Səbaillilərin əlillərə diqqət və ehtiramı

Beynəlxalq Əlillər Günü ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyəti “Romans-Palas” şadlıq sarayında müsiqili-əyləncəli mərasim keçirmişdir. Şənlikdə ərazidəki əlil uşaqlarla yanaşı, Daun Sindromlu Şəxslərin Assosiasiyasının və UAFA əlil uşaqlar təşkilatının üzvləri, Saray qəsəbəsindəki uşaq evində tərbiyə edilən 219 saylı evdə məktəbdə təhsil alan 150-dən çox uşaq iştirak etmişdir.

Şənlik iştirakçılarını salamlayan Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirmişdir ki, əlil vətəndaşlarımız cəmiyyətin ən çox qayğıya ehtiyacı olan təbəqəsidir, lakin onların maddi köməkdən daha çox mənəvi yardıma ehtiyacları var. Belə şəxslərin əksəriyyəti özlərini cəmiyyətdən təcrid olunmuş kimi görmək istəmir. Buna görə də əlillərin sosial vəziyyətini və maddi durumunu yaxşılaşdırmaq, onların cəmiyyətimizdə bərabərhüquqlu üzv kimi yaşamasını təmin etməkdən ötrü dövlətimiz zəruri tədbirlər həyata keçirir.

Başçı qeyd etmişdir ki, Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə dünya miqyasında keçirilən 3 Dekabr  Beynəlxalq Əlillər Günü ümummilli liderimiz Heydər Əliyevin müvafiq sərəncamı ilə 1994-cü ildən Azərbaycanda da ölkə miqyasında qeyd olunur. Prezident İlham Əliyevin sərəncamı ilə müxtəlif kateqoriyalardan olan əlillərin müavinətləri daim artırılır. Heydər Əliyev Fondunun rəhbəri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanını səyləri nəticəsində bir çox əlil evləri əsaslı təmir olunmuş, müasir standartlara tam uyğun olan yeni bərpa mərkəzləri yaradılmışdır. Dövlətin əlillərə göstərdiyi qayğı onların problemlərinin həllində önəmli rol oynayır. Əlil vətəndaşlara,  xüsusilə  əlil uşaqlara diqqət və qayğı cəmiyyətimizin hər üzvünün borcudur.

Mərasimdə bildirilmişdir ki, bu il Səbail RİH əlillərlə bağlı xeyli tədbir təşkil etmişdir. 2 nəfərə əlil arabası verilmiş, 10-dan çox əlilin cərrahiyyə əməliyyatına kömək göstərilmiş, şənliklərdə əlil uşaqların da iştirakı təmin olunmuşdur. 88  əlil Naftalan, Lənkəran, Qəbələ rayonları və Mərdəkan qəsəbəsindəki istirahət mərkəzlərinə göndərilmişdir. Səbail rayonunda 1941-ci ildən fəaliyyət göstərən 219 saylı evdə məktəbdə müxtəlif dərəcəli əlilliyi olan 745 nəfər uşaq 11 illik təhsil alır. Onlara 262 nəfər müəllim dərs keçir. Bu il məktəbin 161 məzunundan 98-i ali məktəblərə qəbul olunmuşdur.

Mərasimdə çıxış edənlər əlillərə göstərdiyi müstəsna diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyevə minnətdarlıqlarını ifadə etmişlər. Vurğulanmışdır ki, əlillər cəmiyyətin bərabərhüquqlu üzvüdürlər və onların ölkədə gedən bütün posseslərdə fəal iştirakı təmin olunmalıdır.

Sonra 150 nəfər əlil uşağa RİH-in hədiyyələri təqdim olunmuş və maddi yardım göstərilmişdir. Tədbirdə iştirak edən populyar müğənnilər və şənbazlar mahnı və gülməcələri ilə uşaqlara mənalı əyləncə bəxş etmişlər.

R.TAHİR,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında