“Şəfəq-Asiman” perspektiv strukturu ilə bağlı məlumatlar təhlil olunur

 

 

 

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bp şirkəti arasında çoxillik uğurlu əməkdaşlığa daha bir nümunə sayılan “Şəfəq” və “Asiman” yataqlarının birgə işlənməsinə dair hasilatın pay bölgüsü sazişi ilə bağlı işlər davam etdirilir.

Artıq geoloji-kəşfiyyat mərhələsində olan bu saziş çərçivəsində üçölçülü seysmik tədqiqat proqramı başa çatdırılıb. 2011-ci ilin noyabr ayında başlanmış bu seysmik tədqiqat proqramı Xəzər dənizinin Azərbaycan sektorundakı “Şəfəq-Asiman”  perspektiv strukturunun birgə geoloji-kəşfiyyatı və işlənməsi haqqında bp ilə ARDNŞ arasında imzalanmış hasilatın pay bölgüsü sazişinin planlarına uyğun olaraq yerinə yetirilib.

Xatırladaq ki, 2012-ci ilin əvvəllərində “Gilavar” seysmik gəmisi vasitəsilə “Şəfəq” və “Asiman” yataqları üzrə aparılan planlaşdırılmış üçölçülü seysmik tədqiqat  müqavilə ərazisində indiyədək aparılmış ilk tədbirdir. Bu, həm də indiyədək Azərbaycanda aparılan ən böyük üçölçülü seysmik məlumat təhlilidir. Ötən dövr ərzində əldə edilmiş məlumatın geniş təhlilini aparan saziş iştirakçıları cari ilin birinci yarısı ərzində bu işi uğurla  başa çatdırmışlar. Hazırda seysmik məlumatın interpretasiyası həyata keçirilir ki, bunun da tamamlanması üçün 18 aya qədər vaxt tələb olunur. Bununla yanaşı, ilk kəşfiyyat quyusunun planlaşdırılması üçün də əlavə bir il vaxt lazım gələcək.

Xəzər dənizinin Azərbaycan sektorundakı “Şəfəq-Asiman” perspektiv strukturunun birgə geoloji-kəşfiyyatı və işlənməsi haqqında bp ilə ARDNŞ arasındakı hasilatın pay bölgüsü sazişi  2010-cu il oktyabr ayının 7-də  Bakıda imzalanmışdır. Bundan öncə isə sözügedən sənədin əsas kommersiya prinsiplərini müəyyən edən “Sazişin əsas prinsipləri” adlı sənəd razılaşdırılaraq imzalanmışdı. Xatırladaq ki, “Şəfəq-Asiman” perspektiv strukturunun birgə geoloji-kəşfiyyatı və işlənməsi haqqında hasilatın pay bölgüsü sazişinin müddəti 30 ildir. Sazişə əsasən,  BP Eksploreyşn (Kaspian Si) Ltd şirkəti əməliyyatçı olmaqla müqavilədə 50 faiz paya malikdir. Qalan 50 faiz iştirak payı isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsusdur. “Şəfəq-Asiman” perspektiv strukturunun birgə geoloji kəşfiyyatı və işlənməsi prosesi dörd il çəkəcək. Lazım gəldiyi təqdirdə isə müddət daha üç il uzadıla bilər. Sazişin şərtlərinə əsasən, hər yataqda bir kəşfiyyat quyusunun qazılacağı nəzərdə tutulur. 

Məlumat üçün bildirirk ki, “Şəfəq-Asiman” bloku Bakıdan təxminən 125 kilometr  cənub-şərqdə yerləşir və təxminən 1100 kvadratkilometr ərazini əhatə edir. Blok dənizin dərinsulu hissəsində— suyun dərinliyinin təxminən 650-800 metr olduğu bir ərazidə yerləşir. Burada kollektorun dərinliyi isə təxminən 7 min metrdir. Mütəxəssislər “Şəfəq-Asiman” blokunu qaz-kondensat strukturu kimi dəyərləndirirlər.

M. YAQUBZADƏ,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında