“Müstəqil Azərbaycan Heydər Əliyevin taleyində və düşüncəsində”

Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş mədəni-kütləvi tədbirlər, elmi-praktik konfranslar Xətai rayonunda da davam etməkdədir. Rayon icra hakimiyyətinin YAP Xətai rayon təşkilatı ilə birgə, hələ bir neçə ay əvvəldən hazırladığı “Heydər Əliyev ongünlüyü” xüsusi proqramına salınmış tədbirlərin, əsasən dahi rəhbərin ideyalarına, istək və arzularına uyğun olaraq keçirilməsi nəzərdə tutulurdu.

 Mayın 4-nə planlaşdırılan ilk tədbir ulu öndərin adını daşıyan liseyin iclas zalında keçirildi. Rayonun təhsil ocaqlarının kollektivlərinin, YAP rayon təşkilatının, rayon gənclər və idman idarəsi nümayəndələrinin iştirakı ilə keçən toplantıda icra hakimiyyəti başçısının müavini Jalə Abdıyeva “Müstəqil Azərbaycan Heydər Əliyevin taleyində və düşüncəsində” adlı geniş məruzə ilə çıxış etdi. Dahi siyasətçinin həyat və fəaliyyətinin müxtəlif dövrlərinə nəzər salan natiq qeyd etdi ki, bu gün sadəcə, ümummilli lider Heydər Əliyevin doğum gününün 95 illiyi yox, sözün əsl mənasında, müstəqil Azərbaycan dövlətçiliyinin bayramdır. Çünki ulu öndər Heydər Əliyev bütün ömrü boyu Azərbaycanın azadlığı və istiqlaliyyəti haqqında düşünmüşdür. Tale bu fürsəti Azərbaycan xalqına yetirəndə ulu öndər var gücü ilə onun əbədiləşməsi, müstəqilliyin bərqərar olması üçün mübarizə aparmşdır.

J.Abdıyeva vurğuladı ki, ulu öndər Heydər Əliyev həyatda hansı vəzifədə çalışmasından asılı olmayaraq, bütün ömrü boyu daim ümumxalq mənafeyindən çıxış etmiş, Azərbaycanın müstəqilliyi düşüncəsi ilə qarşıya qoyduğu hədəflərə yetişmək üçün bütün gücünü və siyasi nüfuzunu səfərbər etmişdir.

Məruzəçi qeyd etdi ki, müstəqillik tariximizdə Heydər Əliyevin dövlətçilik fəlsəfəsini yeni keyfiyyət mərhələsinə qaldıran Prezident İlham Əliyev dövrü Azərbaycanı bölgənin liderinə, dünyada söz sahibinə çevirən dinamik inkişaf və möhtəşəm quruculuq mərhələsi kimi tarixə yazılmaqdadır. Məhz ulu öndər Heydər Əliyevin 2003-cü ildə xalqa müraciətindən sonra Azərbaycan Prezidenti seçilmiş İlham Əliyev milli maraqların dövlət siyasəti səviyyəsində müdafiəsini qətiyyətlə davam etdirdi.

Toplantıda çıxış edən natiqlər qeyd etdilər ki, 100 yaşını qeyd edəcəyimiz Xalq Cümhuriyyətinin varisi olan müasir müstəqil Azərbaycan dövlətinin yaranması və yaşaması, əbədiyyətə yol alması bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin mübarizliyi bir çox siyasətçilərdən fərqli olaraq, onun sözündə yox, əməlində idi. Müstəqil Azərbaycan onun şah əsəri və taleyi idi.

Məruzə və çıxışlardan sonra ulu öndərin xatirəsinə həsr edilmiş ədəbi-bədii kompozisiya nümayiş etdirildi.

Elə həmin gün yubiley tədbirləri çərçivəsində ağacəkmə kampaniyasına start verildi. Xətai Rayon İcra Hakimiyyətinin aparatı, YAP rayon təşkilatının əməkdaşları, rayonun idarə və müəssisələrinin, xidmət sahələrinin, sahibkarlıq qurumlarının nümayəndələri “Zeytunluq” deyilən əraziyə toplaşaraq, əsl bayram əhval-ruhiyyəsi ilə ağac əkməyə, ərazidəki yaşıllıqlarda budama işləri aparmağa və buranın suvarılmasına başladılar. Az bir müddətdə 500-dən artıq həmişəyaşıl şam ağacı əkildi.

Həmin gün yubileyə həsr edilmiş son tədbir rayon məktəbliləri arasında keçirilən şahmat və mini futbol turnirinin final mərhələsinin yekunu oldu. Ulu öndərin 95 illiyi ilə əlaqədar keçirilən futbol üzrə xatirə turnirində 22 məktəbin gənc idmançıları yarışmışdılar. Mayın 4-də bütün görüşlərdə qalib gələn 257 və 64 saylı məktəblərin futbol komandaları turnirin baş mükafatı uğrunda gərgin mübarizəyə başladılar. Meydandakı mübarizə əzmindən görünürdü ki, heç bir komanda uduzmaq niyyətində deyil. Yeniyetmələrin hər biri turnirin qalibi olmaq və bu günü qələbə ilə məktəb xatirələrinə yazmaq istəyirdi. Axı bu, onlara müstəqillik, azadlıq və yeni həyat bəxş etmiş dahi bir şəxsiyyətin - ulu öndər Heydər Əliyevin 95 illik yubileyinə həsr edilmişdi. Amma neyləyəsən ki, qalib bir komanda olmalı idi, o da 64 saylı məktəbin komandası oldu.

Elə buradaca rayon icra hakimiyyəti başçısının müavini Jalə Abdıyeva turnirin xatirə kubokunu qaliblərə təqdim etdi. Kubok bir komandaya verilsə də, turnirdən qalan xoş xatirələrdən hamıya pay düşdü.

İlqar RÜSTƏMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında