Cəhridən Lələtəpəyə gedən yol

Cəhri Naxçıvan Muxtar Respublikası Babək rayonunun iri yaşayış məntəqələrindəndir. Ziyalılar ocağı kimi də tanınır. Neçə-neçə elm fədaisi yetişdirib, bir də Vətən fədailərini bu kənd. Cəhri kənd qəbiristanlığında yan-yana iki məzar elə yoldan keçərkən uzaqdan da diqqəti çəkir. Yüksək təpəlikdə uyuyan hər iki Vətən aşiqinin məzarı yanında şəhid qanıyla azadlıq rənginə boyanan, gücümüzün, birliyimizin, müstəqilliyimizin rəmzi olan bayraq dalğalanır. Bayrağın kölgəsində uyuyanlardan biri atadır, biri oğul: Əbdül Cəlal oğlu Məmmədov və Rasim Əbdül oğlu Məmmədov. Şir ürəkli, iti baxışlı bu doğmaları erkən torpağa qovuşduran da elə Vətən sevgisidir. Ata Sədərəyə düşmən ayağı dəyməsin deyə öz ayaqlarından oldu, oğul Lələtəpədən düşmən ayağını kəsdi. Budur, Vətənin fədaisi olmaq, budur torpağa bağlılıq, budur şəhidlik–əbədiyyət! Bu kiçik torpaqda dünyaya göz açan Rasim Məmmədov Lələtəpə yüksəkliyinə qalxanacan 39 illik məsafə qət elədi. Qəhrəmanımızı Cəhridən Lələtəpəyə qədər aparan gənclərə örnək ömür yoluna nəzər salaq. 
 
Rasim Məmmədov 1977-ci il mayın 20-də anadan olub. 1983-cü ildə Cəhri 1 nömrəli kənd tam orta məktəbinin I sinfinə gedib, 1994-cü ildə həmin məktəbi bitirib. 1996-cı ildə Bakı Ali Birləşmiş Komandirlər Məktəbinə daxil olub, 2000-ci ildə məktəbi tank qoşunları komandiri ixtisası üzrə bitirib. Mayor rütbəsinədək yüksələn Rasim Məmmədov tank taborunun komandiri idi. 2016-cı ilin aprelin 4-də Füzuli istiqamətində yüksəkliklər uğrunda gedən döyüşlərdə şəhid olub. Ailəli idi. İki övladı var. 
Kənddə Rasimin ata ocağını tapmaq elə də çətin olmur. Darvaza qapısından asılan bayraq qəhrəmanızımın ünvanının göstəricisidir. Divarları Rasimlə atasının şəkilləri bəzəyir. Anası Bəsti xanımla həmsöhbət oluruq. Dörd oğul anası olan Bəsti xanım üçün bu itki ağırdır. Bu ağırlığı onun zərif çiyinlərində görmək mümkündür. Lakin Azərbaycan qadınına xas dəyanəti, dözümü onu daşıdığı ağırlıq altında əzilməyə qoymur. “Döyüşdə hər şey ola bilər. Kişi cəsur olar, canından da keçər, qanından da keçər, amma torpağından keçməz. Vətəni qorumaq lazımdı. Oğlum da, yoldaşım da seçdilər bu yolu. Peşman deyiləm. Atası, balası Vətəni sevdi, torpağı sevdi, qanından canından keçdi, ailəsindən üstün tutdu hər şeyi”. – Qəhrəman bir oğulun anası deyir bu sözləri.
Torpağın hər qarışı uğrunda
Ağır illər idi. Kiçikdən böyüyə qədər hər kəs bir qarış torpağını qorumağa can atırdı. 1990–1993-cü illərdə ermənilər Sədərəyə 14 dəfə hücum etmişdilər. Arasıkəsilməz hücumlar nəticəsində Sədərəkdə 500-ə yaxın ev, məktəb, inzibati bina dağıntılara məruz qaldı. Oğullar sipər olub torpağı qorudular, geri çəkilmədilər. Çətin bir zamanda, silahın, texnikanın çatışmadığı, nizami ordunun olmadığı bir şəraitdə Sədərək müdafiə olundu. Ürəklərindəki Vətən sevgisini silaha çevirən oğullar son damla qanlarına qədər döyüşdülər. Vətən uğrunda kimisi şəhid oldu, kimisi qazi. Həmin döyüşlərdə iştirak edənlər arasında Əbdül Məmmədov da vardı. Naxçıvan torpaqlarının müdafiəsi üçün ilk özünümüdafiə batalyonları yaradanlardan biri olan Əbdül Məmmədov 1992-ci ilin mayında komandiri olduğu taborla düşmən hücumunun qarşısını alarkən ağır güllə yarası alır və hər iki ayağı iflic olur. 
Torpaq uğrunda şəhid və yaralıların olması gəncləri qorxutmurdu, əksinə düşmənə nifrətlə silahlanan gənclərin əksəriyyəti həmin dövrdə sənədlərini hərbi məktəblərə verdilər. Peşəkar bir zabit kimi Vətən torpaqlarının keşiyində durmaq naminə, atalarının, qardaşlarının, yaxınlarının qisasını almaq naminə. Atasını əlil arabasına məhkum olunmuş görən Rasimin də qarşısını artıq heç bir qüvvə ala bilməzdi. Qarşısına qoyduğu məqsədi onun yolunu Cəhridən Bakıya salır.
Anası Bəsti xanımın dediklərindən: “Rasim 9-cu sinifdə oxuyanda məktəbdə eşitmişdi ki, Sədərəkdə döyüş gedir. Gəldi ki maşın olsa, gedib atama kömək edərəm. Atası vuruldu, yenə də qorxmadı bu hadisədən. Hərbini seçdi. Mən atamın yolunu gedəcəm dedi. Atası da dəstəklədi, dedi kişi işidi, gedin torpağınızı qoruyun. Düşmən əlindədi torpağımız, qaytarmaq lazımdı”.
 Beləcə Rasim atasının da xeyir-duası ilə Bakı Ali Birləşmiş Komandirlər Məktəbinə daxil olur. O, hər şeydən əvvəl, təhsil almaq, hərbi biliklərə yiyələnməyi qarşısına məqsəd qoymuşdu. Yaxşı döyüşçü olmaq üçün yalnız fiziki güc yetmirdi, həm də biliklə silahlanmaq lazım idi. Orta məktəbdə aldığı təlim-tərbiyə və biliyi ali məktəbdə də özünü büruzə verirdi. Nümunəvi bir kursant kimi müəllimlərinin və tələbə yoldaşlarının rəğbətini qazanmışdı. Əynində kursant formasını qürurla daşıyırdı, çünki artıq məqsədinin astanasında idi. Kursant yoldaşları kimi o da yaxşı anlayırdı ki, Vətən torpaqlarının qorunması ən müqəddəs vəzifə kimi qarşıda durur. 2000-ci ildə ali hərbi məktəbi bitirib leytenant kimi ordu sıralarına daxil olduqda məqsəd də bəlli idi, vəzifə də. İlk gündən vəzifəsinin icrasına şərəf və ləyaqətlə başlayan Rasim Məmmədov öz zabit yoldaşları və əsgərləri arasında da nüfuz qazanır. Ömrünün son günlərinə qədər ön cəbhədə xidmət edən Rasim Məmmədov mayor rütbəsinədək yüksəlir. 
Həyat yoldaşı Samirə xanım Rasimlə bağlı xatirələrini bizimlə bölüşür: “Rasim evdə həmişə internetdən vətənpərvər mahnılar yüklədirdi. Hərbi hissəyə gedəndə həmin mahnıları əsgərlərinə dinlədirdi. Bütün hər yerə səs yayılırdı. Deyirdi qoy düşmən eşidib bağrı çatlasın. Rasimin telefonunda “Çırpınırdı Qara dəniz” mahnısı vardı. Çox sevərdi bu mahnını. Rasim başqa məsləkdə ola bilməzdi, təsəvvür edə bilmərəm. Ancaq hərbçi”. 
Masada Rasimin şəkilləri var. Samirə xanım bizimlə söhbət etsə də, gözü şəkillərdədi. Hər biri müxtəlif illərin, yaşanan günlərin xoş xatirəsi. Şəkillərə baxdıqca çöhrəsinə gah təbəssüm qonur, gah qürur, gah da iki il öncə aldığı xəbərin kədəri. 
“Biz axırıncı dəfə Horadizdə olanda döyüşlər başlamışdı. Qonşulardan eşitdim. Narahat olmayaq deyə Rasim mənə təhlükə olduğunu deməmişdi. Nəsə narahatçılıq olduğunu soruşduqda da, “qorxma”– deyib təskinlik verdi. Aprelin 1-dən 2-sinə keçən gecə atışmalar başladı və biz gecəni səhərə kimi zirzəmidə qaldıq. Sonuncu danışığımızda hər şey yaxşıdı, düşmənin anasını ağlatdıq dedi. Aprelin 4-də Rasimə zəng vuranda artıq telefona kimsə cavab vermədi. Bununla da bizim həyat hekayəmiz bitdi. Bu gün biz burada yaşayırıqsa, belə Vətən oğullarının sayəsindədir. Mən çox qürur duyuram ki, Rasimin həyat yoldaşıyam”.
Aprel zəfəri
20 ildən artıqdır ki, erməni qəsbkarları torpaqlarımıza hücum edib. 1990-cı illərdə ölkə daxilində yaşanan böhrandan, nizami ordunun olmamasından istifadə edən ermənilər torpaqlarımızın 20 faizini işğala məruz qoydular. Atəşkəsi pozmaqda davam edən ermənilər 2016-cı ilin aprel ayının 1-dən 2-nə keçən gecə bütün cəbhəboyu mövqelərimizi müxtəlif silahlardan intensiv atəşə tutdular. Eyni zamanda, qoşunların təmas xəttinə yaxın bir sıra yaşayış məntəqələri də düşmən atəşinə məruz qaldı.
“Böyük Ermənistan” yaratmaq xülyasından əl çəkməyən düşmən bu dəfə böyük məğlubiyyətə düçar oldu. Düşmən məğlub olacağını gözləmirdi. Əks halda 320-dən artıq canlı qüvvəsini itirməzdi. 4 günlük döyüşdə 500-dən artıq erməni hərbi qulluqçusu yaralandı. Qarşı tərəfin 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarıldı, Madagiz yaşayış məntəqəsində yerləşən qərargahı və əsas hərbi hissələri məhv edildi. Ağdərə-Madagiz, Cəbrayıl istiqamətindəki yolların nəzarətdə saxlanılması imkanı əldə edildi. Ordumuz tərəfindən 2000 hektardan artıq ərazi azad edildi və daha çox ərazi əməliyyat baxımından nəzarət altına keçdi. Lələtəpəyə üçrəngli bayrağımız sancıldı. 
Ordumuzun igid zabit və əsgərləri Aprel döyüşlərini tarixə şanlı qələbəmiz kimi yazdırdı. Böyük qələbə idi. Bu qələbə düşmən ordusunu sarsıtdı. Ermənistan ordusunun gücü ilə bağlı yaranan mifləri darmadağın etdi.
Son nəfəsədək
Dörd günlük döyüşlərdə Vətən uğrunda şəhid olanlardan biri də mayor Rasim Məmmədov olur. Rasim məqsədinə yetmişdi. Hələ məktəb yaşlarından qəlbində, ruhunda gəzdirdiyi müqəddəs bayrağı, müqəddəs torpaqlara sancmış və həm də atasının qisasını almışdı. Lələtəpə yüksəkliyində şəhidlik zirvəsinə ucalmışdı, düşmən tapdağından azad etdiyi torpağı qucaqlayaraq. O zirvəyə yüksələndə də son gördüyü 23 illik həsrətdən sonra Lələtəpəyə sancılan azadlıq rəmzi – bayrağımız olmuşdu. Nə böyük xoşbəxtlik! 
 Naxçıvan camaatı şəhidini qarşılamaq üçün hava limanına axışmışdı. Vətən fədaisini elə adına layiq qəhrəman kimi də qarşıladılar. Əbədiyyətə qovuşmuş qəhrəman son mənzilə yola salındı.
 Bəsti ana o günləri belə xatırlayır: “İnsan dənizinin ucu-bucağı görünmürdü. Cəhriylə Naxçıvan arasındakı yollarda maşınlar düzülmüşdü. İndi də kəndimizin camaatı mənə deyir ki, hələ də qulağımızdan o səs getmir. “Şəhidlər ölməz, Vətən bölünməz” şüarını oxuya-oxuya Rasimi son mənzilə yola saldılar. Rasim Cəhridən Bakıya Əbdülün oğlu kimi getmişdi, Bakıdan Cəhriyə qayıdanda isə Azərbaycanın qəhrəman oğlu kimi qayıtdı. Mən oğlumla fəxr edirəm. O, dördgünlük müharibədə itirmədi, canını fəda etdi, amma son damla qanınadək Vətənini qorudu, torpağını aldı. 23 ildir Cocuq Mərcanlıda əkin əkilmirdi, həyat yox idi, insanlar elindən-obasından didərgin düşmüşdülər. Lakin bu gün Cocuq Mərcanlının büsatı bizim də qəlbimizi fərəhləndirir”. 
Necə deyərlər, ot kökü üstə bitər. Babası Cəlal Məmmədov Böyük Vətən müharibəsinin iştirakçısı olmuş, orden və medallarla qayıtmışdı. Atası Əbdül Məmmədov üçün isə oğul düşmən çəpəri idi. Əbdül Məmmədovun Vətən qarşısındakı xidmətləri yalnız Sədərəkdəki döyüşlərdə iştirakı ilə bitmirdi, o həm də özü kimi Vətən aşiqi yetişdirmişdi. Özündən sonra güclü və peşəkar zabit vermişdi Vətənə. Ona Rasimin şəhid kimi geri dönməsi ilə bağlı sual verirlər. Əbdül kişi verilən sualı özünəməxsus tərzdə belə cavablandırır: “Lazım gəlsə, 3 oğlumu da Vətən torpaqlarının müdafiəsinə göndərərəm”.
24 il və 24 gün
 Düz 24 il müharibənin acısını daşıdı əlil arabasında, oğlunun ölümünə isə yalnız 24 gün dözə bildi. Əbdül Məmmədov ruhən güclü insan idi, əgər fiziki sağlamlığı imkan versəydi, 24 gün nədir, daha 24 il də dayanardı əldə silah Vətən torpaqlarının keşiyində, düşmənin ayağı işğal olunmuş torpaqlardan kəsilənəcən. Lakin ayaqları sözünə baxmırdı. Yarımçıq qalan arzularının ümidgahı olan oğlu uğrunda qanını tökdüyü üçrəngli bayrağa bükülərək geri dönmüşdü. Alnıaçıq, üzüağ, mərdcəsinə, qəhrəmancasına. Adını Vətən tarixinə əbədiyyən həkk etdirmişdi: Rasim Əbdül oğlu Məmmədov. Əbdülün ürəyi köksünə sığışmırdı, qəhrəmanı ilə fəxr edirdi. Eloğlu ilə son vida mərasiminə gələn qonaqlarını yola salandan sonra ata qəhrəmanının yanına tələsdi. Onunla bu qələbənin sevincini paylaşmaq üçün. 23 illik həsrətdən sonra azad edilən o müqəddəs torpaqların ətrini özü ilə gətirən, qələbə ruhunu daşıyan bayrağın kölgəsində uyuyan oğlunun məzarı yanında ikinci bir məzar qazıldı. Əbdül qəhrəmanının yanında dəfn edildi. 
İki ildir ki, müqəddəs bayrağın kölgəsində iki Vətən aşiqi uyuyur. Ata və oğul – Əbdül Cəlal oğlu Məmmədov və Rasim Əbdül oğlu Məmmədov. 
Vətən uğrunda
Xidməti dövründə Rasim Məmmədov bir sıra fəxri fərman və medallara layiq görülmüşdü. Ölümündən sonra isə göstərdiyi şücaətə görə Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2016-cı il tarixli sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunur. Həmçinin şəhidin ailəsi Naxçıvan şəhərindəki Gənclər şəhərciyi yaşayış kompleksində üçotaqlı mənzillə təmin olunur. 
İlk övladı Aysu 9-cu sinifdə oxuyur. Çox ağıllı və təmkinlidir. Dərslərini yaxşı çalışır, atasının arzusuna görə ağ xalat geyəcəyinə israrlıdır. Yaşadıqları hərbçi həyatı onları da bərkidib. Bizimlə söhbətə qoşulur: “Aprelin 3-ü anama mesaj yazmışdı ki, oğluma da, qızıma da deyin, mənimlə fəxr etsinlər. Atamın son sözləri bu olub. Qürur hissi keçirirəm ki, belə bir qəhrəmanın, belə bir igidin qızıyam. Hamı deyir ki, Vətən ana deməkdi, mənsə Vətəni ata bildim. Çünki atamdan öyrəndim Vətəni necə qorumağı, bayrağı sevməyi. Biz özümüz də uşaqlıqdan Vətən sevgisi ilə, vətənpərvərlik mahnıları ilə, Vətən laylası ilə böyümüşük”. 
Oğlu Asim 5-ci sinif şagirdidir. Böyüyəndə atam kimi olacağam – deyir. “Onu hərbi formada görəndə həm qürur duyurdum, həm də özümü onun yerində hiss edirdim. Anam mənə hərbi forma tikdirib. Gündə ən azı 15 dəfə geyinib çıxarıram (Çöhrəsinə qürur qarışıq təbəssüm qonur). Geyinib güzgü qabağında özümə baxıram. Anama deyirəm ki düşmənlərdən gec-tez qisasımızı alacağıq. Atamın da, bütün şəhidlərin də”.
Biz qayıdacağıq
Samirə xanım da Asimin seçimi ilə razıdır. Onun atası kimi peşəkar hərbçi olacağına inanır: “Rasim bizi Horadizdə bayraq meydanına aparardı . O, hündürlükdən işğalda olan torpaqları göstərib deyirdi ki, biz gec-tez o torpaqlara qayıdacağıq. Bizim bayrağımız orda dalğalanacaq, düşmən baxıb bağrı çatlayacaq”. 
 Ruhiyyə RƏSULOVA, 
Naxçıvan Televiziyasının 
baş redaktoru
 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında