İşə can yandırdıqda...

Çoxdanın söhbəti olsa da, heç yadımdan çıxmır. Qərb bölgəsindəki bir rayonun icra hakimiyyəti başçısından soruşdum ki, üç ayda rayonda nə kimi yeniliklər olub, hansı maraqlı tədbirlər həyata keçirmişsiniz və sair.
 
Sualıma sual dolu baxışlarla cavab verdi və bir qədər də narazı halda “Üç ay nə böyük müddətdir ki, nə də baş versin?” – dedi. Qayıtdım ki, Prezidentimiz hər rübdə bir dəfə Nazirlər Kabinetinin geniş iclasını çağırır, məsul şəxslərin hesabatını dinləyir, tapşırıqlar verir, qarşıda duran vəzifələrdən danışır...
Elə bil, birdən ayıldı. Hiss etdim ki, üç ay ərzində rayonda gözə dəyən elə bir iş görə bilməyiblər, bir-iki ənənəvi bayram tədbiri keçirilib, vəssalam. Elə icra hakimiyyətinin saytına da nəzər salmaq kifayət idi ki, rayonun üç aydakı fəaliyyəti haqqında təsəvvür yaransın...
Nədənsə, hər dəfə Şəmkir Rayon İcra Hakimiyyətinin saytına baxanda məhz həmin söhbət yadıma düşür və bir daha əmin oluram ki, işləmək istəməyəndə nə bəhanə desən, tapmaq ­mümkündür. Bir dəfə Şəmkir RİH-in üçgünlük fəaliyyəti ilə tanış olmuşdum. İnanın ki, 
haqqında söhbət açdığım 
rayonda nəinki üç gün, heç üç ay ərzində bir o qədər tədbir keçirilməmişdi. Maraq üçün fikir verin. 1 iyun. İlin ən fəal gənc liderləri mükafatlandırılır. Rayon icra hakimiyyətinin başçısı tədbirdə iştirak edir və mükafatları da özü verir. Yenə həmin gün Uşaqların Beynəlxalq Müdafiəsi Günü möhtəşəm ümumşəhər tədbiri təşkil olunur. Axşama doğru Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşkilatçılığı, Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi, Türkdilli Ölkələrin Parlament Assambleyası, Mədəniyyət Nazirliyi, Milli Kitabxana, TİKA, “Azərkitab” Kitab Təbliğatı Mərkəzi, Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilati dəstəyi ilə Şəmkirdə VIII Beynəlxalq şairlər günü çərçivəsində Əhməd Cavad və Mehmet Akif Ersoyun xatirəsinə həsr edilmiş tədbir keçirilir. Bir gün sonra Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş möhtəşəm elmi-praktik konfrans keçirilir. Tədbirdə rayon rəhbəri, Milli Məclisin deputatları, o cümlədən AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, Türkiyənin Gəncədəki baş konsulu Orhan İşıq və ətraf rayonlardan qonaqlar iştirak edirlər. Tədbirdən sonra qonaqlar Şəmkirin gözəl guşələrinə aparılır, onlara tikintisi başa çatmaqda olan “Azforel” balıqçılıq təsərrüfatı göstərilir. Ertəsi gün RİH başçısı rayonun Dəllər-Cəyir və Sarıtəpə kəndlərində yerləşən kümxanalara baş çəkir, baramaçılarla görüşür, problemləri ilə maraqlanır. Bir saat keçməmiş Rusiya Fedarasiyasından olan iş adamları rayona qonaq gəlirlər. Yenə görüş, müqavilə imzalamaq, hər kəsə diqqət göstərmək, rayonla yaxından tanış etmək…Həmin gün Yeni Göycə kəndinin sakinləri də başçını gözləyirlər. Əvvəlcədən planlaşdırılan səyyar görüşdür, getməmək olmaz…Bax beləcə 3 gün başa çatır. Nəzərə alın ki, sadaladıqlarımız nisbətən böyük tədbirlərdir. Digər tədbirləri də buraya əlavə etsək, görün Şəmkirin gündəlik həyatı nə qədər zəngindir!
Şəmkirdə keçirilən hər tədbirə həmişə böyük maraq var. Bilirsiniz niyə belədir? Çünki bu tədbirlər konkret bir işə, bir məqsədə xidmət edir, onların böyük faydası olur. Yəni tədbir tədbir xətrinə keçirilmir. İdeoloji iş yoxdursa, deməli, başqa iş də yoxdur! Rayon rəhbərinin təşəbbüsü ilə hər ilin sonunda ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən Yeni il gecəsində “İlin müəllimi”, “İlin bələdiyyə sədri”, “İlin həkimi” və qalib olan digər peşə sahiblərinə mükafatlar verilir. Rayonda bu adlar uğrunda, sözün əsl mənasında, mübarizə aparılır, kimin, hansı təşkilatın daha şanslı olduğu sosial şəbəkələrdə ilboyu müzakirə olunur, təkliflər irəli sürülür. Mən özüm bu tədbirlərin bir neçəsində iştirak etmişəm və şahidi olmuşam ki, mükafatlar, həvəsləndirici adlar formal olaraq verilmir. Bu, əsl mübarizədir, yarışdır, adamları, ayrı-ayrı kollektivləri daha yaxşı çalışmağa səfərbər edən əvəzsiz bir ideoloji işdir.
Yeri gəlmişkən, Şəmkirdə olan ideoloji işi, onun maraqlı forma və metodlarını digər şəhər və rayonlarda da görmək pis olmazdı. Bir dəfə saytların hansındasa oxudum ki, Şəmkirdə aşağı sinif şagirdlərini icra hakimiyyətinə dəvət ediblər və “Mən icra başçısı olacağam” adlı tədbir keçiriblər. Şagirdlər növbə ilə başçının kreslosunda əyləşib, yanındakılara “göstərişlər” verib, yeri gələndə bəzilərini “danlayıblar”. Düzü, hələ onda fikirləşmişdim ki, bu rayonda ideoloji işə belə önəm verilirsə, orada digər məsələlər, o cümlədən iqtisadiyyat, abadlıq, tikinti, quruculuq işləri daha yaxşı təşkil olunacaq. Bir qədər keçdi, digər maraqlı təşəbbüslər də ortaya atıldı və rayon bir növ yarış, mübarizə meydanına çevrildi . “Gənc müəllimlər”, ardınca “Gənc həkimlər” birlikləri yaradıldı. Ən istedadlı, qabiliyyətli peşə sahibləri bu birliklərə daxil edildilər və rayonda xeyirxah, təmənnasız bir iş başlandı. Kənd və qəsəbələrə getdilər, açıq dərslərdə oldular, məsləhətlər verdilər, xəstələri pulsuz müayinə etdilər. Həmin iş bu gün də davam etdirilir və hamı onların fəaliyyətindən razıdır. İndi bu təşəbbüsə müxtəlif kateqoriyadan olan peşə sahibləri qoşulublar. Gənc Tərbiyəçilər Birliyi də xeyirxah təşəbbüsün işığında yaranan ictimai qurumdur. 
Çoxları elə bilirdi ki, bu təşəbbüslər tez parladığı kimi tez də sönəcək. Lakin belə olmadı. Nəinki onların fəaliyyəti zəiflədi, əksinə, daha da gücləndi, yeniləri yarandı. Bir məsələni vurğulamaq istərdik ki, rayon icra hakimiyyəti indiyədək başladığı heç bir işi yarımçıq qoymayıb, əksinə, onun daha da təkmilləşdirilməsinə çalışıb, həvəsləndirici metodları işə salıb. 
Rayonda istixanaların salınmasına həmişə böyük maraq var və bu gün iş adamları həmin sahədən hərtərəfli yararlana bilirlər. Çünki Şəmkirdə elə bir biznes mühiti yaradılıb ki, şikayət edən, ciddi problemlə qarşılaşan sahibkar yoxdur. Çox yox, hər ailədə orta hesabla 5 nəfərin olduğunu götürsək, deməli, Şəmkirdə 30 min nəfər istixanalardan dolanır, özünə ev-eşik qurur, maşın alır və sair. Gəlin mane olmayaq...
Hazırda Şəmkirdə 1000 hektara yaxın istixana var. Bu il əlavə olaraq daha 100 hektarın salınması gözlənilir. Artıq ötən aylarda bunun 50 hektarı istifadəyə verilib. Keçən il rayondakı istixanalardan 127 min 977 ton məhsul yığılıb. Onun 111 min 342 tonu pomidordur. Özü də bu pomidoru Rusiya bazarlarında, necə deyərlər, yerə düşməyə qoymurlar. Onun dadı da, görünüşü də, keyfiyyəti də digər ölkələrin eyni adlı məhsulundan əməlli-başlı seçilir və daha yüksək qiymətə satılır. Yəni tələbat böyükdür.
Yeri gəlmişkən qeyd edək ki, rayon rəhbərliyi istənilən bir işin, layihənin perspektivlərini əvvəlcədən görür, onu dəfələrlə ölçüb-biçir, götür-qoy edir, hesablayır, gəlir-çıxarını bilir. Ən başlıcası isə bu məhsulların xarici bazarlara çıxarılması məsələlərinə diqqət yetirir, bu bazarı tapır və sair. Məsələn, hazırda rayon ərazisində “AZFOREL” balıqçılıq təsərrüfatında son tamamlama işləri görülür. Nümunəvi, nəinki respublikada, Qafqazda tayı-bərabəri olmayan bir müəssisədir. İndinin özündə bu yerlər qonaqlara göstərilir və onlar, sözün yaxşı mənasında, heyrətlənirlər. Burada müasir avadanlıqlardan və intensiv texnologiyalardan istifadə etməklə sənaye üsulu ilə balıq yetişdirilməsi və tam emalı təşkil ediləcəkdir. Təsərrüfatda il ərzində 2500 ton balıq məhsulları (əsasən də forel balığı) istehsal olunacaq. Əldə olunan məhsullar daxili bazarla yanaşı, Rusiya, Ukrayna, Belarus və Orta Asiya ölkələrinə ixrac ediləcək. Müəssisə istehsal edəcəyi məhsullar üzrə Qafqaz regionunda əsas təchizatçılardan biri olmaq niyyətindədir və bunun üçün də öz istehsal sahəsində müasir avadanlıqların tətbiqi ilə keyfiyyətli məhsul istehsal etmək, həmçinin, genişmiqyaslı marketinq siyasəti həyata keçirməyi nəzərdə tutur. Hazırda burada 2 rəngdə (qırmızı və ağ) olmaqla 12 növ forel balığı yetişdirilir.
“Şəmkir Aqropark” da nəhəng, perspektivi olan möhtəşəm bir layihədir. Burada respublikada ilk dəfə müasir istixana kompleksi, şitillik, tinglik və intensiv bağçılıq təsərrüfatları, meyvə və tərəvəz emalı zavodları, tara fabriki, logistika və aqroservis mərkəzi, soyuducu anbar, satış mərkəzləri, avtopark, elmi araşdırma və innovasiyalar mərkəzi, otel və müxtəlif infrastruktur müəssisələri inşa olunur. Aqroparkda müasir texnologiyaların tətbiqi ilə istehsal, emal, logistika – məhsulları saxlama, çeşidləmə, qablaşdırma, markalama, daşınma, daxili və xarici bazarlarda satış, yaşıl marketlər və fermer mağazaları üzrə fəaliyyətlərin vahid ərazidə cəmləşməsi nəticəsində rəqabətqabiliyyətli kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalına şərait yaradılacaq. Aqropark ölkənin ixrac əməliyyatları ilə məşğul olan aparıcı logistika mərkəzləri ilə əməkdaşlıq edəcək, yerli məhsulların “Made in Azerbaijan” brendi ilə ixracını və xarici istehlakçılara çatdırılmasını, eləcə də daxili bazara çıxarılmasını təmin edəcək. Bildiyiniz kimi, keçən ilin avqustunda ölkə Prezidenti İlham Əliyev Logistika Mərkəzinin açılışını bildirən qırmızı lenti kəsmişdir.
Rayonda iqtisadiyyatın, onun inkişaf yollarının dərindən öyrənilməsi və yaxşı mənimsənilməsi bir çox layihələrin uğurla icra olunmasına bilavasitə şərait yaratmışdır. Adi bir misal. Bələdiyyələr (təkcə Şəmkirdə yox) daim gəlirlərinin olmaması ucbatından rayonda gedən abadlıq-quruculuq işlərində iştirak edə bilmədiklərindən şikayət edirdilər. Rayon rəhbərinin təşəbbüsü ilə onların nəzdində MMC-lər yaradıldı. Çox keçmədi ki, bələdiyyələr dirçəlməyə başladı. Hətta keçən il Arif Rəhimzadənin Milli Məclisdə rəhbərlik etdiyi komissiyanın üzvləri Şəmkirdə bələdiyyələrin iş üsulunu öyrənib yaymaq üşün geniş respublika tədbiri də keçirdi.
– Gərək heç nədən qorxmayasan, – deyə Alimpaşa Məmmədov bizimlə söhbət zamanı bildirir. – Yaxşı iş görənin də əl-ayağına dolaşmayasan, mane olmayasan. Biz şəhərdən bir qədər kənarda müasir bir bazar salmaq istəyəndə bəziləri onun perspektivinə inanmadı, “ora kim gedəcək?” deyib dodaq büzənlər də oldu. Amma biz fikirləşirdik ki, kəndli becərdiyi məhsulu nə vaxta qədər yol kənarlarında, tozun- torpağın içərisində satmalıdır? Biz onu istifadəyə verdik. İndi maraq üçün gedin baxın, görün orada boş bir yer tapmaq mümkündürmü. Müasir, hər cür şəraiti olan bir bazardır. “Şəmkir səbəti” adlandırdığımız bu nəhəng alış- veriş mərkəzinə nəinki təkcə şəmkirlilər, Gəncədən, Tovuzdan, Gədəbəydən, digər yerlərdən də gəlirlər.
...Bu gün Şəmkir çox gözəldir. Onun görməli, gəzməli yerləri o qədər çoxdur ki, bir gündə hamısı ilə tanış olmaq sadəcə mümkün deyil. Şəmkirə bəzən axşamlar da gedirəm. Hara baxırsan yamyaşıl, hər cür şəraiti olan parklar, yaraşıqlı xiyabanlar, bir- birindən gözəl əyləncə obyektləri, digər istirahət guşələri, yeni ucaldılmış müxtəlif sosial obyektlər, binalar, yenidən təmir olunmuş saysız-hesabsız tikililər, müasir işıqlandırma sistemi, asfaltı, səkiləri olan küçə və prospektlər adamı heyran edir. Sosial şəbəkələrdən, o cümlədən Facebookdan çox səmərəli şəkildə istifadə edən şəmkirlilərdən biri belə yazıb: “Hərdən inanmırıq ki, bura beş-on il əvvəlki Şəmkirdir. Biz Şəmkirimizlə fəxr edirik!” 
Alimpaşa Məmmədov deyir ki, cənab Prezidentimizin Şəmkirə və şəmkirlilərə olan qayğısının nəticəsidir ki, bu rayon artıq hamının diqqətini cəlb edir. Ən başlıcası isə əhalisinin sayı 220 min nəfərə çatan bir rayonda əmin-amanlıq, sabitlik hökm sürür, dövlətə və dövlətçiliyə sədaqət, Prezidentimizə dərin hörmət və inam addımbaşı hiss olunur. Bunu sosial şəbəkələrdən də, adamlarla söhbətlərdən də öyrənmək çox asandır...
Hamlet Qasımov,
“Xalq qəzeti”nin
bölgə müxbiri

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında