“Göygölə gəl, Göygölə...”

Əvvəlcə kiçik bir statistika: Ötən il Göygöl rayonuna 81 mindən çox turist gəlmişdir ki, bunun da 5 min nəfəri xarici vətəndaş olmuşdur. Onu da əlavə edək ki, bu, əvvəlki illərlə müqayisədə xeyli çoxdur. Daha dəqiq desək, Toğanalıya, Çaykəndə, Çənlibelə, Ay işığına, Üçbulağa, dağlar gözəli Göygölə istirahət etməyə, dincəlməyə gələnlərin sayı ildən-ilə artmışdır. 
 
Bəs, ilin bu çağlarında – dağların, bağların, istirahət guşələrinin “gəl-gəl” dediyi bu günlərdə Göygöl rayonunda vəziyyət necədir? Rayon icra hakimiyyətindən bizə verilən arayışda yazılıb: hazırda turizm obyektlərinə, istirahət guşələrinə dincəlməyə gələnlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 545 nəfər çoxdur. Bu, əlbəttə, özlüyündə fərəhli bir göstəricidir və hər şeydən əvvəl son illər rayonda bu istiqamətdə həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlərdən, yaradılan rahat və müasir şəraitdən xəbər verir.
Göygöldən başlanan geniş asfalt yol Toğanalıya qədər uzanır. İstirahət mərkəzləri də əsasən bu yollar boyuncadır. Maşın əlindən necə deyərlər, hərəkət etmək mümkün deyil. Son günlər havalar olduqca isti keçdiyindən insanlar dağlara, meşələrə, soyuq bulaqlar üstünə, istirahət yerlərinə üz tuturlar. 
Belə istirahət mərkəzlərindən birində –Toğanalı kəndində “Cənnət məkan”dayıq. Bura, sözün əsl mənasında cənnətdir, desək heç də səhv etmərik. İstirahət mərkəzi meşəli dağların döşündə salınıb. Ortadan göz yaşı kimi dup-duru dağ çayı axır. Əsas və köməkçi binalar, böyük zövq və səliqə ilə quraşdırılmış kotejlər, müxtəlif oyun və əyləncə mərkəzləri... Dərhal hiss olunur ki, burada qayğıkeş insan əli təbiətin qənirsiz gözəlliklərini böyük həssaslıqla tamamlamış, onu bir az da zənginləşdirmişdir. Səliqə-sahman, rahatlıq və gözəllik səni öz ağuşuna alır. Elə bil ki, ağaclar da, çiçəklər də, bulaqlar da, şəlalələr də bəhsə giriblər– bura istirahətə, dincəlməyə gələnlərə xoş ovqat, yüksək əhval-ruhiyyə, unudulmaz anlar bəxş etmək üçün. Bir də, əlbəttə, bura gələnləri gülər üzlə, xoş təbəssümlə qarşılayan insanların qonaqpərvərliyi və diqqəti...
Bizi “Cənnət məkan” ailəvi istirahət kompleksinin direktoru Zülfi Rəhimov qarşılayır. Mövsümə hazırlıq, işin təşkili, görülmüş və görüləcək işlər barədə həvəslə məlumat verir: 
– İstirahət kompleksi 2003-cü ildən fəaliyyət göstərir. 166 yerlikdir. Ötən il bura istirahətə gələnlərin sayı 3 min nəfər olmuşdur. Onu da xüsusi vurğulamaq istəyirəm ki, bir dəfə yolunu bura salan insanlar sonralar təkrar qonağımız olurlar. Bu isə bizi daha diqqətli və qayğıkeş olmağa səfərbər edir.
İstirahətə gələnlərin coğrafiyası ilə maraqlandıq. Bakı da var, Gəncə də, Sumqayıt da... Ən çoxu isə aran rayonlarından – Qarabağdan, bir də Şirvandandır.Bizi daha çox maraqlandıran isə o oldu ki, son illər “Cənnət məkan”a xarici ölkələrdən, o cümlədən Ərəb ölkələrindən, Rusiyadan, Ukraynadan və Latviyadan da qonaqlar gəlir. 
Oruc Quliyevlə tanış oluruq. Öyrənirik ki, Ağcabədi rayonundan gəlib. Artıq üçüncü gündür ki, burada ailəsi ilə istirahət edir. Yaradılan şəraitdən, göstərilən xidmətdən razılıqla danışır: 
– İndi ölkəmizin hər yerində müasir tipli istirahət və sağlamlıq ocaqları fəaliyyət göstərir. Ancaq mən artıq neçənci ildir ki, bura gəlirəm. Əlbəttə, arzu edərdim ki, istirahət kompleksi daha da genişləndirilsin. Ona görə ki, burada istirahət etmək istəyən çoxdur. Gördüyünüz kimi, təbiət bu yerlərdən heç nə əsirgəməyib. Dağlar, meşələr, buz bulaqlar, səmimi, qayğıkeş insanlar... Bizi bura gətirən də bax, bunlardır. 
Bura isə “Ağrıdağ” ailəvi istirahət kompleksidir. Eyni vaxtda burada 85 nəfər dincələ bilir. Kompleksin direktoru Şəmsi İsmayılov söhbət zamanı bildirdi ki, ötən il burada istirahət etməyə gələnlərin sayı 1600 nəfərdən çox olmuşdur. Ötən ilin eyni dövrü ilə müqayisədə də artım var.
Ceyhun Musayev Moskvada yaşayır. Dedi ki, ikinci gündür ki, ailəsi ilə buradadır. Əlavə bir həftə də qalmaq istəyirlər. Təbiətə də, burada yaradılan şəraitə də heyrandır. Ancaq narazı qaldığı məsələ də var:
– Bura, həqiqətən, möcüzədir. Az qala hər addımda qənirsiz təbiət gözəllikləri ilə rastlaşırsan. Bunlar bizi heyran edir. Düzdür, birinci dəfədir ki, buradayıq. Ancaq ailəvi belə qərara almışıq ki, gələn il də bura gələk. Bircə arzumuz odur ki, Toğanalıdan bura qədər olan yol təmir edilsin, bu yerlərə, bu gözəlliklərə layiq rahatlıq yaradılsın.
Göygölün nümunəvi istirahət mərkəzlərindən biri də “Sevimli məkan”dır. Artıq 4-cü ildir ki, fəaliyyət göstərir. Orada olarkən mərkəzin direktoru Ələddin Sarıyev bildirdi ki, hazırda kompleksdə 55 nəfər istirahət edir. Müxtəlif bölgələrdən gələnlər var. Ancaq ən çox qonağımız Bakıdandır. Elə bu gün nə qədər adam müraciət edib. Ancaq əlavə yerimiz olmadığından qəbul edə bilməmişik. Bütün bunları nəzərə alaraq, gələcəkdə istirahət mərkəzini daha da genişləndirməyi nəzərdə tutmuşuq. 
Razi Əhmədov artıq bir neçə gündür ki, ailəsi ilə birlikdə burada istirahət edir.
–Bakıdan gəlmişik, – deyir. – Əvvəlcə fikirləşirdik ki, iki gün burada qalıb başqa yerə gedərik. Ancaq indi qərara almışıq ki, axıradək burada qalaq. Dağlar, meşələr, bulaqlar, güllər, çiçəklər öz yerində, insanların qonaqpərvərliyi, xoş səmimi münasibəti bizi çox razı salır. Qiymətlərdən də narazılığımız yoxdur. 
Göygöl kənd turizmi üçün ən əlverişli rayondur desək, heç də səhv etmərik. Təsadüfi deyil ki, son vaxtlar elə bir kənd tapmaq olmaz ki, qonaqlı-qaralı olmasın. Özü də ilin bütün fəsillərində. Ən çox turist qəbul edən kəndlər isə bunlardır: Yeni zod, Aşıqlı, Toğanalı, Topalhəsənli, Üçbulaq, Çaykənd, Mixaylovka, Şəhriyar.
Turizmin, xüsusilə kənd turizminin inkişafı, əlbəttə, bir çox vacib amillərlə bağlıdır. Daha doğrusu, turizm marşrutu keçən yaşayış məntəqələrində müasir infrastruktur yaradılmalı, işıq, qaz, içməli su, yol və başqa vacib sosial məsələlər öz müsbət həllini tapmalıdır. Bütün bunlar olmayanda isə dağlar, meşələr, bulaqlar nə qədər gəl-gəl desə də, təbiət nə qədər gözəl olsa da, insanları cəlb edə bilməz. Əbəs yerə deməyiblər ki, gözəllik ondur, doqquzu dondur. 
Yeri gəlmişkən, son illər Göygöl rayonunda iqtisadi, sosial və mədəni sahələrdə böyük uğurlar əldə edildiyini, əhalinin vacib sosial ehtiyaclarının yerinə yetirilməsi sahəsində əsaslı tədbirlərin işlənib həyata keçirildiyini ayrıca qeyd etmək lazım gəlir. Məsələn, Göygöl rayonu ərazisindən keçən Bakı-Qazax magistral avtomobil yolunun 353 kilometrliyindən Çaylı-Pənahlılar-Dozular kəndarası avtomobil yolunun inşası artıq başa çatmışdır. Yolun uzunluğu 18 kilometr olmaqla 3 yaşayış məntəqəsini əhatə edir. Bundan başqa, Göygöl şəhəri – Xanlar qəsəbəsi – Aşıqlı – Hacıkənd – Mixayılovka – Yeni Zod – Toğanalı – Göygöl avtomobil yolunu götürək. 23 min 816 nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini, Göygöl Milli Parkını birləşdirən və uzunluğu 38 kilometr olan bu yolda hazırda işlər sürətlə davam etdirilir.
Biz burada təkcə yol çəkilişi sahəsində görülən işlərə aid bir-iki misal çəkdik. Elektrik, qaz, içməli su, rabitə və başqa sahələrdə də ardıcıl və sistemli iş görülmüş, yerli əhalinin və qonaqların rahatlığını təmin edən vacib tədbirlər həyata keçirilmişdir. 
Biz bu yazı üzərində işləyərkən görüşdüyümüz, söhbət etdiyimiz yerli sakinlər də, turistlər də bir fikri dönə-dönə qeyd etdilər: yaradılan bütün bu şəraitə, görülən ardıcıl tədbirlərə, diqqət və qayğıya görə ilk növbədə ölkə Prezidenti İlham Əliyevə öz dərin təşəkkür və minnətdarlığımızı bildiririk.
Göygöl, Maral göl, Üçbulaq, Çaykənd, “Cənnət məkan”... Uca dağlar, sıx meşələr, buz bulaqlar bir də qadir insan əli ilə yaradılmış gözəl, müasir istirahət mərkəzləri... Bunlar elə bil ki, bir məhşur mahnıda olduğu kimi dil açıb deyir: “Göygölə gəl, Göygölə...”
Ziyəddin SULTANOV, 
“Xalq qəzeti”nin bölgə müxbiri

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında