Abşeron: Sakinlər qayğıdan ruhlanırlar

Bu günlərdə Abşeron Rayon İcra Hakimiyyətinin binasında 12 yaşlı şahmatçı Ümid Aslanovla rastlaşdım. Atası Fuad müəllim də yanında idi. Ümidi yaxşı tanıyıram. Çox istedadlı şahmatçıdır. Son bir neçə ildə həmyaşıdları arasında Gürcüstan, Yunanıstan və Bolqarıstanda keçirilən beynəlxalq turnirlərin qalibi olub.

Ondan da xəbərim vardı ki, Ümid ABŞ-dan yenicə qayıdıb. Filadelfiya şəhərində keçirilən beynəlxalq şahmat turnirində bürünc medala layiq görülüb. Ümidin həmin gün Abşeron RİH-ə gəlişi səbəbsiz deyildi. Onu burada istedadlı abşeronlu məktəblilərlə təşkil olunan görüşə dəvət etmişdilər. Abşeron RİH-in başçısı İradə Gülməmmədova məktəbliləri həyatda qazandıqları ilk uğurları münasibətilə təbrik edib, qayğı və problemləri ilə maraqlanıb.

Yeri gəlmişkən, bu qəbildən olan tədbirlər Abşeron RİH rəhbərliyinin iş üslubu üçün səciyyəvidir. Məqsəd hər bir yeniyetmə və gəncin, rayonun bütün sakinlərinin uğurlarının daha çox olması üçün şərait yaratmaqdır. Burada təkcə yeniyetmə və gənclərə deyil, hər kəsə qayğı göstərməyə çalışırlar. İnsanlara qayğı isə bəhrəsiz qalmır. Onlar daha böyük həvəslə, daha böyük qurub-yaratmaq əzmi ilə çalışırlar.

Son illər rayonda bir sıra sahələrdə, xüsusilə tikinti-quruculuq, abadlıq istiqamətində uğurlu işlər görülüb. Maraqlıdır ki, burada fasiləsiz abadlıq marafonu başlayıb. Sakinlər qurub-yaratmaqdan zövq alırlar. Görünən budur ki, son illər Abşeron rayonu, onun kənd və qəsəbələri sanki böyük bir tikinti meydançasına çevrilib. Hara getsən, hara baxsan, orada geniş tikinti, abadlıq-quruculuq işlərinin şahidi olursan.

Hazırda Xırdalan şəhərində 23 çoxmənzilli yaşayış binasında təmir işləri gedir. Bundan əvvəl isə buradakı 21 binanın dam örtüyü, 14 binanın fasadı əsaslı təmir olunaraq, sakinlərin istifadəsinə verilib. Xırdalan şəhərində 9 çoxmənzilli yaşayış binasında 37 sərnişin liftinin təmir olunmasına başlanılıb. Ceyranbatan qəsəbəsində 6, Mehdiabad qəsəbəsində isə 1 çoxmənzilli yaşayış binasında təmir işlərinin aparılması üçün hazırlıq işləri görülür.

Rayonda yol infrastrukturunun bərpası və inkişaf etdirilməsinə böyük önəm verilir. Güzdək–Buta, Qobu–Lökbatan, Mehdiabad–Pirşağı avtomobil yollarının təmirinə, Bakı–Quba avtomagistralından Masazır, Novxanı istiqamətinə 2,7 kilometr uzunluğunda alternativ yola asfalt salınmasına başlanılıb.

Bəllidir ki, Abşeronun yarımsəhra, qumsal torpaqlarnda yaşıllıqlar salmaq, ağac əkib-becərmək o qədər də asan deyil. Amma abşeronlular hər vəchlə yaşıllıqları artırmaq əzmindədirlər. Təkcə son bir neçə ay ərzində rayonun yaşayış məntəqələrində 10 mindən çox zeytun, çinar, şam və digər növ ağac əkilib.

Rayon rəhbərliyi əhalinin fasiləsiz elektrik enerjisi ilə təminatı ilə bağlı davamlı işlər görür. Bu ilin əvvəlindən rayonun yaşayış məntəqələrində 23 yeni transformator quraşdırılıb, 4 transformator təmir edilib, 249 ədəd dayaq və 31220 metr naqil dəyişdirilib, yaşayış məntəqələrində 32400 metr uzunluqda “SİP” kabelləşməsi aparılıb. Hökməli, Qobu, Aşağı Güzdək, Saray, Masazır, Fatmayı, Görədil, Novxanı, Məmmədli yaşayış məntəqələrində elektrik təsərrüfatının yenidən qurulması istiqamətində işlər davam etdirilib, Güzdək qəsəbəsinin enerji təchizatının Qaradağ rayonundan ayrılması məqsədilə Paylayıcı Transformator Məntəqəsinin tikintisi başa çatdırılaraq, Qobu yarımstansiyasından qəsəbəyə 10 kilovotluq xəttin çəkilişinə başlanılıb.

Xırdalan şəhərinin su-kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı işlərə ötən ilin iyul ayından başlanılıb, işlər sürətlə davam etdirilib, bu günə qədər 65 kilometr uzunluğunda içməli su xətti çəkilib. Ümumilikdə, layihə çərçivəsində 168 kilometr içməli su, 110 kilometr uzunluğunda kanalizasiya xəttinin çəkilişi nəzərdə tutulur.

 “Azərduz” İstehsalat Birliyinin fəaliyyət göstərdiyi Masazır duz gölünün ekoloji təmizliyinin təmin edilməsi ilə bağlı ölkə Prezidentinin tapşırığı əsasında Masazır və Novxanı kəndləri ərazisində çirkab sularının axıdılması üçün 13,2 kilometr xəttin 12,7 kilometr hissəsinin inşası başa çatdırılıb. Hazırda burada nasosxana inşa edilir.

Məmmədli kəndində qrunt sularının axıdılması məqsədilə Nəsrəddin Tusi, Səməd bəy Mehmandarov və İsmət Qayıbov küçələrində ümumi uzunluğu 1200 metr olan açıq kanal çəkilərək mərkəzi kanalizasiya xəttinə birləşdirilib. Kəndin mərkəzi küçəsinin ətrafında olan divarların üzlük daşlarla üzlənilməsi işlərinə başlanılıb.

Pirəkəşkül və Qobustan kəndlərinə su xətlərinin çəkilişi davam edir. Pirəkəşkül-Qobustan bələdiyyəsinin vəsaiti hesabına daxili yollara 1000 kubmetr çınqıl tökülərək yayılıb. Novxanı bələdiyyəsi tərəfindən Salatın Əsgərova küçəsinə 1500 kvadratmetr, Teymur Əliyev küçəsinə 1200 kvadratmetr asfalt çəkilib. Saray və Novxanı yaşayış məntəqələrində müxtəlif diametrli 1300 paqonmetr uzunluğunda yeni təbii qaz xətləri çəkilib, rayon üzrə ümumilikdə 4422 ədəd sayğac quraşdırılıb.

Rayon sahibkarları ixracyönümlü məhsul istehsalına diqqəti artırıb. Ərazidə fəaliyyət göstərən 37 şirkət tərəfindən istehsal olunan 350 adda məhsulun xarici bazarlara çıxarılması üçün “Azexport.az” saytında müvafiq məlumatlar yerləşdirilib. Görülən məqsədyönlü işlərin nəticəsində 2018-ci ilin üç ayı ərzində rayonda sənaye məhsulunun həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 18,7 faiz artaraq 43,6 milyon manata çatıb. Sənaye müəssisələrində işləyənlərin sayı 7572 nəfər olub, işçilərin orta aylıq əmək haqqı 338 manat təşkil edib.

Rayonda kənd təsərrüfatı sahəsində, xüsusilə bitkiçilik məhsulları istehsalının artımına nail olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 faiz çox olmaqla 414 hektar sahədə tərəvəz əkilib. Rayonun qəsəbə və kəndlərində fərdi və fermer təsərrüfatlarında qaramalın sayı 21397 başa, davarın sayı 107547 başa, quşların sayı isə 876793 başa çatıb. Bu il rayonda 953 ton ət, 6996 ton süd istehsal olunub, yumurta istehsalı isə 36 milyon ədədə çatıb.

Rayonun kənd təsərrüfatı torpaqlarında zeytun və badam bağları genişləndirilir. Xəzər rayonu ərazisindən Abşeron rayonuna təhkim olunmuş kənd təsərrüfatı təyinatlı torpaqlarında 4 min hektara yaxın sahədə aqroparkın yaradılması istiqamətində işlər görülür. Aqropark üçün artıq 30 ədəd müxtəlif təyinatlı texnika alınıb. Burada 60 hektar sahədə artıq badam əkilmiş, damcılama suvarması şəbəkəsi quraşdırılıb, Prezident İlham Əliyevin sərəncamına əsasən, 2018-ci il dövlət büdcəsində əsaslı vəsait qoyuluşu xərclərindən Abşeron rayonunda xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması məqsədilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə 2 milyon manat vəsait ayrılıb. Bununla əlaqədar Qobu qəsəbəsi ərazisində 0,7 hektar yer ayrılıb. Bu da rayonda xalçaçılığın inkişafına, bu sahədə qədim ənənələrin davam etdirilməsinə böyük təkan verəcəkdir.

Rayonun şəhid, əlil və imkansız ailələrinə diqqət artıb. Abşeron Rayon İcra Hakimiyyəti başçısının yanında büdcədənkənar inkişaf və bərpa fondundan 15 şəhid ailəsi, əlil və imkansıza 5300 manat yardım göstərilib. Rayonun daxili imkanları hesabına Novruz bayramı ərəfəsində bütün şəhid ailələrinə bayram payı verilib. Rayon ərazisində məskunlaşmış 11841 məcburi köçkün ailəsinin qayğıları da diqqət mərkəzində saxlanılıb.

Abşeron RİH-in rəhbərliyi rayonda təhsil, səhiyyə, mədəniyyət sahələrinə daim diqqət və qayğı göstərməyə çalışır. Bir müddət əvvəl Mehdiabad qəsəbəsində 1200 şagird yerlik ümumtəhsil məktəbinin tikintisi başa çatıb, ətrafında abadlıq işləri görülüb.

Əhalinin səhiyyə xidmətinin yaxşılaşdırılması istiqamətində də davamlı tədbirlər həyata keçirilib. 2018-ci ilin fevral ayından rayonda sakinlərin tibbi müayinəsinə başlanılıb və artıq 47192 nəfər rayon sakini tibbi müayinədən keçirilib. Müayinənin nəticəsi olaraq 2412 nəfər xəstəyə ambulator müalicə təyin edilib, 552 nəfər isə stasionar müayinə və müalicəyə göndərilib.

Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən aparılmış profilaktiki tədbirlər nəticəsində rayonda epidemioloji vəziyyət sabit olub. 2018-ci ilin 3 ayı ərzində bir çox yoluxucu xəstəliklərin sayı azalıb, bəzi xəstəliklər isə ümumiyyətlə, qeydə alınmayıb. Rayonun məktəb, uşaq bağçası və digər müəssisələrində, Xırdalan şəhərindəki çoxmənzilli yaşayış binalarında, su anbarlarında dezinfeksiya tədbirləri həyata keçirilib, sanitar təmizliyin vəziyyəti ilə bağlı rayonun Xırdalan şəhəri, Fatmayı, Görədil, Məmmədli, Novxanı, Digah, Ceyranbatan, Qobu yaşayış məntəqələrində reydlər aparılıb.

Son vaxtlar mədəniyyət müəssisələrinin fəaliyyəti də xeyli canlandırılıb. “20 Yanvar”, Xocalı faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiyalar təşkil edilib, əlamətdar günlərdə və bayramlarda tədbirlər keçirilib. Bu il Novruz bayramı zamanı Heydər Əliyev adına parkda keçirilmiş ümumrayon tədbirində ümumtəhsil məktəbləri və körpələr evi-uşaq bağçaları kollektivlərinin əl işlərindən ibarət sərgilər təşkil edilib. Bayram ərəfəsində Abşeron rayonu ictimaiyyətinin nümayəndələri ilə rayonun Pirəkəşkül kəndi ərazisində yerləşən “N” saylı hərbi hissədə əsgərlərlə görüş keçirilib, onlara bayram sovqatı aparılıb.

 Dövlət gənclər siyasətinin həyata keçirilməsi, idmanın kütləvililiyinin təmin edilməsi sahəsində də ciddi iş aparılıb. Hazırda rayonda 6 mindən çox yeniyetmə və gənc idmanın 28 növü ilə məşğul olur. 2018-ci ilin əvvəlindən rayon gəncləri 4 beynəlxalq və 23 respublika yarışlarında iştirak ediblər. Bu yarışlarda abşeronlu gənclər 59 medal, o cümlədən 14 qızıl medal qazanıblar.

Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq həyata keçirilən, gənc və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayan “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində 2018-ci ilin 26-29 mart tarixlərində rayonun ümumtəhsil məktəblərinin 40 nəfər şagirdi ölkəmizin qərb bölgəsinə səfər edib.

Rayon icra hakimiyyəti, Polis idarəsi, Gənclər və idman idarəsi və Təhsil şöbəsi birlikdə “Narkomaniya ümumbəşəri bəladır” və “Qeyri-ənənəvi dini təriqətlərə, dini radikalizmə qarşı mübarizə” mövzularında rayonun şəhər, qəsəbə və kəndlərində 38 görüş keçirib. Rayonda narkomaniya və narkotik maddələrin qanunsuz dövriyyəsi ilə bağlı mübarizə ciddi şəkildə davam etdirilir.

Abşeron RİH-in fəaliyyətində vətəndaşların müraciətlərinə, təklif, ərizə və şikayətlərinə baxılması mühüm yer tutur. 2018-ci ilin 3 ayı ərzində RİH-ə 522 ərizə, təklif və şikayət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 faiz azdır.

Rayon icra hakimiyyətinin başçısı tərəfindən keçirilən qəbullarda 156 nəfər vətəndaşın müraciəti dinlənilib, haqlı tələblərin təmin olunması üçün lazımi tədbirlər görülüb. Bu zaman yerlərdə vətəndaşların səyyar qəbullarına üstünlük verilib. Yeri gəlmişkən, 2018-ci ilin əvvəlindən 3 ay ərzində rayonun kənd və qəsəbələrində 2 min nəfərdən çox sakinin iştirakı ilə səyyar qəbul-görüşlər keçirilib.

Abşeron rayonunda yuxarıda haqqında söhbət açdığımıız bütün işlər, nəzərdə tutulan planlar rayon vətəndaşlarının rahatlığını təmin etmək, maddi durumunu, güzəranını yaxşılaşdırmaq məqsədi daşıyır. Rayon sakinləri bunu görür və yüksək dəyərləndirirlər.

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında