Səyyar görüşlər səmərə verir

Ölkəmizin dilbər guşələrindən biri sayılan Astarada rayon rəhbərliyinin ayrı-ayrı  yaşayış məntəqələrinin əhalisi ilə görüşlərinin keçirilməsi artıq ənənə halını alıb. İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev hər həftə bu və ya digər kəndə səyyar qəbul və görüşə yollanır. Görülən işlərdən bəhs edilir, camaatın ürək sözləri dinlənilir, qaldırılan məsələlər nəzarətə götürülür və həlli üçün əməli addımlar atılır.
 
Diqqətəlayiq cəhət budur ki, bir qayda olaraq görüşlərdə rayonun hüquq-mühafizə orqanlarının, idarələrin və xidmət təşkilatlarının rəhbərləri də iştirak edirlər. Məhz belə bir ünsiyyət formasının sayəsində bir çox məsələ elə yerindəcə, operativ şəkildə həllini tapır. İlin əvvəlindən bəri Kijəbə qəsəbəsindəki hesabatda, Bala Şahağacı, Şüvi, Şağlazüzə, Ojakəran, Vaqo, Alaşa, Deqədi, Pensər, Sipiyapart, Sipiyaəlfətik, Maşxan və digər kəndlərdə keçirilən görüşlərdə də belə olub və bu da tədbirlərin istənilən səmərə ilə nəticələnməsini təmin edib. 
Adi bir misal. Mart ayında Ojakəranda görüş zamanı  kənd sakinlərindən Nəsibulla Hidayətov, Nizami İbayev, Əlövsət Talıbov, Əbülfət Talıbov, Kamil Kamilov, Eldar Həmdəmov və başqaları çıxış edərək görülən işlərə hədsiz sevindiklərini bildirmiş, müntəzəm olaraq kənd sakinləri ilə görüşə gəldiyinə, qaldırılan məsələlərin həllinə həssaslıqla yanaşdığına görə rayon rəhbərliyinə razılıqlarını çatdıraraq, kəndə gələn əsas  avtomobil yolunun təmirə ehtiyacı olduğunu söyləmişdilər. İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev onlara vəd etmişdi ki, 11 kilometr uzunluğu olan Ojakəran-Tüləküvan-Təngərüd avtomobil yolunun tikintisinin bu il reallaşmasına çalışılacaq. Üstündən heç iki ay keçməmiş həmin avtomobil yolunun yenidən qurulmasına start verildi. Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 226-cı kilometrinə çıxışına imkan yaradan yerli əhəmiyyətli bu yol hazırda 4-cü texniki dərəcəyə uyğun inşa edilir.
Layihəyə görə, yolun torpaq yatağının eni 10 metr olacaq. Hazırda optimal-qırmadaş qarışığından 16 santimetr qalınlıqda əsasın üst layının inşası işləri görülür. Yolun altından suların ötürülməsi məqsədilə 500 və 750 millimetr diametrli 80 poqonmetr uzunluğunda dəmir-beton borular quraşdırılıb, 10 poqonmetrlik dördbucaqlı su keçidinin inşası davam etdirilir. Əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.   
Qaldırılan məsələlərə maksimum diqqətlə yanaşılmasının nəticəsidir ki, Astara rayonunun rəhbərliyi eyni yaşayış məntəqəsinə bir müddət ötəndən sonra yenidən, necə deyərlər, ürəklə gedə bilir və deməyə sözü olur. Məsələn, ötənilki görüş zamanı mürəkkəb relyefə malik dağlıq ərazidə yerləşən və elektrik enerjisi ilə təchizatı son dərəcə zəif olan Şəvqo kəndi sakinlərinin işıq problemindən əziyyət çəkdiyi bildirilmişdi. Qurban bayramı ərəfəsində kəndin işıq selinə qərq edilməsi əhalinin hədsiz sevincinə səbəb oldu. Pensər çayı üzərində üç kənddən 1500 nəfərlik əhalinin istifadə etdiyi 18 metr uzunluğunda körpünün tikilməsi, Ovala kəndində avtomobil körpüsünün təmiri, Astara şəhərində Bilik və Kitab evlərinin yaradılması, Pelikəş kəndində sahə xəstəxanasının inşası, ərazilərin suvarma suyu ilə təmin edilməsindən ötrü Deqədi kəndində və Pensər çayı üzərində su anbarlarının tikilməsi ilə əlaqədar aidiyyəti təşkilatlara təkliflər göndərilməsi də bu qəbildəndir. Yeri gəlmişkən, Astarada yaz-tarla işləri vaxtı işgüzarlıqla düşünülmüş “Kabinetdən tarlalara” devizi  gündəmdən düşmür.    
Bu yaxınlarda Maşxan kəndində keçirilmiş görüş də yaddaqalan olub. Maşxan Təngərüd inzibati ərazi dairəsinə daxil olan iki kənddən biridir. Burada 818 təsərrüfatda 3255 nəfər əhali yaşayır ki, onların əsas məşğuliyyəti sitrusçuluq, heyvandarlıq və əkinçilikdir. İcra başçısı Qəzənfər Ağayev görüşdə qeyd edib ki, dəfələrlə bu kənddə və qonşu kəndlərdə görüşlər olmuş, əhali tərəfindən verilən təkliflərə baxılmış, qaldırılan problemlər həllini tapmışdır. Bu görüş də o sıradan olacaq, adamları narahat edən müşküllərə işıq tutulacaq, həlli yolları birgə araşdırılacaq.
Tədbirdə çıxış edən kənd sakinləri Qadir Məmmədov, Səfərəli Əfsəlov, Orxan Rzayev, Tarverdi Axundov, Əbülhəsən Muradov, Məmmədağa Tağıyev, Aydın Sultanov, Leyla Əhmədova və başqaları son illər rayonda və yaşadıqları kənddə görülən işlərə görə ölkə Prezidentinə dərin minnətdarlıqlarını bildiriblər. Onlar, eyni zamanda, məhəllə yolunun əsaslı təmiri, içməli su problemi, Maşxan kənd tam orta məktəbinin əsaslı təmiri və istilik sisteminin quraşdırılması, məktəbə gedən yolda piyada keçidi zolağının yerləşdirilməsi barədə təkliflərini veriblər. 
İcra başçısı vətəndaşlar tərəfindən qaldırılan məsələlərə münasibət bildirərək qeyd edib ki, Xanbulançay dəryaçasından Astara şəhərinə çəkilən içməli su xəttində işlər başa çatdırılandan sonra Maşxan kəndi və bu istiqamətdə yerləşən digər kəndlərə içməli suyun verilməsi təmin ediləcək. O, rayonda 40-dan çox yeni məktəb binasının tikildiyini və əsaslı təmir olunduğunu söyləyərək, ilk növbədə qəzalı vəziyyətdə olan təhsil ocaqlarının yenidən tikintisindən sonra Maşxan kənd tam orta məktəb binasının da əsaslı təmir olunacağını diqqətə çatdırıb. 
Səmimi və işgüzar şəraitdə keçən görüşdə Q.Ağayev vurğulayıb ki, Azərbaycanın iri şəhərləri kimi, qəsəbə və kəndləri də sürətlə inkişaf edir, abadlaşır. Son illər Astarada böyük sosial layihələrin uğurlu icrası göz önündədir. Ucqar dağ kəndləri olan Deqədi-Pəlikəş, Taxtanakəran-Miki və Taxtanakəran-Toradi istiqamətində yerləşən kəndlərə asfalt yollar çəkilərək əhalinin istifadəsinə verilmişdir. Hazırda Ojakəran-Tüləküvan-Təngərüd dairəvi avtomobil yolunun tikintisinə başlanmışdır ki, bu yoldan bir neçə kəndin, eyni zamnda Maşxan kəndinin əhalisi istifadə edəcək. Əvvəllər 3-4 saata qət edilən yolları hazırda 30-40 dəqiqəyə rahatlıqla getmək mümkündür. 
Astara şəhərinin dənizkənarı hissəsində geniş ərazidə salınan park-bulvar kompleksinin ərazisi sürətlə genişləndirilir. Burada insanların asudə vaxtlarını səmərəli keçirməsi, mənalı istirahəti üçün hər cür şərait yaradılmışdır.
– Ələt-Astara avtomobil yolunun tikintisi başa çatmaq üzrədir. Bu yol istifadəyə veriləndən sonra rahatlıqla iki saat yarıma Bakı şəhərinə getmək mümkün olacaq. Müasir dövrə uyğun sosial infrastrukturlar qurulduqca böyük turizm potensialı olan rayona xarici qonaqların və turistlərin gəlişi də çoxalır.
Prezident İlham Əliyevin kənd təsərrüfatının inkişaf etdirilməsi ilə əlaqədar tapşırıqlarına uyğun olaraq rayonumuzda, eyni zamanda Maşxan kəndində də xeyli iş görülmüş, əkin sahələri bir qədər də genişləndirilmişdir. Amma torpaqlardan səmərəli istifadəni daim diqqətdə saxlamalıyıq...
Beləcə, Astarada daha bir görüş nikbin notlar üzərində sona yetib.
Əli NƏCƏFXANLI, 
“Xalq qəzeti”nin 
bölgə müxbiri 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında