Yevlax: inkişaf və yüksəliş möhkəm təməl üzərindədir

Mən Yevlaxı daha abad, daha gözəl görmək istəyirəm.
Heydər ƏLİYEV
Ümummilli lider
 
 
 
 
Yevlax bu gün Avropanın ən qabaqcıl şəhərlərindən bir addım geri qalmır.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
 
 
Son illər böyük inkişaf yolu keçmiş, iqtisadi, sosial və mədəni sahələrdə əsaslı inkişafa və yüksəlişə nail olmuş bölgələrdən biri də Yevlaxdır. Şəhərin siması tanınmaz dərəcədə dəyişmiş, onlarla müxtəlif təyinatlı bina tikilmiş, parklar, xiyabanlar, yaşıllıq zolaqları salınmışdır. Bütün bunlar, əlbəttə, ilk növbədə, ölkə Prezidenti İlham Əliyevin gündəlik diqqət və qayğısının bilvasitə nəticəsidir. Digər vacib məsələ isə yerlərdə işlərin düzgün təşkili, müasir idarəetmə metodlarından yaradıcılıqla istifadə edilməsi, adamlarla dil tapmaq, onları öz ardınca apara bilmək bacarığı və s. amillərlə sıx bağlıdır.
 
Bu günlərdə “Xalq qəzeti” və Yevlax Şəhər İcra Hakimiyyətinin birgə təşkil etdiyi “Dəyirmi masa” da məhz bu məsələlərə həsr edilmişdir. Söhbətdə iştirak edirdilər: Qoca Səmədov–Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı, Əminə Yusifqızı – “Kür” qəzetinin baş redaktoru, Qiyas Quliyev–Ziyalılar Cəmiyyətinin sədri, Zərifə Məmmədova – təhsil şöbəsinin müdiri, Əli Quliyev – YAP Yevlax rayon təşkilatının sədr müavini, Minnət Mürsəlov–Suvarma Sistemləri İdarəsinin rəisi.
Qoca Səmədov: Hamımıza yaxşı məlumdur ki, xalqımızın böyük oğlu, ulu öndər Heydər Əliyev respublikaya rəhbərlik etdiyi birinci dövrə qədər Yevlax geridə qalmış kənd təsərrüfatı rayonu idi. 70-ci illərdən başlayan inkişaf və yüksəliş bizim rayonu da tərəqqi yoluna çıxardı. Nəticədə Yevlax respublikanın sənaye mərkəzlərindən birinə çevrildi. 
Ancaq təəssüf ki, 80-ci illərin sonu, 90-cı illərin əvvəllərindən, bütövlükdə, respublikanı bürüyən xaos və anarxiya Yevlaxdan da yan keçmədi. AXCP–Müsavat cütlüyünün hakimiyyəti dövründə isə qarşıdurma son həddə çatdı. Qanunsuz silahlı dəstələr, küçə döyüşləri adi hala çevrildi. Bu isə onunla nəticələndi ki, bir çox müəssisələr öz fəaliyyətini dayandırdı, məhsul istehsalı azaldı, işsizlik artdı.
Belə ağır bir dövrdə xalq yenə də üzünü öz xilaskarına– ümummilli lider Heydər Əliyevə tutdu. Ulu öndər ikinci dəfə hakimiyyətə qayıdandan sonra Azərbaycan parçalanma təhlükəsindən xilas edildi, qardaş qırğınına son qoyuldu. İqtisadi, sosial və mədəni sahələrdə inkişaf və yüksəliş də məhz bundan sonra başlandı, sabitlik, əmin-amanlıq yarandı.
Yevlaxın yeni tarixinin ən parlaq səhifələri isə ölkə Prezidenti İlham Əliyevin adı ilə bağlıdır. Dövlət başçımızın imzaladığı regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində şəhərimizdə görülən işlər həm kəmiyyət, həm də keyfiyyət baxımından digər bölgələrdən fərqlənir. Qısa vaxt ərzində çox böyük işlər görülüb. Şəhər demək olar ki, küçəbəküçə sökülüb, yenidən qurulub. İşə yeni başlayanda hər kəsə elə gəlirdi ki, yenilərini yaratmağa, qurmağa illər lazımdır. Amma nə oldu? Rayona yeni başçı təyinatından keçən qısa müddət ərzində elə böyük işlər görüldü ki, dövlət başçısı Yevlaxa səfəri zamanı dedi: “Yevlaxda mühüm işlər görülübdür–küçələr, parklar salınıb, müəssisələrin fəaliyyəti bərpa olunub, insanlara diqqət artırılıb. Məhz bu, bizim siyasətimizin ana xəttidir-iqtisadi və sosial inkişaf, insanlara diqqət və qayğı”. 
Bəli, Yevlaxda onilliklərə bərabər işlər görüldü. “Lalə-Tekstil” tikiş, “Arfa” mebel fabrikləri, “Dan” kərpic zavodu, “Gilan” dəri emalı müəssisəsi, tamamilə yenidən qurulmuş “Qida” Məhdud Məsuliyyətli Müəssisə, konserv istehsal edən sex şəhərin iqtisadi coğrafiyasında yer aldı. Gənclər evi, 180 çarpayılıq Mərkəzi Rayon Xəstəxanası, 25 çarpayılıq Regional Vərəm Dispanseri, 25 çarpayılıq Uşaq Xəstəxanası, Əlillərin Reabilitasiyası Mərkəzi, Gigiyena və Epidemiologiya Mərkəzi, Məhdud Fiziki İmkanlı İnsanlar üçün Regional İnformasiya Mərkəzi, Elektron kitabxana, əlil və şəhid ailələri üçün, ümumilikdə, 116 mənzilli 5 yaşayış binası, Bayraq meydanı, Tarix-diyarşünaslıq muzeyi, avtovağzal kompleksi, regional televiziya binası tikilib istifadəyə verilməklə şəhər memarlığına töhfələr verildi. Təsəvvür edin, o vaxt dolanışıq, işsizlik üzündən hər iki evdən birinin qapısından qıfıl asılmışdı. Amma indi gedənlər geri dönməyə başladı, çünki öz şəhərində arzuladığı iş də vardı, yeni münasibət də.
14 illik yolun nəticələrinə rəqəmlərin timsalında nəzər salanda da ancaq fəxr etmək olar. Belə ki, 2003-cü ilə nisbətən ötən il ümumdaxili məhsul istehsalı 9,2, sənaye məhsulunun həcmi 6,3, kənd təsərrüfatının ümumi məhsulu 2,6, əsas kapitala yönəldilmiş vəsait 51,7, o cümlədən tikinti-quraşdırma işləri 65 dəfə artmışdır. 2004–2017-ci illərdə 14 min 120-si daimi olmaqla 22145 yeni iş yeri açılmışdır.
Yevlaxda bu gün də abadlıq-quruculuq işləri davam etdirilir. Bizim başqa cür işləmək haqqımız da yoxdur. Təkcə bu ilin 6 ayı ərzində Kür çayı üzərində dəmir yolu körpüsünün, Aran qəsəbəsində Ailə Sağlamlığı Mərkəzinin binasının tikintisi başa çatdırılmışdır. Mingəçevir–Bəhrəmtəpə avtomobil yolunun rayon ərazisindən keçən hissəsi və Bakı-Ələt-Qazax avtomobil yolu üzərindəki körpü də istifadəyə verilmişdir.
Hazırda Kür çayı sahilində 5 ulduzlu otelin, 12 saylı Ərazi Vergilər Departamentinin, 31-ci məhəllədə 60 yerlik körpələr evi-uşaq bağçasının, 9 mərtəbəli 45 mənzilli yaşayış binalarının, uzunluğu 9,7 kilometr olan Qoyunbinəsi-Hacımahmudlu-Qaramanlı kəndarası avtomobil yolunun tikintisi aparılır. Şəhərin Füzuli və Pişəvəri küçələri yenidən qurulur–səki daşları düzülür, kommunikasiya xətləri yenilənir. İşlər çoxdur, miqyası böyükdür, amma biz hamılıqla onun öhdəsindən gəlməyi bacarırıq. Necə deyərlər, el bir olsa dağ oynadar yerindən. 
Onu da böyük minnətdarlıq duyğusu ilə xatırlayaq ki, ölkə Prezidenti ötən illər ərzində 10 dəfə Yevlaxa tarixi səfər etmiş, yuxarıda adlarını çəkdiyimiz obyektlərin açılışında və təməlqoyma mərasimlərində iştirak etmişdir. Dövlət başçısı şəhər ictimaiyyətinin nümayəndələri ilə səmimi və unudulmaz görüşlər keçirmiş, başa çatdırılmış işləri yüksək qiymətləndirməklə bərabər, öz məsləhət və tövsiyələrini də vermişdir. Həmin görüş və söhbətlər bu gün də bizim ürəyimizdə və yaddaşımızda əziz, unudulmaz bir xatirə kimi yaşamaqdadır.
Əminə YUSİFQIZI: ­2004-cü ildən sonrakı mərhələni bizim qəzetin kollektivi “Kür”ün “qızıl dövrü” adlandırır. Bu nə mübaliğədir, nə də kiməsə xoş gəlmək istəyi. Həqiqətdir. Sözün birbaşa mənasında, “Kür”də öz peşəsinin əsl vurğunu olan insanlar çalışırlar. Keçid dövrünün ən çətin vaxtlarında, qəzetin dövriliyinin və tirajının kəskin surətdə azaldığı bir zamanda belə, bizlərdən birinin hansısa başqa bir gəlir gətirən sahəyə keçmək istəyi olmayıb. Biz hər cür çətinliyin qarşısında duruş gətirib dayanmışıq, sözə sadiq qalmışıq, həqiqəti deməkdən çəkinməmişik. 2004-cü ildə isə üstümüzə, sanki, gün doğdu. Rayona yeni icra başçısı təyin olundu və özü ilə birgə bütünlükdə Yevlaxın, o cümlədən kiçik bir kollektivi olan “Kür”ün həyatına yeni bir nəfəs, ab-hava gətirdi. 
Yeni icra başçısının ilk olaraq üz tutduğu məkanlardan biri qəzetimizin redaksiyası oldu. Bizi dinlədi, problem və çətinliklərimizi öz dilimizdən eşitdi. Yox, kimlərəsə “Kür”ə abunə olmaq tapşırığı vermədi, elə bu münasibəti ilə nümunə oldu. Yevlaxda harada qaynar iş getdisə “Kür”ün əməkdaşları orada oldular. Qəzetimiz həyata keçirilən bir-birindən maraqlı layihələrdən xəbər verdi və beləcə nüfuzu, bununla birlikdə isə abunəsi, təbii ki, tirajı artdı. Qısa vaxt ərzində “Kür”ün oxucu kontingenti 8 min nəfəri əhatə etdi. Mətbuatı və mətbu sözü dəyərləndirən, qiymət verən rayon rəhbəri dördüncü hakimiyyət olan qəzetin şəhərdə aparılan işlərin gedişinə təsirini doğru dəyərləndirdi və redaksiyanın maddi-texniki bazasının möhkəmləndirilməsi üçün köməyini əsirgəmədi. 
İndi biz uzun illərdir ki, fəaliyyət göstərdiyimiz ikimərtəbəli, geniş həyətli bir binada işimizin başındayıq. İcra başçısının sərəncamı ilə bina redaksiyanın balansına verilib. İxtiyarımızda kompüter mərkəzi, hər cür avadanlıq, işlərimizin operativliyini təmin etmək üçün xarici markalı minik maşını var. Əməkdaşlarımıza yaxşı əməkhaqqı verə bilirik. Biz yerli qəzet olaraq rayon həyatını işıqlandırmışıq, şəhərin yaxın tarixinin salnaməsini yazmışıq. Ötən illərdə işıq üzü görən nəşrlərimizi də elə redaksiyanın öz arxivindəcə qoruyub saxlayırıq. Vərəqlədikcə, kərpic-kərpic yenidən qurulan şəhərimizin gözəlliyini “Kür”ün səhifələrində də anbaan görmək mümkündür.
 Redaksiyaya rayonda hökm sürən ab-hava ilə bağlı çoxlu məktub gəlir, zənglər edilir. İnsanlar görülən işlərdən nə qədər çox razılıq edirlərsə, onların qayğı və problemlərinin həllinə göstərilən həssaslıqdan da minnətdarlıq duyğusu ilə söz açırlar. Özgə vaxtlar görməyə adət etdiyimiz məmur özbaşınalığından əsər-əlamət yox idi və vəziyyət bu gün də eyni qayda ilə davam edir. 
Qiyas QULİYEV: Kimsə Yevlaxda 14 il ərzində görülən işlərə dırnaqarası baxıb, deyə bilər ki, dövlət pul ayırıb, işlər də gedib. Amma unutmaq olmaz ki, regionların inkişafı üçün əvvəllər də az-çox vəsait ayrılıb. Demək vəziyyəti düzgün dəyərləndirmək lazımdır. Çörəyi ver çörəkçiyə, birini də üstəlik, deyib müdriklərimiz. 
85 yaşım var. 5-6 yaşından həyatım bu şəhərlə bağlıdır. Bu da nə az-nə çox, 80 il edir. Yevlax mənim gözlərim qarşısında tikilib, rayon həyatının müxtəlif sahələrinin inkişafının şahidiyəm. Kür çayının daşması ilə yaranan sellər bir tərəfdən torpağın az-çox münbit qatını yuyub aparır, digər tərəfdən yaranmış gölməçələr üfunət mənbəyi olur, bunun da nəticəsində ağcaqanad əlindən insanın dincliyi olmazdı. Lap yaxın tarixlərədək Yevlax üçün bu problemlərin bəziləri qalmaqda idi. Müşahidələrim əsasında söyləyirəm ki, rayon ərazisində həyata keçirilən istənilən yenidənqurma işi çox canıyananlıqla icra olunurdu. Gecəli-gündüzlü çalışanların həvəsi insanda heyrət doğururdu. Adama elə gəlirdi ki, bu insanlar yorulmaq nədir bilmirlər. Amma bu əbəs yerə belə deyildi. İnsanlar onların özlərinə və işlərinə verilən qiymətdən ruh alırdılar.
Yevlaxda hara baxsan parkdır, xiyabandır. Buranı fəvvarələr şəhəri də adlandırmaq olar. Şəhər əhalisinin istirahəti üçün nəzərdə tutulmuş bu məkanlarda yaşlı insanlar toplaşır, nərd oynayır, günlərini maraqlı keçirirlər. Ümumilikdə isə bütün şəhər əhalisinin asudə vaxtını mənalı keçirməsi üçün kifayət qədər məkan var: ulu öndərin adını daşıyan xiyaban, S.Vurğun, Nizami, “Gənclik”, “Dədə Qorqud”, “Dostluq” parkları, Kür çayı sahilində salınmış Bulvar İstirahət Kompleksi. Yevlaxda yüksək standartlar səviyyəsində 6 min yerlik stadion, bir neçə yerdə əl oyunları meydançası yaradılıb. Heydər Əliyevin adını daşıyan Saray, Heydər Əliyev Mərkəzi, Elektron Kitabxana, Şahmat Məktəbi, Tarix-Diyarşünaslıq Muzeyi, Xalq Teatrı, Kukla Teatrı da yevlaxlıların mədəni istirahəti üçün unikal məkanlardır. Bulvar istirahət kompleksində isti yay günlərində Kür çayı sahilində dincəlməyə gələnlər üçün hər gün zəngin proqramlı konsertlər təşkil olunur.14 il əvvələ kimi bütün bunları yevlaxlılar ancaq xəyal edə bilərdilər.
Qarabağ müharibəsində Yevlax 238 şəhid verib, çoxlu sayda bu savaşda öz sağlamlığını itirmiş həmyerlilərimiz də var. Kür çayının sahilində salınmış Şəhidlər xiyabanı hər bir yevlaxlı üçün müqəddəs ziyarətgahdır. Olduqca fərəhləndirici haldır ki, şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə rayonda yüksək səviyyədə diqqət və qayğı var. Belə də olmalıdır. Çünki rahat şəkildə quruculuq işləri ilə məşğul olmağımıza, dinc və əmin-amanlıq şəraitində yaşamağımıza görə biz şəhid ruhlarına duaçıyıq, Qarabağ döyüşçülərinə borcluyuq.
Zərifə MƏMMƏDOVA: 14 il ərzində rayonumuzda 25 yeni məktəb binası, 640 şagird yerlik 32 əlavə sinif otağı tikilib istifadəyə verilmiş, 12 məktəbdə əsaslı təmir və yenidənqurma işləri aparılmışdır.Yeni dərs ilinə hazırlıqla əlaqədar şəhər 4 nömrəli, Yuxarı Qarxun, Nemətabad, Nərimanabad, Qaraoğlan kənd tam orta, Cırdaxan kənd ümumi orta, Bünyadabad kənd ibtidai məktəblərində, Uşaq-Gənclər İdman Məktəbində cari təmir işləri aparılmış, lazımi inventar və avadanlıqlarla təchiz edilmişdir. Şəhər Təhsil Şöbəsi üçün yeni inzibati bina tikilib istifadəyə verilmişdir. 
Dövlət başçısının sərəncamları ilə son illər rayonun ayrı-ayrı ümumtəhsil məktəblərində çalışan 10 müəllim “Əməkdar müəllim” fəxri adına layiq görülüb, 10 pedaqoq “Tərəqqi” medalı alıb, 4 nəfər “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub. 
Əli QULİYEV: Mən ali pedaqoji təhsilimi bitirib elə bir vaxtda işə başlamışdım ki, Yevlaxda hər bir işə, sahəyə yeni münasibət vardı. Təbii ki, gənc kadrlara münasibətdə də vəziyyət biz gənclərin ürəyindən idi. 2004-cü ili mən Yevlaxın yüksəlişinin başlanğıc ili kimi dəyərləndirir və özümü də həmin intibahın üzə çıxardığı gənc adlandırıram. Rəhbərliyin gənc kadrlara xüsusi münasibəti, onların biliyindən, gücündən və enerjisindən ümumi işlərin xeyiri üçün istifadə etmək barədə göstərişləri bizim qarşımızda çox geniş imkanlar açdı. 
İndi onlarla gəncin adını çəkmək, uğurunu sadalamaq olar ki, onlar ilk xeyir-duanı məhz 2004-cü ildə alıblar. Elə bir ümumrayon tədbiri olmaz ki, bizlərin iştirakı olmadan keçirilsin. Bizi irəli çəkirlər, iş tapşırırlar, üzərimizə məsuliyyət qoyurlar, özümüzə inam hissi yaradırlar. Yeni-yeni təşəbbüslər üçün stimul verilir.
Mən 11 ildir ki, YAP-ın rayon təşkilatında fəaliyyət göstərirəm. Bu gün təşkilatımızın sıralarında yüzlərlə gənc var. Gənc YAP-çılar təşəbbüskardırlar, işgüzardırlar. Onlar ölkə həyatı üçün əlamətdar olan siyasi kampaniyalarda ən fəal iştirakçılardır. 
Minnət MÜRSƏLOV: Həyatım demək olar ki, Yevlaxın su təsərrüfatı ilə bağlı olub. Təyinatla bura gəlmişəm. Son 14 ili mən də tam məsuliyyətimlə fəaliyyətimizin ən məhsuldar dövrü hesab edirəm. Firavan, daim inkişaf edən bir ölkənin hər bir vətəndaşının borcudur ki, bu Vətən üçün nə isə etsin. Su həyatdır, amma ondan bacarıqla istifadə etmədikdə həyat bəxş etmək əvəzinə, zərər mənbəyinə çevrilir. Suvarma sistemlərinin yaradılması da sudan səmərəli istifadə məqsədinə xidmət edir. Əgər bu gün Yevlaxda kənd təsərrüfatı sahəsində əsaslı yüksəliş əldə edilibsə, pambıqçılıqda, taxılçılıqda, digər sahələrdə yüksək göstəricilər qazanılıbsa, heç şübhəsiz, burada su təsərrüfatı və meliorasiya işlərinin də öz layiqli payı var.
Mən burada rayonda fəaliyyət göstərən meliorasiya və su təsərrüfatı müəssisələrini təmsil edirəm və Yuxarı Şirvan Kanalı İstismar, Şirvan Meşə Meliorasiya, Yuxarı Qarabağ Kanalı İstismar, “Melioservis” idarələrinin də uğurlu fəaliyyətini qeyd etməyə bilmərəm. Fəxrlə deyirəm ki, Yuxarı Şirvan Kanalı İstismar İdarəsində əhəmiyyətli bir layihə həyata keçirilib. Son vaxtlar kanalın çaylarla əhatə olunan qurğularında qəzalı vəziyyətin yaranması, başlıcası isə Mingəçevir anbarında suyun azalması nəticəsində çətinliklər ortaya çıxmışdı. Problemləri vaxtında həll etmək üçün Meliorasiya və Su Təsərrüfatı ASC müvafiq layihənin icrasına start verdi. Yuxarı Şirvan Kanalının yeni layihəsi əlavə suvarılan 60-70 min hektar sahə deməkdir. Hazırda sugətirici kanalda əsas işlər tamamlanıb, xətt istismara verilib.
Ulu öndər Yevlaxı daha abad, daha gözəl görmək istəyirdi. İllər keçdi. Ölkə Prezidenti İlham Əliyev Yevlaxı nəinki respublikanın, hətta Avropanın inkişaf etmiş şəhərləri ilə müqayisə etdi, onlardan heç də geri qalmadığını bildirdi. Bu inkişaf, yüksəliş, əlbəttə, öz-özünə yaranmamışdır. “Dəyirmi masa” iştirakçılarının da dedikləri kimi, dövlət qayğısı, gərgin zəhmət, yorulmaz fəaliyyət, çevik və operativ idarəetmə əldə edilmiş uğurların əsas amilləridir.
Yevlax bu gün öz inkişafının yeni mərhələsini yaşayır. Hər yerdə təntənə hiss olunur, yeni-yeni təşəbbüslər meydana çıxır, yüksək nəticələr əldə edilir. Deməli, daha böyük uğurlar, daha böyük zirvələr hələ qarşıdadır.
“Dəyirmi masa” arxasında söhbəti qələmə aldı:
Ziyəddin SULTANOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında