Mərasimlər milli-mənəvi və dini dəyərlərə uyğun olmalıdır

 

 

 

İsmayıllıdakı Heydər Əliyev Mərkəzində rayon ictimaiyyəti nümayəndələrinin, dini icma sədrlərinin, axund və imamların, dini ayinlərin icraçılarının, yerli icra nümayəndələrinin  iştirakı ilə toplantı keçirilib.

Rayon icra hakimiyyətinin başçısı  Mirdaməd Sadıqov respublikamızda dövlət-din münasibətlərinin başqa ölkələr üçün nümunə olacaq səviyyədə formalaşmasından, Azərbaycanın dünya ölkələri üçün tolerantlıq modeli olduğundan, mərasimlərimizin milli-mənəvi-mədəni və dini dəyərlərə uyğun keçirilməsinin  vacibliyindən  ətraflı danışıb. Xüsusilə onu bildirib ki,  Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyev bütün dinlərə mənsub  insanların  dini ayinləri icra etməsi üçün  nümunəvi şərait yaradır. Məscidlər, kilsələr, sinaqoqlar bərpa edilir, yeniləri tikilir. Vaxtilə təyinatından  kənarlaşdırılıb təsərrüfat, məişət, mədəniyyət obyektlərinə çevrilmiş Allah evləri yenidən inanclı insanların üzünə açılır.

Rayon rəhbəri onu da qeyd etdi ki, dini ayinlərin icrasındakı bəzi  kiçik zahiri fərqlər mahiyyətə təsir etməməlidir. Biz müsəlmanıq, dinimiz İslam dinidir. Dini  ayinlərin icrasında kimsə özünü kimsədən daha inanclı, daha üstün, daha düzgün olduğunu göstərmək cəhdində olmamalıdır. Mərasimlərimiz elə səviyyədə keçməlidir ki, burada bərabərlik pozulmasın, fərqlilik yaranmasın, yas və toy mərasimlərində israfçılığa yol verilməsin. Əslində, israfçılıq günah işlər sırasındadır. Dini ayinlərin icraçıları yaxşı  bilməli və təbliğ etməlidirlər ki, çoxsaylı təamlar, meyvələr, çərəzlər, şirə və sularla bəzədilmiş süfrələrin dünyasını dəyişənə əsla dəxli yoxdur. Ehsanın yalnız  yeməkdən ibarət olduğunu düşünmək məqbul  hal hesab edilə bilməz. Körpü salmaq, yol  və su çəkmək, bir imkansıza əl tutmaq, ehtiyaclı  insanların yanında olmaq, dindaşına, soydaşına  mərhəmət göstərmək, ev tikənə yardımçı olmaq ehsanın  bəyənilən istiqamətlərindəndir. Din xadimləri, ağsaqqallar, icra və yerli özünüidarə orqanlarının  nümayəndələri birgə bu məsələləri tənzimləməli və hamı tərəfindən bəyənilən vahid yolla getməyə üstünlük verməlidirlər. Mərasimlərimiz nəyinsə nümayişi məclisinə çevrilməməlidir.

Mirdaməd müəllim məsləhət gördü ki, din xadimləri, axund və imamlar sosial mühitin saflaşmasında, milli-mənəvi və dini  dəyərlər əsasında gənclərin tərbiyəsində daha fəal iştirak etsinlər.

Qafqaz Müsəlmanları İdarəsinin İsmayıllı rayonu üzrə nümayəndəsi, Cümə məscidinin imamı Şahzadə Bilalov mərasimlərimizin QMİ-nin məsləhəti əsasında necə keçirilməli olduğu barədə ətraflı məlumat verdi, rayondakı dini durumla bağlı fikirlərini iştirakçılarla bölüşdü.

Lahıcdakı Zəvəro məscidinin axundu Hüseynağa Kamilzadə, Qubaxəlilli dini icmasının  sədri Zülfüqar Məmmədov, molla Ağakərim Novruzov, Sumağallı dini icmasının  sədri Hüseyn Xəlilov, molla Xalid Məmmədov, şəhər İƏD üzrə nümayəndəsi Məhərrəm Əhmədov və başqaları çıxış etdilər.

 Sonda toplantı iştirakçıları adından  rayonun bütün əhalisinə müraciət qəbul olundu. Müraciətdə qeyd edilir ki, ölkənin istənilən vətəndaşı respublikamızdakı tolerantlıq mühitindən maksimum bəhrələnməli, eyni zamanda, müstəqil dövlətimizin daha da qüdrətləndirilməsində var qüvvəmizlə iştirak etməliyik.

İlqar HƏSƏNOV,

“Xalq qəzeti”nin bölgə müxbiri 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında