İlk sosial şəbəkə olan Classmate-nin internetdə göründüyü vaxtdan heç 20 il keçməyib. Amma dünya artıq sosial media bumu yaşayır. XXI əsrin əvvəlindən başlayaraq bəşəriyyət transformasiya erasına, praktiki olaraq hər bir dövlətdə və sosiumun müxtəlif sektorları arasında qarşılıqlı əlaqələrə əsaslanan sosial münasibətlərin inkişafının yeni mərhələsinə qədəm qoyub. Gündəlik həyatımıza daxil olan internet cəmiyyətin hər bir üzvünü həm informasiya istehlakçısına, həm də informasiya daşıyıcısına çevirib.
Yaxşı və pis xəbər
“Yaxşı xəbər: internetdə hər şey var. Pis xəbər: internetdə hər şey var”. Bu ifadə publisist R.Xoçbrayta məxsusdur. O, internetin qiymətini obrazlı şəkildə belə verib. İnternetdə hər şeyin olmasının müsbət və mənfi cəhətlərini kənara qoyub etiraf etməyə məcburuq ki, o, sözün əsl mənasında, informasiya məkanında inqilab yaradıb. İstifadəçilərinin sayının az qala həndəsi silsilə ilə artması sosial şəbəkənin ictimai xarakter aldığına əyani sübutdur. 2014-cü ilin əvvəllərinə olan statistikaya görə, Facebook-un 1,16 milyard, izləyicilərinin sayına görə ikinci sırada olan Youtube-un 1 milyard istifadəçisi var. Həmkarlarımın bir çoxunun fikrincə, sosial media çoxlu sayda informasiya almaq, ən son xəbərlərlə tanış olmaq üçün mühüm mənbədir. Eyni zamanda, belə bir fikirlə də razılaşmamaq olmaz ki, jurnalistika qaydalarından uzaq olan sosial media informasiyaları, fakt və hadisələri subyektiv, qeyri-dəqiq, şəxsi münasibətə uyğun çatdırır. Bu media ənənəvi jurnalistikanın dəqiqlik və obyektivlik kimi tələblərinə cavab vermir. Bundan əlavə, onlayn istifadəçilər jurnalistlər kimi sosial məsuliyyət daşımadıqlarından məsələlərə fərqli yanaşırlar.
Bu və digər çatışmazlıqlara baxmayaraq, informasiyanın sosial şəbəkələrdə yayılması qarşısıalınmazdır. Mənbə və maddi vəsait azlığı ilə üzləşən jurnalistikadan fərqli olaraq sosial şəbəkələr informasiya ötürücü maşına çevrilib. İştirak etdiyim konfrans və görüşlərdəki müşahidələrimə əsasən deyə bilərəm ki, əksər peşəkar jurnalistlər jurnalistikanın inkişafı üçün sosial mediadan bir vasitə kimi istifadə edilməsinə tərəfdardırlar.
Burada bir məqama da diqqət yetirmək lazımdır. Proses heç də hər yerdə eyni templə getmir. Müxtəlif inkişaf mərhələsində olan ölkələrdə həmin sosial hadisə özünü bir qədər fərqli şəkildə büruzə verə bilər. Lakin bütövlükdə cəmiyyətin informasiyanın ənənəvi media strukturları hüdudlarından kənarda yaradılması və onun istehlakı prosesinə inteqrasiyası trendi bu və ya digər dərəcədə oxşardır.
Qarşıdurma əvəzinə qarşılıqlı fəaliyyət yaxşı deyilmi?
Sosial jurnalistika cəmiyyətə geniş sirayət etdikcə ənənəvi KİV sektorunda diplomlu jurnalistlər ilə cəmiyyətin qalan hissəsi, o cümlədən internet arasında qarşıdurma nə ilə nəticələnəcək, üstünlük kimin tərəfində olacaq? Bununla bağlı mübahisələr uzun müddətdir səngimir. Bəzən fikirlər üst-üstə düşür, bəzən haçalanır. Tərəflərin bir-birinə rəqib gözü ilə baxması hallarına da təsadüf olunur. Bu yaxınlarda bu qarşıdurmanı hətta “soyuq müharibə” adlandıranlar da oldu. Lakin vəziyyət doğrudanmı müharibə həddindədir, doğrudanmı qarşıdurma bu dərəcədə antaqonistdir? Mənim fikrimcə, heç də belə deyil. Əlbəttə, ola bilsin ki, qısqanclıq elementləri var, lakin burada qeyri-sağlam rəqabətdən daha çox, qarşılıqlı fəaliyyət müşahidə olunur.
Təbii ki, bu məsələ, ilk növbədə, ənənəvi media nümayəndələrini narahat edir. Onlar sosial şəbəkə auditoriyasının genişlənməsini, sosial media bumunu televiziya verilişlərinə baxış reytinqləri və çap məhsullarının satışı üçün təhdid mənbəyi hesab edirlər. Lakin onlar, eyni zamanda, özlərini, peşə fəaliyyətlərini aypədlərdən, smartfonlardan və sosial şəbəkələrdən ayrı təsəvvür etmirlər.
Heç də təəccüblü deyil ki, telekanallara, xəbər agentliklərinə və ya qəzetlərə əsaslanan media məktəblərində son dövrdə treninqlərin çoxu məhz sosial şəbəkələrdə iş mövzusuna həsr edilir. Bu da internetin peşəkar jurnalistlər üçün əsas kommunikasiya kanalı olmasına dəlalət edir. Mənim fikrimcə, söhbət əslində hansısa “soyuq müharibə”dən yox, texnologiyaların qarşılıqlı fəaliyyətindən, bir-birinə nüfuz etməsindən gedir.
“İnformasiya girdabında” mayak
Bir müddət əvvəl IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində AzərTAc-ın bu mövzuda təşkil etdiyi “dəyirmi masa” ənənəvi media nümayəndələrinin məsələyə baxışlarını növbəti dəfə müqayisə etməyə, gələcək barədə təsəvvürləri aydınlaşdırmağa imkan yaratdı. Odur ki, hələlik şəxsi mülahizələrimi dayandırıb, həmkarlarımın çıxışlarından bir neçə məqamı diqqətə çatdırmaq istərdim. Avstriya Xəbər və Mətbuat Agentliyinin (APA) baş icraçı direktoru Peter Kropşun fikrincə, xəbər agentlikləri media məkanında və cəmiyyətdə ənənəvi rolunu qoruyub saxlamaq üçün rəqəmsal zəmanəmizdə iki mühüm vəzifəni əsas götürməlidirlər. Birinci vəzifə istehlakçılar üçün daha etibarlı və faktlara əsaslanan məlumat və xəbər istehsal etməkdir. Xəbər agentliklərini “informasiya girdabında” mayaka bənzədən P.Kropş hesab edir ki, onların ikinci vəzifəsi informasiyaların strukturlaşdırılması yolu ilə KİV-lərin və bütün istifadəçilərin “məlumatlı olmaqdan anlamağa aparan yolunu” hamarlamaqdan ibarətdir.
Vyetnam Xəbər Agentliyinin baş direktoru Nquyen Duk Loi forumda belə bir fikir irəli sürdü ki, biz sosial mediadan, həmçinin informasiyanı yaymaq vasitəsi kimi istifadə etməliyik. Unutmamalıyıq ki, bir vaxt elektron saytlar meydana çıxanda qəzetlər öz aqibətindən ciddi narahatlıq keçirməyə başlamışdılar. Twitter və Facebook kimi sosial şəbəkələrin yaranması ilə xəbər saytları da hazırda eyni təhlükə qarşısındadır.
Azərbaycanda da oxşar proseslər yaşanmaqdadır. Bakı Slavyan Universitetinin yeni media və kommunikasiya texnologiyaları kafedrasının müdiri Aynur Bəşirlini Azərbaycan mediasında Facebook statusunun xəbərə çevrilməsi narahat edir. O, Humanitar Forumdakı çıxışında ənənəvi mediada xəbərlərin ictimai önəmliliyinin kəskin surətdə azalmasının səbəblərindən birini jurnalistlərin sosial medianın təsiri altına düşməsi ilə izah edərək soruşur: Əgər sosial media ənənəvi medianı əvəz edə bilirsə, onda jurnalistlərə, jurnalistika təhsilinə ehtiyac qalırmı?
Mən mütəxəssisin narahatlığını başa düşür və onunla razılaşıram ki, xəbər agentlikləri nəinki sosial şəbəkənin təsiri altına düşməməli, əksinə, Avstriyadan olan həmkarımızın dediyi kimi, “informasiya girdabında” mayak olmağa can atmalıdır.
Zamanın xəbər meyarları: sürət və rahatlıq
Əsrimiz sürət əsri olduğundan xəbəri kimin daha tez və izləyici üçün daha rahat şəkildə çatdırması xüsusi önəm kəsb edir. Sosial mediada xəbərin paylanması və oxunması arasındakı zaman fərqi, demək olar ki, yoxdur. Adətən, insanlar onlayn qəzetdəki xəbəri oxumaq üçün tez-tez sayta nəzər yetirməli olurlar. Halbuki sosial media “göndər” düyməsini basan kimi mətn, yaxud foto, video halındakı informasiya dərhal istifadəçilərin ekranlarında görünür. Xəbər və mətbuat agentlikləri məhz bu üstünlükdən istifadə edərək informasiyalarını yaymaq üçün özlərinin sosial şəbəkə hesablarını yaradıblar. Sosial media istifadəçiləri həmin xəbəri paylaşmaqla informasiyanın daha geniş kütləyə çatmasına yardımçı olurlar.
Başqa söhbətdir ki, yeni, bəzən qeyri-adi trendlərdən istifadə etməyə heç də hamı, xüsusən yaşlı nəslin nümayəndələri bir o qədər həvəs göstərmirlər. Amma mən fəxrlə deyə bilərəm ki, bizim agentlik müasir dövrün çağırışından geri qalmır, əməkdaşlarımızın, demək olar, hamısı, yaş kateqoriyasından asılı olmayaraq, gündəlik işlərində sosial texnologiyalardan geniş istifadə edir. Başqa cür ola da bilməz, çünki əsrimiz kağız və qələm əsri yox, yüksək texnologiyalar əsridir.
Bizim jurnalistlər və redaktorlar öz işlərində Facebook, Youtube, Twitter və başqa sosial şəbəkələrdən yararlanmağa can atırlar. Məxsusi olaraq sosial media vasitəsilə yayılmaq üçün materiallar yaradan, kifayət qədər yüksək səviyyədə multimedia reportajı hazırlayıb təqdim etməyi bacaran ştatlı əməkdaşlarımız var.
Razılaşın ki, bu yeni janr – multimedia reportajı jurnalistin hökmən hadisə yerində olmasını tələb etmir. Bu reportaj real vaxt rejimində yaranır. Əgər bizim jurnalist tədbirdə və ya hadisədə iştirak edirsə, öz müşahidələrini izləyiciləri ilə onlayn rejimdə bölüşür, bu halda izləyici şərhləri həmin jurnalistin materialını faktlar və rəylərlə tamamlayır və dolğunlaşdırır. AzərTAc-ın multimedia reportajları hadisə yerindən operativ fotoşəkillər, hadisə şahidlərinin şərhləri, iştirakçıların və vəzifəli şəxslərin sosial şəbəkələrdə yayılan müsahibələri, habelə videomateriallar və ekspert rəyləri ilə zəngindir. Biz reportajı, yaxud xəbəri əvvəlcə agentliyin saytında yerləşdirmək və yalnız bundan sonra sosial şəbəkələrdə yaymaq yolu tutmuşuq. AzərTAc-ın sosial şəbəkələrdə öz səhifəsi var və bu mənada özümüzün özümüzlə rəqabət aparmağımız məntiqə nə dərəcədə uyğundur? Bizim üçün əsas məsələ baş vermiş hadisə barəsində cəmiyyətə maksimum dəqiq və operativ məlumat çatdırmaq, yoxlanılmamış informasiyanın miqdarını sıfıra endirməkdir.
Yeni texnologiyalar və fərdi brendlər
Sosial media və yeni texnologiyalar praktiki olaraq multimedia materialları istehsalından ayrılmazdır. İnfoqrafika, video və audiomateriallar, statistik cədvəllər, coğrafi-iqtisadi xəritələr - bütün bunlar multimedia reportajının ən mühüm, analitik tərkib hissələridir. Vaxtilə qəzetçilərin xoşladıqları belə bir ənənəvi ifadə vardı: “Qeydlərimə burada nöqtə qoyuram”. Amma multimedia reportajı son nöqtəni xoşlamır. Əslində, bu, mümkün deyil, qəbulolunmazdır. Çünki onlayn reportaj materialın sayta yerləşdirilməsi ilə bitmir, mövzu üzərində işləyən jurnalist hadisələrin axarını bir müddət izləməkdə davam edir. İnformasiyanı apdeyt (update) formatında tamamlamaq, ona əlavələr etmək imkanına malik olur. Bu, auditoriyanı yenidən həmin materiallara qayıtmağa, yaddaşını təzələməyə və hadisələrin təfərrüatları ilə maraqlanmağa təşviq edir. Bir neçə on il bundan əvvəl biz özümüz jurnalist fəaliyyətinə başlayanda, internet haqqında hətta nəzəri anlayışın belə olmadığı, qəzet çıxandan sonra öz işimizi bitmiş hesab etdiyimiz vaxtlarda bütün bunlara nail olmaq mümkün idimi?
Sosial şəbəkələr bütün dünyada müasir jurnalistikaya ciddi təsir göstərir. Özü də onlar təkcə nyusmeykerlərdən (“xəbər yaradanlardan”) və hadisə şahidlərindən alınmış eksklüziv informasiyanın operativ mənbəyi olaraq qalmır, həm də öz auditoriyasını formalaşdırma vasitəsi kimi böyük təsir gücünə malikdir. Məsələnin digər mühüm aspekti ondan ibarətdir ki, hər bir agentlik təkcə kollektiv deyil, həm də fərdi jurnalistlər deməkdir.
Təbii ki, həmin jurnalistlərin və reportyorların hər biri çalışdığı agentliyin ümumi konsepsiyasına və işəgötürənin ümumi siyasətinə riayət etməyə borcludur. Amma, eyni zamanda, onlardan hər birinin öz fərdi üslubu, öz dəst-xətti var. Çox vaxt hətta materialın sonunda imza olmasa da, onun müəllifini müəyyən etmək olur. Əksər hallarda əməkdaşlardan çoxunun fərdi bloqları, öz agentliklərinin internet-portallarında ayrıca rubrikalar çərçivəsində məxsusi guşələri olur. Məhz bu cür müasir jurnalistlər üçün öz sahəsində sadəcə məlumatlı yox, həm də səriştəli mütəxəssis kimi fərdi brendinin formalaşması böyük əhəmiyyət kəsb edir. Buna görə də onlar təkcə xəbər agentliyinin əməkdaşları kimi deyil, həm də fərdi onlayn-bloqların müəllifləri kimi auditoriyanı öz akkauntuna cəlb etmək yollarını öyrənməlidirlər.
Belə üsullar çoxdur. Məsələn, sensasiyaların “tvitlənməsi”, haş-teqlərdən istifadə, özlərinin maraqlı hesab etdiyi məlumatı mənbələrinə istinad etməklə auditoriya ilə “paylaşma” (sharing) və sair. Ədalət naminə etiraf etməliyəm ki, iri media strukturlarının əməkdaşlarının (mən frilanserləri - “azad sənətkarları” nəzərdə tutmuram) əksəriyyəti onlayn-bloqingi artıq yük hesab edir və eyni bir işi nəyə görə iki dəfə etməli olduqlarını anlamırlar. Buna görə onlar çox vaxt istinadları Facebook-da bölüşmək və şərh etməklə kifayətlənirlər. Bu adamlar çox vaxt haqlı olaraq təəccüblənirlər: fərdi bloqlar yaratmaq nəyə gərəkdir? Axı onlar nyusmeykerlərin tvitlərini kompilyasiya edib şəbəkələrdə yerləşdirmək yox, hadisə yerinə getmək, çəkilişlər aparmaq və həmin nyusmeykerlərlə canlı ünsiyyətdə olmaq istəyirlər. Lakin internet nəşrlərin müəllifləri üçün rəqəmsal jurnalistikanın gələcəyi məhz peşəkar “layvbloqinq” formatı ilə bağlıdır.
Gələcəyin ən perspektivli jurnalist peşələri
Zəmanəmiz media kimi, jurnalist peşəsinə də fərqli, müasir yanaşma tələb edir. Bu mənada Moskva Dövlət Universitetinin jurnalistika fakültəsindən olan həmkarım Andrey Vırkovskinin fikirləri ilə razılaşmamaq mümkün deyil: “Bloqlar tədricən ənənəvi KİV-lərin informasiya məkanını onların əlindən alır. İri nəşrlər məşhur bloqqerlərin postlarını öz saytlarında yerləşdirməklə oxucuları cəlb edirlər. Gələcəkdə ənənəvi medianın əsas rəqibi mövcud informasiyanın kompilyasiya edilməsinə əsaslanan jurnalistika olacaq. Orijinal mətnlərdən seçilmiş hissələri birləşdirən, müxtəlif mövqeləri üz-üzə qoyan, gözlənilməz diskussiyaları qızışdıran mahir kompilyator daha bir perspektivli peşədir”.
Bununla əlaqədar bir məqamı xatırlatmaq yerinə düşər. Nüfuzlu “Forbs” jurnalı 2009-cu ildə qlobal trendləri təhlil edərək bu qənaətə gəlib ki, qarşıdakı onilliklərdə jurnalist-aqreqator peşəsi ən çox tələbat olan ixtisaslardan birinə çevriləcək.
Qərbdə sosial jurnalistikanın və ya belə demək mümkündürsə, vətəndaş jurnalistikasının inkişaf təcrübəsi göstərir ki, ənənəvi medianın rəqibləri internet auditoriyada tədricən populyarlıq qazanır. Bu auditoriya televiziya, mətbuat və radio auditoriyasından fərqli olaraq ilbəil genişlənir. Buna görə də şübhə yoxdur ki, ənənəvi medianın dünya şəbəkəsinə transformasiyası labüd olduğu kimi, müasir jurnalistlərin offlayn rejimində işlə onlayn bloqları uzlaşdırması da zəruridir.
İnformasiyanı yeni media vasitəsilə istehlak edənlərin sayının televiziya tamaşaçılarını və ya qəzet oxucularını üstələyəcəyi vaxt yaxındırmı? Yaxud nə qədər uzaqdadır? Bu, klassik medianın çevikliyindən, zəmanənin çağırışlarına nə dərəcədə həssas yanaşmasından, yeni texnologiyaları, müasir brendləri mənimsəmək bacarığından və əlbəttə, maddi vəsaitdən çox asılıdır.
Aslan ASLANOV
AzərTAc-ın Baş direktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.