...Əməliyyat müşavirəsi uzun çəkmədi: daxil olmuş məlumatın dəqiqliyi şübhə doğurmurdu. Bununla belə, inanmaq da çətin idi. Hətta ən dəqiq məlumatı olan əməliyyatçılar da tərəddüd içindəydilər. Ancaq gecikmək də olmazdı. Müəyyən olunmuş vaxta cəmi bir saat qalırdı. Oğrunu, yaxud oğruları cinayət başında yaxalamaq üçün elə indi hərəkətə keçmək, müəyyən olunmuş ünvanda müşahidə yerlərini tutmaq və s. tələb olunurdu.
Bərdə Rayon Polis Şöbəsinin rəis müavini Natiq Hüseynovun qəti qənaəti belə oldu: əməliyyat qrupu gecikmədən lazımi yerlərdə öz mövqelərini tutsunlar. Əməliyyata rəhbərliyi isə polis polkovnik-leytenantı Natiq Hüseynov öz üzərinə götürdü.
Gecə saat 4-ün yarısı idi. Bu vaxt, adətən, yuxunun şirin vədəsi olur. Ancaq o, artıq ayaqüstə idi. Vərdiş öz işini görürdü: axır zamanlar o evdən bax, bu vaxt - gecə saat 4-ün yarısında çıxırdı.Yorğun, bir qədər də əsəbi idi. Ancaq bu, uzun çəkmədi. Yay gecəsinin sərin havası üz-gözünə səpələndi. Yavaş-yavaş özünə gəldi. Evdə hamının yatdığına tam əmin olandan sonra həyət qapısını ehmalca açıb yola çıxdı.
Gedəcəyi ünvan kəndin o biri tərəfindəydi. Fikirləşdi ki, kəndarası yolla getmək uzaq düşər. Həm də yolda-izdə görüb-eləyən olar. Düzdür, ilk baxışda bu görkəmdə onu tanımaq çətin idi. Başında qalın qıllı papaq, əynində gödəkcə, uzun şalvar, ayağında rezin çəkmə...
Hər ehtimala qarşı kəsə getməyi qərara aldı. Bu isə o qədər də asan deyildi. Həyətlərdən, bağ-bostanlardan keçmək lazım idi. Bir tərəfdən də kənd itləri. Ancaq məsələnin maraqlı tərəfi o idi ki, bu insana ən quduz it də hürmürdü.
Dəqiqələr, saniyələr ötüb keçirdi. Əməliyyatçılar əvvəlcə nəzərdə tutulmuş yerlərdə mövqe seçmişdilər. Ona görə də çağırılmamış qonağı addım-addım izləmək imkanları vardı. O isə bəzən izi itirmək üçün tamam əks tərəfə irəliləyir, təzədən geri dönürdü. Belə vəziyyətdə onu hiss etdirmədən izləmək olduqca çətin idi. Digər bir məsələ ondan ibarət idi ki, bu insanda quş cəldliyi vardı, bir göz qırpımında yayına bilirdi.
Ancaq yüksək peşəkarlıq, hər şeyin əvvəlcədən dəqiq ölçülüb-biçilməsi, operativlik öz nəticəsini verdi: çağırılmamış qonaq cinayət başında - öz həmkəndlisinin tövləsindən qoyunları oğurlayarkən yaxalandı.
Əziz oxucu, təsvir etdiyimiz bu hadisə 2014-cü ilin may ayında Bərdə rayonunun Şahvəllər kəndində baş vermişdi. Ən maraqlısı isə odur ki, artıq neçə aydan bəri Şahvəllər kəndini qorxu və vahimə içərisində saxlayan, silsilə oğurluq hadisələrini törədən şəxs elə həmin kəndin sakini 25 yaşlı Ceyhunə Mehdiyeva idi: özü də bu onun doğulub- böyüdüyü həmin kənddə törətdiyi nə az, nə çox, düz 5-ci oğurluq idi.
Natiq Hüseynov təcrübəli əməliyyatçıdır. Polis orqanlarında uzun müddət müxtəlif vəzifələrdə çalışdığı illərdə çox hadisələrlə, çox insanlarla rastlaşıb. Bununla bərabər, öz təəccüb və heyrətini də gizlədə bilmir:
– Qəribə və maraqlı cəhət təkcə o deyil ki, silsilə oğurluq hadisələrini törədən şəxs 25 yaşlı qızdır. Bizi narahat edən bir də odur ki, bu hadisə onun valideynlərinin gözü qarşısında baş verib. Bu bir daha onu göstərir ki, adamlar arasında kütləvi-izahat işlərini, hər vasitə ilə profilaktik tədbirləri gücləndirmək lazımdır.
Dindirmə zamanı əlimizə onun gələcək planlarını əks etdirən cədvəl keçdi. Burada ayrı-ayrı ünvanlar və insan adları yazılmışdı. Özü də bu siyahıya təkcə Bərdə deyil, ətraf rayonların sakinləri də daxil idi.
Biz uğurlu əməliyyatlardan ancaq biri haqqında danışdıq. Qeyd etmək yerinə düşər ki, son vaxtlar Bərdədə cinayətkarlığa qarşı belə uğurlu əməliyyat-istintaq tədbirləri tez-tez keçirilir. Onlardan bəzilərini misal çəkmək istəyirik: Əvəz Qurbanovdan, Səbuhi İmranovdan, eləcə də Ruslan Şükürovdan, Nicat Abdullayevdən və Pərvin Əsgərovdan ibarət silahlı dəstələrin ifşa edilməsi, rayonun Qaradağlı kəndində narkotik maddə olan çətənə plantasiyasının aşkar edilməsi və s. Adlarını çəkdiyimiz və çəkmədiyimiz bu əməliyyat-istintaq tədbirlərində polis şöbəsinin işçilərindən Hikmət İsmayılov, Oqtay Məmmədov, Əvəz Alışov, Nofəl Paşayev, Qorxmaz Abbasov, Rövşən Məmmədov, Rafət Quliyev, Şamxal Babayev, Ruslan Əhmədov, Vahid Həmzəyev, Rafiq Süleymanov və başqaları xüsusilə fərqlənmişlər.
Aparılan təhlil və müqayisələr göstərir ki, Bərdə Rayon Polis Şöbəsinin şəxsi heyəti cinayətkarlığa qarşı mübarizə, ictimai qaydaların və ümumi təhlükəsizliyin təmini, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində xeyli müsbət təcrübə toplamışdır. Digər hüquq-mühafizə və xüsusi xidmət orqanları ilə qarşılıqlı əlaqə şəraitində həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində əvvəlki illərin müsbət meyilləri qorunub saxlanılmış və bir çox istiqamətlər üzrə daha da inkişaf etdirilmişdir.
Əldə edilən bu uğurlar isə, hər şeydən əvvəl, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərman və sərəncamlarından, dövlət proqramlarından, DİN-in əmr, göstəriş və kollegiya qərarlarından irəli gələn vəzifələrin icrasına şöbə rəhbərliyinin xüsusi diqqəti və şəxsi heyətin xidməti vəzifələrinə məsuliyyətlə yanaşması nəticəsində qazanılmışdır.
2014-cü ilin 6 ayı ərzində Bərdə rayonu ərazisində cəmi 150 cinayət hadisəsi qeydə alınmışdır ki, onlardan da 135-nin, yəni 88,8 faizinin açılması təmin edilmişdir.
Bərdə rayon PŞ-nin əməkdaşlarının əhali arasında apardıqları profilaktik tədbirlər nəticəsində qanunsuz saxlanılan 1 ədəd “Smith S Vesson” markalı 7,62 mm revolver, 1 ədəd 5,6 mm çaplı TOZ-8 markalı tir, 1 ədəd 16 çaplı TOZ markalı B-6465 yivsiz ov, 1 ədəd 32 çaplı TOZ markalı 10302 yivsiz ov tüfəngləri, 70 ədəd 7,62 çaplı avtomat patronu, 4 ədəd avtomat sandığı, 1 ədəd F-1 əl qumbarası toplanaraq aidiyyəti üzrə DİN-in Təhcizat İdarəsinin anbarına təhvil verilmişdir.
Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində bir sıra işlər görülmüşdür. 2014-cü ilin 6 ayı ərzində rayon ərazisində bu növ cinayətlər üzrə 15 kriminal hadisə aşkar edilmişdir ki, onlardan da 5 fakt satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlakdan artıq miqdarda əldə etmə və ya saxlama, 10 fakt isə satış məqsədilə qanunsuz əldə etmə ilə bağlı olmuşdur. Qeyd edilən faktlar üzrə 3,106 qram narkotik vasitə olan heroin, 2,388 qram çəkidə tiryək aşkar olunaraq maddi sübut kimi götürülərək dövriyyədən çıxarılmışdır. Bununla bağlı olaraq 15 nəfər təqsirləndirilən şəxs cinayət məsuliyyətinə, 2 nəfər isə inzibati məsuliyyətə cəlb edilmişdir.
Bu müddətdə Bərdə RPŞ-nin istintaq bölməsində 161 cinayət işi istintaq edilmişdir. İstintaqı tamamlanmamış 82 cinayət işindən 86 nəfər təqsirləndirilən şəxs haqqında 72 iş ittihamnamə aktı ilə, 2 iş isə tibbi xarakterli məcburi tədbirləri tətbiq etmə qərarı ilə məhkəməyə göndərilmişdir. 8 cinayət işinin icraatına xitam verilmiş, 24 cinayət işinin istintaqı isə dayandırılmışdır.
Rayon ərazisində yol hərəkətinin təhlükəsizliyinin təmin olunması məqsədilə Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən bir sıra profilaktiki tədbirlər həyata keçirilmişdir. Təkcə 2014-cü ilin 6 ayı ərzində DYPB-nin əməkdaşları 3580 yol hərəkəti qaydaları əleyhinə inzibati xəta aşkar edərək, 3347 nəfər sürücü barəsində inzibati protokol tərtib etmişlər. Ümumi aşkarlamanın 15,8 faizi kobud qayda pozuntusu kimi qeydə alınmışdır.
Bu və ya digər formada yol hərəkəti qaydalarını pozduqlarına görə, o cümlədən 116 nəfər sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə edən, 638 nəfər ötmə qaydalarını, 30 nəfər sərnişindaşıma qaydasını, 482 nəfər yol nişanının tələblərini pozan, 370 nəfər sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə edən, 188 nəfər texniki baxışdan keçməyən, 12 nəfər qanunsuz avadanlıqlar quraşdıran, 434 nəfər təhlükəsizlik kəmərindən istifadə etməyən sürücü aşkar edilmişdir.
Bu dövrdə 3347 ədəd inzibati protokol tərtib edilmiş, 8 nəfər sürücü il ərzində 12 və daha artıq cərimə balı topladığına görə 1 il müddətinə sürücülük hüququndan məhrum edilmişdir. Baxılmış inzibati materiallara görə, sürücülərə 248,735 manat məbləğində cərimənin ödənilməsi təmin edilmişdir. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 688,47 manat çoxdur.
Bərdə Rayon Polis Şöbəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi bölməsi tərəfindən 2014-cü ilin 6 ayı ərzində 6957 vətəndaşa şəxsiyyət vəsiqələri verilmişdir. Onlardan 1597 nəfəri 16 yaşına çatmayan şəxslər, 214 nəfəri məcburi köçkünlər və s. olmuşdur.
Ümumilikdə, vətəndaşlar şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı 5099 manat dövlət rüsumu ödəmişlər. Vətəndaşların qəbulu, onların ərizə, şikayət və məktublarına baxılması da diqqət mərkəzindədir. Belə ki, polis şöbəsinin ünvanına daxil olan müraciətlərə, eləcə də DİN-in “102” zəng-xidməti vasitəsilə daxil olan məlumatlara baxılması işi müvafiq qaydada tənzimlənmiş və ciddi qüsurlara yol verilməmişdir.
2014-cü ilin 6 ayı ərzində Bərdə Rayon PŞ-nin ünvanına vətəndaşlardan 2221 ərizə, şikayət və müraciət daxil olmuşdur. Onlardan da 1849-u ərizə, 372-si şikayət olmuşdur. Nəzarətdə olan 80 müraciətin hamısının icrası təmin edilmişdir. Şöbə rəhbərliyi 501 nəfər vətəndaşı qəbul etmiş, onlardan 414 vətəndaşın müraciəti təmin edilmiş, 87 nəfərə izahat verilmişdir.
Məlumdur ki, respublikanın işğal edilmiş rayonlarından olan məcburi köçkünlərin bir hissəsi Bərdə rayonu ərazisində məskunlaşmışdır. Başqa sözlə desək, məcburi köçkünlərin rayonun ictimai-siyasi, sosial və kriminogen durumuna müəyyən təsiri var. Bu amil isə öz növbəsində, həmin kontingent ilə əlaqədar müvəqqəti yaşayış yerində ortaya çıxan bir sıra məqamlara xüsusi diqqət yetirilməsini və onların arasında müvafiq məqsədyönlü tədbirlərin həyata keçirilməsini tələb edir.
Məcburi köçkünlərin müraciətlərinə bilavasitə yerlərdə baxılması məqsədilə əraziləri işğal olunmuş Ağdam, Laçın, Kəlbəcər və digər rayon polis şöbələrinin rəhbərliyi ilə mütəmadi əlaqələr saxlanılır, mövcud problemlər vaxtında öz həllini tapır. Bərdə Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Hikmət Quliyev də nikbin və qətiyyətlidir. O, cinayətkarlığa qarşı mübarizə, ictimai asayişin qorunması sahəsində əldə edilmiş uğurlarla kiyafətlənmir. Daha çox görüləcək işlərdən, qarşıda duran vəzifələrdən söhbət açır:
- Bu gün, bütövlükdə, respublikamızda olduğu kimi, Bərdə rayonunda da nəhəng layihələr həyata keçirilir, genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri aparılır. Qədim Bərdə son illər tanınmaz dərəcədə dəyişmiş, daha abad, müasir və gözəl olmuşdur. Deməli, cinayətkarlığa qarşı mübarizədə, ilbəil artan iqtisadi potensialın, dinamik inkişafın və yüksəlişin başlıca şərti olan sabitliyin, əmin-amanlığın təmin edilməsi, insan hüquq və azadlıqlarının qorunması sahəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyən etdiyi hədəflər fəaliyyətimizin əsasını təşkil edəcəkdir.
Böyük inamla demək olar ki, dəfələrlə xalqa, vətənə, dövlətçiliyə və peşə borcuna, anda sədaqət və fədakarlıq nümunələri göstərmiş daxili işlər orqanlarının, o cümlədən Bərdə Rayon Polis Şöbəsinin şəxsi heyəti respublikamıza ləyaqətlə xidmət edəcək, cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində qanunvericiliklə üzərlərinə düşən məsul vəzifələrin öhdəsindən layiqincə gələcək. Şöbənin əməkdaşları ulu öndər Heydər Əliyevin haqlı olaraq dövlət müstəqilliyinin qazanılmasından sonra ikinci ən böyük nailiyyət saydığı sabitliyin, əmin-amanlığın, insan və vətəndaş hüquq və azadlıqlarının nümunəvi şəkildə təmin edilməsində öz layiqli sözünü deyəcəklər.
Ziyəddin SULTANOV,
“Xalq qəzeti”nin bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.