Zaqatala: Bu yaz başqa yaz oldu...

Əslində, bu yazını da ənənəmizə uyğun olaraq, Zaqatalanın bahar gözəlliklərinin vəsfi ilə başlamaq istəyirdim. Çünki bu  yerlərin yaz rəngini, təravətini min dəfə qələmə alsan da, sözün tükənən deyil.  Amma, rayon mərkəzində -- 1941-1945-ci illərin Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılmış “Xilaskar əsgər” abidəsinin önündə  rayon veteranlar şurasının sədri Ənvər Kərimovla görüşdən sonra  fikrimi dəyişdim. Çünki ağsaqqal söhbəti qürurun, qeyrətin, yenilməzliyin və qədirbilənliyin üstünə gətirmişdi. Həm də həmsöhbətim sırf insani keyfiyyət olan həmin dəyərlər barədə məhz özünəməxsus şəkildə danışırdı:

-- Biz həmişə olduğu kimi, bu il də 9 May Qələbə Gününü və ulu öndər Heydər Əliyevin anadan olmasının növbəti ildönümünü  bayram kimi qeyd edəcəkdik. Ancaq tale elə gətirdi ki, bu yaz bayram və əlamətdar günlərimiz daha da çoxaldı. Hamısını da yüksək səviyyədə qeyd edirik. Belə ki, xalqımız aprelin 11-də növbəti dəfə prezident seçdi, ölkəmizin dövlət müstəqilliyini əbədiləşdirən Heydər Əliyev siyasətini dəstəklədik. Başqa bir əlamətdar məsələ isə cənab ­Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi oldu. Dövlət başçımızın həmin qərarı əsl qədirbilənlik nümunəsi kimi hamı tərəfindən böyük məmnunluqla qarşılandı.

9 May Qələbə Gününə gəlincə isə, qeyd edim ki, müharibə illərində Zaqataladan 6 mindən çox gənc səfərbər edilmişdi. Onların, demək olar ki,  yarısı cəbhədən qayıtmadı. Qayıdanlar isə geridə qalan 73 ildə dünyasını dəyişdi. Bu gün rayonda cəmi iki nəfər Böyük Vətən müharibəsi veteranı yaşayır. Qələbə Günü keçirilən ümumrayon tədbirinə isə onların biri – Vanuş Məmmədov gələ bilmişdi. Çox qürurlu idi. Onun məğrurluğunu beş illik müharibə də əlindən ala bilməmişdi, müharibədən sonrakı 73 il də, qələbə günü tədbirində tək qalması da. Bizim torpaq belədir. Mənfur qonşularımızın fitnəkarlığı üzündən başlanmış  Qarabağ uğrunda döyüşlərdə də zaqatalalı gənclər öz ata-babaları kimi, sözün həqiqi mənasında qəhrəmanlıq, cəsarət, şücaət göstəriblər.

Ənvər Kərimovla  mayın 9-da görüşmüşdük. Ertəsi gün isə  ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar rayondakı  Heydər Əliyev Mərkəzində məktəblilərin əl işlərindən ibarət sərgiyə baxış və  "XX əsr bəşər tarixinin parlaq şəxsiyyəti" mövzusunda elmi-praktiki konfrans keçirilirdi.  Rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin  məruzəsində qeyd edilirdi ki,  xalqımızın dahi oğlu, ümummilli lider Heydər Əliyev Azərbaycanın idarəçilik sükanı arxasına keçdikdən sonra qısa müddətdə ölkəmizi fəlakət və məhrumiyyətlərdən xilas etmişdi. Natiq ulu öndər  Heydər Əliyev tərəfindən yaradılmış,  möhkəm təməl üzərində dayanan Azərbaycan dövlətini Prezident İlham Əliyevin daha da möhkəmləndirdiyini söylədi və  əlavə etdi ki, Zaqatalanın istənilən sakini ulu öndərin qoruyub saxladığı dövlətin daha da qüdrətləndirilməsinə öz töhfəsini verir və verəcək.

Yeri gəlmişkən, Mübariz müəllimlə həmin tədbirdən əvvəl də görüşmüşdük və o, zaqatalalı əmək adamlarının gündən-günə artan uğurlarının bəzilərini yada salmışdı. Məsələn, rayon rəhbərindən eşitmişdim ki, geridə qalan istənilən ildə, rübdə və ya ayda  iqtisadiyyatın dinamik inkişafına nail olunur.  Məsələn, bu ilin ilk üç ayında rayonda ümumi məhsul buraxılışının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 3,7 faiz artaraq 64 milyon 635 min manata çatıb. Məhsul istehsalı kənd təsərrüfatında 6,5 faiz, ticarətdə 23,5 faiz, rabitədə 10,7 faiz artıb, pərakəndə əmtəə dövriyyəsi 4,5 faiz, pullu xidmətlərin həcmi isə 2,3 faiz çoxalıb. Əsas kapitala yönəldilən investisiyaların həcmi 2,1 dəfə artaraq 4 milyon 696 min manat, o cümlədən tikinti-quraşdırma işlərinin həcmi 2,2 dəfə artaraq 4 milyon 443 min manat olub. Üç ayda rayonda 565-i daimi olmaqla, 585 yeni iş yeri açılıb.

 Mübariz Əhmədzadə qeyd etdi  ki, Prezident İlham Əliyevin mövcud iqtisadi potensialdan daha səmərəli istifadə olunması, ixracyönümlü istehsal, emal və infrastruktur müəssisələrinin yaradılması və inkişaf etdirilməsi istiqamətində verdiyi tapşırıqların icrasını təmin etmək məqsədi ilə Zaqatala rayonunda da zəruri tədbirlər həyata keçirilir. Cari ildə rayonda 750 hektardan çox sahədə tütün əkilib.  İxrac potensialı yüksək sahələrdən olan fındıqçılığı inkişaf etdirmək məqsədi ilə mövcud fındıq bağlarının sahəsinin iki dəfə artırılması istiqamətində tədbirlər davam etdirilib. Belə ki, cari ilin yaz mövsümündə 352 hektar sahədə yeni bağlar salınaraq mövcud fındıq bağlarının sahəsi 18 min 503 hektara çatdırılıb.

Həmsöhbətim qeyd etdi  ki, ənənəvi sahələrdən olan baramaçılığın inkişafı istiqamətində tədbirlər cari ildə də davam etdiriləcək. Baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədi ilə son iki ildə rayon ərazisində 276 minə yaxın tut tingi əkilib. Ənənəvi və ixrac potensialı yüksək sahələrdən olan gülçülüyün inkişaf etdirilməsi üçün son iki ildə rayonun Aşağı Tala kəndi ərazisində 167 hektar sahədə yeni gül plantasiyası salınıb, ərazidə damcılama suvarma sistemi quraşdırılıb. Hazırda mövcud 192 hektar gül plantasiyalarında aqrotexniki qulluq tədbirləri aparılır.

Rayonda sahibkarlığın davamlı olaraq inkişaf etdirilməsi və bu sahədə qarşıya çıxan problemlərin həlli istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan kənd təsərrüfatı sahələrini kiçik həcmli investisiya layihələrinin maliyyələşdirilməsi məqsədi ilə 3 layihə üzrə 26 min manat həcmində güzəştli kredit verilib.  Rayon iqtisadiyyatına qoyulmuş 1 milyon 330 min manat investisiyanın 58,7 faizi xidmət sahələri üzrə obyektlərin, 33,8 faizi yaşayış evlərinin tikintisinə, 7,5 faizi ticarət sahəsinin inkişafına cəlb edilib.

Rayon rəhbəri qeyd etdi ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın  icrası  ilə bağlı rayonda  kənd təsərrüfatı tədbirləri davam etdirilir.  Bu məqsədlə  367 ədəd özüyeriyən texnikadan istifadə edilib, “Aqrolizinq” ASC-nin Şəki regional nümayəndəliyinin rayon bölməsi tərəfindən 51 ədəd müxtəlif kənd təsərrüfatı texnikası vasitəsi ilə  aqrotexniki tədbirlər davam etdirilib.

Həmsöhbətim qeyd etdi ki, Zaqatala ölkənin əsas turizm bölgələrindən biri olduğuna görə qarşıda duran mühüm vəzifələrdən biri də müasir yol infrastrukturunun yaradılmasıdır. Bu məqsədlə rayonda avtomobil yollarının yenidən qurulması və əsaslı təmiri sahəsində  müəyyən işlər görülüb, magistral və kəndlərarası avtomobil yollarında, şəhərin küçələrində cari təmir işləri aparılıb. Rayonun yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ayrılmış vəsaitlər hesabına  Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsinin bərpası başa çatdırılıb. 23 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Əliabad-Muğanlı-Faldarlı-Qandax-Yengiyan-Əliabad avtomobil yolunda uzunluqları 18 və 12 metr olan 2 körpü inşa edilib, 50-yə yaxın suötürücü boru quraşdırılıb, yolun torpaq yatağının və yol əsasının tikintisi, köhnə asfalt qatının frezlənməsi, səkilərin tikintisi işləri aparılıb. Eyni zamanda,  “Azəravtoyol” ASC tərəfindən  Yevlax-Zaqatala-Gürcüstan  dövlət sərhədi avtomobil yolunun Zaqatala-Balakən-Mazımçay hissəsinin əsaslı təmiri də davam etdirilir.

Rayonda abadlıq-quruculuq işlərinin də uğurla davam etdirildiyini yada salan Mübariz  Əhmədzadə dedi ki,  şəhərin  abadlığına ayrılmış vəsait hesabına 28 May, E.Ağayev, H.Z.Tağıyev, Nizami küçələrində, Qala düzü pilləkənlərində, Heydər Parkında təmir işləri aparılıb, 5170 kvadratmetr tamet örtüyü, 880 metr uzunluğunda müxtəlif diametrli borularla yağış sularının kənarlaşdırılması üçün küçə arxları çəkilib, 2150 metr beton səki daşı quraşdırılıb, 77 ədəd metal işıq dirəyi basdırılaraq yeni işıqlandırma sistemi yaradılıb. Bundan əlavə Tala çayı üzərindəki körpüdə işıqlandırma sistemi təmir olunaraq 10 ədəd yeni metal işıq dirəyi, Heydər Əliyev prospektində 2 saylı tam orta məktəbin qarşısında 50 metr uzunluğunda məktəblilərin təhlükəsizliyinin təmin olunması üçün metal məhəccərlər quraşdırılıb.

Rayon əhalisinə göstərilən xidmət sahələrində əldə edilən uğurlardan, təhsil, səhiyyə, mədəniyyət müəssisəsinin maddi-texniki bazasının möhkəmləndirilməsindən də danışan həmsöhbətim qətiyyətlə söylədi ki, istənilən sahədəki fəaliyyətimizi məhz dövlət başçımızın tələb etdiyi səviyyədə qururuq: “İnsan o zaman özünü rahat, sərbəst hiss  edə bilər ki, ona göstərilmiş etimadı doğrultmuş olsun”.

Bax belə. İndi isə Zaqatalanın təbiəti haqqında yazmaq olar. Amma bir məsələni bilmək istəyirəm. Hansısa  qələm sahibi başqa müəllifin fikirlərindən istifadə edəndə ona “plagiat” deyirlər. Bəs mən bugünkü yazımda özümün köhnə yazılarımdan istifadə edirəmsə, bunun adı nədir? Nə olur, olsun, 2010-cu il mayın 1-də “Xalq qəzeti”ndə Zaqatala haqqında verilən bir yazımın əvvəlindəki sətirləri yada salıram:

“Dağlar süfrə açır bahar gələndən,

Yaxınlı, uzaqlı qonaqdan ötrü.

Yay boyu süfrəyə gələn nemətin

Dodaqda dadı var, budaqda ətri.

Doğrusu, bu sətirlərin Qəbələdə, Zaqatalada, Qubada və ya Daşkəsəndə yazıldığını bilmirəm. Amma onu dəqiq bilirəm ki, şeirdə dağların məhz bu günlərdə minbir rəngli süfrə açması, yay boyu həmin süfrəyə saysız qədər nemət düzməsi, nəhayət, oktyabrda payız küləklərinin “əli ilə” həmin süfrəni çırpıb, təmizləyib gələn il üçün saxlaması əsl kənd adamının müşahidələri əsasında qələmə alınıb”.

… Mayın əvvəlində Zaqataladan qayıdanda səkkiz il əvvəlki  yazımın bu sətirlərini yadıma salan təbiətə min əhsən!

İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında