İnsan resurslarından səmərəli istifadə olunması dövrün tələbidir

Ölkənin ümumi inkişafı onun bütün müəssisə və təşkilatlarının fəaliyyətinin keyfiyyət  göstəricilərindən çox asılıdır. Bu gün bütün dünyada olduğu kimi, Azərbaycanda da dövlət və  özəl müəssisələr inkişaf etməkdə maraqlıdırlar.  Onların  rəhbərləri yaxşı bilirlər ki, fəaliyyətlərinə  dövlət nəzarəti var.  Bu inkişafı yaradan isə insanlardır. Ona  görə də  insan resurslarından düzgün və  səmərəli istifadə olunması  dövrün  tələbidir.

İnsan resursları anlayışı, günümüzdə müəssisənin məhsul  istehsalında qarşıya qoyulan məqsədə çatması üçün istifadə etmə məcburiyyətində olduğu resurslardan biri olan insan amilini ehtiva edir. İnsan istehsal prossesinin həm ayrılmaz bir hissəsi, eyni zamanda, istehsalın hədəfidir. İnsanlar müəssisə üçün o zaman qiymətli hesab edilə bilər ki, onlara həvalə edilmiş sahədə müvafiq kompitensiyaya malik olsunlar, vəzifələrini layiqincə yerinə yetirə bilsinlər. Bunun üçün insan resurslarının düzgün idarə edilməsinin əhəmiyyəti çox böyükdür.

İnsan resurslarının idarə  edilməsi  iş yerində insana yönəlmiş bütün məsələləri əhatə edir. Buraya insan resurslarının planlaşdırılması, öhdəliklərin müəyyənləşdirilməsi, insan resurslarının seçilməsi üçün iş elanlarının verilməsi, iş üçün müraciət edənlərin qəbul edilməsi, görüşlərin aparılması, işə uyğunlaşma, təhsil və inkişaf işləri, uğur və iş qabiliyyətinin ölçülməsi, vəzifədə yüksəlmə, iş dəyişdirmə, işdən çıxarılma, işi qiymətləndirmə, əmək haqqı, nizam-intizam, sosial-mədəni fəaliyyətlər, tibbi xidmət və başqa oxşar məsələlər daxildir. İnsan resurslarının idarə edilməsinin ən önəmli xüsusiyyəti insan insanı əsas tutmasıdır.

Fəaliyyət növündən asılı olmayaraq, bütün müəssisə və təşkilatlarda insan resurslarının düzgün idarə edilməsinə nail olmaq üçün başlanğıc mərhələ olan işçilərin işə qəbulunun həyata keçirilməsi mexanizmi mühüm rol oynayır. Bu proses vətəndaşların ilkin müraciət etməsindən tutmuş, işə qəbul edilməsi ilə bağlı onunla bağlanılmış əmək müqaviləsinin ikitərəfli imzalanıb  iş yerinə göndərilməsi və iş yeri ilə tanışlığa qədər bütün mərhələləri əhatə edir ki, bu da sonrakı addımlarda öz təsirini göstərir. Yəni, işə qəbul zamanı əsas prinsip o götürülməlidir ki, tələb olunan vakansiya üzrə işə götürüləcək şəxsin təhsil, bilik, bacarıq və səriştəliliyi ilə yanaşı, şəxsi keyfiyyət göstəriciləri də müəssisənin kadr siyasətinə və vəzifə ( peşə ) standartlarına uyğun olsun.

Hesab edirəm ki, müəssisənin xadiməsindən tutmuş, rəhbərliyinə daxil olan bütün işçiləri vəzifə öhdəlikləri üzrə lazımi kriteriyalara cavab verməlidirlər. Bir sözlə, bütün sahələrdə peşəkarların çalışmasına nail olmaq vacib məsələlərdən biridir.

Məhz bunun üçün müəssisələrdə insan resurslarının idarə edilməsini tənzimləyən insan resursları xidmətlərinin üzərinə böyük məsuliyyət düşür. Ancaq təkcə bu qurumların yaradılması və fəaliyyəti ilə məsələlər həll edilmir. Burada insan resurslarının idarə edilməsi xidmətlərinin işçiləri də bu sahədə müvafiq bilik, səriştə və aşağıda sadalanan bir çox keyfiyyətlərə malik olmalıdırlar.  Onlar bir vətəndaş kimi dövlətçiliyin qorunmasına və mövcud qanunvericilikdə nəzərdə tutulmuş şəkildə vəzifə öhdəliklərinə və çalışdığı müəssisənin ümumi siyasətinə sadiq olmalı, hər zaman düzgünlüyü və obyektivliyi əsas meyar kimi rəhbər tutmalıdırlar. Bu məsələlərdə qeyd olunan nüanslar işçilərin bilik, bacarıq və səriştəlilik keyfiyyətləri ilə tamamlandıqda əldə edilən fayda əvəzsizdir. Amma müəssisənin ümumi inkişafının təmin edilməsi üçün  insan resurslarının idarə edilməsi xidmətləri ilə yanaşı, müəssisədaxili digər xidmətlərin də peşəkar fəaliyyət göstərmələri və işə qəbul edilmiş, eyni zamanda, müəssisədə çalışan işçilərin əmək şəraitindən tutmuş, onların sağlamlığının qorunması sahəsində müvafiq normativ hüquqi sənədlərdə nəzərdə tutulmuş tədbirlər həyata keçirilməlidir. Çünki işçinin mütəxəssis kimi yetişdirilməsi üçün müəssisə və insanın özü böyük maddi və vaxt itkisi sərf edilir. Belə ki, işçi işə qəbul olunanadək istər ölkədə, istərsə də xaricdə  ali təhsil müəssisələrində təhsil alır ( buraya digər orta-texniki və peşə təhsili də daxildir ), sonra işlədiyi müəssisədə təcrübə toplayır və bunlarla yanaşı işlədiyi müddətdə müvafiq təlimlərdə iştirak edərək öz karyera yüksəlişini təmin etmək uğrunda mübarizə aparır.

Təbii prosesdir ki, gələcəyini düşünən hər bir sağlam düşüncəli insan, xüsusən də gənc öz planı ilə karyera pillələrində yüksəlmək və potensialına uyğun bir pilləyə çatmaq üçün mübarizə aparır. Bunun üçün bu gün Azərbaycanda hər cür şərait və imkan mövcuddur. Bundan düzgün istifadə edən həm müəssisələr, həm də vətəndaşlarımız müsbət mənada bəhrələnə və hədəflərinə çata bilərlər.

Ümumiyyətlə, insan resurslarından düzgün  və səmərəli istifadə olunması, onların idarə olunmasına  elmi yanaşmalar bu gün olduqca vacib məsələdir  və ölkənin iqtisadiyyatının yüksəlməsində bunun  çox önəmli rolu vardır.

Asif BƏKİRLİ,
ARDNŞ-in
İnsan Resursları Departamentinin rəisi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında