Qeyri-dövlət pensiya fondlarının fəaliyyəti beynəlxalq praktika əsasında təşkil olunacaq

 

Azərbaycanın sığorta-pensiya sistemində yığım komponentinin tətbiq edilməsi, qeyri-dövlət pensiya fondlarının formalaşdırılması və fəaliyyətini tənzimləyəcək qanunvericilik bazasının yaradılması ilə bağlı Dövlət Sosial Müdafiə Fondu ilə Avropa İttifaqının birgə layihəsi çərçivəsində Avropa İttifaqının ekspertlər qrupu müxtəlif dövlət orqanları və digər təşkilatlarla görüş keçirmək, Azərbaycanda mövcud iqtisadi və demoqrafik vəziyyətin, qanunvericilik və maliyyə sisteminin öyrənilməsi, təhlili və digər araşdırma işlərinin aparılması məqsədilə hazırda ölkəmizdə səfərdədir.

Bu barədə Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr şöbəsindən redaksiyaya daxil olan məlumatda bildirilir. Qeyd olunur ki, Fondun sədri Elman Mehdiyev bununla bağlı demişdir ki, DSMF və Avropa İttifaqının birgə layihəsinin qeyri-dövlət pensiya fondlarının fəaliyyəti ilə bağlı qanunvericiliyin hazırlanması sahəsində əsas məqsədlərindən biri də həmin fondların qeyri-dövlət pensiya təminatı sahəsində fəlaiyyəti ilə əlaqədar meydana çıxan öhdəliklərinin yerinə yetirilməsi üçün səmərəli mexanizmlərin işlənməsidir.

Qeyd edilən məsələlərin araşdırılması məqsədilə Avropa İttifaqının ekspertləri Azərbaycan Respublikasının Mərkəzi Bankı, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Dövlət Statistika Komitəsi, Dövlət Neft Fondu, Azərbaycan İpoteka Fondu, Azərbaycan Beynəlxalq Bankı, Bakı Banklararası Valyuta Birjası, Bakı Fond Birjasında və digər qurumlarda görüşlər keçirmişlər.

Fonddan aldığımız digər məlumatda deyilir ki, qeyri-dövlət pensiya fondlarının fəaliyyəti beynəlxalq praktika əsasında təşkil olunacaq. Qeyri-dövlət pensiya fondları fəaliyyət xüsusiyyətlərindən irəli gələrək bir çox istiqamət üzrə funksiyalar yerinə yetirəcəkdir ki, bu da gələcəkdə həmin fondlar tərəfindən fəaliyyətlərinin tam və qanunvericiliyə uyğun şəkildə təşkil edilməsi, effektiv idarəetmə mexanizmlərinin tətbiq olunması üçün öncədən ciddi və hərtərəfli hazırlıq işlərinin aparılmasını zəruri edir.

Bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev bildirmişdir. DSMF sədri diqqətə çatdırmışdır ki, qeyd edilən funksiyalar qeyri-dövlət pensiya təminatı məqsədləri üçün haqların toplanması, pensiya hesablarının aparılması, həmin hesabların vəziyyəti barədə aidiyyəti şəxslərin məlumatlandırılması, ehtiyatların formalaşdırılması, vəsaitlərin yerləşdirilməsi və əlaqədar investisiya siyasətinin aparılması, qeyri-dövlət pensiya təminatı üzrə münasibətlərin digər iştirakçıları ilə işin təşkili, nizamnamə fəaliyyətinin təmin edilməsi üçün nəzərdə tutulan əmlakın və pensiya ehtiyatı vəsaitlərinin ayrıca uçotunun aparılması, öhdəliklər üzrə aktuar hesablamaların həyata keçirilməsi, qeyri-dövlət pensiyalarının təyinatı və ödənilməsi və digər istiqamətlərlə bağlıdır. Fondun sədri xüsusi vurğulamışdır ki, qeyd edilənlərlə bağlı beynəlxalq praktikaya əsaslanan qayda və prosedurlar DSMF və Avropa İttifaqının birgə layihəsi çərçivəsində hazırlanması nəzərdə tutulan qeyri-dövlət pensiya fondlarına dair qanunvericilikdə təsbit olunacaqdır.

Z. BƏŞİRQIZI,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında