Qobustan: sosial-iqtisadi inkişaf ön plandadır

Ölkənin hər yerində olduğu kimi Qobustan rayonunda da ilin ilk altı ayının yekunları müzakirə olunub, qarşıda duran vəzifələr müəyyənləşdirilibdir. Rayon icra hakimiyyətinin başçısı Adil Məmmədovun rəhbərliyi ilə keçirilən ümumrayon toplantısında ölkəmizin ümumi inkişaf tendensiyası barədə fikirlər səsləndirilib, bu tərəqqiyə qobustanlıların verdiyi töhfələr yada salınıb. Toplantıda qeyd olunub ki, 2012-ci ilin birinci yarısı bütövlükdə respublikamızda olduğu kimi Qobustan rayonunda da uğurlu olub. 
Hesabat dövründə ümumi məhsul buraxılışının həcmi ötən ilin müvafiq dövrünə nisbətən 71,3 faiz artaraq 37 milyon 635 min manat təşkil edib. Bu artım ticarətdə 3,8 dəfə, sənayedə 30,6 faiz, rabitədə 27,9 faiz, kənd təsərrüfatında 10,8 faiz, nəqliyyatda 7,7 faiz olmuşdur. Qeyd olunan dövrdə əhaliyə göstərilən pullu xidmətlərin həcmi 19,2 faiz, pərakəndə əmtəə dövriyyəsi 9,4 faiz, əhalinin orta aylıq nominal əmək haqqı 18,3 faiz artıb.
Ötən ildə hesabat dövrünün məhsulu üçün 29 min 897 hektar sahədə taxıl əkilmişdir ki, bunun 18841 hektarını buğda, 9816 hektarını arpa, qalan hissəsini isə digər kənd təərrüfatı məhsulları təşkil edir. Bu isə müvafiq dövrlə müqayisədə buğda əkini üzrə 17,9 faiz, arpa əkini üzrə 21,9 faiz çoxdur. Bütün sahələrə bu il gübrə verilməsi təmin edilib. Elə bu səbəbdən də, hava şəraitinin əlverişli olmamasına baxmayaraq rayon üzrə ötən ilə nisbətən daha yüksək məhsul istehsalı gözlənilir. Bu günədək 12 min 10 hektar sahədə biçin işləri aparılıb ki, biçilmiş 8175 hektar arpa sahəsindən 14401 ton, 3835 hektar buğda sahəsindən 6855 ton məhsul götürülüb. Ümumi məhsuldarlıq 17,7 sentner təşkil edir.
6 ay ərzində rayona 5 ədəd taxılbiçən kombayn, 10 ədəd şum traktoru, 15 ədəd otbiçən, 12 ədəd dırmıq, 2 ədəd toxumsəpən, 2 ədəd çiləyici aparat alınmışdır.
Hazırda rayonun Təklə kəndində "Aqrolizinq" Səhmdar Cəmiyyətinin Qobustan "Aqroservis" filalı üçün inzibati və anbar binalarının tikintisi davam etdirilir. Bu isə öz növbəsində kənd təsərrüfatının daha da inkişaf etməsinə səbəb olacaqdır.
Rayon rəhbəri öz çıxışında qeyd etdi ki, 6 ayda rayonda 2442 ton ət, 7225 ton süd, 3 milyon 50 ədəd yumurta, 340 ton yun istehsal edilib ki, bu da ötən ildəkindən 1 faiz çoxdur. Rayonda sahibkarlara dövlət dəstəyi davam etdirilir.Rayon sahibkarlarına 2012-ci ilin birinci yarısında 11 layihə üzrə 115 min manat kredit verilib və bunun nəticəsində 12 yeni iş yeri yaradılıb.
Başçının hesabatında rayon büdcəsi ilə bağlı da konkret rəqəmlər var idi. Belə ki, 2012-ci ilin birinci yarısında rayon büdcəsinin yerli gəlirlər üzrə mədaxil planı 104,3 faiz, məxaric planı isə 89,2 faiz icra edilib. Hazırda rayonda 1863 nəfərə sosial müavinət, 353 ailəyə ünvanlı dövlət sosial yardımı verilir. Bir ailəyə düşən ünvanlı dövlət sosial yardımının məbləği 111 manat təşkil edir. 3568 nəfərə yaşa görə, 1080 nəfərə əlilliyə görə, 363 nəfər ailə başçısını itirməyə görə pensiya verilir. Orta aylıq pensiyanın məbləği isə 136 manat 74 qəpik təşkil edir. Onu da qeyd edək ki, fiziki şəxslərin qeydiyyata alınması üzrə Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin gördüyü işlər təqdirəlayiqdir. Şöbə tərəfindən 6 ay ərzində əvvəllər sosial sığorta ödənişinə cəlb edilməyən 46 fiziki şəxs aşkar edilərək sosial sığorta ödənişinə cəlb edilmişdir.
Sovet dövründən qalan əmanətlərin qaytarılması prosesi də Qobustanda uğurla davam edir. Artıq 960 nəfər əmanətçi "Kapital Bank"ın Qobustan rayon filialına müraciət edib və 632 nəfər öz əmanətlərini alıb.
Hesabat dövründə rayon ərazisində əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatı sahəsində də bir sıra işlər görülüb. 2012-ci ilin birinci rübündə sayğac göstəricilərinə əsasən rayon əhalisinə 282 min 250 manat dəyərində elektrik enerjisi verilib və həmin dövrdə əhali tərəfindən 279 min 420 manat ödənilməklə, yığım 98,9 faiz təmin edilib. Onu da qeyd edək ki, rayonun elektrik təchizatının yaxşılaşdırılması sahəsində də müəyyən canlanma hiss olunmaqdadır. Təmir işləri sürətləndirilib. Bundan əlavə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətinin Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzi tərəfindən Qobustan şəhərinə elektrik enerjisinin verilməsi üçün xəttin çəkilişinə başlanılıb.
Rayonun 16 yaşayış məntəqəsi və ya əhalinin 77,6 faizi təbii qazla təmin edilir.Hesabat dövründə rayona ümumilikdə 5 milyon 90 min 56 kubmetr təbii qaz verilib, dəyəri 101,3 faiz ödənilib. Əhali üzrə istehlak olunmuş təbii qazın dəyəri isə 102,6 faiz ödənilib. Əvvəlki illərdən qalmış debitor borclarının toplanması üçün zəruri tədbirlər görülməkdədir. Bundan əlavə ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi itki 2,6 dəfə azalaraq 11,3 faiz olub. 6 ay ərzində 19 nəfərin təbii qazdan qeyri-qanuni istifadə halları, 2 nəfər abonent tərəfindən sayğaca müdaxilə halı aşkar edilib, müvafiq tədbirlər görülüb.
"Azəriqaz" İstehsalat Birliyi tərəfindən şəhərin "Yeni Masiv" yaşayış sahəsinin layihə smeta sənədləri hazırlanıb, tikinti təşkilatı təyin edildikdən sonra qaz xəttinin çəkilişinə başlanılacaqdır.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin təsdiq etdiyi kapital qoyuluşu proqramına əsasən ayrılmış maliyyə vəsaiti çərçivəsində rayonun Xilmilli kəndinin qazlaşdırılmasının başa çatdırılması, Bədəlli, Sədəfli, Yekəxana, Təsi, Poladlı, Şıxzahırlı, Ceyrankeçməz, Xəlfəli kəndlərinin cari ildə, Cəngi, Nardaran, Qaracüzlü kəndlərinin isə növbəti ildə qazlaşdırılması nəzərdə tutulmuşdur. Hazırda Qobustan şəhərində əhali qismən, Bədəlli və Təsi kəndlərinin əhalisi isə tam şəkildə içməli su ilə təmin olunur. Rüb ərzində əhaliyə 9470,5 manat dəyərində içməli su satılıb və ödəniş 87,4 faiz təmin edilib.
Bu ilin birinci yarısı rayon üçün mühüm bir tədbirlə də yaddaqalan olub. Belə ki, Qobustan şəhəri və 7 kəndi içməli su ilə təmin edəcək su xəttinin Qobustan şəhərinədək olan hissəsi istifadəyə verilib, ilkin olaraq sutkada rayona əlavə 300 ton suyun verilməsi təmin edilib.
Artıq yaxın aylarda Qobustan şəhərində su şəbəkəsi və kanalizasiya sisteminin qurulması, Nabur kəndində sayğaclaşma işlərinə başlanılacaqdır.
Ümumrayon toplantısında qeyd olundu ki, rayonda 30 ümumtəhsil məktəbi və 5 məkətəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Hesabat dövründə ümumtəhsil müəssisələrində 5016 nəfər şagird, məktəbəqədər müəssisələrdə isə 180 uşaq təlimə cəlb olunub. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən rayonun IX və XI sinif şagirdləri üçün buraxılış imtahanları həyata keçirilib. XI siniflər üzrə imtahanların yekun nəticəsi 90,8 faiz olub ki, bu da respublika səviyyəsində yüksək göstəricilərdən hesab edilir.
Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün təhsil müəssisələrini bu il bitirənlərdən 119 nəfəri, əvvəlki illərdə təhsil müəssisələrini bitirən məzunlardan isə 21 nəfəri sənəd verib.
2012-ci ilin 6 ayı ərzində 90 çarpayılıq Qobustan Mərkəzi Rayon Xəstəxanası, 20 çarpayılıq Sündü kənd sahə xəstəxanaları və 15 çarpayılıq Təklə kənd sahə xəstəxanası, 10 kənd həkim və 5 kənd tibb məntəqələri rayon əhalisinə tibbi xidmət göstərmişdir.
Rayonda Talassemiyalı və opulustik anemiyalı xəstələrə köməklik etmək üçün, Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsünə qoşularaq Mərkəzi Rayon Xəstəxanasında qanvermə aksiyası keçirilib, həmin aksiyada 126 nəfər iştirak edib.Təcili təxirəsalınmaz tibbi yardım şöbəsində 951 nəfərə evə çağırışla, 64 nəfərə isə şöbədə ilkin tibbi yardım göstərilib.
Ümumilikdə 2012-ci ilin birinci yarısında həyata keçirilmiş tədbirlər nəticəsində rayonda 932 yeni iş yeri yaradılıb ki, bunlardan 151-i daimi iş yerləridir. Bu, ötən ilin müvafiq dövrünə nisbətən ümumi iş yerləri üzrə 159, daimi iş yerləri üzrə isə 12 iş yeri çoxdur.
Tədbirdə qeyd olundu ki, Azərbaycanın bugünkü sürətli sosial-iqtisadi inkişafının təməli 1969-cu il iyulun 14-də ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi ilə qoyulmuşdu. Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti ölkəmizi məhz Heydər Əliyev siyasi kursu üzərində qüdrətləndirir.

{nl}

İlqar HƏSƏNOV, "Xalq qəzeti"nin bölgə müxbiri

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında