Ölkənin müxtəlif bölgələrində sosial sığınacaqların tikilməsi nəzərdə tutulur

 

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial xidmətlər sisteminin maddi-texniki bazasının gücləndirilməsi üçün sosial reabilitasiya əhəmiyyətli yeni obyektlərin yaradılması istiqamətində ardıcıl olaraq müvafiq işlər aparılır.

Hazırda nazirliyin sifarişi ilə Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində Yetkinlik yaşına çatmayanlar üçün İxtisaslaşmış Reabilitasiya Mərkəzi və Sosial Sığınacaq, Gözdən Əlillər üçün Tədris-Bərpa Mərkəzi, Qobustan rayonunda isə penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslər üçün Sosial Adaptasiya Mərkəzi inşa olunur. Həmin yeni sosial obyektlərin cari il ərzində istifadəyə verilməsi planlaşdırılır.

Nazirliyin ictimaiyyətlə əlaqələr sektorundan bildirmişlər ki, qeyd olunan İxtisaslaşmış Reabilitasiya Mərkəzi və Sosial Sığınacaq çətin həyat şəraitinə düşmüş uşaqların müvəqqəti yaşayış yeri, sosial, psixoloji və digər xidmətlərlə, hüquqi yardımla təmin edilməsi məqsədinə xidmət edir. ƏƏSMN yaxın gələcəkdə ölkənin ayrı-ayrı regionlarında da belə obyektlərin yaradılmasını nəzərdə tutur. Belə ki, nazirlik tərəfindən Gəncə, Ağcabədi, Quba, Masallı, Şəki, Tovuz, İsmayıllı və Salyan rayonlarında da yetkinlik yaşına çatmayanlar üçün hər biri 30 yerlik İxtisaslaşmış Reabilitasiya Mərkəzlərinin və 25 yerlik Sosial Sığınacaqların tikilməsi ilə bağlı layihə-smeta sənədləri artıq hazırlanmış və müvafiq ekspertizadan keçirilmişdir. Növbəti ilin dövlət investisiya proqramı layihəsi ilə bağlı hazırlanan təkliflər sırasında həmin obyektlərin inşası da yer alacaq.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 aprel tarixli 108 nömrəli qərarı ilə təsdiqlənmiş “Çətin həyat şəraitində olan şəxslərə (ailələrə) dövlət büdcəsinin vəsaiti hesabına göstərilən sosial xidmətin zəmanət verilmiş həcmi”nə əsasən, müəyyən yaşayış yeri olmayan şəxslərə stasionar şəraitdə sosial xidmətlər göstərilməsi nəzərdə tutulur. Buna, eləcə də cəmiyyətin ehtiyaclarına uyğun olaraq, ƏƏSMN belə sosial sığınacaqların xidmətlərinin daha yuxarı yaş qruplarında olan, müəyyən yaşayış yeri olmayan və çətin həyat şəraitində yaşayan şəxsləri də əhatə etməklə genişləndirilməsi niyyətindədir. Bununla əlaqədar nazirlikdə müvafiq təkliflər hazırlanması nəzərdə tutulmuşdur.

Z. BƏŞİRQIZI, “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında