İctimaiyyətlə sıx əlaqə, açıq söhbət, səmimi görüşlər...

Tərtər Rayon İcra Hakimiyyətində bu sahədə zəngin təcrübə qazanılıb

Vətəndaşların qəbulu, onların məktub, ərizə və şikayətləri üzrə aparılan işin daha da təkmilləşdirilməsi icra hakimiyyəti orqanları qarşısında duran vacib və təxirəsalınmaz vəzifələrdən biridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu sahədə ardıcıl və sistemli iş qurmağı, adamlara qayğı və həssaslıqla yanaşmağı, bu vacib məsələni daim diqqət mərkəzində saxlamağı rəhbər işçilər qarşısında mühüm tələb kimi irəli sürmüşdür: “Mən həmişə demişəm, biz xalq üçün yaşayırıq, xalq üçün çalışırıq, xalq qarşısında məsuliyyət daşıyırıq”.

Son vaxtlar Tərtər Rayon İcra Hakimiyyətinin iş üslubunda, təşkilat-idarəetmə məsələlərində ölkə rəhbərinin bu tələbinin gerçəkləşdirilməsi ilə bağlı sistemli iş aşkar şəkildə diqqəti cəlb edir. Yerlərlə əlaqə gücləndirilmiş, icra hakimiyyəti başçısının qəbulu, xüsusilə, ayrı-ayrı yaşayış məntəqələrində keçirilən səyyar qəbullar, açıq qapı tədbirləri, görüş və müzakirələr ardıcıl və işgüzar xarakter daşıyır.

Yeri gəlmişkən, onu da əlavə edək ki, bölgə müxbiri olaraq belə səyyar qəbullarda biz də tez- tez iştirak edirik. Apardığımız müşahidələrin və əldə etdiyimiz faktların təhlili bir daha göstərir: harada ki yerlərlə sıx əlaqə, adamlarla aparılan iş, onların ərizə və məktublarına baxılması müasir tələblər səviyyəsində qurulmuşdur, orada iqtisadi, sosial və mədəni sahələrdə əldə edilmiş uğurlar daha çoxdur. Burada, ilk növbədə, insan amili, onun həyat tərzi, gün-güzəranı, arzu və düşüncələri ön plana keçir.

Tərtər rayonuna növbəti səfərimizdə də əsas məqsəd məhz bu məsələ  idi. Ona görə də rayon icra hakimiyyətində, ayrı-ayrı təşkilatlarda, idarə və müəssisələrdə, yaşayış məntəqələrində olduq. Bizi daha çox maraqlandıran cəhət bu sahədə əldə edilmiş müsbət təcrübə, iş üslubu və metodlarında, təşkilat-idarəetmə məsələlərində tətbiq edilən yeniliklər idi.

Gördüklərimizə, müşahidə etdiklərimizə və əmin olduqlarımıza əsaslanaraq deyə bilərik ki, bu gün Tərtər rayonunda vətəndaşların qəbulu, onların ərizə, şikayət və məktublarına baxılması sahəsində ardıcıl və sistemli iş qurulmuşdur. İctimaiyyətlə əlaqə məsələsinə daha çox elmi münasibət formalaşmış, ölkə Prezidenti İlham Əliyevin bu sahədəki məsləhət, göstəriş və tövsiyələri diqqət mərkəzində saxlanılır. Məsələn, təkcə may-sentyabr aylarında rayon icra hakimiyyətinin başçısı ayrı-ayrı yaşayış məntəqələrində 23 səyyar qəbul keçirmişdir.

... Yolumuz Dəmirçilər kəndinədir. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar qəbulu bu kənddə idi. Görüşdə rayon hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri də iştirak edirdilər.

Dəmirçilər Tərtərin cəbhə xəttində yerləşən yaşayış məntəqələrindəndir. Düşmənlə təmas xəttinin uzunluğu 3 kilometrdir. Düzdür, son vaxtlar cəbhə xəttində yerləşən başqa kəndlər kimi, bura da diqqət artırılmış, bir çox vacib sosial məsələlər öz həllini tapmışdır.

Bu dəfə də rayon icra hakimiyyətinin başçısı kəndə, necə deyərlər, quru əllə yox, sakinlərin iş və sosial şəraitinin daha da yaxşılaşdırılmasına yönəldilmiş konkret tədbirlərlə, real işlərlə, əməli köməklə gəlmişdi. Bilavasitə yerdə, kənd sakinləri ilə görüşmək onların həyatı, dolanışığı, qayğı və problemləri ilə daha yaxından tanışlıq diqqət mərkəzində idi.

Təsadüfi deyildir ki, kənd sakinləri qonaqları böyük səmimiyyət və minnətdarlıq hissi ilə qarşıladılar. Adamlar görülüb başa çatdırılmış işlər barədə həvəslə məlumat verdilər, gələcək planlardan söhbət açdılar. Yeri gəlmişkən, həmin səyyar qəbulda irəli sürülən zəruri məsələlərdən, həlli vacib problemlərdən bəzilərini nəzərə çatdırmaq istəyirik.

Fazil Rəhimov:

- Hamınızı salamlayıram, xoş gəlmisiniz deyirəm. Onu da əlavə edim ki, son illər bu tərkibdə ilk dəfədir ki, belə bir səyyar qəbul keçirilir. Əlbəttə, kəndimizdə aparılan abadlıq-quruculuq işlərindən çox danışmaq olar. Xüsusilə, son aylar bu istiqamətdə aparılan işlər daha da canlanmış, ardıcıl xarakter almışdır. Məsələn, 13 kilometr uzunluğunda , 5 yaşayış məntəqəsini birləşdirən Cəmilli-Dəmirçilər avtomobil yolunun çəkilişini, 3 kilometr uzunluğunda müasir gecə işıqlandırma sisteminin quraşdırılmasını və s. göstərmək olar.

Yeri gəlmişkən, onu da əlavə edim ki, bu sadaladığımız sosial məsələlər başqa yerlərdən daha çox cəbhə xəttinə yaxın olan yaşayış məntəqələrində vacibdir. Ona görə də kəndimizin sakinləri bu diqqət və qayğını yüksək qiymətləndirir və öz minnətdarlığını bildirirlər.

Rayon icra hakimiyəti başçısının səyyar qəbulda iştirakından istifadə edərək kənd sakinlərinin bir arzusunu da diqqətə çatdırmaq istəyirəm. Bu da ondan ibarətdir ki, kəndimizdə içməli və təsərrüfat suyuna ciddi ehtiyac var. Düzdür, son vaxtlar bu istiqamətdə xeyli iş görülmüşdür. Ancaq yenə də ehtiyac bitmir. Nəzərə almaq lazımdır ki, erməni namərdliyi burda da özünü göstərir. Bizim təbii su mənbələri onların əlindəndir. Hələlik əsas ağırlıq düşür artezianların üstünə.

Novruz Abbasov:

- Dərin minnətdarlıq hissilə bildirmək istəyirəm ki, kəndimizdə müasir EATS-in tikintisi, həmçinin rabitə xətlərinin çəkilişi artıq başa çatmaq üzrədir. Düzünü deyək ki, əvvəllər bu cəhətdən çox çətinlik çəkirdik. Təsəvvür edin ki, payız-qız aylarında güclü küləklər əsəndə işıqlar sönür,  kəndimiz zülmətə qərq olurdu. Özü də cəbhə xəttinin yaxınlığında, necə deyərlər, düşmənin ikiaddımlığında. Ona görə də camaat ehtiyaclarımızı yoluna qoyan belə tədbirləri böyük minnətdarlıq hissilə qarşılayır.

Ancaq indi mənim demək istədiyim mətləb başqadır. Bildiyiniz kimi, Dəmirçilər kənd məktəbi ötən əsrdə tikilib istifadəyə verilmişdir. Onu da əlavə edirəm ki, bu müddət ərzində bir dəfə də olsun əsaslı şəkildə təmir olunmamışdır. Başqa sözlə desək, bu təhsil ocağı artıq köhnəlib, yararsız vəziyyətə düşüb, müasir tələblərə cavab vermir. Xahişimiz ondan ibarətdir ki, yaxın vaxtlarda Dəmirçilər kəndində məktəbin ya yeni binasının tikintisinə, ya da əsaslı təmirinə başlanılsın.

Şəlalə Cəfərova:

- Qarabağ müharibəsində fəal döyüş əməliyyatları aparılan vaxtdan düz 20 il keçir. Bildiyiniz kimi, müharibə illərində bizim kəndə də ciddi ziyan dəymiş, atılan mərmilər evləri, körpüləri dağıtmış, yaralananlar olmuşdur. Ancaq təəssüf hissi ilə bildirmək istəyirəm ki, aradan xeyli müddət keçməsinə baxmayaraq, bu vacib məsələ demək olar ki, yaddan çıxmışdır. Yandırılmış, dağıdılmış həmin evlərin bərpasına ciddi ehtiyac var.

Əlbəttə, biz başa düşürük ki, bu məsələnin həlli kənd, yaxud rayon rəhbərliyinin gücü və imkanı daxilində deyildir. Deməli, müvafiq respublika təşkilatları qarşısında məsələ qaldırmaq, bu vacib problemin müsbət həllinə nail olmaq lazımdır.

Əjdər Həsənov:

- Son vaxtlar kənd sakinlərinin fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmini sahəsində xeyli iş görülmüşdür. Bu sahədə heç bir şikayətimiz yoxdur. Narahatlığımız və gileyimiz başqa sahədəndir. Bizim kəndə hələ də təbii qaz xətti çəkilməmişdir. Payız-qış aylarında vəziyyətimiz daha da ağırlaşır. Özümüz də əziyyət çəkirik, təbiətə də ciddi ziyan dəyir.

Belə görüş və söhbətlərin keçirilməsi, əlbəttə, çox yaxşıdır. Səmimi şəkildə öz sözümüzü deyə, bizi düşündürən, narahat edən məsələlər barədə açıq danışa bilirik. Ancaq bununla yanaşı, belə görüş və qəbullar o zaman əhəmiyyətlidir ki, konkret nəticə olsun, real iş görülsün. Son vaxtlar rayonumuzda həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işləri, yenilik və inkişaf, adamlara, onların arzu və təkliflərinə operativ və həssas münasibət belə deməyə əsas verir ki, burada qaldırılan vacib məsələlər də tezliklə həllini tapacaqdır.

Dilşad Paşayeva:

- Yardımçı kanallar çəkilən zaman kəndarası yollara ciddi ziyan dəyib. Payız-qış aylarında bu, kənd sakinləri üçün daha böyük çətinliklər yaradacaq. Yolların təmirinə nə qədər tez başlansa o qədər yaxşı olar.

Abbas İsmayılov:

- Mədəniyyət evinin əsaslı təmirinə ciddi ehtiyac var. Təəssüf ki, bu barədə dəfələrlə məsələ qaldırılsa da hələlik heç bir konkret nəticə yoxdur. Kənd sakinləri inanır ki, bu səyyar qəbuldan sonra əsaslı dönüş olacaq.

Cavad Əliyev:

- Əsas su mənbəyimiz erməni qəsbkarlarının nəzarətindədir. Həm içməli, həm də təsərrüfat suyundan ciddi əziyyət çəkirik. Ona görə də bir daha xahiş edirik ki, əlavə artezian quyularının qazılmasına kömək edəsiniz. Axı biz kənd adamlarının əsas dolanışığı torpaqdandır. Bol məhsul üçünsə həm də çox su lazımdır. Məsələn, bu il elə sahələr oldu ki, heç bir dəfə də suvarılmadı. Belə vəziyyətdə isə sözsüz ki, kəndlilərin əli boş qalır, ilboyu çəkdiyi əziyyət hədər gedir.

Təkliflər, arzu və qeydlər bir-birini əvəz edir. Əlbəttə, kənd sakinlərini başa düşmək çətin deyil. Ancaq orası da var ki, illərlə yığılıb qalmış ciddi problemləri bir günün, yaxud bir ayın içində həll etmək də mümkün deyil. Əsas odur ki, səyyar qəbulda qaldırılan, irəli sürülən təklif, arzu və qeydlərin həll edilməsi üçün yollar müəyyənləşdirildi, hansı müddətə, necə icra ediləcəyi və s.məsələlər dəqiqləşdirildi. Bu isə əlbəttə, adamlarda böyük inam və ümid yaratdı.

Səyyar qəbula yekun vuran Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Mütəqim Məmmədov əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf siyasətinin bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdi və regionların sürətli inkişafından söz açdı. İcra başçısı daha sonra Tərtər rayonun sosial-iqstiadi inkişafı ilə bağlı dövlət səviyyəsində həyata keçirilən proqramların əhəmiyyətindən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülmüş və görüləcək işlərdən danışaraq bildirdi ki, rayonda həyata keçirilən tikinti-abadlıq və quruculuq sahəsində işlər bundan sonra da sürətlə davam etdiriləcəkdir.

Sonda icra başçısı sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası ilə əlaqədar müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlar verdi və diqqəti ona yönəltdi ki, Tərtər Rayon İcra Hakimiyyətində bütün sahələrdə olduğu kimi, vətəndaşların qəbulu, onların ərizə, şikayət və məktublarına vaxtında və həssaslıqla baxılması sahəsində də ardıcıl və sistemli iş qurmuşdur.Diqqət ona yönəldilmişdir ki, əhalini narahat edən vacib məsələlər, ciddi sosial ehtiyaclar yerindəcə həll olunsun, təkrar şikayətlərə yol verilməsin, insanlara həssas, qayğıkeş və səmimi münasibət bəslənilsin.

... İnsanı yaşadan təkcə su, hava və çörək deyil. Diqqət və qayğı, isti münasibət, səmimi söz, xoş rəftar - bizi yaşadan həm də bax, belə mənəvi meyarlardır. Gördüklərimizə, şahidi olduqlarımıza və müşahidə etdiklərimizə əsasən deyə bilərik ki, son vaxtlar Tərtər Rayon İcra Hakimiyyətində, onun yerli strukturlarında bu sahədə zəngin təcrübə qazanılmışdır.

 

Ziyəddin SULTANOV,

“Xalq qəzeti”nin bölgə müxbiri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında