Beynəlxalq ictimaiyyət haqqın və ədalətin tərəfində olmalıdır

 

 

Son günlər regionda və  beynəlxalq aləmdə baş verən  proseslər göstərir ki, dünya  ictimaiyyəti müxtəlif ölkələrə və xalqlara münasibətdə açıq-aşkar tərəfkeşlik edir, ikili standarta yol verir.  Fikrimizi əsaslandırmaq üçün konkret faktlara müraciət edək. Heç kəsin yadından çıxmayıb. Liviyada  bir Amerika  vətəndaşı qətlə yetirilən kimi BMT tez-tələsik  lazımi  qətnamə qəbul etdi və üstündən bir saat keçməmiş beynəlxalq güclər Liviyanı darmadağın etməyə başladılar.

İyirmi ildən artıqdır ki, Azərbaycan  Ermənistan tərəfindən törədilən çoxsaylı terror aktlarının, amansız soyqırımların acısını yaşamaqdadır və məhz həmin BMT çox aydın şəkildə ifadə olunan qətnamələr qəbul edib, amma beynəlxalq güclər Ermənistana gözün üstdə qaşın var- demirlər. Niyə? Nə üçün?  Yoxsa mənim soydaşlarım —  20 mindən çox həlak olmuş insan bir ABŞ vətəndaşı qədər dəyərli deyil?

Yaxud, öz regionumuza gələk.  Rusiya - Ukrayna münasibətləri gərginləşən kimi beynəlxalq təşkilatlar  Moskvaya qarşı  amansız  iqtisadi sanksiyalar tətbiq etməyə  qərar verdilər. Bir həftənin içərisində bütün avropalılar Rusiyaya düşmən kəsildi. Öz işləridir. Biz demirik ki, Rusiyaya və ya kiməsə sanksiya tətbiq olunmasın. Biz deyirik ki, Azərbaycan dövlətinin və xalqımızın haqları tapdalananda da beynəlxalq təşkilatlar öz səslərini çıxarsınlar.  Məgər bir ovuc iqtisadiyyatı olan, ac-yalavac əhalisi çörək dalınca xarici ölkələrə qaçmaqda davam edən Ermənistan Rusiyadan da güclü oldumu ki, ona sanksiya tətbiq etməkdən çəkinirlər? Qətiyyən belə deyil. Sadəcə, bir çox dünya gücləri öz maraqlarını təmin etmək üçün Ermənistandan alət kimi istifadə edirlər və qorxurlar ki, bizim tələb etdiyimiz sanksiyalarla həmin alət əldən çıxmış olar.

Son günlər də belə oldu. Ermənistan ordusu tərəfindən bütün cəbhə xətti boyunca atəşkəs rejiminin pozulması  Azərbaycanı işğalçı qüvvələrə qarşı adekvat tədbirlər görməyə vadar etdi. Ancaq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bilavasitə məşğul olan ATƏT-in Minsk qrupu yenə də baş verən hadisələrdən sonra  ənənəvi ifadələrlə “narahatlığını bildirirərək ” tərəfləri sülh sazişinin tələblərinə əməl etməyə çağırdı. Bu quru bəyanatlar məhz o zaman səsləndirilirdi ki, erməni hərbçilər Azərbaycan tərəfinə atəşin kəsilməsi barədə yalvarırdılar.  İnformasiya agentlikləri cəbhə bölgəsindən xəbər verirdilər ki, artıq hər yerdə və hər gün erməni tərəfinin təşvişi müşahidə olunur. Bildirilir ki, erməni hərbçilər Azərbaycan tərəfinə rus dilində səslənərək “xahiş edirik, atəşi kəsin” deyə yalvarırlar.

Ancaq sıravi ermənilərin yalvarışlarına baxmayaraq, Ermənistan rəhbərliyi işğalçı siyasətindən və murdar xislətindən əl çəkə bilmir. Ona görə də Azərbaycan Prezidenti İlham Əliyev gedib bilavasitə cəbhə bölgəsində erməniləri  həqiqəti olduğu kimi qəbul etməyə çağırdı:  “Son hadisələr  zamanı biz itki vermişik. Hər bir vətəndaşın, əsgərin itkisi bizim üçün çox böyük faciədir. Amma qarşı tərəf daha böyük itkilər verib. Bununla bərabər, beynəlxalq aləm də gördü ki, bu, dondurulmuş münaqişə deyil. Çünki bir çoxları bunu dondurulmuş münaqişə kimi qələmə verirlər: bəli, getsinlər Ermənistan və Azərbaycanla danışsınlar. Danışsalar yaxşı olar, danışmasalar da pis olmaz. Budur beynəlxalq təşkilatların əsas mövqeyi. Ancaq bu hadisə göstərir ki, bu, dondurulmuş münaqişə deyil və Ermənistanın havadarları — onlara ən çox dəstək verən dairələr, xarici ölkələrin dairələri, o cümlədən erməni diasporu — onlar başa düşməlidirlər ki, bu gün Ermənistan üçün çox böyük problemlər yarana bilər. Əgər o, öz öhdəliyini yerinə yetirməsə, əgər beynəlxalq təşkilatların qərarlarını icra etməsə, torpaqlarımızı boşaltmasa, onların axırı çox ağır ola bilər. Çünki bu gün artıq bizim qabağımızda tab gətirə bilmirlər”.

Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatına görə,  Ermənistan silahlı qüvvələri tərəfindən  mövcud atəşkəs rejiminin intensiv pozulmasından dərin narahatlıq ifadə  edən dünya azərbaycanlıları  beynəlxalq təşkilatların bütün ölkələrdəki nümayəndəlikləri qarşısında bitib-tükənməyən aksiyalar keçirir və Ermənistana qarşı sanksiyaların tətbiq olunmasını tələb edirlər.  Nəticə yoxdur ki, yoxdur.

Halbuki, işğalçı Ermənistanın cəbhədə törətdiyi son təxribatlar ona qarşı ciddi sanksiyaların tətbiq olunmasına tam əsas yaradır.  Həmin sanksiyaları tətbiq etməli olan ABŞ, Rusiya, Fransa, Avropa İttifaqı, Avropa Şurası və başqa qurumlar   yalnız quru bəyanatlar verməklə kifayətləndilər. Necə olur ki,  BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrində hər şey aydın göstərildiyi halda, bu qətnamələr 20 ildən artıqdır ki, yalnız kağız üzərində qalır? Buna ikili standartdan başqa heç bir ad vermək mümkün deyil.  Mən bir Azərbaycan ziyalısı kimi qətiyyətlə deyirəm ki,   Dağlıq Qarabağ münaqişəsinin həllində məsuliyyət daşıyan ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycanın son təxribatlar zamanı verdiyi hər bir şəhidə, hər bir yaralıya görə məsuliyyət daşıyırlar.  Azərbaycan xalqının yekdil fikri budur ki, Ermənistana kömək etmək işğalçıya, təcavüzkara nəfəs vermək deməkdir.

 Münaqişənin  başlandığı tarixdən bu yana aparılmış bütün danışıq və müzakirələrin tarixçəsinə diqqət yönəltsək,  görərik ki,  Ermənistan  daim danışıqlarda qeyri-konstruktiv mövqe nümayiş etdirir, status-kvonun qorunub saxlanmasına çalışır və danışıqları pozur. Bu ölkə BMT Təhlükəsizlik Şurasının  qətnamələri ilə yanaşı,  nüfuzlu beynəlxalq qurumların bu qəbildən olan qərarlarını da icra etmir.

 Cavabı olan sual Azərbaycanın bu məsələdə ortaya qoyduğu mövqedir  — biz istənilən variantla öz ölkəmizin ərazi bütövlüyünü  bərpa edəcəyik. Mən inanıram ki,  dövlət müstəqilliyimizin hələ kifayət qədər kövrək olduğu illərdə qətiyyət göstərib öz dövlət müstəqilliyini qoruyan Azərbaycan xalqı ölkənin ərazi bütövlüyünün bərpasında da həmin qətiyyəti nümayiş etdirəcək.  Çünki öz hüquqları uğrunda mübariz olmayan xalq həm daxili, həm də xarici müstəmləkənin qurbanı olar. Mənim xalqım artıq 20 ildir ki, öz daxili azadlıqlarını inkişaf etdirir. İndi Ermənistanın işğalından qurtarmaq üçün qətiyyət göstərməyin vaxtıdır.  Bu istiqamətdə mükəmməl nümunələr də var.  Məsələn, avqustun 6-da Ağdam və Bərdə rayonlarına səfər edərək “N” saylı hərbi hissədə hərbçilərlə görüşən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bir daha Ermənistana xəbərdarlıq edərək başa saldı  ki, bu gün Azərbaycan Ordusu Dağlıq Qarabağdakı istənilən obyekti məhv edə bilər: “Bunu biz də bilirik, Azərbaycan xalqı da, düşmən də bilməlidir. Bu gün ancaq Azərbaycan dövlətinin siyasəti sayəsində bölgədə sabitlik hələ ki, təmin edilibdir. Azərbaycan sabitləşdirici ölkədir. Biz bu gün  imkanlarımızı artıraraq daha da güclü orduya malik oluruq və bu ordu istənilən vaxtda istənilən vəzifəni icra edə bilər”.

  Dövlət başçısının həm özümüzə, həm dostlarımıza, həm də düşmənlərimizə göstərdiyi həmin nümunənin  başqa bir əhəmiyyəti də  ondan ibarət oldu ki, düşmən artıq Azərbaycanın niyyətinin çox ciddi olduğunu dərk etdi.  Düşmən başa düşdü  ki, dövlət başçısının söylədiyi fikirlər Dağlıq Qarabağ problemini həll edəcək beynəlxalq təşkilatlara da ciddi mesajdır. 

Son günlər ölkənin televiziya, radio və yazılı mətbuatında az qala hər dəqiqə belə bir fikir eşidirəm:  “Azərbaycan xalqı Ermənistanın cəzalandırılmasını və ədalətin bərqərar olunmasını tələb edir”.  

Bir daha təkrar edirəm, bu, hər bir azərbaycanlının konkret və qətiyyətli mövqeyidir. Ona görə də Ermənistanın himayədarları İrəvan rəsmilərini işğal olunmuş Azərbaycan torpaqlarından geriyə çağırmalıdırlar.  Çağırmasalar, biz çıxaracağıq. Onda daha çox uduzacaqlar.

Hacı Fərhad MİRZƏ,

Avropa Təbiət Elmləri Akademiyasının akademiki

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında