Azərbaycanın düşmənləri ilə işbirliyi quran xainlərə cəmiyyətdə yer olmamalıdır

 

 

 

Mən inanmıram ki,  hansısa ölkədə bu qəbildən olan adamlar bağışlanılsın. Beləsini kim bağışlayar? Vətənin çörəyini yeyib - suyunu içən, havasını udub - adını daşıyan bir insan xarici ölkənin, üstəlik düşmən dövlətin  xeyrinə çalışırsa, onu necə bağışlamaq olar?  Ona cəmiyyət arasında necə yer vermək olar?  Böyük-böyük adını “hüquq müdafiəçisi qoyub.

O, nifrət etdiyi ölkənin vətəndaşlarının hüquqlarını necə qoruyar? Ümumiyyətlə, Azərbaycan vətəndaşı adını daşımağa onun mənəvi haqqı çatırmı?

Avqustun əvvəllərində cəbhədə baş verən insidentlərdən sonra erməni saytları yazdılar ki, biz azərbaycanlılardan Leyla Yunusun heyfini çıxırıq.  Erməni elə deyirsə, biz necə deyə bilərik ki, Leyla Yunus da azərbaycanlıdır?  Cəbhədə ara qarışan kimi Leyla Yunusun  Hollandiyada yaşayan qızı qarğış elədi ki, anamı həbs etdiniz, atamı xəstələndirdiniz, indi cəbhədə qırılın!  Azərbaycanlı əsgərlərin cəbhədə şəhid olmasına sevinən ailəyə necə Azərbaycan ailəsi demək olar?

Avropa Şurası Parlament Assambleyasındakı ermənipərəst deputatlardan biri Azərbaycandakı  ictimai-siyasi vəziyyəti özünəməxsus şəkildə “qiymətləndirərək” tərtib etdiyi hesabatda göstərmişdi ki, bu ölkədə 30-dan artıq siyasi məhbus var.  Assambleyadakı obyektiv və qərəzsiz deputatlar həmin şəxsin başdan-ayağa  yalan danışdığını sübut etmiş və  adıçəkilən  hesabatın, ümumiyyətlə,  gündəlikdən çıxarılmasına nail olmuşdular. Məhz həmin rüsvayçılıqdan sonra Leyla Yunus özünün “siyasi məhbus” bazarını genişləndirmək məqsədi ilə beynəlxalq təşkilatlara məktub göndərmişdi ki, Azərbaycanda 150-dən çox siyasi məhbus var. Deməli, o, Avropadakı əcnəbi bədxahlarımızdan da betər bizə düşmənçilik etmək istəyirdi. Amma, necə? Özgənin namusuna toxunub həbs ediləni, dana oğrusunu, qonşu ilə məişət zəminində dalaşıb təcridxanaya düşəni—ümumiyyətlə, siyasət deyilən məfhumdan qətiyyən xəbəri olmayan adamları siyasi məhbus kimi qələmə verməklə.  Leyla Yunusun əsas məqsədi nə idi?  Əlbəttə, Azərbaycanın uğurlarına  kölgə salmaq, gündən-günə inkişaf edən dövlətimizin beynəlxalq aləmdəki nüfuzuna zərbə vurmaq.  Bunun isə bircə adı var: xəyanət.

Dünən qəzetlərin birində oxudum ki,  Leyla Yunus ermənilərin dəyirmanına su tökür. Qətiyyən razılaşmadım. Çünki ermənilərin dəyirmanına su tökmək o deməkdir ki, kimsə bilmədən nəsə danışır və həmin söhbət də ermənilərin mənafeyini təmin etmiş olur. Leyla Yunus isə Azərbaycanda fəaliyyət göstərdiyi bütün illərdə sadəcə ermənilik edib. Vəssalam! Bədbəxtçilik onda idi ki,  xalq azadlıq hərəkatı dalğasında hakimiyyətə gəlmiş AXC-Müsavat iqtidarı bu  dönüyə birbaşa Müdafiə Nazirliyi sistemində çox məsul bir vəzifə vermişdi.   Nazirliyin Analitik İnformasiya Mərkəzinin rəisi vəzifəsində çalışan Leyla Yunus bütün hərbi planlarımız  və sirlərimiz barədə məlumatlı idi və dərhal  İrəvanı xəbərdar edirdi. Elə ona görə də hərbi planlarımızın hamısı pozulurdu. Yəni, biz onu indiki əməllərinə görə  xəyanətdə ittiham ediriksə, o, öz xəyanəti ilə hələ ötən əsrin 90-cı illərinin əvvəllərindən məşğul idi.

Leyla Yunus kimi bir əli daim  yadellilərin cibində olan, qrant adı ilə hər yetəndən rüşvət alıb Azərbaycanın maraqlarının əleyhinə işləyən satqınlar ölkəmizin imicini ləkələməyi  özlərinə “borc” bilirlər. Belələri konkret olaraq, ermənilərlə bir masada oturub Azərbaycan dövlətinin və xalqının milli maraqlarına zərbə vurmaq, ona qara yaxmaq planları cızırlar. Ona görə də özünü  Sülh və Demokratiya İnstitutunun rəhbəri  kimi təqdim edən Leyla Yunus və onun əri Arif Yunus  dəfələrlə Azərbaycan cəmiyyəti qarşısında ifşa olunublar.

Məsələn, Ermənistanın “Erkramas” qəzetinə müsahibə verən  Leyla Yunus Azərbaycanın işğal altındakı ərazilərini “Dağlıq Qarabağ Respublikası” kimi təqdim etmişdi. İkinci “maraqlı fakt”.  Leyla Yunus hər zaman etiraf edib ki, onun təşkilatı, həmçinin, özü və əri illərdir ermənilərlə işbirliyindədir, müttəfiqdirlər. Məhz bu cür faktlar bir daha sübut edir ki, nə Leyla Yunusda, nə də Arif Yunusda milli təəssübkeşlik, milli mənafe, milli maraq prinsipləri haqqında təsəvvür var. Lakin bunlara baxmayaraq, Leyla Yunus Azərbaycan vətəndaşıdır və ölkədə yaradılmış demokratik mühitdən sui-istifadə edərək, satqınlıqla məşğuldur.

 Bir sözlə, Leyla Yunus həmişə Azərbaycan dövlətçiliyinə qarşı mübarizə aparıb, bu işdə xarici düşmən qüvvələrlə, o cümlədən ermənilərlə də işbirliyindən çəkinməyib. “Hüquq müdafiəçisi” adı ilə maskalanmış bu şəxs və ona yaxın olan ünsürlər Azərbaycanda baş verən hər hansı hadisəni qərəzli şəkildə qabardaraq, beynəlxalq təşkilatların və xarici medianın diqqətini buna cəlb etmək və ölkəmizi qara rəngdə göstərmək üçün əlindən gələni edib. Ona görə də Azərbaycan qanunları onlara öz yerlərini göstərdi. Sübut olundu ki, Azərbaycan dövləti qüdrətli, hüquq- mühafizə orqanlarımız isə qətiyyətlidir.  Bu məsələ ilə bağlı ölkə ictimaiyyətinin nümayiş etdirdiyi mütəşəkkillik isə sübut etdi ki,  xalqımız xəyanət və dönüklük gördüyü insanları heç zaman bağışlamadığı kimi indi də bağışlamır.  Xalqın nəfəsi qaynar olur və belələri həmin qaynarlığa tab gətirə bilməzlər.

 

İsgəndər NAMAZOV,

 

YAP Binəqədi rayon təşkilatı Siyasi Şurasının üzvü


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında