Milli dəyərlərimizdən ilham alan şair Oqtay Rza-80

Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda tanınmış şair, geoloq alim, əməkdar müəllim Oqtay Rzanın anadan olmasının 80 illiyi münasibətilə ölkənin ədəbi, elmi və pedaqoji ictimaiyyətinin iştirakı ilə təntənəli yubiley mərasimi keçirildi. Məclisdə yurdsevər ziyalıya xalqımızın layiqli ehtiramı və xoş arzuları çatdırıldı.

Yazıçılar Birliyinin birinci katibi, xalq şairi Fikrət Qoca təmsil etdiyi qurumun rəhbərliyinin və üzvlərinin yubilyar şairə səmimi təbrikini çatdırdı, ona AYB-nin hədiyyəsini təqdim etdi. Oqtay Rzanı poetik sozün məsuliyyətini və cəmiyyət qarşısında ziyalı borcunu dərindən anlayan şair- vətəndaş kimi səciyyələndirən Fikrət Qoca onun həm də sədaqətli dost olduğunu, hər sınaqdan üzüağ çıxdığını vurğuladı.

Məclisin aparıcısı, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə elmlər doktoru, professor Asif Rüstəmli Oqtay Rzanın xalqa xidmətdə keçən mənalı ömür yolundan söz açdı, onun çağdaş poeziyamızın işıqlı simalarından olduğunu bildirdi. Yubilyarın 25-dək poetik toplunu əhatə edən, ölkəmizdə və xaricdə çap olunan  şeirləri ilə anadilli poeziyamıza ideya və mövzu əlvanlığı gətirdiyini söyləyən ədəbiyyatşünas qeyd etdi  ki, şairin ədəbi yaradıcılığında milli məfkurəyə dərin bağlılıq aparıcı yer tutur. “Rəsul Rza”, “Mikayıl Müşfiq”, “Cəfər Cabbarlı”, “Qızıl qələm” mükafatlarına layiq görülən Oqtay Rza sevimli sələflərinin uca sənət məramına daim sadiq qalmışdır. Onun ən böyük mükafatı isə çoxsaylı oxucuların rəğbəti, saysız- hesabsız dostlarının sevgisidir.

Tanınmış tənqidçi, filologiya üzrə elmlər doktoru Vaqif Yusifli Oqtay Rzanın poetiya yoluna ətraflı nəzər salaraq bildirdi ki, gələcək şair ədəbiyyata hələ yeddinci sinifdə oxuyarkən Salyan rayon qəzetində çap etdirdiyi şeirlə gəlmişdir. 1952-ci ildə, on səkkiz yaşı olanda böyük şairimiz Səməd Vurğun Azərbaycanın müxtəlif bölgələrində yaşayan istedadlı gənc şairlərin sırasında Oqray Rzanı da öz yanına dəvət etmişdi, onlara şeirin-sənətin çətin yollarından, şərəfli missiyasından söz açmışdı. Sonralar, ədəbi mühitə alışandan sonra Rəsul Rza, Süleyman Rüstəm, Məmməd Rahim, Mirzə İbrahimov, Bəxtiyar Vahabzadə, Hüseyn Arif, Nəbi Xəzri, Qabil, Xəlil Rza, Məmməd Araz, Söhrab Tahir, Fikrət Sadıq kimi simalar Oqtay Rzanın həyatında silinməz izlər buraxan ustadlar və dostlar olmuşlar. Belə bir mühitdə milli poeziyamıza sıra nəfəri kimi qoşulan gur nəfəsli şair ədəbi kimliyini nişan verən sənət eşqini bu misrada bəyan etmişdi: “İlham ürəyimdə coşur “Cəngi"tək.”

Natiq daha sonra qeyd etdi ki, Oqtay Rza təbiət vurğunudur, səyahət eləməyi, yaxın- uzaqları gəzib-dolanmağı çox sevir, rayonlara, kəndlərə güzar eləyir. Onun şeirlərindəki təbiət mənzərələri, rəngarəng peyzajlar, bəzən suyun şırıltısı, biçənəklərin xoş ətri, yağışın səsi aydınca duyulur. “Günəşin adından” adlı bir şeir kitabını “Azərbaycanın şeirlə yazılmış canlı xəritəsi” də adlandırmaq olar. Adətən, şairlərin adları qarşısında “təbiət şairi”, “vətənpərvər şair”, “gözəllik şairi” və s. təyinlər işlədirlər. Oqtay Rza bunların hamısına aid olan bir şairdir. Onun şair ilhamı bütün mövzularda öz poetik əksini tapır, nədən yazırsa-yazsın, həmişə yeni bir fikir söyləməyə çalışır, duyğulara təzə rəng, naxış vurmağı bacarır. Onun şeir yolu Səməd Vurğun məktəbindən qaynaqlansa da, bütün şeirlərində Oqtay Rzanın özünü görərsiniz.

Tənqidçi çıxışını bu sözlərlə bitirdi: “ Son illərdə Oqtay müəllimin yaradıcılığında iki məqam müşahidə olunur. O, çoxlu ithaflar yazır və tanıdığı, dostluq etdiyi adamların misralarla  portretini yaradır.   İkinci bir hal odur ki, Oqtay Rza Azərbaycan poeziyasının rübai janrına yeni nəfəs və məzmun gətirib. Bu yığcam formada təzə, insanları düşündürən söz deyə bilir. Əgər  Oqtay Rza yaradıcılığının yetkinliyini düymaq istəyirsinizsə, onun rübailərini oxuyun”.

Mədəniyyət və Turizm Nazirliyinin idarə rəisi, şair- jurnalist Vaqif Bəhmənli yubilyarı nazirliyin kollektivi adından təbrik edərək dedi ki, Oqtay Rza səmimi dost, pak insan, yetkin ziyalı, poeziyada öz sözü və yeri olan xəlqi şairdir. Oqtay müəllim şeirlərində duyğu- düşüncələrini sadə, səlis və koloritli ifadə edir. O, müxtəlif şəxsiyyətlərə həsr etdiyi ithafları ilə ədəbiyyatımızda bədii portretlər silsiləsi yaradıb. Şair gənclərə də daim bacardığı dəstəyi verir. Bu baxımdan onun davranışları ədəbi aləmdə bir əxlaq nümunəsidir.

Son illərdə ağır xəstəlikdən əziyyət çəkən xalq şairi Zəlimxan Yaqubun öz şair dostunu təbrikə gəlməsi hamını təsirləndirdi. O bildirdi ki, son illərdə Natəvan klubunu bugünkü kimi gur gördüyü az olub. Bu izdiham  oxucularının, tələbələrinin, dostlarının Oqtay müəllimə böyük hörmətinin açıq göstəricisidir. Xalqını sevən sənətkarı xalqı da öz növbəsində uca tutur. Oqtay Rzanın ədəbiyyata təmənnasız xidmətini, təbii olaraq, onun şəxsiyyətinin saflığı tamamlayır. Şair yaradıcılığa başladığı gündən Azərbaycan ədəbiyyatına xidməti həyat amalı kimi gerçəkləşdirməkdədir.

Milli Məclisin üzvü, şair- publisist Sabir Rüstəmxanlı Oqtay Rzanın milli-azadlıq hərəkatında yaxından iştirakını yada saldı, onun gənc nəslə istiqlal düşüncəsi, milli kimlik şüuru aşılayan təsirli poetik nümunələr yaratdığını vurğuladı. Yubilyarın ədəbi mühitdə fəal iştirakının sənət fədakarlığı olduğunu söyləyən şair dostu Oqtay Rzanın ədəbiyyatımza layiqincə xidmət göstərdiyini bildirdi.

Poeziya sahəsində mütəxəssis, filologiya üzrə elmlər doktoru Qurban Bayramov, şairlərdən Çingiz Əlioğlu, Adil Cəmil, jurnalist Zemfira Məhərrəmli və digər çıxış edənlər də Oqtay Rzanın şair, alim, müəllim kimi xalqına dəyərli xidmətlərindən, onun 80 illik barlı-bəhrəli ömrünün örnəklərindən söz açdılar, bu nurlu insana möhkəm cansağlığı, təravəti sönməyən yaradıcılıq arzuladılar.

Məclisdə aktyorlar və Azərbaycan Dövlət Pedaqoji Universitetində dərs dediyi tələbələr Oqtay Rza şeirlərindən seçmə nümunələri səsləndirməklə onun poetik irsinin estetik tutumunu sərgilədilər, məclisdə söylənən mülahizələrəi qüvvətləndirdilər.

Sonda Oqtay Rza ömür yoluna və yaradıcılığına verdikləri yüksək qiymətə, söylədikləri xoş sözlərə görə sənət dostlarına, məclisə toplaşmış pərəstişkarlarına razılığını bildirdi.  Şair son nəfəsinədək ədəbi ənənələrimizə, milli dəyərlərimizə sadiq qalacağını söylədi.

Tahir AYDINOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında