Dövlət Proqramı Bakı şəhəri və onun ətraf qəsəbələrinın sosial-iqtisadi inkişafına güclü təkan verəcək

 

 

Azərbaycanın son illər sosial-iqtisadi sahələrdə qazandığı uğurlar davamlı islahatların real nəticəsidir. Ölkədə geniş miqyas alan abadlıq və quruculuq işləri ildən- ilə genişlənir. Respublikamızın bütün regionlarında yollar çəkilir, körpülər salınır, turizm obyektləti inşa edilir, bir sözlə, tamamilə yeni infrastruktur formalaşır.

Bu inkişafın bir mühüm səbəbi var ki, o da ölkədəki sabitliyi təmin edən, davamlı islahatlar həyata keçirən, Azərbaycanın dünyaya inteqrasiyasını təmin edən düşünülmüş siyasi kursun reallaşmasıdır. Bu siyasətin nəticəsidir ki, paytaxtımız Bakı şəhəri Cənubi Qafqazın mərkəz məkanı statusunu da aşaraq dünyanın ən nüfuzlu sammitlərinin, konfranslarının, mədəniyyət və idman yarışlarının keçirildiyi, ən müasir və modern meqapolis standartlarına cavab verən möhtəşəm şəhərə çevrilib. Təkcə Bakı deyil, onun ətraf qəsəbələri də dövlətimizin qayğısı nəticəsində tamamilə yeniləşib. Son illər Bakı və onun ətraf qəsəbələrinin sürətli inkişafı dövlət proqramlarının icrasının real nəticəsidir.

2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının Əlavə Tədbirlər Planı Prezident tərəfindən təsdiq edilmiş, paytaxtın hər bir rayon və qəsəbəsinin inkişafı ilə bağlı müvafiq sərəncamlar imzalanmışdır.

Dövlət Proqramı çərçivəsində paytaxt Bakıda və onun qəsəbələrində elektrik enerjisi, qaz, su və kanalizasiya, istilik təchizatı sahəsində davamlı işlər aparılmış, yollar və digər infrastruktur obyektləri inşa olunmuş və ya yenidən qurulmuş, Bakı şəhəri və onun qəsəbələrində ekoloji vəziyyət əhəmiyyətli dərəcədə yaxşılaşmış, yeni sosial-mədəni infrastruktur obyektləri (təhsil, səhiyyə, mədəniyyət, idman, turizm və s.) tikilmiş və ya beynəlxalq standartlara uyğun yenidən qurulmuş, yeni iş yerləri və müəssisələr açılmışdır. Proqramda nəzərdə tutulmuş tədbirlərin icrasına 3 milyard manat vəsait yönəldilmişdir.

Dövlət proqramının icrası qəsəbələrin simasını əsaslı şəkildə dəyişdi. Proqram çərçivəsində görülmüş işlər paytaxt və onun qəsəbələrinin inkişafında, infrastrukturun yeniləşdirilməsində, təbii və iqtisadi potensialdan, əmək ehtiyatlarından səmərəli istifadə edilməsində, əhalinin məşğulluğunun artırılmasında və ölkədə yoxsulluq səviyyəsinin daha da azalmasında xüsusi əhəmiyyətə malikdir. Dövlət proqramı çərçivəsində paytaxt və qəsəbələrdə, eləcə də Abşeron rayonunun qəsəbə və kəndlərində 3500 kilometr qaz kəmərləri çəkilmiş, əlavə 132 min abonent qazla təmin olunmuşdur. 39 elektrik yarımstansiyası və 264 transformator tikilmiş və ya təmir edilmiş, 4400 kilometr elektrik kabel xətləri çəkilmişdir ki, nəticədə əhalinin elektrik enerjisi ilə təminatı daha da yaxşılaşmış, iqtisadiyyatın davamlı enerji təchizatı təmin olunmuşdur.

Zabrat-Maştağa-Buzovna yolunda və Zığ dairəsi – Aeroport yolundan Qala stansiyasınadək gedən yolda yenidənqurma işləri başa çatmış, Bilgəh-Novxanı-Sumqayıt, Zabrat-Kürdəxanı-Pirşağı, Zığ-Hövsan yollarında və Binə qəsəbəsinin baş yolunda isə işlər davam etdirilir. 22 qəsəbənin 420 mindən çox sakininin istifadə etdiyi 62 kilometr qəsəbələrarası yollar təmir olunmuş, rayon və qəsəbədaxili yollara 3 milyon kadratmetrdən çox asfalt örtüyü salınmış, 41 körpü, tunel və piyada keçidi istifadəyə verilmişdir.

Proqramın icrası dövründə su təchizatı və kanalizasiya sahəsində əhəmiyyətli işlər görülmüş, 820 kilometr paylayıcı su, 200 kilometr kanalizasiya xətti çəkilmiş, 7 su anbarı tikilmiş, uzunluğu 61 kilometr olan Ceyranbatan-Balaxanı-Ramana-Qala magistral su kəməri istifadəyə verilmiş, 220 min nəfər əhali ilk dəfə mərkəzləşmiş qaydada içməli su ilə təmin olunmuş və fasiləsiz su alan əhalinin sayı 900 min nəfərdən 1 milyon 760 min nəfərə çatdırılmışdır.

Sənayenin inkişafı dövlət proqramının əsas prioritetlərindən olmuşdur. Ölkəmizdə uğurla həyata keçirilən sənayeləşmə siyasəti paytaxtın və ətraf qəsəbələrin dinamik inkişafına ciddi təkan vermişdir. Son 3 ildə ümumi investisiya qoyuluşu 2 milyard manat olan Bakı gəmiqayırma, müasir tikinti materialları, metal konstruksiyalar, gəmi təmiri, təcrübə-sınaq, sement zavodları və digər sənaye müəssisələri tikilmiş, bir sıra istehsal və emal müəssisələrinin tikintisi isə davam etdirilir.

Dövlət başçısının “Ölkə iqtisadiyyatının gələcək inkişafı sahibkarlığın inkişafından bilavasitə asılıdır” prinsipinə uyğun olaraq, Azərbaycanda sahibkarlığın inkişafı iqtisadi siyasətin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Azərbaycanın hər yerində olduğu kimi, Bakıətrafı qəsəbələrdə də sahibkarlığın inkişafına xüsusi önəm verilir. Proqram çərçivəsində “Bakı qəsəbələrində sahibkarlığın inkişafına dövlət dəstəyi”nə dair 33 tədbir keçirilmiş və 4550 sahibkara layihələrin seçilməsi, biznes planların hazırlanması və digər növ texniki yardım göstərilmişdir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə Bakı qəsəbələri üzrə 680 sahibkara 148 milyon manat güzəştli kredit verilmiş və 5300-dək yeni iş yerinin açılması imkanı yaranmışdır.

Azərbaycan Prezidentinin sosial-iqtisadi siyasətinə uyğun olaraq, dövlət proqramının icrası zamanı sosial sahələrin inkişafı daim diqqət mərkəzində olmuşdur. Dövlət başçısı proqramın icrası ilə bağlı bir sıra sosial obyektlərdə, o cümlədən 60-dan çox təhsil müəssisəsində işlərin gedişatı ilə şəxsən tanış olmuş, təməlqoyma və açılış mərasimlərində iştirak etmişdir. Bu isə təhsil müəssisələrinin inşası, təmiri və yenidən qurulması ilə bağlı tədbirləri daha da sürətləndirmişdir. Ölkəmizdə təhsil sisteminə, hər bir məktəbə və uşaq bağçasına göstərilən xüsusi diqqət və qayğının nəticəsidir ki, təkcə bu dövlət proqramı çərçivəsində 174 məktəb və 121 uşaq bağçası tikilmiş və ya əsaslı təmir olunmuşdur. 45 təhsil obyekti üzrə işlər hazırda davam etdirilir.

Proqram çərçivəsində paytaxtda və ətraf qəsəbələrdə tibbi xidmətin səviyyəsinin yaxşılaşdırılması məqsədilə yeni, müasir tibb müəssisələri istifadəyə verilmiş, mövcud müəssisələrin maddi-texniki bazası gücləndirilmişdir. Qeyd edək ki, proqram çərçivəsində rayon və qəsəbələrdə 41 xəstəxana, poliklinika, sanatoriya və digər tibb müəssisələri tikilmiş və ya təmir edilərək müasir avadanlıqlarla təchiz olunmuşdur. Dövlət proqramının icrası əhalinin sosial müdafiəsi sahəsində mühüm işlərin görülməsini təmin etmişdir. Belə ki, ixtisaslaşdırılmış ruhi-əsəb internat evi əsaslı təmir olunmuş, Bilgəh qəsəbəsində əlillər üçün pansionatın yeni korpusu tikilmiş, 13 səhiyyə obyektində, əlil və yetkinlik yaşına çatmayanlar üçün 4 bərpa mərkəzində isə işlər davam etdirilir. Ölkəmizin mədəniyyət və turizm sahələrinin inkişafı istiqamətində əhəmiyyətli layihələr həyata keçirilmiş, milli-mədəni irsimizin qorunması, inkişaf etdirilməsi istiqamətində ciddi nəticələrə nail olunmuşdur. Proqram çərçivəsində 12 mədəniyyət müəssisəsində təmir-tikinti işləri yekunlaşmış, digər obyektlər üzrə isə işlər davam etdirilir.

Bakı şəhəri və ətraf qəsəbələrin sosial-iqtisadi, mədəni inkişafında, həmçinin milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında və daha da möhkəmləndirilməsində Heydər Əliyev Fondunun mühüm fəaliyyətini xüsusilə vurğulamaq istərdik. Fondun prezidenti Mehriban xanım Əliyevanın qayğısı nəticəsində respublikamızın digər bölgələrində olduğu kimi, Bakıda, şəhərətrafı qəsəbə və kəndlərdə milli və mədəni irsimizin qorunması, mədəniyyətin, təhsilin, səhiyyənin, idmanın və digər sahələrin inkişafı ilə bağlı önəmli işlər görülmüş və hazırda da davam etdirilməkdədir.

Bakı və ətraf qəsəbələrdə ekoloji durumun yaxşılaşdırılması, ətraf mühitin sağlamlaşdırılması, istirahət parklarının salınması, abadlıq-quruculuq işlərinin aparılması xüsusi əhəmiyyətə malikdir. Bakı şəhərinin ekoloji vəziyyətinə mənfi təsir edən amillərin aradan qaldırılması üçün neftlə çirklənmiş torpaqların və göllərin təmizlənməsi, sənaye müəssisələrinin şəhərətrafı ərazilərə köçürülməsi və yeni yaradılan müəssisələrə ciddi ekoloji tələblərin qoyulması artıq öz müsbət nəticəsini verməkdədir. Balaxanı poliqonunda tullantıların zərərsizləşdirilməsi prosesi daha da təkmilləşdirilmiş, Bakı bərk məişət tullantılarının yandırılması və bərk məişət tullantılarının çeşidlənməsi zavodları istifadəyə verilmiş, Balaxanı Sənaye Parkının təməli qoyulmuş, ərazidə yaşıllaşdırma və abadlıq işləri genişləndirilmişdir.

Həmin proqramın icrasının uğurla başa çatması yeni dövlət proqramının qəbulu üçün şərait yaratdı. Çünki qarşıda görüləsi işlər hələ də çox idi.

Dövlət başçısının tapşırığına uyğun olaraq, 2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair yeni dövlət proqramı hazırlandı və Prezidentin sərəncamı ilə 2014-cü il yanvar ayının 17-də təsdiq olundu. Cənab Prezidentin qeyd etdiyi kimi, “...qəbul ediləcək bu proqramda qəsəbələrin bütün problemləri öz həllini tapmalıdır və tapacaqdır”.

2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramı qarşıda duran vəzifələrin davamlı yerinə yetirilməsi məqsədi ilə hazırlanmışdır.

Bu proqramda nəzərdə tutulan məqsədlərdən biri əhalinin su və kanalizasiya təminatının, elektrik enerjisi, qaz və istilik təchizatının daha da yaxşılaşdırılmasından ibarətdir. Aydındır ki, əvvəlki dövlət proqramında bu məsələlər qoyilmuş və müəyyən işlər görülmüşdü də. Ancaq problem hələ də tam həllini tapmamışdı. Yeni proqramda bu məsələlər əsaslı şəkildə, müasir tələblərə uyğun qurulması nəzərdə tutulur. Artıq bu istiqamətdə şəhərin ətraf qəsəbələrində işlər davam etdirilir.

Məlumdur ki, son illər Bakının ətraf qəsəbələrində yol və nəqliyyat infrastrukturu əsaslı şəkildə yenidən qurulur. Yeni proqramda bu sahənin daha da yaxşılaşdırılması əsas məsələ kimi qarşıya qoyulmuşdur.

Böyük Bakının İnkişaf Planının hazırlanması paytaxtımızın nəhəng meqapolisə çevrilməsini təmin edəcək. Ona görə də bu gün ətraf qəsəbələrin müasirləşməsi mühüm əhəmiyyət kəsb edir. Yeni dövlət proqramı bu inkişafı təmin edəcək və Bakı ətraf qəsəbələri ilə birlikdə dünyanın ən müsir şəhərlərindən birinə çevriləcək.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında