Qax-Qıpçaq-Ağyazı avtomobil yolu yenidən qurulur

Qax rayonunda bu il  uzunluğu 31 km olan 5 istiqamət üzrə avtomobil yollarının əsaslı şəkildə yenidən qurulması yekunlaşmaq üzrədir. Bu yollar üzərində uzunluğu 13.5 km olan və yaşayış məntəqələrinə qədər uzanan 9 giriş yol da yerləşir. Bu barədə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin  İctimaiyyətlə Əlaqələr Şöbəsindən bildirilib.

Söhbət M5 Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolundan ayrılan və 44.5 km uzunluğa malik və Qax-Qıpçaq-Ağyazı marşrutu üzrə uzanan yerli əhəmiyyətli avtomobil yollarından gedir.

Qax-Qıpçaq-Ağyazı avtomobil yolu uzun müddət əsaslı təmir olunmadan istismar edildiyindən yol geyimi və yolun əsası, həmçinin torpaq yatağı sel sularının təsirindən yuyularaq deformasiyaya uğramış, hərəkət hissəsində qabarmalar, çalalar əmələ gəlmişdi. Hazırda aparılan yenidənqurma işləri ilə sadalanan problemlər aradan qaldırılır.

IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun eni 6-7 metrdən 10 metrə qədər genişləndirilib. Yolun normativ eninin alınması üçün zəruri yerlərdə qaya tipli süxurların mexanizmlə kəsilməsi, dağ yamacı hissəsində çay daşından 2.2 km uzunluğunda istinad divarının inşası, həmçinin  yolun torpaq yatağının bərpası üçün yararsız yol örtüyünün, əsasın və torpaq yatağının qazılaraq çıxarılması və çınqıl materialı ilə əks-dolğu işləri aparılaraq yolun genişləndirilməsi ilə yeni yol yatağının və əsasının inşası işləri aparılıb.

Layihə çərçivəsində mövcud suötürücü borular istismara yaramadığı üçün yol boyu 48 yerdə uzunluğu 461 paqon-metr olan müxtəlif diametrli dəmir-beton boruların quraşdırılması işləri də aparılıb.

Yol yatağı hazır olan hissələrdə yol əsasının qum-çınqıl və optimal-qırmadaş qarışığı ilə layihədə nəzərdə tutulmuş qalınlıqda inşası işləri aparılıb. Buna paralel olaraq xüsusi qruntla çiyin hissələr də bərkidilir. Artıq yol boyu əlaqələndirici bitum səpilməklə yol örtüyünün alt və üst qatlatının iri və xırda dənəli asfalt-beton qarışığı ilə tikintisi işləri aparılır.

Tikinti işlərini sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yollar boyu 175 ədəd yol nişanı, 24 ədəd məlumatverici lövhə, 45 ədəd km göstəricisi, 880 ədəd siqnal dirəkləri, həmçinin yolun təhlükəli hissələrində və körpülərə yanaşmalarda 460 paqon-metr əyrixətli dəmir tirlər quraşdırılacaq, 132 km uzunluqda üfüqi nişanlanma xətləri çəkiləcək, həmçinin 14 ədəd avtobus dayanacağı inşa ediləcək.

Yenidənqurma işləri mövcud tikinti norma və standartlarına uyğun, texnoloji ardıcıllıqla və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. Tərtib olunmuş qrafikə uyğun işlərin başa çatdırılması üçün ərazidə lazımi sayda canlı qüvvə və texnika çalışır. Layihəyə uyğun olaraq Əyriçay üzərində yerləşən və uzunluğu 60 metr, eni isə 11.5 metr olan körpünün təmiri işləri də görülür.

Qeyd edək ki, Qax-Qıpçaq-Ağyazı avtomobil yolunun müasir səviyyədə yenidən qurulması ilə 4.5 min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsi arasında həm yük və sərnişin daşıması xeyli yaxşılaşacaq, yetişdirilən məhsulların rahat şəkildə yaxın-uzaq bazarlara daşınmasına imkan yaranacaq, həm bölgənin turizm potensialının möhkəmləndirilməsi işinə də xidmət göstərəcək və kənd təsərrüfatının inkişafına müsbət təsir etməklə yolboyu yaşayan əhalinin sosial rifahının yüksəlməsinə imkan verəcək.

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında