Azərbaycanın sığorta-pensiya sistemi beynəlxalq sferada yüksək dəyərləndirilir

Dövlət Sosial Müdafiə Fondunda Dünya Bankının ölkəmizdə səfərdə olan Sosial Müdafiə və Əmək Qlobal Təcrübəsinin meneceri cənab A.Meysonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Tədbirdə növbəti illərdə Azərbaycanın sığorta-pensiya sistemində həyata keçirilməsi nəzərdə tutulan islahatlarla bağlı müzakirələr aparılıb.

Görüşdə DSMF-nin sədri E.Mehdiyev fondun fəaliyyəti və ölkəmizdə davam etdirilən sığorta-pensiya islahatları barədə ətraflı məlumat verib. O, ötən dövr ərzində Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurlu sosial siyasət və sürətli islahatların həyata keçirildiyini vurğulayaraq qeyd edib ki, ölkəmizdə vahid prinsiplər əsasında fəaliyyət göstərən və bütün işləyən əhalini əhatə edən, pensiyaların məbləğinin sistemə ödənilmiş sosial sığorta haqlarına bağlı olduğu, müasir çağırışlara çevik reaksiya verən sığorta-pensiya sisteminin formalaşdırılması nəticəsində beynəlxalq təcrübədə pensiya sistemləri qarşısında qoyulan mühüm vəzifələrin həllinə nail olunmuşdur. Son 10 il ərzində DSMF-nin büdcəsinə daxil olmuş sosial sığorta haqlarının məbləği 8 dəfə artaraq 1 milyard 780 milyon manatı ötmüşdür. Bu artımlar, eləcə də pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ayrılan əlavə dövlət dəstəyi hesabına pensiya xərclərinin ölkənin ÜDM-ə olan nisbəti əhəmiyyətli şəkildə yüksəlmiş, 2003-cü ildə 3,9 faiz təşkil etdiyi halda, 2014-cü ildə 5 faizə çatmışdır.

Bildirilmişdir ki, ölkəmizdə qurulmuş müasir əsaslı sığorta-pensiya sistemi vasitəsilə bir tərəfdən əmək fəaliyyəti göstərən 2 milyon 900 min nəfərdən çox şəxsin fərdi uçot əsasında bilavasitə öz gələcək pensiya təminatının iştirakçısına çevrilməsi, digər tərəfdən isə sığorta-pensiya sistemindəki bir sıra əlavə hüquq və imtiyazların demoqrafik göstəricilərə uyğunlaşdırılması sistemin maliyyə dayanıqlığı və islahatların davamı üçün əlverişli şəraiti təmin etmişdir. Pensiyaların orta aylıq məbləği hazırda pensiyaçılar üçün yoxsulluq həddini 1,7 dəfə üstələyir. 2003-2014-cü illər ərzində əmək pensiyalarının orta aylıq məbləği 9,4 dəfə artaraq 18,4 manatdan 173 manata, yaşa görə pensiyaçılar üzrə əvəzetmə əmsalı 29,3 faizdən 43,4 faizə çatdırılmışdır. Bu artım dinamikası MDB-nin pensiyaların məbləği nisbətən yüksək olan ilk 4 dövləti içərisində ən yuxarı artımdır.

Azərbaycan Prezidentinin sərəncamı ilə təsdiq olunmuş “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”nın əhəmiyyətindən söz açan DSMF sədri sənədin ölkəmizdə pensiya təminatı sisteminin formalaşmasında beynəlxalq inkişaf tendensiyalarının nəzərə alınması və pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olması məqsədi daşıdığını vurğulayıb.

Dünya Bankının missiyasının rəhbəri A.Meyson Azərbaycanın sığorta-pensiya sistemində görülən işləri yüksək dəyərləndirərək bunun ölkəmiz üçün mühüm əhəmiyyət daşıdığını bildirib. Təmsil etdiyi qurum ilə DSMF arasında uğurlu əməkdaşlığın mövcud olduğunu qeyd edən qonaq əməkdaşlığın davam etdirilməsində, xüsusilə pensiya sisteminin uzunmüddətli inkişafı üçün aktual təhlillərə əsaslanan mexanizmlərin formalaşdırılması sahəsində əməkdaşlıq etməyə maraqlı olduqlarını bildirib.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında