“İntibah” anlayışı hansısa bir tarixi inkişaf dövrünü əks etdirən termin kimi hələ orta əsrlərdə italyan mütəfəkkirləri tərəfindən işlədilib. “İntibah” oyanış, canlanma, dirçəlmə, yenidən yüksəliş deməkdir. İntibah o yerdə baş verir ki, orada bütün sahələrin kompleks inkişafına nail olunur. Bəşər tarixində blokada şəraitində intibah yaratmağın hələlik bizə məlum yeganə nümunəsi Naxçıvandır.
Əlbəttə, intibaha aparan yol əvvəlcə iqtisadi inkişafdan keçir. İqtisadiyyat inkişaf etdirilməlidir ki, mədəniyyətin, təhsilin, səhiyyənin və digər sahələrin inkişafı təmin olunsun. Bu mənada Naxçıvanın intibah tarixinin dərindən öyrənilməli və təhlil olunmalı məqamlarından biri iqtisadi inkişafın Naxçıvan modelidir. Bu modelin əsas uğuru isə blokada vəziyyətində, ölkənin əsas ərazisi ilə birbaşa əlaqənin olmadığı şəraitdə inkişafı təmin etməsi, eyni zamanda, inkişafın davamlı xarakter daşıması və sürətli təkamül yolu ilə getməsindədir.
İqtisadi və nəqliyyat əlaqələrinin məhdud olduğu şəraitdə yüksək iqtisadi fəallığa nail olunması, istehsal potensialının hərəkətə gətirilməsi, davamlı quruculuq işləri, sosial problemlərin həlli və ən əsası əhalinin rifah halının yaxşılaşdırılması inkişafın Naxçıvan modelinin xarakterik xüsusiyyətləridir. Məhz bütün bunlar tariximizin 1995-ci ildən sonrakı dövrünü “Muxtariyyətin intibah dövrü” adlandırmağımıza imkan verir. Blokadanın çətinliklərinə baxmayaraq, 1995-2014-cü illərdə muxtar respublikada böyük quruculuq proqramı gerçəkləşdirilib, bütün sahələrdə mühüm nailiyyətlər əldə olunub. Naxçıvan Muxtar Respublikasında son 19 ildə aparılan genişmiqyaslı quruculuq tədbirləri, regionun hərtərəfli inkişafı adilikdən uzaq, möcüzəyə bənzər həqiqətlərdir. Beş minillik şəhər mədəniyyəti tarixinə malik Naxçıvanda, çətin ki, son 19 il qədər heyrətamiz bir dövr olsun. Bəs bu yüksəlişə necə nail olunub?
“Əsas məsələ Vətən sevgisidir. İqtisadi imkanlar böyük də ola bilər, o qədər böyük olmaya da bilər. Amma əgər Vətən sevgisi varsa, məhdud iqtisadi imkanlarla da çox iş görmək olar”. Azərbaycan Prezidenti İlham Əliyevin bu sözləri blokada şəraitində yaradılan intibahın səbəblərini izah edir.
Hələ 1996-cı ildə keçirilən müşavirələrin birində “Yaxşı bəhanə tapıblar, hər nöqsanı, hər çatışmazlığı və özlərinin fəaliyyətsizliyini blokada ilə əlaqələndirirlər”, - deyən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov blokadanın inkişaf üçün əngəl olmadığını açıq-aydın bəyan edib. Naxçıvanın inkişafdan intibaha qovuşması düzgün idarəetmənin nəticəsi, Vətən sevgisi, yurd sahibliyinin misilsiz nümunəsidir.
Məhəmməd Peyğəmbər hədislərinin birində buyurub: “Vətəni sevmək imandandır. İnsanların ən yaxşısı camaatın xeyrinə çalışandır”. Deməli, Vətən naminə çalışmaq ən savab, ən xeyirxah əməldir. Son 19 ilin nəticələri sübut edir ki, Naxçıvanda görülən işlər böyük vətənpərvərliklə həyata keçirilib və yalnız insan amilinə xidmət edib.
Dünya şöhrətli rus yazıçısı Lev Tolstoy yazırdı ki, “Vətənpərvərlik təkcə Vətəni sevmək deyil. Bu daha dərin bir hadisədir. Bu, özünün Vətəndən ayrılmaz olduğunu dərk etmək, xoşbəxt və ağır günlərini onunla birlikdə yaşamaqdır”. Ötən əsrin 90-cı illərinin əvvəllərində – ağır günlərdə muxtar respublika sakinləri bu torpağa qırılmaz tellərlə bağlı olduqlarını sübuta yetirdilər. Müasir Naxçıvanın indiki sevincli günlərində də belədir: insanlar qurub-yaradır, muxtar respublikanın daha da inkişaf etməsi üçün var qüvvə ilə çalışırlar.
Yeni Naxçıvan bugünkü firavan və xoşbəxt günlərinə asanlıqla nail olmayıb. Ötən əsrin 80-ci illərinin sonu və 90-cı illərinin əvvəllərində naxçıvanlılar çox əzab-əziyyətlər çəkiblər. Naxçıvan şəhərində yaşayan bir müəllimimin o dövrün çətinliyi ilə bağlı danışdığı hadisə yaddaşımdan heç vaxt silinməyəcək.
Müsahibim deyirdi ki, 90-cı illərin əvvəllərində mən ali məktəbdə oxuyurdum. Səhər tezdən dərsə getməmişdən əvvəl qardaşımla çörək növbəsinə gedirdik. Dəriəvəzedici materialdan hazırlanmış bir gödəkçəm var idi. Bir dəfə çox gözlədikdən sonra, nəhayət, çörək almaq növbəsi bizə gəlib çatdı. Yenicə sobadan çıxmış çörəyi satıcı mənə verəndə əlim yanmasın deyə, gödəkçəmin ətəyini qatlayıb onu tutdum. Bir neçə metr uzaqlaşmışdım ki, istidən gödəkçəmin əridiyinin fərqinə vardım. Çörək əlimdən yerə düşdü. Naxçıvanın o çətin və şaxtalı günlərində çörəksizlikdən dəhşətli heç nə yox idi. Evdəkilər həmin gün çörəyin içini yeməyə məcbur olmuşdu.
XX əsrin 90-cı illərindəki vəziyyət, yağışın və qarın altında, Naxçıvanın sümüyə işləyən şaxtalı günlərində çörək növbələri, sənə çatdıqda satıcının çörəyin qurtardığını deməsindən doğan dəhşət hissi, yəqin ki, naxçıvanlıların əksəriyyətinə tanışdır. Məhz belə bir vəziyyətdə yaşayan Naxçıvanda – elektrik enerjisinin günlərlə verilmədiyi, təbii qazın olmadığı, mövcud infrastrukturun iflic vəziyyətinə düşdüyü, ərzaq qıtlığının yarandığı muxtar respublikamızda cəmi 19 ildə intibaha nail olunub.
Vətən sevgisi üzərində ucaldılan müasir Naxçıvanda genişmiqyaslı tikinti və quruculuq işlərinin aparılması, yolların və körpülərin salınması, istehsal müəssisələrinin yaradılması, iqtisadiyyatın sürətli inkişafı, on minlərlə yeni iş yerinin açılması, məktəblərin, xəstəxanaların, idman komplekslərinin, kənd və xidmət mərkəzlərinin inşası, yaşayış binalarının yenidən qurulması, elektrik, qaz və su təminatının yaxşılaşdırılması regionda həyata keçirilən tədbirlərin yalnız görünən tərəfidir. Naxçıvanın işıqlı gələcəyi naminə elə möhtəşəm tədbirlər həyata keçirilir ki, indi biz onların mahiyyətini tam dərk edə bilmirik.
Bu gün muxtar respublikada əksər ərzaq və qeyri-ərzaq məhsullarına olan tələbat daxili imkanlar hesabına ödənilir və Naxçıvanın ixrac potensialı günü-gündən genişləndirilir. Qarşıya qoyulan məqsəd muxtar respublika əhalisinin bütün məhsullara olan tələbatının yerli istehsal hesabına ödənilməsi və idxal məhsullardan asılılığın tamamilə aradan qaldırılmasıdır. Bu xüsusda muxtar respublikada əldə olunan ən böyük uğurlardan biri, bəlkə də, ən başlıcası regionun enerji və ərzaq təhlükəsizliyinin tam təmin olunmasıdır. Vaxtilə enerjiyə olan tələbatını idxal hesabına ödəyən Naxçıvan indi elektrik enerjisi ixrac edir. Muxtar respublika 100 faiz qazlaşdırılıb.
Bu istiqamətdə görülən işləri yüksək qiymətləndirən ölkə başçısı İlham Əliyev demişdir: “Bu gün Naxçıvan nəinki özünü enerji ilə tam şəkildə təmin edir, hətta ixrac edir. Ən önəmlisi ondan ibarətdir ki, Naxçıvanın daxili təminatı 100 faiz bərpa olunan enerji növləri hesabına ödənilir. Bu da, deyə bilərəm ki, dünyada çox nadir hallarda müşahidə edilən bir mənzərədir”.
Enerji təhlükəsizliyinin təmin olunması muxtar respublikada sənayenin inkişafına zəmin yaradıb. Vaxtilə ümumi daxili məhsul istehsalında aqrar sahənin ağırlıq təşkil etdiyi muxtar respublika bu gün sənaye-aqrar regionuna çevrilib. Sənaye sahəsinin aparıcı mövqedə olduğu müasir iqtisadiyyatın qurulması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində son illər ciddi uğurlar qazanılıb. Fəaliyyəti dayandırılmış sənaye müəssisələrinin 1996-cı ildən başlayaraq fəaliyyətinin bərpa edilməsi və yeni istehsal sahələrinin yaradılması, nəticə etibarı ilə, əvvəllər istehsal olunmayan yeni sənaye məhsullarının istehsalına və ümumilikdə, sənaye məhsulu istehsalının dinamik artımına səbəb olub.
Əgər 2003-cü ilin sonunda muxtar respublikada 66 sənaye müəssisəsi fəaliyyət göstərirdisə, 2013-cü ilin sonunda bu göstərici 7 dəfə artaraq 438-ə çatıb. 2003-cü illə müqayisədə 2013-cü ildə sənaye məhsulunun həcmi 49 dəfə artıb. Bu gün Naxçıvanda ərzaq məhsullarından tutmuş avtomobilə qədər, demək olar ki, hər şey istehsal olunur.
Sənaye ilə yanaşı, aqrar sahənin inkişafı da diqqət mərkəzindədir. Suvarma suyuna olan tələbatın ödənilməsi, aqrolizinq xidmətinin yaradılması nəticəsində kənd təsərrüfatı texnikaları ilə təminatın yaxşılaşdırılması əkinçini torpaqdan ikiəlli yapışmağa sövq edib. Bunun nəticəsidir ki, əkin sahələri və məhsul istehsalı ilbəil artırılır.
Əkinəyararlı torpaqlar tam şəkildə əkin dövriyyəsinə qatılmaqla 2013-cü ilin məhsulu üçün 60 min 127 hektar sahədə əkin işləri həyata keçirilib. Strateji ərzaq məhsulu olan taxıl istehsalının artırılması ilə yanaşı, taxıl ehtiyatı anbarlarının qurulması ərzaq təhlükəsizliyinin təmin olunmasına xidmət edir.
Kənd adamının rifah halının yaxşılaşdırılması məqsədilə kənd təsərrüfatının inkişafı istiqamətində görülən işlərlə paralel olaraq, əhalinin həyat şəraiti də müasir standartlar səviyyəsinə çatdırılıb. Muxtar respublikanın kənd yaşayış məntəqələrində tikilib istifadəyə verilən müasir məktəb binaları, kənd və xidmət mərkəzləri, müasir tələblər səviyyəsində yenidən qurulan avtomobil yolları şəhərlə kənd arasındakı fərqin aradan qaldırılmasına, kəndlərdə şəhər rahatlığının yaradılmasına gətirib çıxarıb.
Hər hansı bir regionun inkişafı, ilk növbədə, o yurdun təhsilli insanlarından asılıdır. Əgər savadlı insanlar, mütəxəssislər varsa, bütün sahələrin inkişafına nail olmaq mümkündür. Odur ki, muxtar respublikada təhsilin inkişafı əsas vəzifələrdən biri kimi qarşıya qoyulub. Son 19 ildə muxtar respublikanın şəhər, qəsəbə və kəndlərində 300-dən çox təhsil müəssisəsi tikilərək və ya yenidən qurularaq istifadəyə verilib. Muxtar respublikanın ən ucqar dağ kəndində tikilən məktəb binası ilə Naxçıvan şəhərində inşa olunan təhsil ocağı arasında heç bir fərq yoxdur.
Türkiyənin tanınmış alimlərindən professor İbrahim Ethem Atnur Naxçıvanda olarkən Şahbuz rayonunun Biçənək kəndində gördüyü məktəb binası barədə təəssüratlarını sosial şəbəkələrdə belə paylaşmışdı: “Naxçıvanın ucqar bir dağ kəndində beşmərtəbəli bir bina gördüm. Mənə dedilər ki, bura məktəb binasıdır. Heyrətləndim. Gəzdiyim ölkələrin heç birində ucqar dağ kəndində beşmərtəbəli məktəb binası görməmişdim. O məktəb binası bəzi Avropa ölkələrindəki universitet binalarından daha sanballı idi. Bu, öz xalqının təhsilli gələcəyini düşünən insanların Vətəninə böyük xidmətidir. Naxçıvan blokadaya baxmayaraq, sürətlə inkişaf edib. Orada 50 ilə görüləcək işlər 15-20 ildə görülüb”.
Naxçıvanda təhsilin orta, orta ixtisas və ali təhsil pillələrinin inkişafı istiqamətində görülən işlər, tikilən məktəb binaları, yaradılan müasir universitet şəhərcikləri Azərbaycanın xoşbəxt gələcəyinə xidmət edir. Təhsil sahəsinə göstərilən böyük diqqət və qayğının nəticəsidir ki, bu gün ucqar Tivi, Ləkətağ, Şada və ya Havuş kəndlərindəki müasir məktəb binalarında təhsil alan şagirdlər ən son model kompüter texnologiyalarından istifadə edərək internet vasitəsilə dünyaya səyahət edir, ali məktəb müəllimləri və tələbələri isə heç bir çətinlik çəkmədən dünyanın ən qabaqcıl ölkələrinin universitetləri ilə videokonfrans əlaqəsi yaradırlar.
Təhsil sahəsində həyata keçirilən tədbirlər savadlı, dünyagörüşlü, vətənpərvər gəncliyin yetişdirilməsinə şərait yaradıb. Gənclərlə iş muxtar respublikada ciddi diqqət yetirilən sahələrdən biridir. Ona görə ki, ölkəmizin gələcəyi gənclərdən asılıdır. Hələ 1996-cı ilin fevral ayında keçirilən Naxçıvan Muxtar Respublikası Gənclərinin Birinci Forumunda bu sahədə görüləcək işlərin vacibliyinə diqqət çəkən Ali Məclisin sədri Vasif Talıbov demişdir: “Dövlət və ictimai təşkilatların yaxından köməyi olmadan gənclərin üzləşdikləri problemləri onların öz gücləri ilə aradan qaldıracaqlarını güman etmək yersizdir. Dövləti vəzifə ilə yanaşı, insanlıq borcunu da düşünmək lazımdır. Gəncliyin problemi hamımızın probleminə çevrilməli, sosial cəhətdən zəif olan bu təbəqəyə bacardığımız qədər kömək əlimizi uzatmalıyıq”.
Müasir Naxçıvanın intibah tarixinin əsasının qoyulduğu 1995-ci ildən sonra bu sahədə həyata keçirilən ardıcıl tədbirlər artıq öz bəhrəsini verməkdədir. Vətənə xidmət amalı ilə yetişdirilən bugünün gəncləri nazirdir, komitə sədridir, deputatdır, fəlsəfə və elmlər doktorudur, Avropa və dünya çempionudur, mükəmməl kompüter mühəndisidir, uğurlu açıq ürək əməliyyatı aparan həkimdir. İndi yetişən gəncliyin vətənpərvərlik tərbiyəsi çox yüksək səviyyədədir. Bu gün hər bir gəncin qarşısında bir tarixi vəzifə qoyulub: Vətənin keşiyində duraraq ona xidmət etmək, bununla ölkəmizin inkişafına nail olmaq, Azərbaycanın dövlət müstəqilliyini daha da möhkəmləndirmək.
Muxtar respublika rəhbərinin Vətən sevgisi, doğma torpağa bağlılığı, qətiyyət və iradəsi, böyük yaradıcılıq enerjisi hər kəsə nümunədir. Və bu nümunənin işığında böyük vətənpərvərlər ordusu, yaradıcı, qurucu gənclik yetişir. O gənclik ki, gələcəkdə nəinki Naxçıvanı daha böyük tərəqqiyə qovuşdurmaq, onun zorla əlindən alınmış tarixi torpaqlarını belə bərpa etmək əzmindədir.
İstənilən yaradıcı, qurucu fəaliyyətin təməlində insan sağlamlığı dayanır. Ona görə də Naxçıvanda səhiyyənin inkişafı istiqamətində ardıcıl tədbirlər görülür. Son 19 ildə muxtar respublikada 230 səhiyyə müəssisəsi üçün binalar tikilərək və ya yenidən qurularaq istifadəyə verilib. Muxtar respublikanın paytaxtı Naxçıvan şəhərində və rayon mərkəzlərində tikilib istifadəyə verilən xəstəxana binaları, kəndlərdə yaradılan həkim ambulatoriyaları müasir tibbi avadanlıqlarla təchiz olunub. Artıq ucqar Şahbulaq kəndinin sakini səhhətində yaranmış kiçik problem üçün, məsələn, təzyiqini ölçdürməkdən ötrü rayon mərkəzinə gəlmək, ürəyində ciddi qüsuru olan Naxçıvan şəhər sakini isə açıq ürək əməliyyatı olunmaq məqsədilə qonşu ölkələrə getmək məcburiyyətində deyil.
İnsanların sağlamlığının qorunmasına, ekoloji vəziyyətin daha da yaxşılaşdırılmasına istiqamətlənmiş tədbirlərdən biri də yeni yaşıllıqların salınmasıdır. Əgər ötən əsrin 90-cı illərinin əvvəllərində muxtar respublikanın ərazisinin cəmi 1 faizi yaşıllıq idisə, hazırda Naxçıvanın ümumi ərazisinin 10 faizindən çoxunu yaşıllıqlar əhatə edir.
Muxtar respublika ərazisində təbii mühitin unikallığı, maddi-mənəvi sərvətlərin zənginliyi, flora və fauna müxtəlifliyi bu ərazilərin xüsusi qorunmasını zəruri edir. Naxçıvan MR Ali Məclisi sədrinin müvafiq sərəncamları ilə “Arazboyu” Dövlət Təbiət Yasaqlığının və “Arpaçay” Dövlət Təbiət Yasaqlığının yaradılması flora və fauna ehtiyatlarının qorunmasına, ekoloji balansın təmin edilməsinə müsbət təsir göstərib.
İnsan amilinin daim ön planda olduğu muxtar respublikada xüsusi qayğıya ehtiyacı olanlar da diqqətdən kənarda qalmır. Qaçqın və məcburi köçkünlərə, mənzilə ehtiyacı olanlara mənzillərin verilməsi, müxtəlif dövlət qurumları tərəfindən mütəmadi olaraq xüsusi qayğıya ehtiyacı olan ailələrə baş çəkilməsi muxtar respublika əhalisi tərəfindən minnətdarlıqla qarşılanır.
Muxtar respublikadakı yeniləşmə və intibah yalnız tikinti-quruculuq işləri ilə məhdudlaşmır. Buna paralel olaraq, Naxçıvanın tarixinin öyrənilməsinə, tədqiq olunmasına da ciddi diqqət yetirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təşəbbüsü ilə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin yaradılması Naxçıvan tarixinin kompleks şəkildə araşdırılmasına və tədqiq olunmasına şərait yaradıb. Bu istiqamətdə görülən işlər yalnız tariximizin tədqiqi ilə məhdudlaşmayıb. Əldə olunan nəticələrin ictimaiyyətə təqdim edilməsi sahəsində də əhəmiyyətli işlər görülüb.
İki cilddə “Naxçıvan ensiklopediyası”nın, “Naxçıvan abidələri ensiklopediyası”nın, “Naxçıvan tarixi atlası”nın, üç cilddə “Naxçıvan tarixi”nin birinci cildinin və onlarla belə nəşrin işıq üzü görməsi dediklərimizə əyani misaldır. Vaxtilə tarixinin orta əsrlər dövrü belə, dərindən tədqiq edilməyən Naxçıvan bu gün 5 minillik şəhər mədəniyyətinə sahib olduğunu beynəlxalq aləmə ciddi elmi arqumentlərlə sübut edir. Naxçıvanın tarixi ilə bağlı aparılan tədqiqatların yekunları təkcə kitab nəşri ilə tamamlanmır.
Bu elmi nəticələrin dünya ictimaiyyətinə çatdırılması istiqamətində də ardıcıl tədbirlər görülür. 1996-cı ildən bəri muxtar respublikada keçirilən beynəlxalq simpozium və konfranslar bu mənada xüsusi elmi əhəmiyyətə malikdir. İlkin yaşayışın və şəhərsalma yerinin arqumentləri kimi Naxçıvandakı tarixi abidələrin pasportlaşdırılması və bərpası işinə ciddi diqqət yetirilməsi, Naxçıvan Duzdağ mədəniyyətinin yeni elmi istiqamət kimi müəyyənləşdirilməsi doğma Vətən tarixinin düzgün araşdırılması zəruriliyinə diqqətdən qaynaqlanır.
Muxtar respublikanın mədəni həyatı da bu gün öz qaynarlığı ilə seçilir. Mədəniyyət müəssisələri üçün yaradılan şərait yeni-yeni uğurlara aparır. Bu gün muxtar respublikada Xalq Çalğı Alətləri, Kamera, Estrada orkestrləri fəaliyyət göstərir. Zəngin ənənələrə malik Naxçıvan teatrının inkişafı üçün mühüm qərarlar qəbul olunub, teatrın binası yenidən qurulub. Ali Məclis sədrinin Naxçıvan teatrını himayə etməsi, aktyor və rejissorlarla birbaşa təmasda olması, onlara dəyərli tövsiyələrini verməsi bu sənət məbədinin yaradıcılıq uğurlarının daha da artmasına səbəb olub. Bu gün muxtar respublikada fəaliyyət göstərən xalq teatrları, musiqi kollektivləri insanların asudə vaxtının səmərəli təşkilində əhəmiyyətli rol oynayırlar.
Müasir Naxçıvanın əldə etdiyi ən mühüm tarixi nailiyyətlərdən biri də burada güclü hərbi kadr potensialının yaradılmasıdır. Muxtar respublikada gənc hərbi kadrların yetişdirilməsi məqsədilə ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il 13 mart tarixli sərəncamı ilə Naxçıvanda Hərbi Lisey yaradılıb. Bugün ulu öndər Heydər Əliyevin adını daşıyan Hərbi Liseyin məzunları Azərbaycan Ordusunda öz xidməti vəzifələrini şərəflə yerinə yetirirlər. Liseydə Naxçıvan torpağının yetirmələri olan Kəngərli generallarının layiqli davamçıları yetişir.
Muxtar respublikada hərbi kadrların yetişdirilməsi ilə yanaşı, ordunun maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də ardıcıl tədbirlər görülür. Ölkə rəhbəri İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfərlərinin birində hərbi quruculuq sahəsində görülən işləri yüksək qiymətləndirərək demişdir: “Ordu quruculuğu sahəsində Naxçıvanda çox böyük işlər görülür. Bu hərbi hissə Azərbaycandakı hər bir hərbi hissə üçün nümunə, örnək ola bilər. Burada olan şərait ən yüksək standartlara cavab verir. Azərbaycan Ordusu məhz bu cür olmalıdır”.
Naxçıvanda Əlahiddə Ümumqoşun Ordusunun yaradılması muxtar respublikanın təhlükəsizliyinin təmin olunmasına xidmət edən çox mühüm tarixi qərardır. Dövlət başçısının da dediyi kimi, indi Naxçıvan ordusu nəinki muxtar respublikanın sərhədlərini etibarlı müdafiə edir, həm də istənilən hərbi vəzifəni icra etməyə qadirdir.
Görülən işlər nəticəsində Naxçıvan Muxtar Respublikası blokadanı çoxdan yarıb. Şəhər və kəndləri sürətlə yeniləşən, beynəlxalq tədbirlər və idman yarışları keçirilən, ildə 350-400 min turisti qəbul edən, beşulduzlu otellər fəaliyyət göstərən, yerli xammala əsaslanan istehsal müəssisələri yaradılan, ixrac imkanları getdikcə artan, əhalisinin bütün sosial ehtiyacları ödənən, bir sözlə, blokada şəraitində intibah yaradan Naxçıvan üçün, sadəcə, sözdə blokada anlayışı var.
Muxtar respublikaya gələn qonaqların əksəriyyətinin yekdil fikri belədir: Naxçıvan sürətli inkişaf yolundadır, bura çox təmiz və təhlükəsiz regiondur. Bütün bunlara görədir ki, amerikalı jurnalist Mark Hey Naxçıvanı Qafqazın San-Fransiskosu, sloveniyalı jurnalist Stefano De Françesçi qədim diyarımızı müasir inkişaf və tərəqqi göstəricisi, Naxçıvanın əksər xarici qonaqları buranı Azərbaycanın Strasburqu adlandırıb.
Müasir Naxçıvan ümummilli liderimiz Heydər Əliyevin görmək istədiyi kimi qurulur. Ulu öndərimiz hələ 1996-cı il oktyabrın 30-da muxtar respublika ictimaiyyətinin nümayəndələri ilə görüşündə Naxçıvanda işlərin düzgün qurulduğunu bildirərək demişdi: “Naxçıvan Muxtar Respublikasının rəhbərliyi tərəfindən son vaxtlar həyata keçirilən tədbirlər şəxsən məni sevindirir. Onların müsbət nəticəsi sizin gözünüz qarşısındadır. Mən bu barədə mütəmadi olaraq məlumatlar alıram və bu işlərə nəzarət edirəm. Amma, eyni zamanda, dünən də, bu gün də Naxçıvan şəhərində artıq baş vermiş böyük müsbət dəyişiklikləri və burada yaranmış mühiti, əhval-ruhiyyəni görərkən daha da çox sevinirəm. Hesab edirəm ki, Naxçıvan Muxtar Respublikasının dövlət rəhbərliyi düzgün yoldadır. Siz birlikdə bu yolla böyük nailiyyətlər əldə edə biləcəksiniz”.
Bu tarixi çıxışdan 18 il sonra Azərbaycan Prezidenti İlham Əliyev deyəcəkdi: “Naxçıvanda görülən işlərlə bir daha tanış olarkən gördüm ki, nə qədər böyük işlər görülür, Naxçıvan rəhbərliyi muxtar respublikanın inkişafı üçün nə qədər böyük sevgi ilə, diqqətlə səylər göstərir. Hesab edirəm ki, bu gün Naxçıvanın gələcək inkişafı ilə bağlı əlavə sözlərə ehtiyac yoxdur. Çünki bütün işlər burada ən yüksək səviyyədə görülübdür. Bir daha qeyd etmək istəyirəm ki, siz bütün məsələləri - quruculuq, abadlıq işlərini, enerji təhlükəsizliyi, hərbi potensial, infrastruktur layihələrin icrası, ərzaq təhlükəsizliyi məsələlərini həll etmisiniz. Bundan sonra ancaq bu uğurlara yeni uğurlar əlavə etmək lazımdır”.
Vətən, yurd sevgisinin, torpaq təəssübünün nəticəsi budur. Çəkilən zəhmətin itmədiyi nümunəvi bir regionda çoxdan bizi düşmən blokadası, qarlı qış, boş mağaza vitrinləri, çörək növbələri qorxutmur. Əgər iqtisadi cəhətdən yüksək səviyyədə inkişaf etmiş, əhalisinin bütün ehtiyacları ödənilən, daimi elektrik enerjisi, təbii qazı, təmiz suyu olan, təhlükəsiz bir yerdə firavan ömür sürmək, qapını da qıfıllamadan rahat yaşamaq istəyirsənsə... Bura Naxçıvandır.
Naxçıvanlılar Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyini il boyu böyük sevinc hissi ilə, möhtəşəm uğurlarla qeyd etdilər. Unutmayaq ki, bu uğurlar blokada şəraitində qazanılıb. Əgər blokada olmasaydı, Naxçıvanla inkişafı müqayisə olunacaq yer çətin tapılardı.
Tural SƏFƏROV,
“Şərq qapısı” qəzetinin
baş redaktoru,
Naxçıvan
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.