Gündən-günə gözəlləşir Qusarım

Bu gün hərtərəfli inkişafı və tərəqqisi ilə bütün dünyanı heyrətə gətirən doğma Azərbaycanın hər bir guşəsində olduğu kimi, onun “şimal qapısı” sayılan Qusarda da həyatın bütün sahələrində böyük irəliləyiş və vüsət var. Bu da təsadüfi deyil. Ulu öndərimiz Heydər Əliyevin dediyi kimi, “Qusarın Şahdağ kimi məğrur dağı, gözəl meşələri, çayları, bulaqları, hər şeydən əvvəl, qəhrəman insanları var”. Bu qəhrəman və zəhmətsevər insanlar doğma yurdun çiçəklənməsinə, respublikamızın tərəqqisinə öz töhfələrini verməkdən ötrü əllərindən gələni edirlər.

Ölkəmizin sürətli inkişafının təminatçısı olan, son 15 ildə müdrik daxili və xarici siyasəti ilə respublikamızı dünyanın qabaqcıl dövlətləri sırasına çıxaran Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2003-cü il prezident seçkisi ərəfəsində bəyan etmişdi ki, əgər xalq ona etimad göstərsə, ilk növbədə Azərbaycanın regionlarının problemləri ilə məşğul olacaq. Belə də oldu. Dövlətimizin başçısı verdiyi bütün vədləri artıqlaması ilə yerinə yetirdi. Onun müntəzəm qayğısı və diqqəti sayəsində ölkəmizin bütün regionlarında sosial-iqtisadi inkişaf böyük vüsət aldı. İndi regionlarımız tanınmaz dərəcədə dəyişib. İnsanların sosial vəziyyəti qat-qat yaxşılaşıb.

Bu il yanvarın 29-da Heydər Əliyev Mərkəzində keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyevin qeyd etdiyi kimi, regionlara bundan sonra da lazımi qayğı göstəriləcək, bir sıra sosial layihələr həyata keçiriləcək.

Konkret olaraq, dövlətimizin başçısının qayğısı və diqqəti sayəsində Qusar rayonunda gedən sosial-iqtisadi inkişafdan söhbət açmaq istəyirəm. Bir neçə il əvvəl Prezident İlham Əliyev demişdi: “Qusar Azərbaycanın ən gözəl guşələrindən biridir. Burada yaşayan insanlar Azərbaycan dövlətçiliyinin inkişafı və möhkəmləndirilməsi yolunda böyük xidmətlər göstərmişlər. Biz görürük ki, Qusar gündən-günə gözəlləşir, inkişaf edir. Buraya daha böyük həcmdə sərmayə qoyulacaq və xüsusi diqqət göstəriləcəkdir. Sizi əmin edirəm ki, mən daim qusarlılarla olacağam. Qusara tez-tez gələcəyəm və biz birlikdə böyük işlər görəcəyik”.

Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, həqiqətən də Qusar gündən-günə gözəlləşir. O, rayonumuza xüsusi qayğı göstərir, tez-tez Qusara gəlir. 2016-cı ildə rayonumuza 12-ci səfəri zamanı dövlət başçısı 24,7 kilometrlik Qusar-İmamqulukənd-Quxuroba avtomobil yolunun, Hil kəndində 720 şagird yerlik orta məktəbin yeni binasının, Qusar Su-Kanal İdarəsi üçün inşa edilmiş yeni inzibati binanın açılışını etmiş, Qusar şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin başa çatması ilə əlaqədar tədbirdə iştirak etmişdir. Rayon ictimaiyyətinin nümayəndələri ilə görüşərkən cənab Prezident demişdir: “Gələcək planlarımız da ona yönəlib ki, Qusar rayonunun və ümumiyyətlə, şimal zonasının inkişafı təmin edilsin, dayanıqlı olsun... Biz Qusarı beynəlxalq turizm mərkəzinə çevirməliyik – nəinki ölkə miqyasında, beynəlxalq miqyasda. Biz artıq buna nail oluruq. “Şahdağ” Turizm Mərkəzi bu gün dünya miqyasında öz gözəlliyi, rahatlığı, yaradılmış şəraiti ilə fərqlənir... Son illərdə Qusar rayonunda görülən işlər onu bir daha göstərir ki, biz düzgün yoldayıq... Qusar inkişaf edən, gözəl, abad rayona çevrilib”.

Cari ilin fevral ayında “Şahdağ” Qış-Yay Turizm Kompleksində olarkən dövlətimizin başçısı buradakı vəziyyətlə, bu il görüləcək işlərlə maraqlanmışdır. Prezidentin tapşırığı ilə bu il kompleksdə 2350 metr yüksəklikdə 5 nömrəli lift meydançası inşa ediləcək, həmçinin 4,2 kilometr uzunluğunda yeni eniş zolağı tikiləcək. Kompleksin əsas meydanında əyləncə infrastrukturu yaradılacaq, kinoteatr, stolüstü oyunlar zalı, musiqi mərkəzi, suvenir mağazaları, iaşə və xidmət obyektləri tikiləcək, dağlarda böyük göl yaradılacaq, yol infrastrukturu daha da yaxşılaşdırılacaq.

İki ay əvvəl isə daha bir xoş xəbər aldıq. Yanvarın 10-da Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev bildirdi ki, növbəti illərdə Bakı-Yalama yolu ilə Qusar rayonunun “Şahdağ” xizək kurortuna dəmir yolu çəkiləcək.

2014-2018-ci illərdə regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası ilə əlaqədar olaraq rayonda turizmin, kənd təsərrüfatının inkişaf etdirilməsi, yeni meyvə bağlarının salınması, kənd yollarının təmiri, əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması, tikinti-abadlıq işlərinin görülməsi, sosial obyektlərin tikintisi geniş vüsət alıb. Təkcə son iki ildə rayonda 330 hektaradək meyvə bağları, 2938 hektara yaxın fındıq bağları və 15 hektar üzümlüklər salınıb. Ötən il sahibkarlar tərəfindən müxtəlif layihələrin həyata keçirilməsi nəticəsində 1337 yeni iş yeri açılmışdır.

2017-ci ildə bütün sahələrdə əvvəlki ildəkindən çox məhsul yetişdirilmiş, 42 min tona yaxın buğda, 17 min ton arpa, 28 min tondan çox kartof, 19 min tondan çox tərəvəz, 30 min tondan çox meyvə, 5 min tondan çox ət, 28710 ton süd, 195 ton yun, 10 milyon ədəd yumurta istehsal edilmişdir.

Son illər rayonda tikinti-abadlıq işlərinə xüsusi diqqət yetirilir. Yeni sosial obyektlər, yollar, körpülər tikilir, kəndarası yollar qaydaya salınır. Rayonumuza yolu düşənlər, ilk növbədə, onun kəndlərində baş verən dəyişikliklərin, inkişafın şahidi olurlar. Qusar şəhərinin tanınmaz dərəcədə dəyişməsi onun hər bir sakinində böyük qürur hissi doğurur, gözoxşayan yeni tikililəri, son dərəcə səliqəli, geniş və abad küçələri, yaşıl xiyabanları, tayı-bərabəri olmayan parkı, mehriban və qonaqpərvər insanları ilə diqqəti çəkən bu şəhər nəinki ilbəil, günbəgün, aybaay böyüyür və inkişaf edir.

Bütün bu nailiyyətlərin qazanılmasında zəhmət adamları ilə yanaşı, rayon rəhbərliyinin, xüsusən də Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasovun əməyi böyükdür. Onun rayonun infrastrukturunun inkişafına qayğı göstərməsi, xüsusi zövqlə tikinti-abadlıq işlərini həyata keçirməsi, tez-tez əhali arasında olması, insanların ehtiyac və tələbatını yaxından öyrənməsi diqqətəlayiqdir. On ildən çox bir müddətdə rayona rəhbərlik edən Şair Alxasovun dövlət başçısının tapşırıq və göstərişlərini əzmlə yerinə yetirməsinin nəticəsidir ki, rayonumuz bugünkü inkişaf səviyyəsinə çatıb.

Rayonu idarə etməyin, onun problemlərinin həllinin nə qədər çətin olduğunu mən yaxşı başa düşürəm. Qırx il dövlət qulluğunda çalışmış, rayon icraiyyə komitəsinin sədri, rayon icra hakimiyyəti başçısının birinci müavini, humanitar məsələlər üzrə müavini, Nazirlər Kabinetinin millətlərarası münasibətlər şöbəsində birinci dərəcəli mütəxəssis, fövqəladə hallar şöbəsində referent işləmiş və digər vəzifələri icra etmiş bir insan kimi yaxşı başa düşürəm ki, indiki dövrdə Azərbaycan Prezidentinin yüksək tələbkarlığına cavab verəcək bir səviyyədə işləmək o qədər də asan deyil. Rayon icra başçısından hər bir məsələdə operativlik, xüsusi səriştə, təşkilatçılıq bacarığı tələb olunur. Rayonumuzun timsalında bu məsələ ilə bağlı bir neçə misal gətirmək istəyirəm.

Bir neçə il əvvəl torpaq sürüşməsi nəticəsində Qənərçay kəndində 16 ev başdan-başa dağılmışdı. Qusar şəhərindən 65 kilometr aralıda yerləşən bu dağ kəndində təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün ilk həyəcan təbilini çalan və köməyə gələn rayon icra hakimiyyətinin başçısı oldu. Onun təşəbbüsü ilə köhnə kənddən iki-üç kilometr aralıda yeni yaşayış məskəninin salınması qərara alındı. İşlərin sürətlə və keyfiyyətlə görülməsindən ötrü bu sahəyə ən yaxşı tikinti təşkilatları cəlb olundu. Qısa müddətdə 3-5 otaqlı 16 yaşayış evi tikilib istifadəyə verildi. Köhnə adını daşıyan bu kənddə yeni infrastruktur yaradıldı.

Başqa bir misal. Əvvəllər rayonda kəndlərin qazlaşdırılması çox ləng gedirdi. Bu da meşələrin qırılmasına, rayonun ekologiyasına daha çox ziyan vurulmasına səbəb olurdu. Rayon icra hakimiyyətinin başçısı ilk gündən bizə 1885-ci ildə Xuluq kəndində olmuş məşhur rus alimi Q.Raddenin sözlərini xatırlatdı. Alim Qusarın meşələri ilə tanış olandan sonra demişdi: “Bu meşələr təbiətin nadir incisidir. Onları qorumaq lazımdır”. Həqiqətən də rayonumuzun əsrarəngiz təbiəti var və meşələr ona xüsusi gözəllik verir. Başçı alimin sözlərini xatırlatdıqdan sonra dedi ki, təbiətin nadir incisi olan meşələri qorumaq üçün kəndlərimizin qazlaşdırılmasını sürətləndirməliyik. Belə də oldu. Təkcə 2014-cü ildə Samur qəsəbəsinə, Yeni Tahircal, Qullar, Kufoba kəndlərinə, həmçinin İmamqulukəndin yeni yaşayış massivinə qaz kəmərləri çəkildi. 2015-ci ildə bu iş daha da sürətləndi və 10 kənd qazlaşdırıldı. 2016-cı ildə 11 kəndə qaz verildi. Artıq rayon üzrə 50-dək kəndə qaz xətti çəkilib. Bu iş yenə uğurla davam etdirilir.

Rayon icra hakimiyyətinin diqqət yetirdiyi sahələrdən biri də təhsildir. Bu da təsadüfi deyil. Qusarlılar qədimdən oxumağa meyillidir. Təkcə son 50 ildə 20 akademik, 150-dən çox elmlər doktoru, 500-dək elmlər namizədi yetirən bu rayonda elmə və təhsilə meyil bu gün də güclüdür. Ənənənin qorunub saxlanması və inkişaf etdirilməsindən ötrü müasir məktəblərin tikilməsi son dərəcə vacibdir. Rayon icra hakimiyyətinin təşəbbüsü və respublikanın əlaqədar təşkilatlarının, xüsusən də Heydər Əliyev Fondunun yaxından köməyi ilə Atluxan, Kufuba, Aşağı İmamqulukənd, Əniğoba kəndlərində və başqa yerlərdə yeni məktəblər tikilib istifadəyə verilib. 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilmiş 720 şagird yerlik üçmərtəbəli Hil kənd orta məktəbi bölgənin ən yaxşı təhsil ocaqlarından biri sayıla bilər. Otuz bir sinif otağı, idman zalı, 180 yerlik yeməkxana, linqafon kabineti, kompüter və əmək təlimi kabinetləri, fizika, kimya və biologiya laboratoriyaları, hərbi hazırlıq otağı, kitabxana və oxu zalı, 360 yerlik akt zalı və digər texniki otaqlardan ibarət bu məktəb binası müasir istilik sistemi ilə təchiz olunub.

Ötən il rayonda təhsil müəssisələrinin maddi-texniki təchizatının möhkəmləndirilməsi sahəsində xeyli iş görülmüş, Zuxul, Avaranqışlaq, Üzdənoba, Nəcəfkənd və Qılahoba kəndlərində modul tipli yeni məktəb binaları quraşdırılaraq istifadəyə verilmişdir.

Əhalinin içməli su ilə təmin olunmasına da böyük qayğı göstərilir. Son iki ildə 7 kənddə su xətləri əsaslı təmir edilmiş, Köhnə Xudat Qazmalar kəndinə 4 kilometr uzunluğunda yeni su xətti çəkilmiş, Hiloba kəndində 25 tonluq içməli su çəni qoyulmuş, kənddaxili məhəllələrə 6,8 kilometr uzunluğunda su xətti çəkilmişdir. Ötən il 21 kilometr yeni su xətləri çəkilmiş, 4 kilometrədək su xətləri, həmçinin üç kəndin artezian quyularının su nasosları təmir edilmişdir. Hil kəndində Yaponiya hökumətinin “Ot kökləri və insan resursları” qrant layihəsi üzrə kənddaxili içməli su xətlərinin tikintisi başa çatdırılmış, 72 tonluq su anbarı tikilmiş, 7,7 kilometr uzunluğunda su xətləri çəkilib istifadəyə verilmişdir.

Bütün bu uğurların qazanılması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rayonumuza xüsusi diqqət göstərməsi nəticəsində mümkün olmuşdur. Odur ki, bütün qusarlılar ölkəmizin tərəqqisindən ötrü əzəmətli işlər görmüş, öz müdrik daxili və xarici siyasəti ilə Azərbaycanı dünyanın qabaqcıl dövlətləri sırasına çıxarmış cənab İlham Əliyevin ətrafında sıx birləşmişlər.

Mayıl BAĞIROV,
Qusar


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında