Qazaxın düşmənlə üzbəüz dayanan kəndlərində insanların əhvalı yüksəkdir
Abbasbəyli kəndinə gedirik. Bu, o kənddir ki, ayın əvvəllərində bəzi üzdəniraq kütləvi informasiya vasitələrində düşmənin aramsız atəşlərinə tab gətirməyərək guya boşaldıldığından yazmışdılar.
... Kəndə gedən yola söz ola bilməz. Geniş, hamar asfalt yoldur və hər iki tərəfi yaşıllıqlara bürünüb, ağacların sayı-hesabı yoxdur. Rayon mərkəzindən Qazaxın ən ucqar kəndlərinə kimi uzanıb gedir. Uzunluğu 27 kilometr olan yol Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə rayon icra hakimiyyətinə ayrılmış vəsait hesabına çəkilib. Rayonun 15 yaşayış məntəqəsini, dəqiq desək, əsasən sərhəd kəndlərini əhatə edən Qazax-Quşçu Ayrım avtomobil yolu həm də strateji əhəmiyyətə malikdir.
Heç 15-20 dəqiqə keçmir ki, sərhəd kəndi olan Abbasbəyliyə gəlib çatırıq. Yol yoldaşım, rayon icra hakimiyyəti başçısı aparatının yerli ərazi idarəetmə və yerli orqanlarla iş şöbəsinin müdiri Məmməd Alıyev kəndin mərkəzində bir yerə toplaşıb söhbət edən ağsaqqallarla bizi tanış edir. Əhvallarının yüksək olması açıq-aşkar hiss olunur. Söhbət edə-edə bir qədər aşağı enirik. Yolun solunda darvazaları taybatay açıq olan həyətdə iri qazanlar qaynaması, bəzənib-düzənmiş insanların, uşaqların ora-bura qaçışması diqqətimizi cəlb edir. Deyirlər, Mürvət Nuriyevin evidir, bir-iki saata burada toy başlayır, qızını köçürür. Mürvət kişi təkidlə bizi içəri dəvət edir, heç olmasa, bir stəkan çay içməyə çağırır. Bir qədər aşağıda isə iri ot tayalarının yanında yeni tikilmiş ferma binası görünür. Yiyəsini soruşuruq, hamı yanımızdakı cavan oğlanın üzünə baxır.
‘– Bəli, mən tikdirmişəm, — deyə bir nəfər dillənir. - Ermənilər ordan ata-ata mən tikirdim. Onlardan qorxan var?!
Sonra öyrənirik ki, Bəxtiyar Nəbiyev özü müharibə veteranıdır. Qarabağ müharibəsinin od-alovundan çıxıb.
Bəxtiyarın ferma tikməsi, Mürvətin toy eləməsi, Elmirin, bax, gördüyünüz o ağ evi yenicə inşa edib başa çatdırması sakinlərimizin əhvalını bir qədər də yüksəldir, – deyə kənd icra nümayəndəsi Həmid Abdullayev bildirir. – Sağ olsun cənab Prezidentimizi. Yəqin gəlib gördünüz ki, bizə necə yol çəkdirib. Elə həyət yoxdur ki, oraya içməli su çəkilməsin. Rayon icra hakimiyyəti çox kömək edir. Özümüzü rahat hiss edirik. Balaca bir kənddir, cəmi 50-60 ev var. Amma təkcə son iki ildə 8 yeni ev tikilib. İki ildə kənddən 3 nəfər getdiyi halda, 9 nəfər gəlib. Bu dövrdə 14 toyumuz olub, 37 nəfər körpə dünyaya gəlib. Rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov kəndimizə tez-tez gəlir, vəziyyətlə maraqlanır, istəyimizə daim diqqətlə yanaşır, köməklik göstərir. Hazırda kəndimizdə suvarma suyu üçün nasos stansiyasının tikintisi aparılır...
Ətrafımıza toplaşıb bütün bunları həvəslə danışan kənd sakinlərini dinləyə-dinləyə cəmi 150-200 metr uzaqlıqda olan təpələrdəki istehkamlar diqqətimi cəlb edir. Ermənilərin nəzarətində olan yüksəkliklərdir. İstədikləri vaxt kəndi atəşə tuturlar. Amma yuxarıda qeyd etdiyim kimi, bütün bunlar heç kimi qorxutmur. Hərə öz işi ilə məşğuldur. Biri ev, ferma tikir, digəri toy edir. Yeri gəlmişkən, bu tikililər yerli ağ mişar daşından hörülüb və öz gözəlliyi ilə diqqəti cəlb edir.
Düşmənin tutduğu mövqeləri və aşağıda abbasbəylilərin tikdikləri binaları fotoapparatın yaddaşına köçürüb (şəkildə) kəndi tərk edirik.
Qarşıda digər sərhəd kəndləri var – Quşçu Ayrım, Məzəm, Kəmərli, Qaymaqlı, Aslanbəyli, Fərəhli, Xanlıqlar, Cəfərli, Bala Cəfərli...
Yazının əvvəlində qeyd etdiyim kimi, Qazax şəhərindən birbaşa Məzəm və Quşçu Ayrım kəndlərinə 27 kilometr uzunluğunda yeni asfalt yol çəkilib. Bunun özü nəyə desən dəyər! Sakinlər sərhəd kəndlərində yaşasalar da, özlərini elə rayon mərkəzindəki kimi hiss edirlər. İstənilən vaxt 15-20 dəqiqəyə mərkəzdə ola bilirlər. Quşçu Ayrımın sakinləri söhbət zamanı dedilər ki, su sarıdan da qıtlığımız yoxdur. Coğazçay dəryaçasından ikipilləli suötürücü tikilərək istifadəyə verilib, 100 tonluq su anbarı inşa olunub, kəndin 5 yerinə su kranları çəkilib. Bundan başqa, 1 subartezian quyusu qazılaraq əhalinin istifadəsinə verilib. Gözəl bir məktəb binası tikilir. Yeni dərs ilinə kimi istifadəyə veriləcəkdir. Məzəmdə də, Quşçu Ayrımda da müasir tələblərə cavab erən feldşer-mama məntəqələri tikilib, əsaslı təmir olunub. Məzəm kəndində 80 şagird yerlik məktəb binasının tikintisi sürətlə davam edir. Maraqlıdır ki, bu kəndlərə təkcə son iki ildə 20 nəfərə yaxın adam köçüb. Gedənlər isə ailə vəziyyəti ilə əlaqədar cəmi 7 nəfər olub.
Rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov təkcə bu iki kənddə son iki ildə 10 görüş keçirib. Sonuncu görüş ötən ay, ermənilərin kəndlərimizi aramsız atəşə tutduğu vaxt olub.
Kəmərli də daim erməni silahlı qüvvələrinin atəşi altında yaşayan kənddir. İyulun 31-dən avqustun 1-nə keçən gecə bu kəndin ətrafında gedən döyüşlərdə Qazaxın Bala Cəfərli kəndindən olan 37 yaşlı İsa Almazov düşmən həmləsini dəf edərkən qəhrəmancasına həlak olub. Müdafiə nazirinin əmri ilə o, ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” medalına layiq görülmüşdür. Medal Müdafiə Nazirliyinin və rayon icra hakimiyyətinin nümayəndələrinin iştirakı ilə mərhumun ailəsinə təqdim olunmuşdur (şəkildə).
Kəmərli kəndində son illər az iş görülməyib. Əvvəla, uzunluğu 23 kilometr olan Yuxarı Salahlı - Kəmərli avtomobil yolu tikilib istifadəyə verilib. Artezian quyusu qazılıb, məktəb binaları əsaslı təmir olunub, istilik sistemi quraşdırılıb. Kəndin özünə 9 kilometr uzunluğunda asfalt yol çəkilib, bir körpü əsaslı təmir olunub. İcra nümayəndəliyinin inzibati idarə binası təmir olunub, binanın önündə dovlət bayrağı ucaldılıb, su çəni qoyulub, 40 ailə üçün 2 ədəd su anbarı quraşdırılıb, yeni su xətləri çəkilib, kəndarası 2 kilometr uzunluğunda yola qum-çınqıl döşənib.
Kənddən gedənlər 2-3 nəfər olsa da, son iki ildə 12 nəfər geri qayıdıb. Bu müddətdə kənddə 12 fərdi ev tikilib.
İşlər yenə davam etdirilir. Tezliklə burada uşaq bağçası, kitabxana tikilib istifadəyə veriləcək, 4 ədəd içməli su, 4 ədəd suvarma üçün artezianlar qazılıb istifadəyə veriləcəkdir. Kəndin ərazisində 3,2 kilometr uzunluğunda yolun asfaltlaşdırılması, yeni salınmış yaşayış məhəlləsinə qaz çəkilişi nəzərdə tutulur. Kür və İncəçay dəryaçasından çıxan suvarma xəttinin təmir edilməsi də gündəlikdə duran məsələdir.
Qaymaqlı, Aslanbəyli, Fərəhli, Xanlıqlar, Cəfərli kəndlərində də problemlər tədricən aradan qaldırılır. Elə bunun nəticəsində daim erməni atəşi altında olan bu kəndlərə təkcə son iki ildə 78 nəfər gəlib. Gedənləri isə barmaqla saymaq olar ki, onlar da əsasən gəlin köçən qızlardır.
Fərəhli inzibati ərazi dairəsi iki kəndi əhatə edir. Bildiyimiz kimi, Qızıl Hacılı kəndi 1992-ci il mayın 11-də erməni vandalları tərəfindən yandırılıb. Dövlət səviyyəsində Fərəhliyə hər cür yardım göstərilir. Burada 2 ədəd artezian quyusu qazılıb, 4,5 kilometr yol çınqılla örtülüb. Kənd əhalisinin pay torpaqlarının suvarılması üçün suvarma suyunun çəkilməsinə başlanılıb. Kənddə yeni fərdi yaşayış evləri tikilir. Rayon rəhbərliyi kəndlə daim təmasdadır.
Xanlıqlar kəndində 180 yerlik gözəl, müasir bir məktəb binası tikilib, 3 artezian quyusu qazılıb. Burada 63 fərdi yaşayış evi tikilib, içməli su xətti çəkilib, 4 kilometr məsafədə suvarma suyunun yaxşılaşdırılması üçün su kanalları beton üzlüyə alınıb. Bu yaxınlarda rayon icra hakimiyyəti başçısının burada keçirdiyi görüşdə adamlar dönə-dönə ölkə başçısı İlham Əliyevin Qazaxın sərhəd kəndlərinə xüsusi diqqət və qayğısından danışıblar. Belə bir fikri vurğulayıblar ki, onların hər biri əsgərdir və Ali Baş Komandanın əmri olsa, düşməni pərən-pərən salacaqlar.
...Qazaxın sərhəd kəndlərində adamların əhval-ruhiyyəsi yüksəkdir. Çünki onlara diqqət var, qayğı var. Harada olduqsa, bunu hiss etdik. İnsanlar heç nədən korluq çəkmirlər. Əvvəlki kimi əkinlə, biçinlə, gündəlik məişət qayğıları ilə məşğuldurlar. Başqa cür ola da bilməz. Çünki burada insanlarda dövlətə, dövlətçiliyə, qələbəyə güclü inam var.
Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.