Sahil Babayev: Şəffaflığın təmin edilməsi üçün sistemli tədbirlər görüləcək

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirlik  yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində (DTSERX) müşavirə keçirib. 

S.Babayev Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, əlilliyin qiymətləndirilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyətin təkmilləşdirilməsinin, bu sahədə də şəffaflıq yaradılmasının nazirlik qarşısında əsas vəzifələrdən olduğunu vurğulayıb. Nazir bildirib ki, əlillik təyinatlarının həyata keçirilməsində mövcud olan vəziyyəti qənaətbəxş hesab etmək olmaz. Əlilliyin qiymətləndirilməsi prosesi tam qanunvericilik çərçivəsində icra olunmalıdır. Kimin ki, qanunla əlillik qrupu almağa hüququ çatır, onların bu hüququ, narazılıq yaratmadan təmin edilməlidir. Digər tərəfdən, əlillik vəziyyətində olmayan şəxslərə bilərəkdən  əsassız şəkildə əlillik qrupu təyin edilməsi hallarına yol verilməməlidir.

Belə hallara yol verən əməkdaşların aşkar edilərək heç bir güzəşt olmadan sərt şəkildə cəzalandırılacağını qeyd edən S.Babayev diqqətə çatdırıb ki, ümumilikdə saxta əlillik təyinatlarına yol verilməsi və əlilliyin təyin olunmasında süründürməçilik hallarının qarşısının alınması üçün sistemli tədbirlər görüləcək. Artıq nazirlikdə müvafiq işçi qrupu yaradılıb. Həmin işçi qrupu Səhiyyə Nazirliyinin müvafiq işçi qrupu ilə birgə müəyyən bir dövr üzrə əlillik təyinatları ilə bağlı araşdırmalar aparır. Bu araşdırmaların nəticələrinə uyğun ciddi tədbirlər görüləcək. Müvafiq qanunvericilikdə də zəruri təkmilləşdirmələr aparılacaq. Həmçinin, əlilliyin qiymətləndirilməsi hazırda səhiyyə müəssisələrinin elektron sistemə daxil etdikləri göndərişlər əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən yerinə yetirilir ki, bu sistemin təkmilləşdirilməsi üçün də təkliflər hazırlanacaq.

Nazir qabaqcıl beynəlxalq meyarlara uyğun olaraq, əlilliyin əmək qabiliyyətinin itirilmə faizinə uyğun qiymətləndirilməsi sisteminin yaradılmasının da əsas hədəflərdən olduğunu bildirib. Diqqətə çatdırıb ki,  əlillərin reabilitasiyası səviyyəsi demək olar ki, sıfıra enib və bu sahədə ciddi dönüş yaradılması, reabilitasiya səviyyəsinin artırılması üçün fərdi reabilitasiya proqramının, nazirliyin bərpa mərkəzləri ilə bağlı konkret hədəfləri müəyyən edən konsepsiyanın hazırlanması təmin olunacaq. O, bölgələr üzrə əlilliyin fərqli artım tempi ilə bağlı araşdırma aparıldığını diqqətə çatdırıb və xidmətin kollektivinə konkret tapşırıqlarını verib.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında