Zaqatala polisi qanunların və asayişin keşiyində möhkəm dayanmışdır

 

 

 

 

  Azərbaycan ümummilli lider Heydər Əliyev tərəfindən əsası  qoyulmuş sosial-iqtisadi islahatların həyata keçirilməsi nəticəsində dünya ölkələri sırasında özünəməxsus  nüfuz qazanmışdır. Məhz həmin siyasətin uğurla davam etdirilməsinə görə indi artıq respublikamız sabit, iqtisadiyyatı sürətlə inkişaf edən qüdrətli  dövlətə çevrilmişdir.

Artıq Azərbaycan Respublikası  BMT Təhlükəsizlik Şurası kimi mötəbər quruma sədrlik edən, kosmosa rabitə peyki göndərən, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında fəal iştirak edən ölkədir . Bütün bunlar  xalqımızın ümummilli lideri Heydər Əliyevin 1993-2003-cü illərdə həyata keçirdiyi siyasəti nəticəsində yaranmışdır.

 Ölkəmizə ulu öndərin rəhbərlik etdiyi  dövr polis orqanları üçün də əlamətdar hadisələrlə zəngin olmuş, bu orqanın müasir dünya standartlarına cavab verən yeni məzmun və formada təşəkkül tapması ilə səciyyələnmişdir.  Həmin illərdə Azərbaycan polisinin keçdiyi şərəfli yol onun sıralarında xidmət edən yüksək mənəvi-əxlaqi və peşə keyfiyyətlərinə malik, öz işinə ürəkdən bağlı olan, müstəqil dövlətə sədaqətli, fədakar xidməti ilə seçilən hər bir zabit və hər bir sıravi polis nəfəri üçün tükənməz qürur və iftixar mənbəyidir.

 “Polis, daxili işlər orqanları Azərbaycan dövlətinin əsas sütunlarından, dayaqlarından biridir. Polis Azərbaycan dövlətinə, dövlətçiliyinə xidmət edir. Azərbaycanın dövlət müstəqilliyinə xidmət edir. Hər bir Azərbaycan vətəndaşına xidmət edir” - deyən ümummilli liderimiz həmin sadə cümlələrlə həm bizim xidmətimizi yüksək qiymətləndirir, həm də üzərimizə çox böyük vəzifələr qoyurdu. Məhz həmin siyasəti—uğurla davam etdirən Prezident İlham Əliyev də  daxili işlər orqanlarına böyük diqqət və qayğı göstərir.  Məhz həmin qayğının nəticəsidir ki, bu gün Azərbaycan polisinin qanun pozuntularına, xüsusən transmilli cinayətkarlığa qarşı mübarizədə əldə etdiyi nailiyyətlər ölkəmizin sərhədlərindən çox-çox uzaqlarda da dəyərləndirilir. Avropa Şurasının nümayəndələrindən birinin söylədiyi “biz elə bilirdik ki, Azərbaycana gedərkən hansısa üçüncü dünya ölkəsinə gedirik və polisin fəaliyyəti ilə bağlı əlifbanı öyrətməyə başlayacağıq. Lakin əmin olduq ki, yanılmışıq. Biz Azərbaycanın daxili işlər nazirliyindən çox şey öyrənməli olduq”, –  fikirləri deyilənləri təsdiq edir.

 Bu, bir həqiqətdir ki, daxili işlər nazirliyi  və onun strukturları hörmətli nazirimiz, general-polkovnik, cənab Ramil Usubovun rəhbərliyi dönəmində inkişaf edib təkmilləşərək vətəndaşların təhlükəsizliyi, insan hüquq və azadlıqlarını  yüksək səviyyədə  müdafiə edən mühüm bir struktura çevrilmişdir. Zaqatala Rayon Polis  Şöbəsinin timsalında da aydın hiss etmək olur ki, Azərbaycan polisi artıq ölkə vətəndaşının dostu, sakinlərin inanıb etimad göstərdiyi insandır. Şöbənin əməkdaşları rayon ərazisində elə bir mühit yaradıblar ki, indi polis sakinlərin nəzərində vətəndaşların hüquq və azadlıqlarını qoruyan, dönməz ictimai-siyasi sabitliyin təminatçısı, cinayətkarlığa qarşı mübarizədə qəti sözünü deyən, dövlətə və dövlətçiliyə sədaqət nümayiş etdirən bir qurumdur.

Zaqatala Rayon Polis Şöbəsinin şəxsi heyəti cinayətkarlığa qarşı mübarizəni daha da gücləndirmiş, axtarış işinin yaxşılaşdırılması, qanunsuz saxlanılan silahların yığılması, narkomaniyanın yayılmasının qarşısının alınması, əməkdaşların peşə hazırlığının yüksəldilməsi və sair bu kimi istiqamətlərdə qarşıya çıxan problemləri həll etməyə çalışmış, əməliyyat müşavirələrində geniş müzakirə etməklə onların həlli yollarını müəyyənləşdirmişdir. Həmin tədbirlər nəticəsində əldə olunmuş göstəricilər sübut edir ki, Zaqatala polisi qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirir.

Hüquq qaydalarının möhkəmləndirilməsi və cinayətlərin törədilməsinə zəmin yaradan neqativ amillərin vaxtında aşkar edilib aradan qaldırılması və sair bu kimi tədbirlərin nəticəsində həm nazirliyin, həm də rayon rəhbərliyinin qarşıya qoyduğu vəzifələr daim diqqət mərkəzində saxlanılaraq yerinə yetirilmişdir. Böyük ictimai təhlükə törətməyən cinayətlər, qəsdən sağlamlığa ağır və ya yüngül zərər vurma, oğurluq, ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə cinayətlər, yol-hərəkəti və nəqliyyat vasitələrinin istismar qaydalarını pozma, o  cümlədən ölümlə nəticələnən yol-nəqliyyat hadisələri azalmışdır.  Özü də bu göstəricilərin  əksəriyyəti faiz etibarilə deyil, bir neçə dəfə azalmışdır. Məsələn, ötən ilin birinci yarısına nisbətən ictimai təhlükəsizlik  və ictimai qaydalar əleyhinə cinayətlər 13, yol hərəkəti və nəqliyyat vasitələrinin istismar qaydalarını pozma halları 12, oğurluq hadisələri 8, ölümlə nəticələnən yol nəqliyyat hadisələri isə 5 dəfə azalmışdır.  Yarım il ərzində qeydə alınan soyğunçuluq, xuliqanlıq kimi hadisələr sabit qalmış, adam oğurluğu, seksual xarakterli zorakılıq hərəkətləri, avtonəqliyyat vasitəsinin qaçırılması hadisələri, mənimsəmə və israf etmə , qaçaqmalçılıq, adamları girov götürmə,  banditizm və ya cinayətkar birlik yaratma və insan alveri kimi cinayətlər ümumiyyətlə qeydə alınmamışdır.

Cinayətlərin açılması və axtarışda olan cinayətkarların tutulması sahəsində göstəricilər kifayət qədər məqbul qiymətləndirilir. Belə ki, ümumi cinayətlərin 95, 8 faizi açılmışdır. Xatırladım ki, cinayətkarlığın ümumi vəziyyəti mütəmadi olaraq əməliyyat müşavirəsində geniş müzakirə edilmiş, əməliyyat-axtarış fəaliyyətinin gücləndirilməsi üçün bir sıra əlavə tədbirlər həyata keçirilmiş, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir. Cinayət törətdiklərinə görə axtarışda olan təqsirləndirilən şəxslərin tutulması üçün keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 17 nəfər təqsirləndirilən şəxsdən 10 nəfərinin tutulması təmin edilmişdir. Eləcə də xəbərsiz itgin düşmüş şəxslərin tapılması istiqamətində də uğurlu göstəricilər əldə edilmişdir. Həyata keçirilmiş tədbirlər nəticəsində 7 nəfər xəbərsiz itgin düşmüş şəxsdən 6-sının tapılması təmin edilmişdir.  Digər bir fakt isə rayon polis şöbəsinin fəaliyyəti barədə daha müfəssəl məlumat verə bilər. Belə ki, 2014-cü ilin birinci yarısında Zaqatalada baş vermiş 13 ağır və xüsusilə ağır növ cinayətlərin hamısı – 100 faiz açılmışdır.

Müharibə şəraitində yaşayan və hədsiz dərəcədə həssas bölgədə polisin qarşısında duran əsas vəzifələrdən biri də insanların əlində olan qanunsuz silahların yığılmasından ibarətdir. Bu istiqamətdə həyata keçirdiyimiz tədbirlər nəticəsində yarım ildə sakinlərdən 20-dən çox odlu silah, 320-dən artıq isə müxtəlif çaplı patronlar götürülmüşdür. Başqa bir faktı da qeyd etmək istərdim: ilin ilk 6 ayında rayon polisi tərəfindən  əsassız olaraq təqsirləndirilən, həbs edilən adamların qeydə alınmadığı kimi, rayon məhkəməsi tərəfindən təkmil istintaqa qaytarılan cinayət işi də müəyyən olunmamışdır.

Rayonda narkomaniya və narkobiznesə qarşı aparılan mübarizə də öz müsbət nəticələrini vermişdir. Bu sahədə aparılan əməliyyat tədbirləri nəticəsində 7 kiloqrama yaxın marixuana, 38 qram heroin, 4, 06 qram həşiş və 52 kiloqram 160 qram çətənə kolları aşkar edilərək dövriyyədən çıxarılmışdır. “Xaş-xaş – 2013” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər” nəticəsində şöbə əməkdaşları tərəfindən 2 hektar sahədən 22 min 376 ədəd – çəkisi 16, 580 kiloqram yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar edilərək yandırılmışdır.  Yeri gəlmişkən, iyun ayında rayon mədəniyyət evində “Narkomaniyaya yox deyək” mövzusunda növbəti maarifləndirici tədbir keçirilmişdir.

Tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri, tələbə və gənclər, hüquq-mühafizə orqanlarının əməkdaşları, məktəb rəhbərləri, müəllimlər, narkoloq həkimlər iştirak etmişlər. Tədbir iştirakçıları əvvəlcə foyedə uşaqların mövzu ilə bağlı çəkdikləri rəsm əsərlərindən ibarət sərgiyə baxmış, sənədli filmi izləmişlər. Sonra  narkomaniyaya qarşı mübarizə sahəsində görülmüş işlər, həyata keçirilmiş profilaktik tədbirlər barədə danışılmış, bəşəriyyət üçün çox ciddi problemə çevrilmiş narkomanlığın yayılmasına qarşı hamılıqla mübarizə aparılmasının vacibliyi önə çəkilmişdir. Bildirilmişdir ki, bu işdə valideyn və müəllimlərin, əmək kollektivlərinin üzərinə böyük vəzifələr düşür. Narkomaniyaya qarşı mübarizə daim diqqət mərkəzində saxlanılmalıdır. Vurğulanmışdır ki, yalnız birgə səmərəli fəaliyyət bu dəhşətli bəlanın qarşısının alınmasına ciddi təsir göstərə bilər. Odur ki, əlaqədar qurumlar bu istiqamətdə əməkdaşlığı daha da genişləndirməli, qabaqlayıcı və maarifləndirmə tədbirlərinin həyata keçirilməsinə diqqəti artırmalıdırlar.

Bir sözlə, Zaqatala polisi gündən-günə inkişaf edən, beynəlxalq ictimaiyyətin ən nüfuzlu subyektlərindən birinə çevrilən gənc müstəqil Azərbaycan dövlətinin adına layiq fəaliyyət göstərmək üçün əlindən gələni edir. Biz bundan sonra da Azərbaycan dövlətinin , Daxili İşlər Nazirliyinin və rayon rəhbərliyinin Zaqatala polisinə göstərdiyi bütün etimadları doğrultmağa   və qarşımıza qoyulan vəzifələri layiqincə yerinə yetirməyə hazırıq. Şəxsi heyətimizin hər bir fərdi əmindir ki, Azərbaycan xalqı və dövlətimiz Heydər Əliyev siyasətinin davam etdirilməsi nəticəsində özünün daha xoşbəxt gələcəyinə qovuşacaqdır.

Arif BABAYEV,

Zaqatala Rayon Polis Şöbəsinin rəisi,

polis polkovniki

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında