Azərbaycan dövləti kimsəsizlərin arxa-dayağıdır

Taledən ağır zərbə almış Dadaşova bacılarının öz istəklərinə qovuşması bunun parlaq nümunəsidir

“ Ukraynanın Luqansk şəhərində od-alov içərisində qalmış tələbə bacılar təhsillərini indi Bakı Dövlət Universitetində davam etdirirlər.” “Xalq qəzeti”nin 2014-cü il 23 oktyabr tarixli nömrəsində bu sərlövhə ilə çap olunmuş yazı o zaman oxucularımızda böyük məmnunluq yaratmışdı. İnsanlar yazıda bəhs olunan dramatik həyat süjetinin timsalında bir daha yəqin etmişdilər ki, müstəqil Azərbaycan dövləti kimsəsizləri və faciəyə düçar olmuşları köməksiz qoymur, ölkəmizdə heç kəs taleyin ümidində qalmır.

Xatırlatdığımız yazıda o vaxt bildirmişdik: “Ukraynanın Luqansk şəhərində od-alov içərisində qalmış tələbə bacılar təhsillərini indi Bakı Dövlət Universitetində davam etdirirlər. Bugünlərdə bu qocaman ali məktəbin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov universitet rəhbərliyinin geniş toplantısında Azərbaycan dövlətinin öz vətəndaşlarını həmişə və hər yerdə himayə etməsinin daha bir nümunəsi kimi, Ukraynadakı faciəli vəziyyətdən xilas edilərək Bakıya qayıtmış, həyatları və təhsilləri yoluna qoyulmuş Fatmaxanım və Hilalə Dadaşovaları Bakı Dövlət Universitetinin coğrafiya fakültəsinin tələbələri olmaları münasibətilə səmimi təbrik etdi, onlara uğurlar və xoşbəxtlik dilədi”.

Ali məktəbin struktur rəhbərlərinin, görkəmli alim və pedaqoqların iştirak etdikləri həmin yığıncaqda Fatmaxanım və Hilalə Dadaşova bacılarılarının kədərli tale hekayəti əvvəl hamını təsirləndirsə də, sonda yad ölkədə talenin ümidində qalan bu iki azərbaycanlı qızı yüksək səviyyədə himayə edən dövlətimizə və xeyirxah, nəcib insanlara sonsuz minnətdarlıq hissləri yaratmışdı.

Məsələ ondan ibarət idi ki, bacılar 4-6 yaşlarında olanda qısa müddətdə baba və nənələrini, sonra isə ana və atalarını itirmişdilər. Kirayə mənzildə kimsəsiz qalmış körpə qızlara imkanları olmayan xalası Rəfiqə xanım və onun nəcib həyat yoldaşı Adil Əsgərovlar sahib çıxmışdılar. Fatmaxanım və Hilalə xalası qızları Aygünlə bir yerdə böyümüşdü. Rəfiqə xanımın Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciətindən sonra mərhum bacısının çalışdığı, (və növbədə olduğu) Dövlət Neft şirkətinin tikdirdiyi yeni binadan qızlara mənzil ayrılmışdı.

Dadaşova bacılarının ali təhsil məsələsini də xeyirxah insanlar yoluna qoymuşdular. Rəfiqə xanımın Ukraynanın Luqansk şəhərində yaşayan yaxın rəfiqəsi Rəhilə ­Cabbarova bacılar orta məktəbi bitirəndə Əsgərovların növbəti ağır qayğısına çiyin verib qızları yanına aparmış, onların Taras Şevçenko adına Dövlət Universitetinə daxil olmalarına kömək etmişdi. Bacılar II və III kursları bitirəndə Ukrayna ilə Rusiya arasında qanlı münaqişə başlamış, Luqanskın səmasına yağan mərmilər universitet binasının və qızların qaldığı yataqxananı da dağıtmışdı...

Həmin vaxt ağır onkoloji xəstəlikdən intensiv şüa və kimyaterapiya müalicəsi alan Rəfiqə xanım üstəlik bir ağır sınağa da məruz qalmışdı. Taleyin ümidində qalmış Dadaşova bacıları xeyirxah soydaşlarımızın köməyi ilə od-alovun içindən çıxarılıb böyük çətinliklə Bakıya göndərilmişdilər. Müxtəlif yollarla Ukraynanın ali məktəblərinə qəbul edilmiş minlərlə azərbaycanlının təhsillərini öz ölkələsində davam etdirməyə çalışdığı və bunun o qədər də gerçək bir cəhd olmadığı günlərdə Fatmaxanım və Hilalənin Bakıya dəyişilmələrinə icazə verilməsinin çətinliyini başa düşən Əsgərovlar çıxış yolunu dövlətimizin humanizm prinsiplərinə üz tutmaqda görmüşdülər.

Azərbaycan Prezidenti İlham Əliyevə və Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevaya ünvanlanmış məktublar həyatları kimi təhsilləri də bəlaya tuş gəlmiş Dadaşova bacılarına nicat bəxş etmişdi. Cavablarda bildirilmişdi ki, problem bacıların seçdikləri ixtisas üzrə təhsil verən istənilən ali məktəbin rəhbərliyinə müraciət etməklə həllini tapacaq. Rəfiqə xanım tərəddüd etmədən qızların təhsillərini davam etdirmələri üçün tanınmış alim və ictimai xadim Abel Məhərrəmovun rəhbərlik etdiyi Bakı Dövlət Universitetini seçmişdi.

Avqustun isti günlərindən birində onu qəbul edən rektorun qızların taleyinə həssas münasibəti, sənədlərin təcili hazırlanıb Təhsil Nazirliyinə göndərilməsi barədə operativ göstərişi Əsgərovların 3 aydan bəri davam edən həyəcanına bir sərinlik gətirmişdi. Nazirlikdə Dadaşova bacılarının təhsillərini Bakıda davam etdirmələrinə istisna qaydasında razılıq verilmişdi. Bu xoş məramın təntənəsi kimi akademik Abel Məhərrəmov rektorluğun geniş toplantısında Fatmaxanım və Hilaləni təhsillərini BDU-nu coğrafiya fakültəsində davam etdirmələrinə görə təbrik etmiş, oxuduqları müddətdə onların hər cür qayğı ilə əhatə olunacaqlarını bildirmişdi.

Artıq dövlətimizin və xeyirxah insanların himayə etdiyi Dadaşova bacıları buraxılış imtahanlarını verərək Bakı Dövlət Universiteti kimi nüfuzlu ali məktəbi seçdikləri ixtisas üzrə bitirmişlər. Bu günlər bacıların və onların himayəçisi Əsgərovlar ailəsinin sevinci yerə-göyə sığmır.

Fatmaxanım və Hilalə bildirdilər ki, əgər Azərbaycan dövlətinin humanist qanunları, dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın kimsəsiz və dara düşmüş insanlarla bağlı insanpərvər siyasəti olmasaydı, kim bilir başlarına nə gələcəkdi. Dadaşova bacıları bütün bunlara görə dövlət başçısına və onun xanımına dərin minnətdarlıqlarını bildirdilər, göstərilən diqqət və qayğının əvəzini Vətənə layiqli xidmətləri ilə qaytaracaqlarını söylədilər.

Bacıların qəyyumu, hal-hazırda intensiv müalicədə olan xalaları Rəfiqə Əsgərova isə bacısı balalarına göstərilən yüksək dövlət qayğısının doğurduğu hədsiz məmnunluğu belə ifadə etdi:

– Yaxşı deyiblər ki, heç kəs arzuolunmaz hadisədən sığortalanmayıb. Amma bundan da yaxşısı həyatın xeyirxahlıq, humanitar yardım adlı sığortasıdır. Lakin yaxşı insanlar faciəyə düçar olanlara nə qədər əl tutsalar da onlar hər şeyi etməyə qadir deyillər. Mən ailəmizin başına gələnlərin timsalında yıxılmış insananın ən mötəbər dayağının onun dövləti olduğunu dəfələrlə görüb, yəqin etmişəm.

Rəfiqə xanım daha sonra ailələrinin dar günündə müraciətlərinə həssas və qayğıkeş münasibətə görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya dərin minnətdarlığını ifadə etdi. O qeyd etdi ki, bu qayğı çəkdikləri acıları azaldıb, çətinliklərini yoluna qoyub. Dörd il əvvəl bacısı qızlarının taleyi yenidən sual altında qalanda da üz tutduqları xeyirxah insanlar – BDU-nun rektoru, akademik Abel Məhərrəmovun, həm də “Xalq qəzeti” nin baş redaktoru Həsən Həsənovun həssas münasibəti əsl xilaskarlıq nümunəsi olub. Gördükləri bu yaxşılıq tarixə yazılası bir xeyirxahlıqdır.

Bu yazıda faciə və çətinliklərlə üzləşən, yaşamaq ümidini itirməkdə olan bir ailənin başına gələnləri xatırlamaqla və onun indiki sevincini bölüşməklə Azərbaycan dövlətinin öz vətəndaşının ən mötəbər himayəçisi olduğuna yenidən nəzər saldıq. Belə nümunələr isə yüzlərlə, minlərlədir.

Tahir AYDINOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında