Bu gün Azərbaycan dövləti sosial yardıma ehtiyacı olan bütün vətəndaşların, xüsusilə, Qarabağ müharibəsi əlilləri və veteranlarının, şəhid ailələrinin maddi, sosial, məişət problemlərinin həllinə böyük diqqət və qayğı göstərir. Hər kəsə bəllidir ki, bu qəbildən olan insanların qayğıları Azərbaycan dövlətinin, şəxsən ölkə Prezidenti cənab İlham Əliyevin nəzarətindədir.
Bəli, biz bu davamlı, bir an azalmayan qayğını daim hiss edirik. Axı, son illər ölkəmizdə Qarabağ müharibəsi əlilləri, şəhid ailələri və müharibə veteranlarının pensiya və müavinətlərinin artırılması, onların sosial şəraitlərinin yaxşılaşdırılması istiqamətində çox işlər görülüb. Bu işlər hamı kimi, təsisçilərindən biri və idarə heyətinin sədri olduğum “Qarabağ müharibəsi əlilləri və veteranları” Cəmiyyətinin çoxsaylı üzvləri tərəfindən də dərin razılıq hissi ilə qarşılanır.
Bu diqqət və qayğı, əlbəttə, bizi sevindirir, öz növbəmizdə, fiziki imkanlarımız çatdığı qədər dövlətimizə, millətimizə fayda verməyə çalışırıq. Azərbaycanda hazırda uğurla vətəndaş cəmiyyəti quruculuğu gedir, bu prosesdə fəal iştirak etmək hər birimizin borcudur.
Məlumat üçün bildirim ki, “Qarabağ müharibəsi əlilləri və veteranları” Cəmiyyəti 1998-ci ilin dekabrın 29-da Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Təşkilatımızın sıralarında hazırda 2850 Qarabağ müharibəsi əlili və veteranı var. Əsas məqsədimiz onların cəmiyyətə fəal inteqrasiyasına yardım etməkdir. Fəxrlə qeyd etmək istərdim ki, bu gün təşkilat Azərbaycanda QHT sektorunda ən fəal ictimai qurumlardan biridir.
Bəllidir ki, 2008-ci ildən Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası fəaliyyət göstərir. Şura QHT-lərin təqdim etdiyi layihələr əsasında müsabiqə yolu ilə qrantlar ayırır. 2010-cu ildə biz “Qarabağ müharibəsi əlilləri və veteranlarının sosial problemlərinin həllinə dəstək” adlı layihə hazırlayaraq şuraya təqdim etdik və şuranın ayırdığı qrant hesabına bu layihəni icra etdik.
Layihənin əsas məqsədi əlil və şəhid ailələrinin hüquqi maarifləndirilməsi, əlillərin işlə təmin edilməsi, veteran vəsiqələrinin alınmasında üzləşdikləri problemlərin həllində onlara kömək göstərilməsi idi. Bir qədər əvvəl qeyd etdiyim kimi, biz bu layihəni uğurla yerinə yetirdik, çox sayda müaharibə iştirakçısına veteran vəsiqələrinin alınıb verilməsində kömək göstərdik. Ən yaxşı cəhətlərdən biri də odur ki, layihə çərçivəsində onlarla Qarabağ müharibəsi əlili işlə təmin olundu.
Bu sahədəki fəaliyyətimizi sonrakı illərdə də davam etdirmişik. Son iki ildə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ayırdığı qrant hesabına yalnız Qarabağ müharibəsi əlillərinin imtiyazları barədə məlumatların yer aldığı broşurlar hazırlamışıq. Onlar yüzlərlə əlil və veteranlara təmənnasız paylanılıb. Əlillər bu broşurlardan kifayət qədər faydalandıqlarını bildirirlər. Deyirlər ki, bəzi idarə və müəssisələrdə bürokratik əngəllərlə üzləşərkən burada çap olunanları göstərib hüquqlarını tələb edə bilirlər.
Son illər Azərbaycanda şəhid ailələri, əlil və veteranların problemlərinin həlli istiqamətində onlarca ictimai təşkilat yaradılıb. Onların bir çoxu ilə fəaliyyətimizi uzlaşdırır, birlikdə maraqlı tədbirlər keçiririk. Lap son günlərin söhbətdir. Beynəlxalq Əlillər Günü münasibətilə bizim cəmiyyətin, eləcə də bir sıra başqa sosialyönümlü QHT-lərin fəal üzvləri media nümayəndələrinin iştirakı ilə toplantı keçirdik. Tədbir iştirakçıları son dövrdə əlillərə dövlət səviyyəsində göstərilən qayğıdan razılıq etdilər, eləcə də hələlik öz həllini tapmayan bir sıra problemlərdən söz açdılar.
Mən həmin tədbirdə bu günlərdə Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin təşəbbüsü ilə ölkəmizdə fəaliyyət göstərən bir neçə sosialyönümlü QHT rəhbəri ilə keçirilən görüşdə qaldırılan aktual məsələlər barədə məlumat verdim. Hadi müəllim bu təşkilatlarıın həyata keçirdikləri işlər, üzləşdikləri çətinliklərlə maraqlandı, problemlərin həlli yolları ilə bağlı təkliflərimizi hazırlamağı tövsiyə etdi. Biz artıq belə bir təkliflər paketi hazırlamışıq və Milli Məclisdə bu məsələnin yenidən müzakirəsi gözlənilir. Düşünürəm ki, belə görüş və müzakirələr ümumi işimizin xeyrinədir.
Ulu öndər Heydər Əliyev dəfələrlə vurğulamışdır ki, Qarabağ qaziləri, əlilləri, veteranları Azərbaycanın ən layiqli övladlarıdır, onlar hər zaman cəmiyyətdə dərin hörmət və ehtirama layiqdirlər. Azərbaycan dövləti həmişə əlilə, şəhid ailəsinə arxa, həyan olub. Lakin dövlətimizin bu diqqət və qayğısı bizi arxayın salmamalıdır, gücümüz çatan işlərin öhdəsindən özümüz gəlməyə çalışmalıyıq. Mən onlarla Qarabağ müharibəsi əlili tanıyıram ki, onların fiziki imkanları məhdud olsa da, öz güzəranlarını sərbəst qura biliblər.
Yaxşı haldır ki, “Qarabağ müharibəsi əlilləri və veteranları” Cəmiyyətinin üzvləri arasında da belə insanlar var. Məsələn, bizim cəmiyyətin nəzdində “Qızılağac” MMC biznes qurumu fəaliyyət göstərir. Ona 3-cü qrup Qarabağ müharibəsi əlili Elşən Ağakişiyev rəhbərlik edir. Burada çalışanların böyük əksəriyyəti Qarabağ müharibəsi əlilləri və onların ailə üzvləridir. “Qızılağac” MMC bir çox əlillərin müalicə olunmasına, məişət problemlərinin həllinə dəfələrlə təmənnasız yardımlar göstərib.
Mən Qarabağ müharibəsinin ən ağır günlərində Vətənimi, torpağımı qorumağa getmişəm, ağır döyüşlərdə igid oğullarımızla bərabər iştirak etmişəm. 2-ci qrup Qarabağ müharibəsi əliliyəm. Bizim cəmiyyətin üzvləri əsasən ağır döyüşlərdə yaxından tanıdığım, etibar etdiyim cəsur insanlardır. Bu gün hər birimizin ən böyük arzusu doğma Qarabağın düşməndən azad olunduğu günü görməkdir. Qələbə bütün əlillərin yaralarına məlhəm qoyacaq, şəhidlərimizin ruhu əbədi sevinəcəkdir. İnşaallah, belə də olacaq!
Növrəstə YUSİFOVA,
“Qarabağ əlilləri və veteranları” Cəmiyyətinin sədri,
2-ci qrup Qarabağ müharibəsi əlili
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.