Qəhrəmanlıq onun alın yazısı idi Çingiz Babayevin anadan olmasından 50 il ötür

Onun haqqında qəzetimizin oxucularının geniş məlumatı var. Əməkdaşlarımız müxtəlif illərdə onun haqqında dəyərli qəzet materialları ərsəyə gətiriblər. Yəni, Milli Qəhrəmanımızın keçdiyi həyat yolu da, 1995-ci il oktyabrın 28-də Bakı Metropoliteninin “Ulduz” və “Nəriman Nərimanov” stansiyaları arasında baş vermiş dəhşətli faciə də hamıya məlumdur. Ona görə də biz əhatəli təqdimata və faciənin təfsilatlarına varmadan bəzi məqamlara toxunmaq istəyirik.

...Əslində, Çingizin cəsarəti, şücaəti və fədakarlığı hər il onun həlak olduğu günün ildönümündə – oktyabrın 28-də yada düşür və xatırlanırdı. Bu il isə sentyabrın başa çatmasına hələ bir neçə gün qalmış atası Adil müəllim redaksiyamıza gəlmişdi. Bir neçə gündən sonra Milli Qəhrəmanın 50 yaşının tamam olacağını söyləyən Adil müəllim əlavə etdi ki, oktyabr Çingizin ayıdır: “O, oktyabrın 2-də bütün uşaqlar kimi ilk adını - Çingiz Adil oğlu Babayev adını almışdı. Həmin ayın 28-də isə öz soydaşlarının həyatını xilas etmək üçün canını fəda etmiş Milli Qəhrəman adını qazandı. Nə yaxşı ki, dünya xali deyil, nə yaxşı ki, o zaman ölkəmizin rəhbəri ulu öndər Heydər Əliyev idi və Heydər Əliyev faciədən cəmi 5 gün sonra Çingizə Milli Qəhrəman fəxri adını verdi. Onda oğlumun cəmi 31 yaşı vardı. İndi 50 yaşı tamam olur. Onda Çingiz Milli Ordunun sıravi bir zabiti idi. İndi isə Milli Ordumuzun tarixinə yazılmış Milli Qəhrəmandır, Azərbaycanda onu tanımayan yoxdur.

Şəhid atası gətirdiyi “Əfsanəvi qəhrəman” kitabını redaksiyamızın kitabxanasına bağışlayıb getmək üçün sağollaşanda mən onun məğrurluğu, kübar görkəmi və oğlunun şücaəti barədə danışarkən nümayiş etdirdiyi qüruru barədə ürəyimdən keçənləri dilə gətirdim. Gülümsünərək dedi: — Mən İrəvan xanı Rəşid xan Makinskinin nəvəsiyəm. Uzun illər tibb sahəsində çalışmış anam Rəşid xanın qızıdır. Birinci Dünya müharibəsində həlak olmuş dayım Çingiz Makinski də zabit olub. Balaca Çingizə dayımın adını vermişdik. Oğlum Çingizin dayısı Əsəd Cəfərov da zabit - polkovnik leytenant idi. Çingizin anası da, dayısı da İrəvanda doğulmuşdular. Mənim atam isə Qax rayonunun İlisu kəndindən olub. Çingiz 1964-cü il oktyabrın 2-də Bakıda dünyaya gəlmişdi... Heydər Əliyev Çingizin adına yazılmış Milli Qəhrəmanın Qızıl Ulduzunu mənə təqdim edəndə dedi: “Sən məğrur dayan, başını dik tut. Çünki övladın sənə baş ucalığı gətirib”.

Adil müəllim bizimlə xeyli söhbət edəndən sonra sağollaşıb getdi və mən bu yazının “konturları” barədə düşünəndə 1995-ci ilin oktyabrının son günlərini xatırladım. O zaman Dövlət Radiosunun Xəbərlər baş redaksiyasında işləyirdim. Həftədə bir saatlıq verilişim olduğuna görə ölkənin ictimai-siyasi həyatındakı hadisələri dərindən izləməli idim. Baş redaktorumuz Heydər Zeynaloğlu yada saldı ki, AzərTAc metrodakı faciə ilə bağlı Prezidentin televiziya və radio ilə xalqa müraciətinin mətnini yayacaq. Həmin mətnin surətini götürüb saxla. Mən bir həftə üçün götürdüyüm həmin müraciətin mətnini illər boyu saxlamalı oldum. Bu barədə fikirləşə-fikirləşə Adil müəllimin gətirdiyi, bu günlərdə işıq üzü görmüş kitabı vərəqləyirdim ki, gördüm tərtibçilər Südabə Sərvi və Aləmzər Sadıqqızı ulu öndərin həmin müraciətinin mətnini də kitabın ilk səhifələrində veriblər. Mətni oxudum və Milli Qəhrəmanın atasının söhbətindən nə qədər təsirlənmişdimsə, indi həmin hisslərin iki qatını yaşamalı oldum. Çünki 95-ci ilin oktyabrında biz Heydər Zeynaloğlunun otağındakı televizorda Prezidentin həmin müraciətini dinləyərkən ölkənin, bəlkə də, dünyanın ən nikbin adamlarından olan qocaman jurnalist Hidayət Səfərlinin ilk dəfə ağladığını görmüşdük. Prezidentin səsində böyük bir ailənin başçısının yanğısı hiss olunurdu: “Görülən tədbirlər nəticəsində faciənin miqyası məlum olubdur. Artıq sizə məlumdur ki, bu bədbəxt hadisə nəticəsində 286 nəfər həlak olub, 269 nəfər yaralanıb, xəsarət alıb, xəstəxanalara gətirilib, onlara tibbi yardım göstərilibdir... Böyük faciədir. Xalqımız matəm içindədir. 286 nəfər vətəndaşımızı - insanı itirmişik. Görülən tədbirlər nəticəsində 400 nəfər bu təhlükədən xilas olunubdur. İnsanları xilas edərkən bu işə səfərbər edilmiş şəxslərdən üç nəfər həlak olubdur. Onlardan biri hərbi qulluqçu, hərbi məktəbin zabitidir, üçü isə həmin məktəbin müdavimləridir”.

Qısa müddətdən sonra – noyabrın 3-də isə ulu öndər Bakı metrosunda baş vermiş faciə zamanı öz həyat və sağlamlığı üçün mövcud olan təhlükəyə məhəl qoymadan zərərçəkmişlərin xilas olunmasında xüsusi şücaət və qəhrəmanlıq göstərərək həlak olmuş Cəmşid Naxçıvanski adına hərbi məktəbin zabiti, baş leytenant Babayev Çingiz Adil oğluna “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilməsi haqqında fərman imzalamışdı.

Öz cavan canını soydaşlarının həyatına qurban verməkdən çəkinməyən, şahidlərin dediyinə görə yüz nəfərdən çox insanın həyatını xilas edən qəhrəmanımızın həyat tarixçəsində yazılır: Çingiz Babayev 1964-cü ildə Bakıda ziyalı ailəsində doğulub. Yasamal rayonundakı 20 nömrəli məktəbi, 1986-cı ildə Azərbaycan Texniki Universitetini bitirib və ali təhsil haqqında diplomla yanaşı, leytenant rütbəsi də alıb. 1992-ci ilin avqustunda əmək fəaliyyətini yarımçıq qoyub, könüllü olaraq torpaqlarımızın müdafiəsi üçün cəbhəyə yollanıb. 1994-cü ildə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin sərəncamı ilə Cəmşid Naxçıvanski adına hərbi liseyə göndərilib. Əvvəlcə taqım komandiri, sonra isə, bölük komandirinin siyasi işlər üzrə müavini vəzifəsinə təyin olunub. Hadisələrin sonrakı gedişi və onun həyat tarixçəsinə nöqtə qoyulduğu an isə hamıya məlumdur.

Yuxarıda qeyd etdiyimiz kimi, Çingiz Babayevlə bərabər üç kursant da – Ruslan İsayev, Samir Məmmədov və Nicat Səfərov da dünyalarını dəyişdilər. Ulu öndərin fərmanı ilə onun dostlarının üçü də “İgidliyə görə” medalına layiq görülüblər. “Ulduz” stansiyası qarşısında və çalışdığı hərbi məktəbdə Çingiz Babayevin büstü qoyulub.

İndi isə oxucuların istifadəsinə yenicə verilmiş “Əfsanəvi qəhrəman” kitabından bəzi məqamlar. “Ailə üzvlərinin xatirələri” adlı bölmədə öncə atası Adil müəllimin dedikləri verilib. Həmin fikirlər həm kövrək, həm də düşündürücü sonluqla başa çatır: “Çingizin dəfnindən əvvəl məndən soruşdular ki, harada dəfn olunmasını istəyirsən? Sözün açığı o vaxt mən elə düşünürdüm ki, iki gündən artıq yaşaya bilmərəm. Ona görə də düşünmədən dedim ümumi qəbiristanlıqda. Elə yer olsun ki, mən də onun yanında basdırılım. Elə söz ağzımdan çıxan kimi dedilər, yaxşı. Özüm getdim məzarlığa. Elə yer seçdim ki, Çingizin yanında özümə də yer olsun...”

Anası Səadət Babayevanın dediklərində isə Çingizin milyonlarla insana göstərdiyi fərdi nümunənin ibtidai variantları xatırlanır: “Bu günə qədər onun birinci sinifdə yazdığı dəftərləri, qiymət cədvəllərini saxlayıram. Musiqini və rəsm çəkməyi çox sevirdi. Müəllimlər onu hər zaman tərifləyirdilər, həm oxumağını, həm də davranışını başqaları üçün nümunə göstərirdilər”.

Bəli, Səadət xanım, onu indi də nümunə göstərirlər. Amma, yazdıqlarına görə yox, yaşatdıqlarına, şəxsi nümunəsinə, fədakarlığına görə. Onun dəftərdə çəkdiyi şəkillər bir sinif dolusu uşaqlara nümunə göstərilirdi. Öz canında çəkdiyi yanğılar isə artıq milyonlara nümunə göstərilir. Bilmirəm, Allah rəhmət eləsin – deyim, yoxsa yazım ki, 50 yaşın mübarək, QƏHRƏMAN!

 

İttifaq MİRZƏBƏYLİ,

“Xalq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında