Küveyt Xəbərlər Agentliyinin əməkdaşları Qubada

 

 

Azərbaycanda səfərdə olan Küveyt Xəbərlər Agentliyinin (KUNA) beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları Suha əl-Zənki və Dana əl-Əbdülcəlil avqustun 21-də Quba rayonuna gəldilər.

Qonaqları səmimiyyətlə qarşılayan rayon icra hakimiyyəti başçısının müavini Afət Həsənova Qubanın təbiəti, əhalisi, burada aparılan quruculuq işləri barədə ətraflı məlumat verdi.

Sonra  qonaqlar şəhərdəki Heydər Əliyev Mərkəzi ilə yaxından tanış oldular. Burada ulu öndərin zəngin siyasi fəaliyyəti, müasir Azərbaycan dövlətinin qurulmasındakı xidmətləri haqqında zəngin   məlumatlar Küveyt Xəbərlər Agentliyinin əməkdaşlarının diqqətinə  çatdırıldı.

Qonaqlar mərkəz ilə tanışlıqdan sonra xatirə kitabına ürək sözlərini yazdılar.

Qonaqlar Cümə məscidini ziyarət etdikdən  sonra  “Qədim Quba” xalçaçılıq müəssisəsinə baş çəkdilər. Xalça toxunması prosesini izləyən qonaqlar Quba xalçaçılıq məktəbi haqqında ətraflı məlumatlandırıldılar. Müəssisədə xalça toxuyan 9 yaşlı qızın peşəkarlığı Küveyt Xəbərlər Agentliyinin əməkdaşlarını təəccübləndirdi. Onlar “balaca xalçaçı” ilə xatirə şəkli çəkdirdilər. Küveytli qonaqlara məlumat verildi ki, bir çox Azərbaycan ailələrində xalça toxumaq ənənəsi vardır. Belə ailələrdə  qızlar kiçik yaşlarından bu sənətin sirlərini öyrənirlər.

Daha sonra KUNA-nın əməkdaşları Quba Soyqırımı Memorial Kompleksini və ərazidəki kütləvi məzarlığı ziyarət etdilər.

Qonaqların  diqqətinə çatdırıldı ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilib. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.

Ziyarətçilərə məlumat verildi ki, Quba Soyqırımı Memorial Kompleksi Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılıb və 2013-cü il sentyabrın 18-də açılışı olub.

Diqqətə çatdırıldı ki, kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar vardır. Kompleksdə quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.

KUNA-nın əməkdaşları Quba Soyqırımı Memorial Kompleksi ilə tanışlıqdan sonra xatirə kitabına ürək sözlərini yazdılar.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında