Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi ölkəmizin diplomatiya tarixində böyük nailiyyətdir

Biz 20 il ərzində müstəqil ölkə kimi özümüzü dünyada təsdiq edə bilmişik. Biz sübut edə bilmişik ki, Azərbaycan etibarlı tərəfdaşdır, Azərbaycan dost ölkədir və dostların sayının artması bizim siyasətimizin təntənəsidir.
İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

{nl}


Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra 1991-ci il oktyabrın 29-da BMT və dünya dövlətlərinə müraciət etdi. Müraciətdə Azərbaycan dövlət müstəqilliyinin bərpasını elan edərək, demokratiya, azadlıq və bərabərlik yolu ilə getmək əzminə əsaslanaraq, dünya birliyində layiqli yer tutmağı, beynəlxalq təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsi işinə kömək göstərməyi arzulayaraq, BMT Nizamnaməsinə sadiq qalacağını və ondan irəli gələn öhdəlikləri yerinə yetirməyə hazır olduğunu bildirərək BMT üzvlərindən xahiş etdi ki, təşkilatın üzvlüyünə qəbul olunmaq məsələsi nəzərdən keçirilsin.
BMT Təhlükəsizlik Şurası 1992-ci il fevralın 14-də Azərbaycanın müraciətini müzakirə edərək ölkəmizin bu təşkilata üzv qəbul olunmasını tövsiyə etdi. Beləliklə, BMT Baş Məclisinin 1992-ci il martın 2-də keçirilən 46-cı sessiyasında Azərbaycan Respublikasının BMT üzvlüyünə qəbul olması barədə qətnamə qəbul edildi.
Müstəqilliyə yenicə qədəm qoymuş Azərbaycan Ermənistanın hərbi təcavüzünə məruz qaldığına görə, ağır sosial-iqtisadi, hərbi-siyasi vəziyyətlə üzləşmişdir. İlk illərdə beynəlxalq aləm ilə münasibətlərin qurulmasında çətinlik çəkən və güclü informasiya blokadasını aradan qaldırmaqda böyük təzyiqlərlə qarşılaşan Azərbaycan üçün BMT kürsüsünun çox mühüm əhəmiyyəti var idi. Xalqımızın haqq səsinin dünyaya çatdırılması və obyektiv ictimai rəyin formalaşdırılmasında, eləcə də dünya dövlətləri ilə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsində 1992-ci il martın 6-da Nyu-Yorkda fəaliyyətə başlayan Azərbaycanın BMT yanında daimi nümayəndəliyi mühüm rol oynadı. Həmin ilin noyabr ayında isə BMT-nin Azərbaycanda daimi nümayəndəliyi açıldı. BMT-də fəaliyyət göstərən daimi nümayəndəlik həm BMT, həm də onun ixtisaslaşdırılmış qurumları ilə siyasi, iqtisadi, elmi-texniki, mədəni və humanitar sahələrdə əməkdaşlıq edir. Siyasi sahədə əməkdaşlığın əsas məqsədi Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün genişləndiyi bir vaxtda beynəlxalq birliyin diqqətini münaqişə bölgəsində baş verən hadisələrə cəlb etmək və dünya ictimaiyyətində obyektiv rəy formalaşdırmaq idi.
BMT-nin əsas vəzifələrindən biri beynəlxalq mübahisələrin dinc vasitələrlə həll edilməsidir. BMT Nizamnaməsinə görə beynəlxalq sülhün və təhlükəsizliyin müdafiəsi üçün başlıca məsuliyyət Təhlükəsizlik Şurasının üzərinə düşür. BMT üzvü olan, həm də üzvü olmayan dövlətlər əgər mübahisəni BMT Nizamnaməsinin 33-cü maddəsində nəzərdə tutulan dinc vasitələrlə həll edə bilmirlərsə, onda mübahisəni təhqiq etmək üçün Təhlükəsizlik Şurasına müraciət edə bilərlər.
Təhlükəsizlik Şurası mübahisəyə aşağıdakı hallarda baxır: mübahisə edən tərəflər və ya digər dövlətlər müraciət etdikdə; Baş Məclisin tövsiyəsi ilə; Şuranın özünün qərarı ilə; BMT Baş katibinin müraciəti ilə.
Dövlətlər arasındakı mübahisəni həll etmək üçün Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamə və qərarlar tövsiyə xarakteri daşıyır və mübahisə edən tərəflər üçün məcburi hesab edilmir. Təhlükəsizlik Şurasının tövsiyəsinə baxmayaraq dövlətlər öz aralarındakı mübahisəli məsələni həll edə bilmirlərsə və bununla əlaqədar beynəlxalq sülh və təhlükəsizliyə qarşı təhlükə yaranırsa, məcburi tədbirlər tətbiq edilə bilər. BMT Nizamnaməsinə uyğun olaraq Təhlükəsizlik Şurası mübahisəli məsələləri dinc vasitələrlə həll etmək üçün geniş səlahiyyətlərə malikdir.
BMT kimi nüfuzlu təşkilat, o cümlədən Təhlükəsizlik Şurasının 5 daimi üzvü olan böyük dövlətlər Ermənistan-Azərbaycan münasibətlərinin kəskinləşməsi, Ermənistanın Azərbaycana qarşı təcavüzünün qiymətləndirilməsinə çox ehtiyatlı və soyuq yanaşdılar, təcavüzün qarşısını almaq üçün beynəlxalq hüquq normaları və BMT Nizamnaməsini pozduğuna görə Ermənistana qarşı heç bir əməli tədbir görmədilər.
Təcavüz aktının baş verməsilə təcavüzə məruz qalmış dövlət BMT Nizamnaməsinin 39-cu maddəsinə uyğun olaraq BMT Təhlükəsizlik Şurası qarşısında təcavüzkar dövlətin məsuliyyəti məsələsini qoyur. Təcavüz anlayışının müddəalarının bırində göstərilən faktın olması kifayət edir ki, Təhlükəsizlik Şurası təcavüzkara qarşı Nizamnamənin VI-VII fəsillərinə uyğun olaraq məcburiyyət tədbirləri görsün. BMT Baş Məclisinin 1967-ci il 18 dekabr tarixli 2330 (XXII) saylı qətnamə layihəsində təcavüz hərəkətlərinin qarşısını almaq və BMT Nizamnaməsinə uyğun olaraq beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və təsirli tədbirlər həyata keçirmək üçün təcavüz anlayışının mahiyyəti öz əksini tapmışdır.
1974-cü il dekabrın 14-də BMT Baş Məclisinin 29-cu sessiyasının 3314 (XXIX) saylı qətnaməsində ilk dəfə olaraq təcavüz anlayışının mahiyyəti və məzmunu açıqlandı və ona beynəlxalq hüquqi qiymət verildi. 8 maddədən ibarət olan qətnamədə təcavüzün nədən ibarət olması müəyyənləşdirildi.
Ermənistan Respublikası tərəfindən qətnamədəki hər hansı bir bəndin, ümumiyyətlə əksər maddələrin pozulması belə bir nəticəyə gəlməyə imkan verirdi ki, bu, əsl təcavüz hərəkətlərıdir.
Ona görə də Ermənistanın açıq-aşkar təcavüzünün genişlənməsi ilə əlaqədar Azərbaycan BMT Baş katibinə, Təhlükəsizlik Şurasının sədrinə müraciət edərək bu təcavüzü dərhal dayandırmağa, beynəlxalq hüquq normaları və BMT Nizamnaməsinin açıq-aşkar pozulmasının qarşısını almağa, münaqişənin dinc siyasi yolla nizama salınmasına kömək göstərməyə çağırdı. BMT Baş katibi münaqişə bölgəsində vəziyyəti öyrənmək üçün regiona BMT-nin müşahidəçilər qrupunu göndərməyi qərara aldı. Bu məqsədlə 1992-ci il martın ortalarında BMT Baş katibinin xüsusi nümayəndəsi, ABŞ-ın keçmiş dövlət katibi Sayrus Vensin başçılıq etdiyi nümayəndə heyəti Bakıda, Dağlıq Qarabağda və Yerevanda səfərdə oldu və bu səfərin yekunları barədə BMT Təhlükəsizlik Şurasına məlumat verdi.BMT Baş katibi Dağlıq Qarabağ probleminin həlli sahəsində ATƏM-in səylərini müdafiə etdiyini bildirdi.
Cəzasız qalan Ermənistan isə təcavüzkarlığını daha da genişləndirirdi. Azərbaycan dövləti Ermənistanın təcavüzkarlığının genişlənməsi ilə əlaqədar olaraq BMT Baş katibinə, Təhlükəsizlik Şurasının sədrinə müraciət edərək beynəlxalq birlıyin diqqətini Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı birbaşa təcavüz həyata keçirdiyinə cəlb etdi və təcavüzkara qarşı bütün lazımi tədbirləri görməyə çağırdı.
Bu qətnamədə də Təhlükəsizlik Şurası Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda və onun ətrafında münaqişənin davam etməsindən və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında münasibətlərin gərgin olaraq qalmasından ciddi narahat olduğunu bildirirdi. Ümumiyyətlə, 884 saylı qətnamə əvvəlki, yəni - 822, 853, 874 saylı qətnamələrin məzmununu bir daha təsdiqlədi.
Ümumiyyətlə, 1992-1993-cü illər ərzində Ermənistanın Azərbaycana qarşı təcavüzkarlığının artması ilə əlaqədar Təhlükəsizlik Şurası sədrinin 6 bəyanatında, eləcə də Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilirdi. Lakin Təhlükəsizlik Şurasının daimi üzvləri olan böyük dövlətlər Ermənistanın təcavüzkar dövlət kimi tanınmasına razılıq vermədilər. Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazilərindən dərhal çıxmasına deyil, münaqişənin atəşkəs və danışıqlar yolu ilə həll olunmasına üstünlük verdilər.
Təəssüf ki, Ermənistan-Azərbaycan münaqişəsinin dinc yolla aradan qaldırılması sahəsində BMT və dünya birliyinin göstərdiyi səylər Ermənistan Respublikasının açıq-aşkar hərbi işğalçılıq mövqeyi tutması ucbatından təsirli nəticələr vermədi. BMT-nin regionda sülhpərvərlik fəaliyyətinin uğursuzluqlarının başlıca səbəbi məhz Azərbaycan Respublikasına qarşı Ermənistan Respublikasının təcavüzü faktının birbaşa etiraf olunmaması ilə bağlıdır. Ermənistan Respublikasının BMT Nizamnaməsinin 1-ci və 2-ci maddələrində və ATƏT-in Yekun Aktında ifadə olunmuş beynəlxalq hüququn əsas prinsiplərini kobud şəkildə pozmasına baxmayaraq adıçəkilən nüfuzlu beynəlxalq təşkilatların faktlar toplamaq sahəsində çoxsaylı missiyaları öz nəticələrini çıxararkən Ermənistan silahlı qüvvələrinin münaqişədə bılavasitə iştirakını etiraf etməyin mürəkkəb olduğunu bildırirdilər. Halbuki, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrində və Təhlükəsizlik Şurası sədrinin bəyanatlarında Ermənistan Respublikasının münaqişədə bu və ya başqa formada iştirakı etiraf olunurdu. Deməli, Ermənistan münaqişədə bitərəf olmayıb, dolayı yolla olsa da hərbi təcavüzə rəvac verib. Bu isə beynəlxalq cinayətdir və yuxarıda qeyd edildiyi kimi, BMT Baş Məclisinin 1974-cü ildə keçirilən 29-cu sessiyasında təcavüzün istənilən forması (birbaşa, yaxud dolayısı ilə) hərbi cinayət elan edilmişdir.
Ona görə də böyük dövlətlər müasir beynəlxalq münasibətlər üçün təhlükəli olan təcavüzkarın qarşısını almaq istəyirlərsə, BMT Nizamnaməsinin 7-ci fəslinə müvafiq surətdə, qəti praktik addımlar atmalı və Ermənistanı beynəlxalq birliyin iradəsinə tabe etdirməlidirlər.
Müstəqillik əldə etdikdən sonra Azərbaycan BMT ilə əlaqələrini inkişaf etdirməklə yanaşı, bu təşkilatın daha səmərəli fəaliyyət göstərməsinə töhfə vermək üçün irəli sürülən islahat təkliflərinin müzakirəsi prosesində də fəal iştirak edir.
1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu proses daha da genişləndi. Belə ki, Azərbaycan Prezidenti Heydər Əliyevin BMT Baş Məclisinin sessiyalarında və digər yüksək səviyyədə keçirilən müxtəlif iclaslarda və çoxsaylı görüşlərdə bu əlaqələr inkişaf etdirildi. Azərbaycan dövlətinin başçısı kimi ilk dəfə ümummilli lider 1994-cü ilin sentyabr ayında BMT Baş Assambleyasının 49-cu sessiyasında iştirak edərək, bu universal beynəlxalq təşkilatın tribunasından ölkəmizin bir çox məsələləri ilə bağlı, xüsusilə Ermənistanın Azərbaycana təcavüzü və Dağlıq Qarabağ problemi haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmışdır.
Azərbaycanın BMT ilə əməkdaşlığının dərinləşməsində BMT-nin Baş katibi B.Butros Qalinin 1994-cü ilin oktyabrında Bakıya səfəri mühüm rol oynamışdır. Azərbaycanın ictimai-siyasi və iqtisadi həyatı, Ermənistanın təcavüzünün ağır nəticələri ilə yaxından tanış olan B.Butros Qali mövcud problemlərin həllində Azərbaycana dəstək vermək üçün BMT-nin müxtəlif təsisatlarının öz səylərini artıracağını bildirmişdir.
BMT ilə əlaqələrinin intensiv inkişafına xüsusi əhəmiyyət verən Azərbaycan bu təşkilatın müxtəlif beynəlxalq toplantılarında müntəzəm olaraq iştirak edir, irəli sürdüyü ideya və təkliflərə fəal münasibət bildirir.
1995-ci ilin oktyabrında BMT-nin 50 illik yubileyi ilə bağlı keçirilən Baş Məclisinin xüsusi təntənəli iclasında iştirak edən Azərbaycan Prezidenti Heydər Əliyev bu qurumun yüksək kürsüsündən dünya dövlətlərinə müraciət edərək, mövcud qlobal problemlərə dair Azərbaycan dövlətinin prinsipial mövqeyini açıqlamış, xüsusilə Ermənistanın təcavüzünün aradan qaldırılması ilə bağlı beynəlxalq səylərin artırılmasına çağırmışdır.
2000-ci ilin sentyabr ayında BMT-nin Minilliyin Sammitində çıxış edən Prezident Heydər Əliyev dünyada sülhün və təhlükəsizliyin qorunmasında bu beynəlxalq təşkilatın mühüm rol oynadığını qeyd etmiş, regional münaqişələrin, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılmasına dair Azərbaycanın mövqeyini bir daha bildirmiş, bəşəriyyətin üzləşdiyi problemlərin həllində BMT-nin fəaliyyətini daha da gücləndirmək məqsədilə təşkilatda islahatların aparılmasının zəruriliyini vurğulamışdır.
2003-cü ilin sentyabrında BMT Baş Məclisinin 58-ci sessiyasında iştirak edən Azərbaycan Respublikasının Baş naziri İlham Əliyev öz çıxışında beynəlxalq aləmdə mürəkkəb proseslərin cərəyan etdiyi dövrdə üzvlərin arasında qarşılıqlı anlaşılmazlıqların meydana çıxmasına görə, BMT TŞ-nin şəraitə uyğun, çevik və adekvat münasibət göstərə bilməsini qeyd edərək, mövcud BMT mexanizmlərinin zamanın tələbinə cavab vermədiyini vurğulamış və bununla bağlı təşkilat daxilində islahatların vacib məsələyə çevrildiyini bildirmişdir. Azərbaycanın hökumət başçısının fikrincə, BMT Təhlükəsizlik Şurasında "həm bugünkü, həm də yarıməsrlik reallıqlar öz əksini tapmalıdır".
Azərbaycan Respublikası BMT mexanizmlərinin yenidən işlənməsini, xüsusilə də Təhlükəsizlik Şurasının daimi üzvlərinin veto hüququna yenidən baxılmasını təklif etmişdir. Belə ki, Azərbaycan beynəlxalq aləmdə BMT-nin rolunun artırılması və mövcud problemlərin həllində daha təsirli tədbirlərin görülməsinə nail olmaq üçün əlavə addımların atılması zərurətini BMT Baş Məclisinin 2004-cü ilin sentyabrında keçirilən 59-cu sessiyasında yenidən gündəliyə gətirdi. Sessiyada çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin hələ də yerinə yetirilmədiyini bəyan etmiş və onların həyata keçirilməsinin işlək mexanizminin yaradılmasını ümdə məsələ kimi irəli sürmüşdür. Eyni zamanda, Azərbaycanın dövlət başçısı bildirmişdir ki, "Təkmilləşdirilmiş Təhlükəsizlik Şurası daha geniş tərkibli, daha çox məsuliyyətli və demokratik, onun iş metodları daha şəffaf olmalı, XXI əsrin yeni təhdidləri, riskləri və təhlükələrinə daha operativ cavab verilməlidir".
Bununla yanaşı, həmin il oktyabrın 29-da BMT Baş Məclisinin sessiyasında Azərbaycan nümayəndə heyətinin təşəbbüsü ilə "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı məsələ iclasın gündəliyinə salınmışdır. Daha sonra BMT Baş Məclisinin 2006-cı il sentyabrın 7-də keçirilən 60-cı sessiyasının 98-ci plenar iclasında və 2008-ci il martın 14-də keçirilən 62-ci sessiyanın 86-cı plenar iclaslarında "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət" adlı qətnamələr qəbul edilmişdir.
Həmin sənədlərdə Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin məskunlaşdırılması, həmin ərazilərdə yanğınların törədilməsi pislənilir, Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinə istinad edilməklə erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması tələb olunurdu. Bununla yanaşı, qətnamələrdə Azərbaycanın suverenliyi, ərazi bütövlüyünə hörmət ifadə olunur, eləcə də öz torpaqlarından qovulmuş azərbaycanlıların doğma yurdlarına qayıtmaq hüququ bir daha təsdiqlənirdi. Beləliklə, Azərbaycan Respublikasının BMT üzvlüyünə daxil olması ilə yaranan qarşılıqlı əlaqələr daha da genişlənərək, çoxşaxəli əməkdaşlığa çevrilmiş və Azərbaycanın müstəqil dövlət kimi inkişafında, beynəlxalq aləmdə müvafiq yer tutmasında mühüm rol oynamışdır. Eyni zamanda. Azərbaycan da bu nüfuzlu beynəlxalq təşkilatın daha səmərəli fəaliyyət göstərməsinə, beynəlxalq təhlükəsizliyin və sülhün qorunmasına öz töhfəsini vermişdir.
Azərbaycan Respublikası BMT-nin islahatlar nəticəsində yaradılmış İnsan Hüquqları Şurasına seçilən ilk 47 ölkədən biri olmuş və 2006-2009-cu illəri əhatə edən üzvlük müddətində səmərəli fəaliyyəti ilə bu qurumun işinə öz töhfəsini vermişdir. Şurada göstərdiyi fəallığın nəticəsi olaraq Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəsi 2008-2009-cu illər üzrə İnsan Hüquqları Şurasının vitse-sədrinin məruzəçisi seçilmişdir.
Təhlükəsizlik Şurası dünyada sülh və təhlükəsizliyin təmin edilməsi üzrə BMT-nin məsul qurumu olaraq, 5 daimi və 10 qeyri-daimi üzvdən ibarətdir. Onu da qeyd etmək lazımdır ki, BMT Baş Məclisinin Prosedur Qaydalarının 142-ci bəndinə əsasən hər il BMT TŞ-nin 10 qeyri-daimi üzvündən 5-i yenilənir. 2011-ci ildə də 2012-2013-cü illər üşün Təhlükəsizlik Şurasının 5 qeyri-daimi üzvü seçilməli idi. BMT TŞ-nin qeyri-daimi üzvülüyünə seçkilərdə namizədlər regional qruplar adlandırılan qruplar tərəfindən irəli sürülür. Belə ki, Afrikadan və Asiya-Sakit okean regionundan dərhal beş ölkə öz namizədliyini irəli sürmüşdür. Bunlar Qırğızıstan, Mavritaniya, Mərakeş, Pakistan və Toqo olmuşdur. Onlar 2011-ci il dekabrın 31-də Qabon, Livan və Nigeriya tərəfindən azad olunan yerlər uğrunda mübarizə aparmışlar. İlin sonunadək Bosniya və Herseqovinanın tutduğu yerə Şərqi Avropa dövlətləri qrupundan üç ölkə - Azərbaycan, Macarıstan və Sloveniya iddia etmişdir. Reqlamentə görə, qeyri-daimi üzvlüyə seçkilər gizli səsvermə yolu ilə həyata keçirilir.Yalnız Azərbaycan, Qırğızıstan və Qvatemaladan başqa, doqquz namizəd ölkə artıq bundan əvvəl BMT TŞ-nin qeyri-daimi üzvü olmuşdu.
Şərqi Avropa qrupundan namizədliyini irəli sürən Sloveniya və Macarıstanla mübarizə aparan Azərbaycan seçkilərin 16 mərhələsində əvvəl Macarıstan, sonra isə Sloveniya üzərində şərtsiz üstünlük qazanaraq 17-ci mərhələdə qələbə üçün tələb olunan 129 səsdən də çox olan 155 səs əldə etmişdir. Bundan əvvəl baş tutan səsvermənin 16-cı mərhələsində Azərbaycan 116, Sloveniya isə ancaq 77 səs toplamışdı. Səsvermənin axırıncı mərhələsindən əvvəl Sloveniyanın xarici işlər naziri Samuel Zboqar öz ölkəsinin namizədliyini geri götürdüyünü bildirmişdir. Axırıncı mərhələdə isə, Azərbaycanın lehinə 155 ölkə səs vermiş, 24 ölkə bitərəf qalmış və daha 13 ölkə yenə də Sloveniyaya səs vermişdir. Digər səsvermənin yekunları üzrə BMT TŞ-nin yeni qeyri-daimi üzvləri Qvatemala, Mərakeş, Toqo və Pakistan olmuşdur.
Beləliklə, Azərbaycan 2011-ci il oktyabrın 24-də 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə keçirilən seçkilərdə BMT-yə üzv olan 193 dövlətdən 155 dövlətin dəstəyini qazanaraq inamlı qələbə qazanmışdır. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü 2012-ci il yanvarın 1-dən başlayacaq və 2013-cü il dekabrın 31-ə qədər davam edəcək. Bununla yanaşı, iki il müddətində Azərbaycan növbə ilə 2012-ci ilin mayında və 2013-cü ilin sentyabr aylarında 1 ay müddətinə Təhlükəsizlik Şurasının sədri funksiyalarını yerinə yetirəcək. Hazırda Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən Təhlükəsizlik Şurasında 2 illik fəaliyyət üçün hazırlıq işləri aparılır və Şuranın gündəliyinə uyğun olaraq müəyyən tədbirlər planlaşdırılır. Bundan əlavə, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının üzvü olaraq qarşıdan gələn 2 il müddətində öz təcrübəsinə uyğun sahələrdə, xüsusilə də sivilizasiyalararası dialoq, iqtisadi cəhətdən az inkişaf etmiş dövlətlərə yardım və digər humanitar məsələlərə dair yeni layihələr irəli sürməyə hazırlaşdığı bildirilir.
Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunması tarixi hadisədir və bu Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun göstəricisi kimi qiymətləndirilməlidir. Eyni zamanda, Azərbaycan dünya dövlətləri ilə ikitərəfli və çoxtərəfli əlaqələr quraraq bunu dövlətlərarası sivil münasibətlər müstəvisində daim inkişaf etdirir. Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda BMT Təhlükəsizlik Şurasının üzvü seçilən ilk ölkədir. Bu da simvolik bir haldır ki, Azərbaycan bu tarixi qələbəni BMT-nin təsis edildiyi gün - oktyabrın 24-də əldə etmişdir.
Bununla yanaşı, BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunması Azərbaycanın diplomatiya tarixində əldə edilmiş ən böyük nailiyyətlərdən biri ölkənin son illər dünya miqyasında artan siyasi nüfuzunun bariz sübutu kimi qəbul edilməlidir. Bu uğurun müstəqilliyin bərpasının 20-ci ildönümündə əldə edilməsi təsadüfi deyildir. Belə ki, Azərbaycan, ötən 20 il ərzində stabil inkişaf edən, yüksək iqtisadi göstəricilərə nail olan və beynəlxalq siyasətdəki əməlləri ilə dünya ictimaiyyətinin rəğbətini qazanan dövlət olaraq bütün bu müvəffəqiyyətlərin nəticəsində beynəlxalq səviyyədə ən mötəbər qurumun üzvlüyünə seçilmişdir.
BMT Nizamnaməsinin 23-cü maddəsinə görə, Baş Assambleya Təhlükəsizlik Şurasının on qeyri-daimi üzvünü seçərkən, ilk növbədə həmin ölkələrin beynəlxalq sülhün və təhlükəsizliyin saxlanması və təşkilatın digər məqsədlərinə nail olunmasında iştirak dərəcəsinə diqqət ayırır. Ancaq, BMT TŞ beş daimi üzvdən - ABŞ, Rusiya, Böyük Britaniya, Fransa və Çindən və iki ildən bir seçilən 10 qeyri-daimi üzvdən ibarətdir. "Böyük beşlik"dən fərqli olaraq qeyri-daimi üzvlər veto hüququna malik deyillər.
Əlbəttə ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi ölkəmiz üçün çox böyük uğurdur. 155 ölkənin ölkəmizin namizədliyinin lehinə səs verməsi Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun, ərazi bütövlüyü və sərhəd toxunulmazlığının bir daha təsdiqlənməsi deməkdir. Digər tərəfdən, bu hadisə son illərdə Azərbaycanın dünya siyasətindəki müxtəlif qlobal problemlərin müzakirəsinə cəlb olunması, ölkəmizin regional siyasətlə yanaşı, dünya siyasətinin də əsas faktorlarından birinə çevrilməsidir. Çünki beynəlxalq münasibətlər sisteminin böyük miqyaslı məsələlərinin müzakirəsi prosesində ölkəmizin artan fəallığı danılmaz faktdır.
2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyəti müddətində bir sıra məsələlərin gündəliyə çıxarılmasına nail ola bilər. Yəni, indiyə kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə həll edilməmiş qalır. Azərbaycan BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlükdən istifadə edərək, özünün təhlükəsizlik problemlərini, ilk növbədə, pozulmuş ərazi bütövlüyü məsələsini BMT Təhlükəsizlik Şurasının gündəliyinə çıxarmaq imkanı qazanmışdır.
Xüsusilə, 2012-ci ilin mayında və 2013-cü ilin sentyabr aylarında 1 ay müddətinə Təhlükəsizlik Şurasının sədri funksiyalarının icrası zamanı BMT TŞ-nin problemlə bağlı 4 qətnaməsinin yerinə yetirilməsi üçün ən azı yeni təşəbbüslə çıxış edə və BMT Təhlükəsizlik Şurasında Ermənistanın işğalçılıq siyasəti ilə bağlı yenidən məsələ qaldıra bilərik. Bu səbəbdən Azərbaycan iki il müddətində Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyündən istifadə edərək beynəlxalq hüququn normalarının bərpasını tələb etmək hüququna malik olacaqdır. Çünki Azərbaycan artıq 20 ildir ki, dünyada ardıcıl olaraq sülh və inkişaf siyasəti yürüdərək beynəlxalq hüququn bərpa olunmasını tələb edir. Münaqişələrin nizama salınması ilə bağlı BMT-nin icraedici mexanizmləri var. Lakin qətnamələrin və qərarların yerinə yetirilməsi üçün dünyanın aparıcı dövlətlərinin də istəyi və iradəsi lazımdır. Azərbaycan Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi bir çox addımlar ataraq mövqeyini nümayiş etdirməklə yanaşı, "hücum diplomatiyası" taktikasını reallaşdıraraq mövqeyini dünyaya nümayiş etdirə bilər.
Azərbaycan Prezidenti İlham Əliyev müstəqilliyimiz dövründə - 20 il ərzində belə böyük uğurun əldə edilməsini tarixi nailiyyət kimi qiymətləndirərək demişdir: "Biz 20 il ərzində müstəqil ölkə kimi özümüzü dünyada təsdiq edə bilmişik. Biz sübut edə bilmişik ki, Azərbaycan etibarlı tərəfdaşdır, Azərbaycan dost ölkədir və dostların sayının artması bizim siyasətimizin təntənəsidir. Bu səsvermə müstəqilliyimizin 20 illiyinə təsadüf edir. Bu, çox rəmzi məna daşıyan bir hadisədir. Bu, göstərir ki, 20 il ərzində Azərbaycan müstəqil dövlət, dünyada böyük şöhrətə malik olan ölkə kimi özünü göstərib. Bu qələbə Azərbaycan xalqının qələbəsidir. Bu qələbə Azərbaycan dövlətinin qələbəsidir, siyasətimizin təntənəsidir".

{nl}

Elçin ƏHMƏDOV Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında