Bu yaxınlarda xarici ölkələrdən birində yaşayan və son 20 ildə ilk dəfə Bakıya səfər edən dostum təəccübünü gizlətmədi: “Mən Bakını tanıya bilmədim. Bu, mənim qoyub getdiyim Bakı deyil. Burada hər şey dəyişib, yollar da, binalar da, parklar və xiyabanlar da. Şəhərdəki quruculuq işləri məni heyran etdi”. Doğrudan da, Bakı dəyişib, yeniləşib. Az zaman içərisində burada hər şey yenidən qurulub.
Gözəl yolları, çoxmərtəbəli binaları, göz oxşayan park və xiyabanları, bir-birindən yaraşıqlı keçidləri, yeni metro stansiyaları, yaraşıqlı konsert salonları onun hüsnünə xüsusi gözəllik verir. İndi Bakıya gələn xarici qonaqlar da bu şəhərin gözəlliyindən ürək dolusu danışırlar.
Hərdən Dağüstü parka çıxıb şəhəri seyr edirəm. Adam həqiqətən qürur hissi keçirir. Bu şəhərin sakini olmağınla fəxr edirsən. Bu günlər müstəqil Azərbaycanın paytaxtı Bakı şəhəri inkişafının yeni mərhələsini yaşayır. Bu inkişafın əsasında ulu öndər Heydər Əliyevin təməlini qoyduğu, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasət dayanır. Bakı artıq meqapolisə çevrilməkdədir. Bu gün “Alov qüllələri”, Dövlət Bayrağı Meydanı, “Crystal Hall”, Heydər Əliyev Mərkəzi şəhərimizin rəmzlərinə çevrilmişdir.
Bakı son illər həm də beynəlxalq tədbirlərin mərkəzidir. Beynəlxalq humanitar və ümumdünya mədəniyyətlərarası dialoq forumlarının məhz Bakıda keçirilməsi ölkəmizin beynəlxalq imicinin artmasına imkan yaradıb. Bakıda keçirilən beynəlxalq musiqi festivalları, konfrans və simpoziumlar şəhərimizin elmi- mədəni həyatına yeni rəng qatıb. Yəqin ki, oxucularımız 2009-cu ili xatırlayırlar. Həmin il Bakımız “İslam mədəniyyətinin paytaxtı” elan olunmuşdu. Bu tədbirlərdə iştirak edən xarici qonaqlarla görüşlərim olub. Onlar Bakıdan getmək belə istəmirdilər. Deyirdilər ki, burada yaşamaq böyük xoşbəxtlikdir.
Bakı buraya gələn turistləri də heyran edir. Təsadüfi deyil ki, 2003-cü illə müqayisədə 2013-cü ildə turistlərin sayı 2,5 dəfə artmışdır. Bunun başlıca səbəblərindən biri də şəhərimizin qədim tarixi və mədəniyyət abidələri ilə zəngin olmasıdır. Qız qalası, İçərişəhər, Atəşgah məbədi, Qobustan və digər abidələr turistəri əsl mənada məftun edir. Neçə-neçə muzeylərimiz tariximizi və mədəniyyətimizi əks etdirən eksponatları ilə turistlərin sevimli məkanına çevrilib.
Son illər nə qədər mədəniyyət müəssisəsi əsaslı təmirdən sonra istifadəyə verilmişdir. Yeni inşa edilən Muğam Mərkəzi, Xalça muzeyi yüksək memarlıq nümunələri kimi şəhərimizə məxsusi görkəm verir.
Bakının park və xiyabanları da öz görkəmini dəyişmişdir. Son illər şəhərimizdə 45 yeni mədəniyyət və istirahət parkı salınmış, 84-ü isə əsaslı təmir olunmuşdur. Dənizkənarı Milli Park indi Bakı sakinlərinin və şəhərimizin qonaqlarının əsl istirahət məkanına çevrilmişdir. Heydər Əliyev sarayının arxasından Akademik Milli Dram Teatrına qədər uzanan park-fəvvarə kompleksi də öz gözəlliyi ilə buraya qədəm basanları heyran edir.
Bakının təhsil infrastrukturu da müasir tələblərə uyğunlaşdırılır. Ötən on ildə Bakıda 32800 şagird yerlik 46 yeni məktəb binası, o cümlədən Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana—yeni məktəb” layihəsi çərçivəsində 7300 şagird yerlik 12 məktəb binası, 128 məktəb üçün 58550 şagird yerlik əlavə tədris korpusları tikilib istifadəyə verilmiş, 189700 şagird yerlik 203 məktəb isə əsaslı təmir olunmuşdur.
M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının, Azərbaycan Diplomatik Akademiyasının korpusları, Dövlət Rəssamlıq Akademiyasının, Turizm İnstitutunun yeni binaları ali məktəblərin inkişaf dinamikasının göstəricisidir.
Bakıda çoxlu müasir səhiyyə ocaqları fəaliyyət göstərir. Son vaxtlar şəhərimizdə 2592 çarpayılıq 15 xəstəxana, 19 polikilinika binaları, 900 çarpayılıq 7 yeni korpus tikilib istifadəyə verilmişdir. Bundan başqa, 8255 çarpayılıq 53 xəstəxana və 44 polikilinika binaları əsaslı təmir olunmuşdur.
Bu gün artıq paytaxtımız beynəlxalq yarışların, dünya və Avropa çempionatlarının, Olimpiya oyunlarının lisenziya turnirlərinin keçirildiyi mərkəzdir. Yeni stadionlar, idman sarayları inşa edilir, köhnələr əsaslı təmir edilərək istifadəyə verilir. Paytaxtımızda 2015-ci ildə keçiriləcək Avropa Olimpiya Oyunlarına da hazırlıq işləri davam etməkdədir.
Son illər paytaxtımızın sürətli inkişaf dinamikasını təcəssüm etdirən yeraltı, yerüstü yol qovşaqları müasir tələblər baxımından çox əhəmiyyətlidir. Son on ildə Bakıda 25 yolötürücü, 35 yeraltı, 22 yerüstü piyada keçidi tikilib istifadəyə verlmişdir. Həmin dövrdə şəhərdə və şəhərətrafı qəsəbələrdə 300 kilometrdən artıq yeni yol çəkilmiş, 1300 kilometrdən artıq yollar isə əsaslı təmir edilmişdir.
Bakıda gedən quruculuq işlərinin miqyası o qədər genişdir ki, onu bir yazıda tam əks etdirmək mümkünsüzdür. Şəhərimizin hər tərəfində quruculuq işlərinin sürəti artmış, yeni yaşayış massivləri, inzibati binalar tikilməkdə davam edir. Yaxın gələcəkdə Bakı belə füsunkar əzəməti ilə dünyanın ən gözəl şəhərlərini belə arxada qoyacaq.
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.