Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi arasında memorandum imzalanıb

İyulun 16-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi arasında özünüməşğulluq proqramının icrası sahəsində əməkdaşlığa dair memorandumun imzalanması mərasimi keçirilib.
 
mərasimdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparat rəhbəri vəzifəsini icra edən Anar Əliyev Heydər Əliyev Fondunun yüksək humanizm təcəssümü olan təşəbbüs və layihələrindən danışıb. O qeyd edib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Fond sosial cəhətdən həssas əhali qruplarının sosial müdafiəsi istiqamətində bir sıra layihələr həyata keçirir. Buna Fondun dəstəyi ilə nazirliyin sağlamlıq imkanları məhdud uşaqlar üçün yaradılan və müasir tələblərə cavab verən sosial xidmət müəssisələrini misal göstərmək olar. Bakıda yaradılan Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi ölkədə uşaqlar üçün yüksək standartlara uyğun reabilitasiya infrastrukturunun genişlənməsinə imkan yaradıb. Fondun mühüm sosial layihələrindən olan “Məzun evi” Sosial Müəssisəsindəki iki yaşayış binasında valideyn himayəsindən məhrum olan 243 gənc mənzillə təmin edilib.
Tədbir iştirakçılarına məlumat verilib ki, Fondun “Regional İnkişaf” İctimai Birliyi özünüməşğulluq proqramının icrasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlığın növbəti mərhələsində intensiv meyvə bağlarının, tərəvəz və bostançılıq təsərrüfatlarının yaradılması nəzərdə tutulub. Özünüməşğulluq proqramı aztəminatlı ailələr üçün kiçik ailə biznesinə çıxış imkanı yaratmaqla yanaşı, həm də ölkədə kiçik və orta sahibkarlığın dəstəklənməsinə yönəlib.
Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin sədri Məhəmməd Abdullayev Fondun ölkəmizin sosial-iqtisadi, mədəni tərəqqisi, eləcə də tariximizin, mədəniyyətimizin, incəsənətimizin, Azərbaycan həqiqətlərinin dünyada tanıdılması istiqamətində müxtəlif proqram və layihələrindən bəhs edib. O, həmçinin Fondun sosial məsələlərin həllinə və həssas əhali qruplarının sosial müdafiəsinin yaxşılaşdırılmasına yönələn  tədbirlərə verdiyi dəstək barədə danışıb. 
Vətəndaşların müraciətləri əsasında İctimai Birliyin ölkəmizin regionlarında sosial, səhiyyə, təhsil, turizm, ekologiya və digər sahələrdə həyata keçirdiyi çoxsaylı layihələr barədə danışılarkən bildirilib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə regionlarda aztəminatlı və şəhid ailələri üçün salınmış meyvə bağları özünüməşğulluğun təmin edilməsi və həmin ailələrin maddi rifahının yaxşılaşdırılmasında mühüm rol oynayır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə imzalanan əməkdaşlıq memorandumu da özünüməşğulluğa dəstək istiqamətində fəaliyyəti genişləndirmək və regionlarda “Sosial bağlar” layihəsinin birgə həyata keçirilməsi məqsədi daşıyır. Memorandum çərçivəsində regionlarda 125 ailə üçün intensiv meyvə bağlarının, tərəvəz və bostançılıq təsərrüfatlarının yaradılması nəzərdə tutulur. Həmin ailələr üçün qeyd olunan təsərrüfatlar yaradılmaqla yanaşı, “Regional İnkişaf” İctimai Birliyi tərəfindən onlara aqrotexniki qulluq, təlimləndirmə, logistika və hazır məhsulun marketinqinin təşkilində, ailələrin həmin təsərrüfatlardan əldə edəcəkləri gəlirləri istehsalın inkişafına yönəltmələri üzrə onlara təkliflərin verilməsi və digər istiqamətlərdə yardım göstəriləcək.  
Sonra memorandum imzalanıb. Sənədi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aparatının rəhbəri vəzifəsini icra edən Anar Əliyev və “Regional İnkişaf” İctimai Birliyinin sədri Məhəmməd Abdullayev imzalayıblar. 
AZƏRTAC

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında