Səfalı Hacıkənd, incə bir zövqə söykənən möhtəşəm park və bir də sədaqət nümunəsi

 Hacıkənd özünün ən xoş günlərini yaşayır. Gəncənin bu dilbər guşəsi hazırda abadlıq-quruculuq işlərinin bir mərkəzinə çevrilib. İllər boyu əl dəyməyən yollar, səkilər yenidən qurulur, genişləndirilir. Hacıkəndə gələn yola ikiqat asfalt döşənməsi, qədim memarlığı özündə sintez edən müasir bir otelin tezliklə istifadəyə verilmək ərəfəsində olması, ətrafında böyük bir parkın salınması, əyləncə guşələrinin yaradılması, primitiv ticarət, məişət obyektlərinin yerində daha müasirlərinin tikilməsi onu göstərir ki, bu yerlər tezliklə dünyanın hər yerindən gələn turistlərin əyləncə, istirahət məkanına çevriləcəkdir.

        Həmişə olduğu kimi yenə də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin dəsti-xətti, zövqlülüyü hər addımda hiss olunur. Yenə də hər daşın-kəsəyin, əkilən hər ağacın, gül kolunun, ucaldılan bir abidənin yanında Elmar Vəliyevi görmək olur. Özü nəzarət edir, özü göstəriş verir, özü nəyinsə yerini dəyişdirir, xoşuna gəlməyəndə sökdürür, yenidən tikdirir. Bax, şəhərin indiki rəhbərini burada işlədiyi bütün dövrlərdə hamı belə görüb, belə tanıyıb. Elmar Vəliyevin zövqünə həmişə heyran qalmışam. İndiyədək Gəncədə tikilən,yenidən qurulan, salınan nə varsa hamısı bu zövqün məhsuludur. Hətta bəzən ən mürəkkəb memarlıq kompleksinə elə əlavələr, düzəlişlər edir ki, layihənin müəllifi donub qalır. Inanın səmimiyyətimə, bunlar gəlişi gözəl sözlər deyil. Bu insana sanki ilahidən elə bir fitri istedad verilib ki, qibtə etməmək sadəcə mümkün deyil. O sanki yaratmaq, tikmək, qurmaq üçün bu dünyaya gəlib. Zövq də ki, yuxarıda dediyim kimi, öz yerində.

          Bir ay idi şəhərdə yox idim və bilmirdim ki, daha bir möcüzə ilə qarşılaşacağam. Bayaqdan yuxarıda adını  çəkdiyim füsunkar Hacıkənddəyəm. Şəhərdə göydən sanki od tökülür, nəfəs almaq olmur. Burada isə  dörd tərəfin meşədir, xəfif külək rahatlandırıcı bir sərinlik gətirir. Hacıkəndin lap mərkəzinə vaxtilə baxımsız olan bir əraziyə gəlib çatdıqda gözlərimə inanmadım. Qısa vaxtda elə bir park salınıb ki, yanından laqeyd keçmək mümkün  deyil.
"Nizami Gəncəvi: xələfləri və sələfləri" adlandırılan bu park təkcə istirahət məkanı deyil, qədim bir şəhərin tarixinə, mədəniyyətinə, ululuğuna sanki ekskursiyadır. İndi bura gələn xarici qonaq görəcək ki, 800, 900, 1000 il qabaq, hətta eramızdan çox illər qabaq bu xalqın hansı mütəfəkkirləri olub! Elmar Vəliyev sübut edəndə ki, bu şəhərin 4000 ildən çox yaşı var, bəziləri dodaq büzürdü. Parkda ucaldılan heykəllərə baxıram. Hamısı bir –birindən möhtəşəmdir, orijinaldır, məzmunludur.Bu mütəfəkkirlər haqqında burada məlumat aldıqdan sonra nə Gəncənin yaşına, nə ulu mədəniyyətinə, keçmişinə heç kimdə bir şübhə yeri qala bilməz .Görürsən ki, dünyaşöhrətli Nizami Gəncəvi tək olmayıb. Ondan əvvəl də, ondan sonra da elə şairlər, ədiblər, tarixi şəxsiyyətlər olub ki, hər misrası, hər deyimi bir dünyadır. Ömər Gənci, Doxtəri Xətibi Gənci, Gəncəvi Siti, Doxtəri Həkim Cav, Rəziyyə Gəncəvi, Əfrasiyab…Yəqin bir çoxunuz bu adları bəlkə də ilk dəfədir eşidirsiniz. Bəli, bunlar Gəncənin tarixidir, keçmişidir, mədəniyyətinin ululuğudur! Nizami Gəncəvidən başqa 14 bu cür tarixi simanın, mütəfəkkirin abidəsi ucaldılıb, yanındakı qırmızı mərmər parçası üzərində hərəsindən bir beyt həkk olunub.
          Gəncə Şəhər İcra hakimiyyəti çox xeyirxah bir iş görüb, vətənpərvərlik nümunəsi göstərib.Gəncənin rəhbəri həmişə olduğu kimi yenə də heyrətləndirməyi, sevindirməyi bacarıb, qədim şəhərə sonsuz məhəbbət, dövlətə və dövlətçiliyə sədaqət nümunəsini bir daha sübut edib.

                   Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında