Uşaqlara qayğı gələcəyimizə qayğıdır

 


 “Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır”.

Heydər ƏLİYEV,
 ümummilli lider


Vaxtı ilə “Azərbaycan uşaqları Azərbaycanın milli sərvətidir” deyən ulu öndər Heydər Əliyev bütün fəaliyyəti boyu daim bu milli sərvətin qayğısına qalmış və uşaqların sağlam, sosial rifah içində böyüməsi üçün bir çox mühüm dövlət tədbirləri həyata keçirmiş, fərman və sərəncamlar imzalamışdır. Onun müəyyənləşdirdiyi sosial-iqtisadi siyasətin bu istiqaməti bu gün də dövlət strategiyasının prioritetlərindən biri kimi həyata keçirilir.

Müasir Azərbaycanda dövlət uşaq siyasətinin əsas məramı gələcəyimiz olan uşaqların müdafiəsinin, təlim-tərbiyəsinin ən yüksək səviyyədə təşkili, onların sağlam və xoşbəxt böyümələridir. Ölkədə yeni uşaq bağçalarının, məktəbəqədər təlim-tərbiyə müəssisələrinin istifadəyə verilməsi, eləcə də mövcud olanların ən müasir standartlar səviyyəsində yenidən qurulması bunun əyani təsdiqidir.

Son 15 ildə bu istiqamətdə həyata keçirilən dövlət siyasətinə Heydər Əliyev Fondu əvəzsiz töhfələr verir. Fondun təhsil ocaqları ilə yanaşı, məktəbəqədər tərbiyə müəssisələrinin yenidən qurulması və tikintisi ilə bağlı həyata keçirdiyi layihələr ölkə əhalisinin böyük razılığı ilə qarşılanır və alqışlanır. Bu cəhətdən 2014-cü ildə təqimatı olan “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramını xüsusi qeyd etmək lazım gəlir. O zaman fond proqramda  ölkəmizdə müasir tələblərə cavab verən uşaq bağçalarının tikintisinə çox böyük ehtiyac  olduğunu qeyd edərək konkret istiqamətlər müəyyənləşdirdi və vəzifələr irəli sürdü.

Bu layihənin ilk nəticələrindən biri bu gün Xətai rayonunda fəaliyyət göstərən 205 saylı uşaq bağçası oldu. Diqqət çəkən məqamlardan biri ondan ibarətdir ki ikimərtəbəli və  225 yerlik bağça həqiqətən ən müasir tələblər səviyyəsində əsaslı şəkildə təmir olunub. Burada körpə sakinlərin əylənməsi, təlim-tərbiyəsi və istirahəti üçün bütün zəruri şərait yaradılıb. Xüsusi diqqət yetirilən məsələ isə uşaqların sağlam və normal qidalanmasına imkan verən yeməkxana kompleksidir. Bağçanın yataq və oyun otaqları da uşaqların zövqünə uyğun tərtib edilib. Bir sözlə, buradakı şəraitlə tanış olan hər bir valideyn arxayın olur ki, bağçada uşaqların təlim-tərbiyəsi, gələcəyin sağlam vətəndaşları kimi fiziki və mənəvi cəhətdən yetişmələri üçün hər cür şərait var.

Bağçanın müdirəsi Səidə Həsənova şəraiti maraqla izlədiyimizi görüb bildirdi ki, ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva çıxışların birində  uşaq müəssisələri qarşısında duran vəzifələri belə açıqlayır: “Uşaq bağçalarında məktəbəqədər hazırlıq prosesi yüksək səviyyədə təşkil edilməlidir. Uşaqların sağlamlığı çox vacib məsələdir. Bu bağçalarda uşaqları ən keyfiyyətli yeməklə təmin etmək lazımdır. Tibbi xidmət də ən yüksək səviyyədə olmalıdır”. Ona görə də bağçamızda  uşaqların günün əsas hissəsini burada keçirmələri nəzərə alınaraq, onların təlim-tərbiyəsinin keyfiyyətli təşkili, hökm sürən ab-hava vacib amillər kimi əsas götürülüb. Balacaların intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması hər zaman diqqət mərkəzində saxlanılır. Bağçanın ərazisinə hasar çəkilib, oyun meydançaları yaradılıb, bir sözlə, bina ən müasir infrastrukturla təchiz edilib.

İki bölmədən – rus və Azərbaycan bölməsindən ibarət bağçanın ərazisində və binanın daxilində təhlükəsizliyin təmin edilməsi məqsədilə müşahidə kameraları quraşdırılıb. Yaşıllıqlar əhatəsində olan həyətdə balacalar ən sevimli guşələrindən biri də atraksionların quraşdırıldığı əyləncə məkanıdır.

Səidə xanım bildirdi ki, onun təşəbbüsü ilə bağçanın kiçik yaşlı sakinləri rus dili ilə yanaşı, ingilis dilinin də uşaq təfəkkürünə uyğun öyrənilməsinə başlanmışdır. Bununla yanaşı bağçada mütəmadi olaraq  müxtəlif tədbirlər təşkil olunur. Uşaqlar bağçada öyrəndikləri rəqslərlə, musiqi nömrələri ilə çıxış edirlər.

Səadət RZAYEVA,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında