Milli Strategiya yeni hədəfləri müəyyənləşdirdi

 

Bu gün Azərbaycanda  strateji hədəflərin müəyyənləşdirilməsi istiqamətində  davamlı iş aparılır. Ölkə Prezidenti cənab İlham Əliyevin  2012-ci il 29 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası”nda  bu hədəflər  konkret olaraq öz əksini tapmışdır.

Konsepsiyada qeyri-neft sektorunun inkişafı hesabına ümumi daxili məhsulun 2 dəfə artırılması və bu artımın respublikada innovasiyayönlü və biliyə əsaslanan iqtisadiyyatın qurulması hesabına həyata keçirilməsi  müəyyənləşdirilmişdir. Söz yox ki, informasiya və kommunikasiya texnologiyalarının  inkişafı  bu hədəflərin  mühüm tərkib hissəsidir.

Ölkəmizdə  növbəti on ildə İKT sektorunun həcminin 4-4,5 dəfə genişləndirilməsi, İKT-nin iqtisadi potensialının gücləndirilməsi, cəmiyyətin İKT ehtiyaclarının ödənilməsi tələb olunur. Bunlara nail olmaq üçün innovativ, rəqabətqabiliyyətli və ixracyönlü İKT potensialının formalaşdırılması, ölkənin regional informasiya xidmətləri mərkəzinə çevrilməsi, kosmik sənayenin inkişaf etdirilməsi və peyk texnologiyalarının geniş tətbiqi, vətəndaşların və cəmiyyətin mövcud imkanlardan, məhsul və xidmətlərdən səmərəli bəhrələnməsi üçün şərait yaradılması və s . vacib olan  əsas istiqamətlərdir.  Bu sahədə  ölkəmizdə  son illər məqsədli, davamlı iş aparılır.   Ulu öndər Heydər Əliyevin  2003-cü il 17 fevral tarixli  sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiyaya (2003-2012-ci illər)” və həmin strategiyanın həyata keçirilməsi ilə bağlı qəbul olunmuş dövlət  proqramları  Azərbaycanda  İKT-nin  inkişafına  böyük stimul  vermişdi. 

 

Son dövrlər  ölkəmizdə informasiya  cəmiyyəti quruculuğu yolunda  çox uğurlu nailiyyətlər əldə edilmişdir. Təsadüfi deyil ki, 2013-cü il Azərbaycanda “İnformasiya  texnologiyaları ili” elan olunmuşdur.  Azərbaycanda  İKT sektoru iqtisadiyyatın aparıcı və dinamik inkişaf edən sahəsinə çevrilmişdir. On il  ərzində sektorun həcmi təqribən 20-25  faiz orta illik artım tempi ilə hər üç ildə iki dəfə artaraq, 1,9 milyard ABŞ dollarını ötmüş, ÜDM-də payı 1,7  faizə, qeyri-neft ÜDM-də payı isə 3,3  faizə yüksəlmişdir.

Azərbaycanda sabit telefon şəbəkəsi tam elektronlaşdırılmış və ölkənin bütün yaşayış məntəqələri telefonlaşdırılmışdır. Respublikanın bütün rayon mərkəzləri magistral fiber-optik telekommunikasiya şəbəkəsinə qoşulmuşdur. Mobil şəbəkə genişləndirilmişdir. Respublikada mövcud olan üç mobil operator tərəfindən müasir 3G xidmətləri göstərilir. 2012-ci ildən ölkəmizdə 4G texnologiyasının da tətbiqinə başlanılmışdır.

2013-cü il fevralın 8-də Azərbaycan Respublikasının ilk telekommunikasiya peyki  “Azerspace-1” orbitə çıxarılmışdır ki, bu da ölkəmizin müstəqillik dövründə əldə etdiyi ən yüksək texniki nailiyyətlərdəndir. Avropa, Yaxın Şərq, Orta Asiya və Afrika ölkələrinə telekommunikasiya, internet, televiziya-radio yayımı xidmətləri göstərməyə imkan verən peykin artıq kommersiya istismarına başlanılmışdır və o, yaradılmış infrastruktur vasitəsilə azərbaycanlı mütəxəssislər tərəfindən idarə olunur.

2015-ci ilə qədər rəqəmli yayıma keçidi təmin etmək barədə BTİ-nin tövsiyələrinə uyğun olaraq, ölkəmizdə aparılan işlər yekunlaşmaq üzrədir. Bu illər ərzində poçt sahəsində xidmətlərin çeşidinin və keyfiyyətinin yüksəldilməsi, infrastrukturun müasirləşdirilməsi, kadr potensialının gücləndirilməsi, sahə üzrə fəaliyyətin liberallaşdırılması istiqamətində ardıcıl işlər görülmüşdür. 2005-2010-cu illərdə Dünya Bankının dəstəyi ilə “Maliyyə xidmətlərinin inkişafı” layihəsinin icrası nəticəsində milli poçt operatoru “Azərpoçt” MMC-nin şəbəkəsindən istifadə olunmaqla ənənəvi xidmətlərlə yanaşı, poçt şöbələri vasitəsilə əhaliyə bank-maliyyə xidmətlərinin göstərilməsi də təmin edilmişdir.

Azərbaycan Respublikasında kompyuter və elektron avadanlıqlarının, proqram məhsullarının istehsalı ildən-ilə artır. Son 5 il ərzində ölkənin informasiya texnologiyaları sektoru təqribən 2 dəfə genişlənmiş və orta illik artım tempi 17  faiz təşkil etmişdir.

Ölkədə “elektron hökumət”in formalaşdırılmasına ciddi diqqət yetirilir və məmur-vətəndaş münasibətlərinin İT vasitələrindən istifadə etməklə sadələşdirilməsi, şəffaflaşdırılması bürokratik əngəllərin qarşısının alınmasına xidmət edir. Ölkədə “elektron hökumət”in zəruri infrastrukturları yaradılmışdır. “Elektron hökumət” portalı artıq fəaliyyət göstərir, dövlət orqanlarının informasiya sistemləri arasında xüsusi infrastruktur vasitəsilə informasiya mübadiləsi aparılır, elektron imzanın istifadəsi üçün infrastruktur və sertifikat xidmətləri mərkəzləri yaradılmışdır. Nəticədə e-imzanın tətbiqi genişlənir, dövlət orqanları tərəfindən müxtəlif elektron xidmətlər göstərilir. Hazırda “Elektron hökumət” portalına qoşulmuş dövlət qurumlarının elektron xidmətləri “bir pəncərə” prinsipi əsasında əhaliyə təqdim edilir. “Elektron hökumət” portalı haqqında Əsasnamə"nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin 5 fevral 2013-cü il tarixli fərmanı bu sahədə aparılan işlərə xüsusi təkan vermişdir.

Qeyd edilənlərlə yanaşı, vətəndaşlara xidmətlərin daha keyfiyyətli, rahat, vahid məkandan və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilməsi, dövlət orqanlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyası, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsi, bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli  fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində “ASAN xidmət” mərkəzləri yaradılmışdır ki, bu da qısa müddətdə özünü müsbət təcrübə kimi doğrultmuşdur.

Əldə olunmuş bu inkişafın nəticəsində yaradılmış infrastrukturların, informasiya sistemlərinin, toplanılmış məlumatların mühafizəsinin təşkili, həmçinin bu imkanlardan vətəndaşların və digər istifadəçilərin sərbəst istifadəsinə şərait yaradılması baxımından informasiya təhlükəsizliyi məsələləri vacib əhəmiyyət kəsb edir və daim diqqət mərkəzində saxlanılır. Ölkədə rəqabətədavamlı və yüksək ixrac potensiallı, innovativ İKT sənayesinin inkişaf etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları ilə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu və “Yüksək Texnologiyalar Parkı” yaradılmışdır. Bu yeni qurumlar Azərbaycan Respublikası iqtisadiyyatının güclənməsinə, xarici investisiyaların cəlb edilməsinə və ölkədə İKT məhsullarının istehsalının genişlənməsinə, yeni yaranan şirkətlərin fəaliyyətinin təşkilinə və innovativ təşəbbüslərə (“start-up”lara) maliyyə dəstəyini və təşkilati dəstəyi təmin edəcəklər.

Azərbaycan Respublikası bir çox regional layihələrin təşəbbüskarı və aktiv icraçısıdır. BMT Baş Assambleyasının qətnamələri (2009, 2012 və 2013-cü illərdə) ilə dəstəklənən “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsinin reallaşdırılması, həmçinin ölkəmizin iştirak etdiyi “Avropa-Yaxın Şərq informasiya magistralı”nın (Europe-Persia Express Gateway - EPEG) imkanlarından istifadə edilməsi ölkəmizin internetə çıxış potensialının xeyli artmasına səbəb olacaqdır.

Cəmiyyətdə İKT-nin inkişafından bəhrələnmə imkanının genişləndirilməsi üçün ilk növbədə əhalinin İKT üzrə biliklərinin artırılması, görülən işlər və mövcud imkanlar barədə vətəndaşların məlumatlandırılması, həmçinin informasiyanın əlçatarlığına şərait yaradan ictimai mərkəzlərin fəaliyyəti və güzəştli şərtlərlə kompyuterlərin əldə edilməsi imkanı yaradılmışdır.

Regionlarda müntəzəm olaraq İKT üzrə müxtəlif təlim kursları, seminarlar keçirilir. “Xalq kompyuteri” layihəsi çərçivəsində müəyyən sosial qruplara güzəştli şərtlərlə müxtəlif tipli 22 500 müasir kompyuter verilmişdir.

Bu il  aprelin 2-də  cənab Prezident İlham Əliyevin  sərəncamı ilə təsdiq olunmuş  “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” İKT-nin  ölkəmizdə gələcək inkişafının  yeni konturlarını müəyyənləşdirmişdir.

Bu  strategiya informasiya cəmiyyətinin əsaslarının yaradılması, vətəndaşlar, cəmiyyət, özəl sektor və dövlət orqanları tərəfindən İKT-dən geniş istifadə növbəti mərhələdə fəaliyyət istiqamətlərinin planlaşdırılması üçün əlverişli şərait yaradır. O, cəmiyyətin müasir rabitə və informasiya texnologiyalarına olan tələbatı, dünya təcrübəsi, beynəlxalq təşkilatların, o cümlədən Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ), Avropa İttifaqının, UNESCO-nun tövsiyələri, “Açıq hökumət təşəbbüsü” nəzərə alınmaqla hazırlanmışdır. Strategiya İKT sahəsinin qarşısında qoyulan vəzifələrin yerinə yetirilməsi üzrə dövlətin siyasətini əks etdirir, əsas məqsəd və vəzifələri, prioritetləri və fəaliyyətin əsas istiqamətlərini müəyyənləşdirir.

  Həmin sənəddə  ölkəmizin ümumi daxili məhsulunun tərkibində, həmçinin dövlət büdcəsinin formalaşdırılmasında təbii ehtiyatlar amilinin azaldılması və qeyri-neft amilinin üstünlüyünün təmin edilməsi, iqtisadiyyatda innovasiyaların tətbiqinin genişləndirilməsi üçün güclü motivasiya mexanizmlərinin yaradılması və inkişaf etdirilməsi nəzərdə tutulur.

Sənəddə  qeyd olunur ki, Milli Strategiyanın əsas məqsədi ölkədə informasiya cəmiyyətinin bərqərar olması, onun yaratdığı imkanlardan vətəndaşların, cəmiyyətin, dövlətin inkişafı üçün səmərəli istifadə edilməsi, ölkənin davamlı və dayanıqlı tərəqqisi, İKT-nin dövlət idarəçiliyində hərtərəfli tətbiqi, habelə sosial-iqtisadi və mədəni sahələrin inkişafına təkan verən iqtisadi sektor kimi inkişaf etdirilməsidir.   Burada  hədəflərə  çatmağın   yolları da müəyyənləşdirilmişdir. Belə ki,  informasiya və telekommunikasiya infrastrukturunun artan tələbatı təmin edəcək səviyyədə müasirləşdirilməsi, keyfiyyətli xidmətlərin təqdim olunması, əhalinin, biznes qurumlarının və ümumilikdə cəmiyyətin informasiya və texnologiyalardan istifadə imkanlarının genişləndirilməsi, əhaliyə təhsil, səhiyyə, sosial müdafiə və digər sosial sahələr üzrə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, informasiya cəmiyyəti şəraitində effektiv tənzimləmənin həyata keçirilməsi, insan hüquqlarının, xüsusən də hər bir fərdin informasiya əldə etmək və ünsiyyət qurmaq hüquqlarının hərtərəfli və sərbəst təmin edilməsi bu  hədəflərdəndir.

Bu hədəflərə, həmçinin,  rəqabətədavamlı və ixracyönlü İKT sənayesinin qurulması, İKT-ni geniş tətbiq etməklə, ənənəvi iqtisadiyyatdan yeni tipli iqtisadiyyata - biliklər iqtisadiyyatına keçidin təmin olunması, “elektron hökumət”in genişləndirilməsi və İKT-nin tətbiqi ilə dövlət idarəçiliyinin səmərəliliyinin artırılması, demokratik prinsiplərin inkişaf etdirilməsi; dünya informasiya məkanında Azərbaycan Respublikasının milli maraqlarının qorunması, cəmiyyətdə İKT-dən qanuni və təhlükəsiz istifadə edilməsi, müasir texnologiyalara etimadın yüksəldilməsi məqsədi ilə informasiya təhlükəsizliyi sisteminin inkişaf etdirilməsi  və sair  məsələlər də daxildir.

Sənəddə  strategiyanın həyata keçirilməsinin əsas prinsipləri,  informasiya cəmiyyətinin formalaşmasında dövlətin rolu, Milli Strategiyanın əsas istiqamətləri, İKT infrastrukturu və xidmətləri,yüksək texnologiyalar sektorunun inkişafı, yüksək texnologiyalar üzrə elmi-texniki potensialın gücləndirilməsi,  kadr hazırlığı, informasiya təhlükəsizliyinin təmin edilməsi, Milli Strategiyanın həyata keçirilməsi mexanizmləri   də  ətraflı əks olunmuşdur.

  Burada  gözlənilən nəticələr  barədə də   məlumat  verilmişdir. Yeni hazırlanmış  Milli Strategiya  ölkəmizdə  İKT-nin   gələcək inkişafının  çox mükəmməl, elmi  əsaslara  söykənən  proqram  sənədidir.

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında