İqtisadçı alimin zəngin ömür yolu Əli Nuriyev – 75

Görkəmli iqtisadçı alim, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, iqtisad elmləri doktoru, professor, Əməkdar elm xadimi, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Regional İqtisadi və Sosial Araşdırmalar İnstitutunun direktoru Əli Xudu oğlu Nuriyevin anadan olmasının 75, elmi və pedaqoji fəaliyyətinin 50 ili tamam olur.

Əli Nuriyev Azərbaycan iqtisadçı alimlərinin XX əsrin 60-cı illərində elmi fəaliyyətə başlamış, respublikamızda iqtisad elminin və təhsilinin inkişafına böyük töhfələr vermiş nəslinə mənsubdur. O, ölkənin elmi ictimaiyyəti arasında çoxcəhətli yaradıcılığı ilə məhsuldar alim, regionşünaslıq sahəsində görkəmli mütəxəssis, peşəkar müəllim, obyektiv mövqeli xeyirxah və zəhmətkeş insan kimi tanınır.

Əli Nuriyev 1939-cu ildə Füzuli rayonunun Horadiz kəndində anadan olmuşdur. O, 1957-ci ildə həmin kənddə orta məktəbi, 1963-cü ildə BDU-nun iqtisad fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Azərbaycan EA-nın müxbir üzvü Bəhmən Axundov, professorlar Həsən Dadaşov, Ələsgər Qasımov, Əhməd Qaravəliyev, dosent Abbas Nəbiyev kimi nüfuzlu alimlər gənc iqtisadçının biliyinə yüksək qiymət vermiş, onun elmdə və təhsildə böyük gələcəyinə inanmışlar.

Əli Nuriyev 1966-cı ildə Azərbaycan EA-nın İqtisadiyyat İnstitutunun əyani aspiranturasına daxil olmuşdur. O, 1969-cu ildə professor Asəf Nadirovun rəhbərliyi altında “Aşağı Kür-Araz sənaye kompleksi və onun gələcək inkişaf yolları” mövzusunda dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi, 1991-ci ildə isə  “Yeni təsərrüfatçılıq şəraitində Azərbaycan xalq təsərrüfatının ərazi quruluşunun təkmilləşdirilməsi” adlı elmi iş üzrə iqtisad elmləri doktoru alimlik dərəcəsi almışdır. İstedadlı iqtisadçının doktorluq dissertasiyası Azərbaycan elmi ictimaiyyəti ilə yanaşı, keçmiş SSRİ məkanında da görkəmli alimlərin diqqətini cəlb etmiş, yüksək qiymətləndirilmişdir.

Əli Nuriyev hələ orta məktəbdə oxuyarkən əmək fəliyyətinə başlamış, universiteti bitirdikdən sonra Naxçıvan Şəhər Maliyyə Şöbəsində baş iqtisadçı vəzifəsində işləmişdir. O, ADU-nun siyasi iqtisad kafedrasına dəvət olunmuş, sonra AEA İqtisadiyyat İnstitutunda kiçik elmi işçi, böyük mühəndis- iqtisadçı və böyük elmi işçi vəzifələrində işləmişdir. 1972-ci ildə iqtisadçı alim Azərbaycan EA Rəyasət Heyətinin qərarı ilə Naxçıvan Elm Mərkəzinin təşkilatçılarından biri kimi Naxçıvan şəhərinə göndərilmiş və orada 1980-ci ilədək iqtisadiyyat şöbəsinin müdiri işləmiş, tarix şöbəsinə də rəhbərlik etmişdir.

1980-1981-ci illərdə Ümumittifaq Kooperativ Ticarətinin İqtisadiyyatı Elmi-Tədqiqat İnstitutunun Azərbaycan filialında elmi hissə üzrə direktor müavini vəzifəsinə irəli çəkilən Əli müəllim 1982 – 1989-cu illərdə Azərbaycan Sənaye İnstitutunun dosenti olmuşdur. 1989-cu ildən o, yenidən Azərbaycan EA İqtisadiyyat İnstitutuna qayıtmış, regionların sosial-iqtisadi inkişaf problemləri şöbəsində böyük elmi işçi, aparıcı elmi işçi, şöbə müdirinin müavini və şöbə müdiri vəzifələrində işləmişdir.

2002-ci ildən Əli Nuriyev Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Geostrateji Araşdırmalar Mərkəzinin müdiri olmuş,  2005-ci ildə ona professor elmi adı verilmişdir. Alim 2012-ci ildən həmin akademiyada “Regional iqtisadi və sosial araşdırmalar institutu” nun direktorudur. O, işlədiyi bütün vəzifələrə məsuliyyətlə yanaşmış, hər yerdə böyük hörmət qazanmışdır.

AMEA-nın müxbir üzvü Əli Nuriyevin zəngin elmi yaradıcılıq yolu iqtisad elminin müxtəlif sahələrini əhatə edir. Onun elmi əsərləri dövrün aktual problemlərinə həsr olunması ilə seçilmiş, konseptual yanaşma, çeviklik və məqsədyönlülük xüsusiyyətləri kəsb etmişdir. Görkəmli alim 240-dan çox elmi və metodiki əsərin, o cümlədən 16 monoqrafiya və kitabçanın müəllifi, 10 monoqrafiyanın müəlliflərindən biridir. Alimin bu  əsərlərində Azərbaycanda ilk dəfə olaraq sənaye qovşaqları və ərazi sənaye-istehsal komplekslərinin iqtisadi mahiyyəti açılmış, onların səmərəli formalaşması və inkişafının nəzəri-metodoloji problemləri araşdırılmış, məsələnin Gəncə – Qazax iqtisadi rayonu və aşağı Kür – Araz regionu sənaye komplekslərinə tətbiqi ətraflı təhlil olunmuşdur.

  Akademik Asəf Nadirovun Əli Nuriyevin elmi rəhbəri və doktorluq dissertasiyasının məsləhətçisi olması və 1964 – 1972-ci illərdə Əhməd Mahmudovun rəhbərlik etdiyi İqtisadiyyat İnstitutunda işləməsi, şübhəsiz ki, onun elmi uğurlarına önəmli təsir etmişdir. Əli Nuriyevin elmi-təşkilati fəaliyyətində və yaradıcılığında ötən əsrin 74 – 80-ci illərində Naxçıvan Elm Mərkəzində işlədiyi dövr xüsusi yer tutur. O, burada elmi-tədqiqat işini praktika ilə sıx əlaqələndirmiş və onların əksəriyyətinin reallaşmasına nail olmuşdur.

Alimin Naxçıvan MR iqtisadiyyatına aid əsərlərində əmək ehtiyatlarından istifadənin məhəlli xüsusiyyətləri aşkara çıxarılmış, aqrar- sənaye kompleksi sahələrinin inkişafı, səmərəliliyinin və məhsulun keyfiyyətinin yüksəldilməsi məsələləri və ehtiyatları, şəhərlərin inkişafı və şəhər əhalisinin artması, məhsuldar qüvvələrin yerləşməsinin təkmilləşməsi yolları ətraflı təhlil olunmuş və konseptual xarakterli təkliflər irəli sürülmüşdür. Əli Nuriyev Naxçıvan Muxtar Respublikasında məhsuldar qüvvələrin ərazi təşkilini təkmilləşdirmək üçün kəndlərarası mərkəz ideyasını irəli sürmüşdür. O bu məqsədlə perspektivli kəndləri müəyyənləşdirmiş, kiçik, orta istehsal və xidmət müəssisələrinin orada yerləşdirilməsi ideyasını irəli sürmüşdür.

1980-cı illərdə və 90-cı illərin əvvəllərində Əli müəllimin tədqiqatları və əsərlərinin mövzu dairəsi daha da genişlənmiş, məhsuldar qüvvələrin ərazi təşkili, iqtisadi rayonlaşdırma, inzibati-ərazi bölgüsü, sənaye komplekslərinin inkişafı və ərazi idarəetmə məsələlərini kompleks halda əhatə etmişdir. “Məhsuldar qüvvələrin respublika daxilində yerləşməsinin təkmilləşməsinin sosial-iqtisadi problemləri” monoqrafiyası Əli Nuriyevin yaradıcılığında xüsusi yer tutur. Burada məhsuldar qüvvələrin 70-ci illərdəki inkişafı və ərazi təmərküzləşməsindən yaranan sosial-iqtisadi problemlər kompleks tədqiq edilmişdir.

1989 – 1991-ci illərdə Əli Nuriyevin elmi-tədqiqat işlərində, çap olunmuş elmi məqalə və kitablarında inzibati-ərazi bölgüsünün və respublikadaxili iqtisadi rayonlaşmanın nəzəri-metodoloji məsələləri keçmiş İttifaqda ilk dəfə olaraq kompleks şəkildə və qarşılıqlı əlaqədə elmi-tədqiqat obyektinə çevrilmişdir. Bu tədqiqatları ümumiləşdirmək əsasında çap olunmuş əsərlərində Əli Nuriyev “İnzibati-ərazi bölgüsü, iqtisadi rayonlaşdırma və yerli özünüidarə orqanlarının ərazi təşkilinin qarşılıqlı əlaqədə sistem halında təkmilləşməsi” konsepsiyasını Azərbaycan şəraitinə tətbiqən işləyib hazırlamışdır. O bu elmi araşdırmalar əsasında respublika üçün bugün də əhəmiyyətini saxlayan yeni iqtisadi-coğrafi rayonlar şəbəkəsi təklif etmişdir.

Onun 1992 – 1999-cu illərdə çap olunmuş bir sıra əsərlərində Azərbaycanın ötən əsrin 80-ci illərinin axırları və 90-cı illərin əvvəllərində hərtərəfli böhrana düşməsinin obyektiv və subyektiv səbəbləri ətraflı təhlil olunmuş, böhrandan çıxmağın, iqtisadiyyatda yeni təsərrüfatçılıq formalarını inkişaf etdirməyin, özəlləşdirməni həyata keçirməyin, iqtisadi inteqrasiyanın, ərazi idarəetməni təkmilləşdirməyin, ölkədə siyasi sabitliyə nail olmağın konseptual əsasları şərh olunmuşdur. Qeyd etməyi vacib bilirik ki, Əli Nuriyevin bu əsərlərdə xalqın ideya-siyasi birliyinə nail olmaq, keçmişimizə hörmətlə yanaşmaq, təhsili, elmi, təbliğat sistemini yenidən qurmaq, əmək intizamını möhkəmlətmək haqqında irəli sürdüyü mülahizələr müasir dövrdə də öz aktuallığını itirməmişdir.

1998-2003-cü illərdə Əli Nuriyev respublikanın tanınmış alimləri ilə birlikdə Naxçıvan iqtisadiyyatının inkişafı ilə bağlı məsələlərin tədqiqinə yenidən müraciət etmişdir. Onun “Naxçıvan iqtisadiyyatı statistika güzgüsündə” monoqrafiyasında muxtar respublika iqtisadiyyatının XX əsrdə keçdiyi inkişaf mərhələləri, əldə etdiyi nailiyyətlər, həll etməli olduğu problemlər, bazar münasibətləri şəraitində inkişafının əsas problem məsələləri və istiqamətləri öz əksini tapmışdır.

Əli Nuriyevin müəlliflərindən biri olduğu “Azərbaycan iqtisadiyyatı” monoqrafiyasında ölkə iqtisadiyyatının inkişaf mərhələləri, potensial imkanları və bazar münasibətləri şəraitində inkişaf istiqamətləri haqqında müfəssəl məlumat verilmiş, iqtisadiyyatın inkişaf səviyyəsinin yüksəlməsini şərtləndirən əsas amillər (inteqrasiya, struktur dəyişiklikləri aparılması və sahibkarlığın inkişafı) təhlil olunmuşdur.

Alimin 2004-2014-cü illərdəki tədqiqatları da orijinallığı və aktuallığı ilə seçilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə qəbul edilmiş regional inkişaf proqramlarının, onların yerinə yetirilməsi gedişinin, 2004 – 2008-ci illərdə ölkədə aparılan regional siyasətin ilk və sistemli elmi təhlili Əli Nuriyevin monoqrafik tədqiqatlarında və məqalələrində geniş əksini tapmışdır. Onun bu problemlərə həsr olunmuş əsərləri içərisində “Regional siyasət və idarəetmə”, “Regional siyasət və idarəetmənin əsasları” kitabları mühüm yer tutur.

Professor Əli Nuriyevin ümummilli lider Heydər Əliyevin əbədiyaşar xatirəsinə ithaf etdiyi “Azərbaycanda iqtisadi inkişaf və modernləşmə siyasətinin konseptual əsasları” kitabı onun son 10 ildə xüsusi seçilən yaradıcılıq uğurudur. Müəllif  Azərbaycanda regional siyasətin strateji istiqamətlərini, regional idarəetmənin təşkilatı vasitə və metodlarını şərh edərkən xalqımızın ümummilli lideri Heydər Əliyevin və respublika Prezidenti İlham Əliyevin bu məsələlərlə bağlı proqram xarakterli çıxışlarını, fərmanlarını, qəbul etdikləri rəsmi dövlət sənədlərini rəhbər tutmuşdur.

Son illərdə çap olunmuş məqalələrində nüfuzlu iqtisadçı alim respublika regionlarının davamlı inkişafının təşkilati-iqtisadi problemlərinə, respublikanın investisiya siyasəti, iqtisadiyyatın maliyyə resursları, daxili maliyyə təminatı, xammal təminatı və kommersiya xidmətinin təşkilinin təkmilləşdirilməsi ilə əlaqədar məsələlərə də xeyli yer vermişdir.

 Əli Nuriyevin bir çox monoqrafik əsərləri Azərbaycan Milli EA-nın illik hesabatında iqtisad elminin nailiyyətləri sırasına daxil edilmişdir.  Hazırda Əli Nuriyev Dövlət İdarəçilik Akademiyasında “Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə” jurnalında redaksiya heyətinin və bu akademiyanın böyük elmi şurasının üzvüdür. O, iyirmidən artıq elmlər namizədi və doktorunun elmi rəhbəri olmuşdur. 2009-cu il də  görkəmli iqtisadçı alim Əli Nuriyevə Azərbaycan Respublikasının Əməkdar elm xadimi fəxri adı verilmişdir.

 Əli Xudu oğlu Nuriyev ömrünün müdriklik, yaradıcılığının yetkinlik dövrünü yaşayır. Biz həmkarları, dostarı və yetirmələri adından onu anadan olmasının 75, elmi-pedaqoji fəaliyyətinin 50 illiyi münasibətilə səmimi-qəlbdən təbrik edir, alimə möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları arzulayırıq.

 

Ziyad SƏMƏDZADƏ, AMEA-nın həqiqi üzvü,

Ağasəlim ƏLƏSGƏROV, AMEA-nın müxbir üzvü,

İsa ALIYEV, professor 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında