Təbiət sınağa çəkir...

Tərtər rayonunun kənd əməkçiləri bu sınaqdan uğurla çıxırlar

Tərtər Rayon İcra Hakimiyyətinin binası, sözün əsl mənasında, cəbhə qərargahını xatırladır. Telefonlar susmaq bilmir, işıqlar gecə yarıyadək sönmür, dəhlizlərdən ayaq səsləri kəsilmir. Yox, elə bilməyin ki, bu nigarançılıq Tərtərin cəbhə bölgəsində yerləşməsiylə, təmas xəttində düşmənin atəşkəs rejimini pozması, hücum və atışma ilə bağlıdır. Düzdür, narahat, təlaşlı günlər də olur. Elə bir az əvvəl cəbhə xəttində erməni silahlı qüvvələrinin törətdiyi vəhşilikləri xatırlamaq kifayətdir.

Ancaq indiki narahatlığın səbəbi tamam başqadır. Məsələ burasındadır ki, builki görünməmiş quraqlıq, havaların həddən artıq isti keçməsi Tərtərin kənd adamlarını çətin vəziyyətə salıb. Rayonun təbii su mənbələrində artıq neçə aydır ki, dodaq islatmağa su yoxdur. Sərsəng su anbarı düşmənin əlindədir. İncəçayda isə su yayın əvvəlindən quruyub. Deməli, əlac qalır artezian quyularına. Nəzərə alsaq ki, artezian quyularında da suyun ümumi səviyyəsi xeyli aşağı düşüb, onda vəziyyət tam aydın olar. Yuxarıda təsvir etdiyimiz gərginlik və həyəcan da məhz bununla bağlıdır.

Tərtər Rayon İcra Hakimiyyəti vaxtında hadisələri qabaqlaya bilmişdir. Yaranmış çətin vəziyyəti, məsələnin  ciddiliyini nəzərə alaraq burada operativ qərargah yaradılmışdır. Qərargaha rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov rəhbərlik edir. Hər gün üçün xüsusi qrafik tərtib olunur, hansı kəndə, hansı sahəyə nə vaxt, nə qədər su veriləcəyi dəqiqləşdirilir. Ortaya çıxan çətinlik və maneələr operativ surətdə aydınlaşdırılır, işin daha yaxşı təşkili üçün əlavə tədbirlər müəyyənləşdirilir.

Operativ qərargahın son iclasında biz də iştirak etdik. Əvvəlcə ötən günkü vəziyyət geniş təhlil olundu, ayrı-ayrı icra nümayəndələrinin, bələdiyyə sədrlərinin müvafiq məlumatları dinlənildi, konkret vəziyyət müzakirə edildi. Ümumi nəticə bundan ibarət oldu ki, təsərrüfat suyunun bölüşdürülməsində, sahibkarların, fermerlərin, kənd adamlarının tələb və xahişlərinin yerinə yetirilməsində heç bir çətinlik olmamışdır. Ən əsası, su itkisinə yol verilməmişdir.

Sonra ayrı-aryı kəndlərdən daxil olmuş siqnallar müzakirə olundu, konkret şəxslərin arzu və tələbləri dinlənildi. Onlardan bir neçəsini burada bir daha xatırladırıq. Kamran Xudiyev, Qaradağlı kənd sakini: – Yaşım 70-dən yuxarıdır. Uzun illər təsərrüfat rəhbəri işləmişəm. Demək istəyirəm ki, bütün ömrüm boyu torpaqla, təbiətlə üz-üzəyəm. Ancaq etiraf edim ki, builki qədər quraqlıq görməmişəm. Əsas su mənbəyimiz Sərsəng dəryaçası və artezianlardır. Düşmən öz namərd xislətini burda da göstərir. Div kimi yatıb sərsəngin su qapısının üstündə – bir damla da su gəlmir. Artezianlar isə öz gücünün heç yarısı qədər də işləyə bilmir. Belə vəziyyətdə əkin sahələrini nəinki 3-4 dəfə, heç bir dəfə də əməlli-başlı suvara bilmirik. Əbəttə, su olmadan yüksək məhsuldarlıqdan danışmağa dəyməz. Bunun ziyanı isə kənd adamına dəyir. Elə sahələr var ki, çəkdiyimiz xərcin heç yarısını da çıxara bilmirik. Bu hələ harasıdır. Kənd sakinləri içməli su sarıdan da çətinlik çəkirlər. Biz artıq neçə ildir ki, içməli suyu satın alırıq. Bir maşın suyun qiyməti isə 15 manatdır. Vəziyyətdən yeganə çıxış yolu yeni artezian quyularının qazılmasıdır. Xahiş edirik ki, bizim vəziyyətimizi nəzərə alıb konkret kömək edəsiniz.

Famil Əliyev, Borsunlu kənd sakini: – Bizim isə əsas su mənbələrimiz İncəçayıdır. Bilirsiniz ki, bu çay da yay girəndən quruyub. İlboyu minbir əziyyətlə əkib-becərdiyimiz məhsulun taleyi Allahın ümidinə qaldı. Həyət-bacamız, bağ-bağçamız isə yanıb getdi. Nəticədə götürdüyümüz ümumi məhsul gözlədiyimizdən qat-qat aşağı oldu.

İndi vəziyyət elədir ki, kənd adamının yeganə dolanışıq mənbəyi torpaqdır, gün-güzaranımız, gəlirimiz burdandır. Məhsulun taleyi isə həm də bol suvarma suyundan asılıdır. Ona görə də xahişimiz ondan ibarətdir ki, əlavə artezian quyularının qazılmasına başlanılsın. Özü də bu zaman quyular daha çox ehtiyac olan yerlərdə qazılsa ədalətli olar.

Səfər Hüseynov, Qapanlı kənd sakini: – Bildiyimiz kimi, bizim kənd cəbhə xəttinə ən yaxın olan yaşayış məntəqələrindən biridir. Əkin sahələri, örüş yerləri güllə məsafəsindədir. Elə bir gün olmur ki, düşmən tərəfdən atəşkəs rejimi pozulmasın, hücum və atışma olmasın. Kənd sakinlərindən dünyasını dəyişənlər, yaralananlar olub. Buna baxmayaraq, biz əkində-biçindəyik. Demək istəyirəm ki, bütün bu çətinliklərə suvarma suyunun qıtlığı da əlavə olunanda vəziyyət daha dözülməz olur. Düzdür, son vaxtlar bu istiqamətdə xeyli iş görülmüşdür. Məsələn, kəndin kənarında istinad divarları çəkilmiş, kəndarası yollar abadlaşdırılmış, yeni artezian quyuları qazılmışdır. Ancaq builki quraqlıq göstərdi ki, təbiətə bel bağlamaq olmaz. Ona görə də bir neçə yerdə əlavə artezian quyuları qazılsa suya olan ehtiyacımız ödənmiş olar.

...Çıxışlar, təkliflər, arzu və tələblər bir-birini əvəz edir. Kənd sakinləri, fermerlər onları düşündürən, narahat edən məsələlərdən danışdılar.

Əlbəttə, bütün məsələləri, qaldırılan problemləri, necə deyərlər, birdən-birə, bir günün içində həll etmək mümkün deyil. Ona görə də yaradılmış işçi qrupu onları sistemləşdirir, rayonun öz gücü və imkanı daxilində olanlar dərhal icraya yönəldilir, qalan məsələlər isə müvafiq respublika təşkilatları qarşısında qaldırılır. İşin bu cür sistemli və operativ təşkili öz müsbət nəticələrini verməkdədir. Belə ki, cari ilin çətin hava şəraitində rayonun kənd əməkçiləri tarlalardan bol məhsul götürmüşlər. Bəzi konkret nəticələrə nəzər salaq. 2014-cü ilin birinci yarısında rayon üzrə ümumi daxili məhsulun həcmi 2013-cü ilin müvafiq dövrünə nisbətən 4,2 milyon manat və yaxud 12,5 faiz çox olmuşdur. Bunun 87,1 faizi qeyri-dövlət sektorunda istehsal olunmuşdur. 2,7 milyon manat sənayenin, 6 milyon manat kənd təsərrüfatının, 9,8 milyon manat tikinti və quraşdırma işlərinin, 22,3 milyon manat ticarət xidmətlərinin və sair payına düşür. Ümumiyyətlə, ötən müddətdə 31,6 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,6 faiz çoxdur.

2014-cü ilin məhsulu üçün rayonda 26,4 min hektar sahədə əkin aparılmışdır. Onun 11,1 min hektarında taxıl, o cümlədən 6191 hektarında buğda, 339 hektarında dən üçün qarğıdalı, 905 hektarında pambıq, 555 hektarında şəkər çuğunduru, 910 hektarında dən üçün günəbaxan, 548 hektarında kartof, 965 hektarında tərəvəz, 10,8 min hektarında yem bitkiləri əkilmişdir. Taxıl sahələrindən 37,7 min ton məhsul toplanmışdır. Hər hektardan məhsuldarlıq 2013-cü illə müqayisədə 1,7 sentner artaraq 34,4 sentner olmuşdur.

Heyvandarlıq məhsulları istehsalında da artım əldə edilmişdir. Müqayisə olunan dövrdə iri malın sayı 671 baş artaraq 25,9 min, qoyunların sayı isə 21 baş artaraq 71,1 min olmuşdur. 2013-cü ilin müvafiq dövrünə nisbətən 10,2 ton ət, 242,4 ton süd, 120 min ədəd yumurta, 5 ton yun çox istehsal edilmişdir.

Əkin sahələrinin suvarılması və məhsuldarlığın yüksəldilməsini yaxşılaşdırmaq məqsədilə 439 kubmetr arx və kanallarda lildəntəmizləmə işi aparılmış, daşqın və selə qarşı 30 min kubmetr torpaq işi görülmüşdür. 14 hidrotexniki qurğu, 5 hidrometrik post cari təmir edilmişdir. Kollektor və drenlərdə isə 8 min kubmetr lildəntəmizləmə işləri aparılmışdır. Su bölgüsünü asanlaşdırmaq və su itkisinin qarşısını almaq məqsədilə R-7 kanalının paylayıcılarında tikinti işləri başa çatdırılmışdır. Qapanlı arxının Səhlabad kəndindən keçən hissəsinə 320 metrlik beton üzlük çəkilmişdir.

Əhalinin suvarma suyuna olan tələbatını ödəmək üçün susuzluqdan əziyyət çəkən kəndlərdə 31 subartezian quyusunun qazılması nəzərdə tutulmuşdur. Ötən müddət ərzində onlardan 13-ü istifadəyə verilmişdir.

Göründüyü kimi, bu il təbiət Tərtər rayonunun kənd əməkçilərini sınağa çəkmiş, bir sıra ciddi çətinlik və problemlər yaratmışdır. Ancaq bu, əsasən cəbhə xəttində yaşayan və işləyən insanların iradəsini qıra bilməmişdir. İşin düzgün təşkili, möhkəm intizam və tələbkarlıq, əlavə imkan və ehtiyat mənbələrindən səmərəli istifadə öz bəhrəsini verdi. Ana torpaq insanları darda qoymadı, tarlalardan nəzərdə tutulduğundan da artıq məhsul toplandı.

 

Ziyəddin SULTANOV,

“Xalq qəzeti”nin bölgə müxbiri

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında