tərkibini müəyyənləşdirmişdir. O, çoxsaylı antibakterial göbələklərin fəal növlərini ayırmış, hətta yeni “Penisillium agdamicus cass” növünü də elmə gətirmişdir.
Həbibə xanım Qasımova 1949-cu ildə “Azərbaycanın penisillium göbələkləri” mövzusunda tamamladığı dissertasiya işini müdafiə edərək biologiya elmləri namizədi alimlik dərəcəsini almışdır.
1950-ci ildə fakültənin dosenti seçilən Həbibə xanım müəllimliklə yanaşı, “Antibiotiklər” problem laboratoriyasına müdir təyin olunmuşdur.
O, 1952-ci ildən 1987-ci ilə kimi biologiya fakültəsinin ibtidai bitkilər və mikrobiologiya kafedrasının müdiri vəzifəsində çalışmışdır. Qazandığı müvəffəqiyyətlərdən heç vaxt arxayınlaşmayan, özünə qarşı çox tələbkar, həmişə axtarışda olan, nailiyyətlərini böyük zəhmətlə əldə edən professor H.Qasımova, bir qayda olaraq, elm qarşısında duran və həllini gözləyən ən aktual problemləri tədqiqat obyekti seçmişdir.
Həbibə xanım elmi tədqiqat işlərini davam etdirərək kənd təsərrüfatı istiqamətinə yönəlmiş və 1962-ci ildə “Qazıntı üzvi maddələrin torpağın mikroflorasına və bitkilərin məhsuldarlığına təsiri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək biologiya elmləri doktoru alimlik dərəcəsi və 1963-cü ildə isə professor elmi adını almışdır.
Professor H.Qasımova elmi axtarışlarında artıq təkcə göbələkləri deyil, Azərbaycanın müxtəlif torpaqlarında həm göbələklərin, həm də bakteriyaların yayılma dinamikasını, növlərini, onların məhsuldarlığa təsirini tədqiq etmişdir. Həbibə xanımın apardığı bütün tədqiqatlar torpaq mikrobiologiyası ilə əlaqədar olmuş və bu sahədə o, ilk elmlər doktoru, professor adına layiq görülmüşdür. Apardığı elmi işlərin yeniliyinə görə SSRİ-nin və respublikanın iki müəlliflik şəhadətnaməsini almışdır.
Yüksək təşkilatçılığı, məsuliyyət hissi və iş qabiliyyəti ilə seçilən professor H.Qasımova 1963-1968-ci illər ərzində universitetin biologiya fakültəsinin dekanı vəzifəsində çalışmışdır.
Professor H.S. Qasımova 1980-ci ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür. 1986-cı ildə o, ABŞ-ın İllinois ştatının Elmlər Akademiyasına üzv seçilmiş və 2006-cı ildən ömrünün sonuna qədər Heydər Əliyev Fondunun təqaüdçüsü olmuşdur.
Görkəmli alim 250-dən artıq elmi əsərin, 4 kitabın müəllifidir. O, 30 nəfərdən artıq elmlər namizədinin rəhbəri və bir neçə doktorluq dissertasiyasının məsləhətçisi olmuşdur.
Professor H.Qasımovanın elmi-pedaqoji fəaliyyəti 1944-cü ildən ömrünün sonuna qədər Bakı Dövlət Universiteti ilə bağlı olmuşdur. Universitetin və respublikanın ictimai həyatında həmişə fəal iştirak etmiş, hətta Böyük Vətən müharibəsinin (1941-1945) arxa cəbhə iştirakçısı, biologiya fakültəsinin “özünümüdafiə qrupunun” siyasi rəhbəri, rəis müavini, fakültənin komsomol bürosunun katibi işləmişdir. Həbibə xanım həmçinin universitet komsomol komitəsinin katibi, təbliğatçı və s. vəzifələrdə çalışmışdır. Uzun müddət universitet partiya komitəsinin üzvü olmuşdur.
Elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, həm BDU-nun və həm də digər ali məktəblərin biologiya fakültəsinin tələbələri üçün proqramlar, metodik göstərişlər tərtib etmişdir. Onun müəllifliyi ilə Azərbaycan dilində “Mikrobiologiyadan praktikum” (1978), “Mikrobiologiya” (1975), “Mikrobiologiya və virusologiyanın əsasları” (1985), “Torpaq mikrobiologiyası” dərs vəsaitləri hazırlanmışdır. O, Vətən qarşısında xidmətlərinə görə müxtəlif illərdə 5 medal və digər mükafatlarla təltif olunmuşdur.
Professor H.S. Qasımova yüksək ixtisaslı elmi kadrların hazırlanmasındakı xidmətlərinə görə Azərbaycan SSR Ali Sovetinin (1980-ci il) və Azərbaycan Respublikası Təhsil Nazirliyi kollegiyasının (2000-ci il) fəxri fərmanları ilə təltif olunmuşdur. O,Vyetnam, Əfqanıstan, Suriya və digər xarici ölkələr üçün tələbə və alimlərin hazırlanmasındakı xidmətlərinə görə də iki dəfə mükafatlandırılmışdır.
Həbibə xanımın nümunəvi ailəsi olmuşdur. Onun həyat yoldaşı, biologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Yusif Ələkbər oğlu Əbdürrəhmanov AMEA Zoologiya İnstitutunun ixtiologiya laboratoriyasının müdiri olmuşdur. Onların üç övladı – bir oğlu və iki qızı, beş nəvəsi və bir nəticəsi vardır. Övladları analarının davamçılarıdır, hər üçü bioloqdur.
Həbibə xanım 18 noyabr 2014-cü ildə 92 yaşında dünyasını dəyişmişdir. Şərəfli ömür yolu keçmiş, böyük ürəyə, dərin ağıla sahib, öz qüruru, təvəzökarlığı, xeyirxahlığı ilə seçilən professor Həbibə xanım Qasımova Azərbaycan biologiya elmində dərin iz qoymuş görkəmli alim kimi yeni nəsillər üçün nümunə olacaqdır. Onun işıqlı xatirəsi əzizlərinin, dostlarının, həmkarlarının, tələbələrinin, onu tanıyan bütün insanların qəlbində silinməz bir xatirə olaraq həmişə yaşayacaqdır.
Xudaverdi QƏNBƏROV,
Bakı Dövlət Universiteti mikrobiologiya kafedrasının müdiri,
biologiya elmləri doktoru, professor
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.