İşgüzar alim, qayğıkeş müəllim, mehriban insan

Azərbaycan Dövlət Neft Akademiyasının “Elektrik avadanlıqları və sənaye qurğularının avtomatlaşdırılması” kafedrasının dosenti Fikrət Vəzirovun anadan olmasının 70, elmi-pedaqoji fəaliyyətinin 39 ili tamam olur.

Fikrət Vəzirov 1944-cü il noyabrın 28-də Bakı şəhərində, tanınmış jurnalist, tərcüməçi, ictimai xadim Xasay Vəzirovun ailəsində dünyaya göz açıb. 1962-ci ildə ümumtəhsil məktəbini bitirdikdən sonra M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Neft Akademiyası) energetika fakültəsinə daxil olub. Əmək fəaliyyətinə 1968-ci ildə həmin institutun “Neft sənayesinin energetikası” kafedrasında baş laborant kimi başlayıb. 1969-cu ildə həmin institutun aspiranturasına daxil olub. 1974-cü ildə “Qazma bucurqadı asinxron elektrik intiqalının elektrik tormozlanması”  mövzusunda namizədlik dissertasiyası müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi alıb. 1972-ci ildən 1991-ci ilə qədər energetika fakültəsinin nəzdində problem laboratoriyasında mühəndis, baş elmi işçi vəzifəsində çalışıb. 1991-ci ildə müsabiqə yolu ilə “Elektrik intiqalı və sənaye qurğularının avtomatlaşdırılması” kafedrasının dosenti vəzifəsinə seçilib. 1995-ci ildə dosent elmi adı alıb.

F.Vəzirov qazma bucurqadının asinxron elektrik intiqalını rekuperativ-dinamiki tormozlama vasitəsilə avtomatik idarəetmə sistemini hazırlamaqla əlaqədar olan bir sıra mürəkkəb nəzəri məsələlər işləyib-hazırlamış və bu, müəllif şəhadətnaməsi ilə təsdiq olunmuşdur. Aparılmış tədqiqatlar və araşdırmalar quyuya buraxılan qazma boruların etibarlı, iqtisadi cəhətdən sərfəli və təhlükəsiz tormozlanması problemini yeni qayda ilə tətbiq etməyə və hazırlamağa imkan verib. Bu isə neft və qaz quyularının qazılmasında qaldırma və endirmə əməliyyatlarını əhəmiyyətli dərəcədə sürətləndirməyə kömək edir.

F.Vəzirov elmi araşdırmalarını  pedaqoji fəaliyyətlə səmərəli şəkildə  əlaqələndirir. O, 1979-cu ildən başlayaraq “Elektrik intiqalı və sənaye qurğularının avtomatlaşdırılması” kafedrasında əsas ixtisas fənlərindən yüksək səviyyədə mühazirələr oxuyur, laboratoriya məşğələləri aparır, kurs layihələrinə  və diplom işlərinə rəhbərlik edir. Eyni zamanda, tədris-metodiki vəsaitlərin hazırlanmasında fəal iştirak edir. Onun müəllifliyi ilə on üç dərs vəsaiti, bir indeksləşdirilmiş proqram və laboratoriya işləri üçün vəsaitlər hazırlanmışdır, 50-yə yaxın elmi məqaləsi çapdan çıxmışdır. F.Vəzirov Azərbaycan Dövlət Neft Akademiyasında “Elektromühəndislik” istiqaməti üzrə magistr dissertasiyasının müdafiəsi üçün ixtisaslaşdırılmış elmi şuranın üzvüdür.

Böyük elmi-pedaqoji təcrübəyə malik olan F.Vəzirov daim öz üzərində çalışır, elmi axtarışlarını davam etdirir. İşgüzarlığı, elmi səviyyəsi, yüksək mədəniyyəti, pedaqoji ustalığı ilə seçilən alim Akademiyanın professor-müəllim kollektivi və tələbələri arasında böyük hörmət qazanmışdır.

Şübhə yoxdur ki, sözün həqiqi mənasında ziyalılıq nümunəsi olan bu fədakar alim, qayğıkeş və mehriban insan həyatının mənası saydığı elmdə və pedaqoji fəaliyyətində yeni-yeni zirvələr fəth edəcək,  uğurlar qazanacaqdır.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında