Azərbaycanda tibbi sığorta: vəzifələr, problemlər...

Azərbaycan Respublikası Nazirlər Kabinetinin təşkilatçılığı ilə “Regionda səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatı və Azərbaycan üçün seçimlər” mövzusunda “Fairmont hotel”ində seminar keçirilmişdir. Seminarda Türkiyə, Moldova və Xorvatiyadan gələn nümayəndələr, millət vəkilləri, səhiyyə müəssisələrinin rəhbərləri iştirak etmişlər. Baş Nazirin müavini Əli Əhmədov qonaqları salamlamış və giriş nitqi ilə tədbiri açmışdır.

Ə. Əhmədov Nazirlər Kabinetinin səhiyyə şöbəsinin Azərbaycanda səhiyyənin maliyyələşdirilməsi yolunda gördüyü işlərdən söz açmış və seminarın bu sahədə tibbi sığortanın geniş tətbiq edildiyi ölkələrin təcrübəsindən bəhrələnmək, bilikləri zənginləşdirmək və dünyada səhiyyənin maliyyələşməsi ilə bağlı təcrübəni bölüşmək məqsədi daşıdığını bildirmişdir. İnsan amilinə ölkəmizdə yüksək qiymət verildiyini, insan sağlamlığının dövlətimiz üçün böyük önəm kəsb etdiyini, bunu Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə bəyan etdiyini diqqətə çatdıran natiq bu sahə üçün dövlətlərin xərclədiyi böyük vəsaitlərdən, islahatlar nəticəsində əhalinin arzusuna uyğun səhiyyə yaradılmasından söz açmışdır. Görülən işlər nəticəsində həm də infrastruktur dəyişməsini – yeni xəstəxanalar, müalicə ocaqları istifadəyə verilməsini diqqətə çatdıran Ə.Əhmədov demişdir ki, bu, bir tərəfdən dövlətin öz əhalisinə göstərdiyi diqqəti şərtləndirirsə, digər tərəfdən, insanların sağlamlığının qorunmasına xidmət edir.

Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin prioritetlərindən biri də insanların sağlamlığı ilə bağlıdır. Son 10 il ərzində ölkədə səhiyyə sahəsində xeyli islahatlar aparılmış, indi də “İcbari tibbi sığorta”nın tətbiq edilməsi üçün işlər aparılır. Bu məqsədlə, yəni səhiyyənin maliyyələşməsi prosesində üç əsas vəzifənin həllinə diqqət edilməlidir. Birincisi, dövlətin ayırdığı vəsaitin düzgün xərclənməsi, ikincisi, səhiyyə xidmətlərinin keyfiyyətini artırmaq üçün əlavə vəsaitlərin tapılması, üçüncüsü, həkimlərin təkmilləşdirilməsi, eyni zamanda, onların maddi vəziyyətlərinin qaydaya salınması. Bu məsələlərdə bütün səhiyyə xərclərinin ağırlığını yalnız dövlətin üzərinə qoymağın da düzgün olmadığını qeyd edən natiq hər bir kəsin öz sağlamlığını qoruması üçün maliyyə vəsaiti olmasını da vurğulamış, bunun Azərbaycan vətəndaşlarının xeyli hissəsinin imkanı daxilində, həm də ədalətli və prinsipial mövqe olduğunu bildirmişdir. Səhiyyə ocaqlarının və tibbi personalın fəaliyyətinin gücləndirilməsi üçün stimullaşdırıcı metodlar olmasını düzgün hesab etdiyini qeyd etmişdir. Bu mənada o, Azərbaycanla qonşu olan və olmayan dövlətlərin səhiyyənin maliyyələşməsi prosesində gördükləri iş təcrübəsini dinləməyin faydalı olacağını bildirmişdir.

Türkiyənin sabiq səhiyyə naziri, professor Rəcəb Akdağ ölkəsinin universal səhiyyə xidmətləri barəsində çıxış etmişdir. O, 2002-ci ildən 2012-ci ilə qədər olan dövrdə səhiyyənin inkişafına nəzər salmışdır. Ötən 10 ildə Türkiyədə səhiyyə sisteminin qazandığı uğurlar və buna nail olmağın yolları barədə danışmış, dünyanın qəbul etdiyi bir proqramı gerçəkləşdirdiklərini, Azərbaycanın da bu sahədə istədiyinə nail olacağına inandığını bildirmişdir. O, Türkiyədə tətbiq edilən müavinət paketindən, ilkin tibbi yardımdan tutmuş, xarici ölkədə müalicəyə qədər, plastik və rekonstruktiv cərrahiyyədən başqa hər cür tibbi xidmətin artıq dövlət tərəfindən aparıldığını qeyd etmişdir. Türkiyədə dövlət xəstəxanasında çalışan heç bir həkimin özəl tibb müəssisələrində işləmək haqqı olmadığını, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən 1998-ci ildə nəzərdə tutulmuş bir planın– “2025-ci ildə Türkiyədə orta ömür 75 yaş olacaq” proqnozuna artıq 2009- cu ildə nail olunduğunu, bunun isə məhz qurulan səhiyyə proqramının düzgün tətbiqi sayəsində əldə edildiyini xüsusi vurğulamışdır. O, böyük fərəhlə səhiyyənin maliyyələşməsinin insanları yoxsulluqdan qurtardığını, tibbi sığortanın tətbiqinə qədər əhalinin böyük hissəsinin müalicəyə çəkdikləri xərclərin bu proqramın tətbiqindən sonra başqa problemlərini həllinə yönəltdiklərini, bunun da onların maddi rifah halına müsbət təsirini qeyd etmişdir.

Cənab Mircea Buga tibbi sığortanın icrasında Moldova təcrübəsindən danışmışdır. O, SSRİ dağıldıqdan sonra Moldovada səhiyyənin qeyri-qənaətbəxş vəziyyətindən söz açmış, ölkədə aparılan islahatlar nəticəsində bu sahənin tədricən dirçəlməsindən, 2004-cü ildən tibbi sığortaya keçildikdən sonra isə vəziyyətin yaxşılığa doğru dəyişməsindən danışmışdır. O, ölkəsində əhalinin 55 faizinin dövlət hesabına müalicə aldığını qeyd etmişdir. Tibbi sığorta sahəsində Avropa dövlətləri ilə müqayisədə sonuncu yerdə olduqlarını bildirən M. Buga əhalinin 51 faizinin dövlət hesabına stasionar müalicə aldığını vurğulamışdır.

Sonra Xorvatiyada tibbi sosial sığortanın vəziyyəti mövzusunda Tihomir Strizrep, Azərbaycanda səhiyyənin maliyyələşdirilməsi sistemi mövzusunda Corc Gotsadzenin, Azərbaycanda səhiyyə sektorunda islahatlar mövzusunda isə Zəkiyyə Mustafayevanın məruzələri dinlənilmişdir.

 

Zərifə BƏŞİRQIZI,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında