Naxçıvan şəhərinin Gənclər Paytaxtı seçilməsi onun mövcud imkanlarının təbliği baxımından böyük əhəmiyyətə malikdir

Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində “Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu” mövzusunda konfrans keçirilib.

Tədbir Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman nazirliklərinin, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə reallaşıb.

Əvvəlcə konfrans iştirakçıları ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsinin önünə gül dəstələri qoyublar.

“Azərbaycançılıq və gənclik” adlı təbliğat kampaniyası çərçivəsində təşkil edilən tədbirdə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Azərbaycanda dövlət gənclər siyasətinin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu deyən Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov bildirib ki, dahi şəxsiyyət ölkəmizə rəhbərliyinin bütün dövrlərində gənc nəslin əsl himayədarı olub, sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin fəal iştirakının təmin olunmasını diqqət mərkəzində saxlayıb. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı ilə ulu öndərin dövlət gənclər siyasəti uğurla davam etdirilir. Ölkəmizdə gənclərin hərtərəfli inkişafı üçün ardıcıl tədbirlər görülür, elm və təhsil ocaqları, gənclər mərkəzləri, idman kompleksləri tikilib istifadəyə verilir. Bunun nəticəsidir ki, Azərbaycan gəncliyi ictimai həyatın bütün istiqamətlərində fəal iştirakı ilə seçilir, beynəlxalq miqyaslı yarış və tədbirlərdə ölkəmizi layiqincə təmsil edir.

Nazir vurğulayıb ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”na  uyğun olaraq keçirilən “Azərbaycanın Gənclər Paytaxtı” layihəsi ilk günlərdən böyük maraqla qarşılanıb, gənclərlə işin daha da canlandırılmasına səbəb olub. Bu baxımdan müsabiqə Naxçıvan gəncləri tərəfindən də daim diqqətdə saxlanılıb, son illər seçimlərdə Naxçıvan şəhərinin namizədliyi irəli sürülüb. 2018-ci ilə İslam Mədəniyyəti Paytaxtı kimi qədəm qoyan Naxçıvan şəhəri, həmçinin gənclərin yüksək fəallığı, xüsusən internet resurslarında aktivliyi nəticəsində ölkəmizin Gənclər Paytaxtı seçilib. Bu, Naxçıvan Muxtar Respublikası tarixində əlamətdar hadisələrdən biridir. Adıçəkilən layihə muxtar respublikanın, Naxçıvan şəhərinin mövcud imkanlarının ölkə miqyasında təbliği baxımından böyük əhəmiyyətə malikdir.

“Bu gün “Azərbaycançılıq və gənclik” adlı təbliğat kampaniyası və “Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu” mövzusunda konfransın keçirilməsi gənclərin ideoloji siyasi şüurunun artırılması, onların vahid fikir ətrafında birləşməsi baxımından böyük əhəmiyyətə malikdir” – deyən Azad Cabbarov diqqətə çatdırıb ki, muxtar respublikada son illər həyata keçirilən infrastruktur layihələri nəticəsində gənclərin yaradıcılıq və təhsil imkanlarının, asudə vaxtlarının səmərəli təşkili istiqamətində ən yüksək standartlara cavab verən maddi-texniki baza formalaşdırılıb. İnanırıq ki, müasir Azərbaycan gəncliyi bundan sonra da yaradılan şəraitdən səmərəli istifadə etməklə, xalqımızın ümummilli lideri Heydər Əliyevin ideyalarını daim rəhbər tutmaqla, dövlət və dövlətçiliyə sədaqət ruhunda daha çox səylə çalışmağa, göstərilən etimada layiq olmağa çalışacaq.

Konfransda çıxış edən Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov 2018-ci ilin Azərbaycanın Gənclər Paytaxtı seçilmiş qədim Naxçıvan şəhərinin gənclərini salamlayaraq bildirib ki, ümummilli lider Heydər Əliyevin qurub yaratdığı müstəqil dövlətimizin uğurları ilə hər birimiz daim qürur hissi keçirir, azərbaycanlı olduğumuza görə fəxr edirik. Ulu öndərin ideyalarının, siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən misilsiz quruculuq işlərində gənclər də yaxından iştirak edirlər.

Azad Rəhimov vurğulayıb ki, respublikamızın 30-dan çox şəhər və rayonunda “Azərbaycançılıq və gənclik” təbliğat kampaniyası çərçivəsində tədbirlərin keçirilməsində məqsəd milli mənəvi və ümumbəşəri dəyərlər sistemində ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin geniş müzakirəsini təşkil etməkdir. Gənclər tərəfindən azərbaycançılıq məfkurəsinin düzgün dərk edilməsi ölkəmizin strateji inkişaf hədəflərinə və dövlətçilik maraqlarının təmin olunmasına xidmət edən vacib amillərdəndir. Çünki dövlətimizin inkişaf strategiyasının əsasında milli-ideoloji prinsiplər durur. Bu prinsiplər minilliklərdən dövrümüzədək qorunub saxlanılan milli mənəvi irsimiz, tarixi ənənələrimiz, mənəvi-əxlaqi dəyərlərimizlə yanaşı, müasir dövrün çağırışlarına uyğun yeni hədəflərin vəhdətində formalaşıb. Azərbaycançılıq ideyası milli təhlükəsizliyimizin təmin olunmasına, ölkəmizə qarşı yönələn təhdidlərlə birgə mübarizənin aparılmasına, bir sözlə, müstəqilliyimizin sarsılmaz və dönməzliyinə xidmət edir.

Nazir qeyd edib ki, ulu öndər Heydər Əliyevin cəmiyyətimizə təqdim etdiyi azərbaycançılıq məfkurəsi milli, dini mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşını əhatə edir. Azərbaycançılıq məfkurəsi humanizm, sülhsevərlik kimi ümumbəşəri dəyərləri, multikulturalizmi, demokratik dəyərlərə sədaqət hissini formalaşdıran prinsipləri özündə daşıyır. Bu gün biz qürur hissi keçiririk ki, dünyada müstəqil Azərbaycan dövləti, qədim və zəngin tarixi olan Azərbaycan xalqı var. Bu xalq mükəmməl dilə, yüksək mədəni dəyərlərə, özünəməxsus adət-ənənələrə malikdir. Bu dəyərləri qoruyub saxlamaq, inkişaf etdirmək və gələcək nəsillərə çatdırmaq cəmiyyətimiz qarşısında duran əsas vəzifələrdəndir.

Azərbaycan Respublikasının gənclər və idman naziri çıxışının sonunda bir daha Naxçıvan gənclərini ölkənin ictimai-siyasi həyatında yüksək fəallıqlarına görə təbrik edərək əmin olduğunu bildirib ki, 2018-ci ilin Gənclər Paytaxtında çoxsaylı maraqlı və əhəmiyyətli tədbirlərin təşkilinin şahidi olacağıq.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, deputat Şahin İsmayılov, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın sədri Nurəddin Mehdiyev, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov konfransda çıxış edərək vurğulayıblar ki, Naxçıvan gəncləri ulu öndər Heydər Əliyevin ideyalarına sədaqətlə xidmət edəcək, xalqımızın tərəqqisi, dövlətçiliyimizin inkişafı naminə dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi işlərə öz töhfələrini verəcəklər.

Sonra “Naxçıvan” Universitetinin tələbəsi Allahverdi Qəribovun “Azərbaycançılıq – multikultural dəyərlər”, Naxçıvan Müəllimlər İnstitutunun tələbəsi Əfsanə Əlizadənin “Azərbaycançılıq – dövlət dili və dövlət rəmzləri” mövzularında çıxışları dinlənilib.

Konfransın bədii hissəsində Naxçıvan şəhərinin Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar Bakı şəhərindən dəvət olunmuş müğənnilərin iştirakı ilə konsert proqramı təşkil olunub. Konsert proqramında Azərbaycan Respublikasının Xalq artisti Bilal Əliyevin, müğənnilərdən Günay İbrahimlinin, Elvin Abdullayevin, Sevinc Musayevanın, Azad Şabanovun və Fərid Quliyevin ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında