Suraxanı rayonunun sosial-iqtisadi inkişafı: görülmüş işlər, real vəziyyət və perspektivlər

Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycanda hər bir məmurun başlıca vəzifəsi xalqa, vətəndaşa layiqli və vicdanlı xidmətdir. Fəaliyyətini məhz bu prinsip əsasında quran Suraxanı Rayon İcra Hakimiyyəti də dinamik yüksəliş üçün bütün zəruri tədbirləri həyata keçirməyə, ölkədəki inkişaf prosesinə töhfəsini verməyə çalışır. Ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə güclü istehsal potensialı, zəngin infrastruktur formalaşdıran rayon Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı ilə böyük uğurlar əldə edib, daha da gözəlləşib, müasirləşib. Bütün bunlar Suraxanının həyatında yeni intibah mərhələsinin uğurlu başlanğıcıdır.

Hazırda hər bir rayon sakini dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında qazanılan uğurları həyatında daha qabarıq hiss edir, ölkəmizdəki yüksəliş və tərəqqi kursunu ürəkdən dəstəkləyir.

 

Sosial-iqtisadi göstəricilər dinamik inkişafdan xəbər verir

 

Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair qəbul edilən dövlət proqramlarının icrası nəticəsində paytaxtın bu rayonunda geniş quruculuq və yeniləşmə tədbirləri həyata keçirilib, ərazidə gerçəkləşdirilən mühüm layihələr, quruculuq işləri küçə və meydanların, park və istirahət güşələrinin, yaşayış massivlərinin görkəmini daha da gözəlləşdirib, insanların müasir tələblər səviyyəsində rahatlığını reallaşdırıb.

Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə Suraxanı sakinləri ilə görüşlər keçirib, onların qarşılaşdıqları problemlərlə yaxından tanış olub. Dövlət başçısı tərəfindən sistemli şəkildə həyata keçirilən məqsədyönlü və düşünülən islahatlar rayon iqtisadiyyatının sürətli inkişafını, insanların yaşayış şəraitinin yaxşılaşmasını, yoxsulluğun və işsizliyin azaldılmasını, sabitliyin möhkəmlənməsini təmin edib.

Yuxarıda qeyd olunan fikrin bariz ifadəsi kimi, bu ilin birinci rübünün sosial-iqtisadi göstəricilərinə nəzər salaq. Yanvar-mart ayları ərzində rayonda sənaye məhsulunun istehsalı 77,2 milyon manat, tikinti-quraşdırma işləri 8,4 milyon manat, nəqliyyat xidmətləri 3,4 milyon manat, əsas kapitala yönəldilən investisiyalar 22,3 milyon manat, kənd təsərrüfatı 1,3 milyon manat, pərakəndə ticarət dövriyyəsi 218,3 milyon manat olub, orta aylıq əmək haqqı 576 manat təşkil edib, əhaliyə 54,8 milyon manat məbləğində pullu xidmətlər göstərilib, 1154 yeni daimi iş yeri açılıb.

Hesabat dövründə Suraxanıda küçələrə və məhəllədaxili ərazilərə ümumilikdə 16,3 min kvadratmetr asfalt örtüyü çəkilib, Zığ-Hövsan magistralının yenidən qurulması işləri davam etdirilib.

Yenidən qurulan yolların estetik görünüşünün yaxşılaşdırılması məqsədilə ətraf ərazilərdə təmir-tikinti, abadlıq işləri aparılıb, yaşıllıq zolaqları salınıb, yeraltı kommunikasiya xətləri təmir edilib və ya dəyişdirilib.

Yanvar-mart aylarında rayonda 2457 poqonometr su, 198 poqonometr kanalizasiya və 1850 poqonometr qaz, 470 metr hava elektrik xətti çəkilib, elektrik yarımstansiyalarının binalarında cari təmir işləri aparılıb, abonentləri elektrik enerjisi ilə birbaşa təmin edən hava xətlərinin bir hissəsi yenilənib. Görülən işlər nəticəsində rayon əhalisinin 100 faizi elektrik enerjisi, 98 faizi məişət qazı, 96 faizi su ilə təmin olunub.

Qış mövsümündə aidiyyəti qurumlar tərəfindən istilik sistemlərində təmir-bərpa işləri aparılıb, 299 poqonometr istilik xətti dəyişdirilib, istilik sisteminə qoşulan 324 çoxmənzilli yaşayış binası, 34 məktəb, 35 uşaq bağçası və 12 səhiyyə obyektinin hər birinə istilik verilişi reallaşdırılıb.

Vətəndaşların yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq, müasir tələblərə cavab verən çoxmənzilli binaların tikintisini reallaşdırmaq məqsədilə Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə Hövsan qəsəbəsinin qərb hissəsində Dövlət Neft Şirkətinin daimi istifadəsində olan 20 hektar sənaye təyinatlı torpaq sahəsinin kateqoriyası dəyişdirilərək yaşayış məntəqələrinin torpaqları kateqoriyasına keçirilməklə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində olan “MİDA” MMC-nin sərəncamına verilib, həmin ərazidə 3200 mənzilli, 12 min nəfərin yaşaya biləcəyi 7-10 mərtəbəli binalardan ibarət yaşayış kompleksinin, məktəbin və iki uşaq bağçasının tikintisi nəzərdə tutulub.

Bu ilin ilk rübündə Mənzil İnşaatı Dövlət Agentliyinin ikinci layihəsi olan Hövsan Yaşayış Kompleksində ilk 7 mərtəbəli binanın tikintisi davam etdirilib, bununla bərabər yararsız və ya qəzalı evlərdə yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yenilərinin inşasına başlanılıb, habelə Qaraçuxur qəsəbəsində “ATEF Şirkətlər Qrupu”nun yüksək gərginlikli avadanlıqlar zavodunda tamamlama işləri başa çatdırılıb.

 

“Bir bələdiyyə – azı bir layihə” proqramı uğurla həyata keçirilir

 

 “Bir bələdiyyə – azı bir layihə” proqramı çərçivəsində Bülbülə qəsəbəsində Şəhidlər xiyabanı əsaslı şəkildə yenidən qurulub, 11 şəhidin xatirəsi əbədiləşdirilib. Hövsanda Böyük Vətən müharibəsində həlak olanların şərəfinə ucaldılan “1941 – 1945” abidə kompleksi əsaslı təmir edilib. Qaraçuxur qəsəbəsinin Ə.Mehbalıyev küçəsində “Vətən şəhidləri unudulmur” abidə kompleksində isə yenidənqurma işlərinə başlanılıb.

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun yaşadığı Əmircan qəsəbəsi, 8/6 saylı binanın üzərindəki xatirə lövhəsinin təntənəli açılışı ilə əlaqədar ətraf sahələr abadlaşdırılıb, həyətlərdə oturacaqlar quraşdırılıb, yaşıllıqlar salınıb.

Ümumilikdə, rayon üzrə 19 ünvanda 63 şəhidin xatirəsini əbədiləşdirən xatirə kompleksləri əsaslı təmir olunub və ya yeniləri tikilib.

“Nümunəvi abad məhəllə”lərin salınması, sakinlərin istirahəti və uşaqların əylənməsi üçün oturacaqlar, söhbətgahlar, idman və oyun elementlərinin quraşdırılması da diqqət mərkəzində saxlanılıb.

“Nümunəvi abad məhəllə”lərdən söz düşmüşkən, xatırladaq ki, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin dəstəyi ilə hesabat dövründə 12-si Suraxanı Rayon MKTB, 8-i isə 3 saylı Xüsusi Təyinatlı MKTB tərəfindən olmaqla 20 bu cür məhəllə salınıb, mövcud məhəllələrdə isə təmir-bərpa işləri aparılıb.

Suraxanıda ətraf mühitin yaxşılaşdırılması tədbirlərinə də mühüm önəm verilir. Son vaxtlarda rayonda fəaliyyət göstərən neft əməliyyatı şirkətləri tərəfindən ümumi sahəsi 2 hektar olan 32 gölməçə qurudulub və müxtəlif növ tullantılardan təmizlənib, lay suları, habelə neftlə çirklənən 7 hektara yaxın çox torpaq sahəsi texniki rekultivasiya olunub, həmin ərazilərdə qazon və ağaclar əkilib.

İDEA İctimai Birliyinin təşəbbüsü ilə yanvar-mart aylarında “Abad həyət - Sağlam həyat” layihəsi çərçivəsində Qaraçuxur qəsəbəsi, 4048-ci məhəllədə yerləşən 1, 2, 3, 4, 5 və 6 saylı yaşayış binalarının həyətində abad məhəllənin salınması işləri davam etdirilib. Mənzil-kommunal təsərrüfatı birlikləri tərəfindən rayonun sanitar təmizliyinin təmin edilməsi tədbirləri davam etdirilib, Yeni Günəşli “Q” yaşayış sahəsindəki 7, 8, 9, 10 və 11 saylı çoxmənzilli yaşayış binalarının əsaslı təmirinə başlanılıb.

 

Sakinlərin müraciətlərinə həssaslıqla yanaşılır

 

Suraxanıda əhalinin müraciətlərinə, sosial problemlərinin həllinə həssas münasibət bəslənilir. Rayon icra hakimiyyəti başçısının səyyar görüş-qəbullarının təsdiq olunan qrafikə uyğun, habelə növbədənkənar qaydada keçirilməsinə xüsusi əhəmiyyət verilir.

Xatırladaq ki, təkcə bu ilin yanvar-mart aylarında 510 nəfərin iştirakı ilə 10 səyyar görüş-qəbul keçirilib, RİH-in başçısı tərəfindən 228 nəfər vətəndaş qəbul edilib.

Səyyar görüş-qəbullarda səslənən müraciətlərin əksəriyyəti müsbət həll edilib. Məsələn, bir müddət bundan əvvəl Bülbülə qəsəbəsi, N.Nərimanov küçəsi, 2 saylı evin ətrafında sakinlərlə keçirilən səyyar görüşdə qaz təchizatında təzyiqin aşağı olması, suyun gecə saatlarında kəsilməsi, yaxınlıqda yerləşən yolun bir hissəsinin çökməsi, fərdi yaşayış evlərinin sənədləşdirilməsi ilə bağlı müraciətlərə başçı İlqar Abbasov tərəfindən aydınlıq qətirilib, qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli ilə əlaqədar bir sıra müsbət nəticələr əldə olunub.

Yaxud, başqa bir misal. Yeni Suraxanı qəsəbəsi, Mərkəzi küçə, keçid 4-də keçirilən səyyar görüşdə kanalizasiya xəttinin çəkilməsi və küçənin asfaltlanması, evlərin altına su dolması, şamboların boşaldılmasına kömək göstərilməsi, marşrut avtobusu xəttinin dəyişdirilməsi məsələləri ilə bağlı narahatlıqlar ifadə edilib. İcra hakimiyyətinin başçısı həmin tədbirdə rayonun əlaqədar xidmət qurumlarının rəhbərlərinə verdiyi ciddi tapşırıqlardan sonra sadalanan problemlərin həlli istiqamətində müəyyən tədbirlərin görülməsinə, rayon Su-kanal İdarəsinin köməyilə şambolara və evlərin zirzəmilərinə dolan suların boşaldılmasına başlanılıb.

Səyyar görüş-qəbullarda ən çox müraciət edilən məsələlərdən biri də sakinlərin işlə təmin olunmaları ilə bağlıdır. Xatırladaq ki, rayon icra hakimiyyəti aparatında bu amil hər zaman diqqət mərkəzində saxlanılır. Başçı İlqar Abbasov bildirir ki, Suraxanıda işsiz vətəndaşların işlə təmin olunmaları məqsədilə gerçəkləşdirilən tədbirlərin nəticəsidir ki, son vaxtlar rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyində yeni iş yerləri açılıb, aparılan abadlıq-quruculuq, yaşıllaşdırma və tikinti işlərində sakinlərin işsiz təbəqəsinin məşğulluğu təmin edilir. Eyni zamanda, rayon Məşğulluq Mərkəzi də vakant iş yerlərinə göndərişlər verir. Təklif olunan sahələrdə işləmək istəyənlər rayon icra hakimiyyətinə, Məşğulluq Mərkəzinə və Mənzil-Kommunal Təsərrüfatı Birliyinə müraciət edə bilərlər.

 

Məcburi köçkün ailələrinin problemlərinin həlli diqqət mərkəzindədir

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sədrliyi ilə keçirilən müşavirədə Bakı və Sumqayıt şəhərlərindəki yataqxanalarda müvəqqəti məskunlaşan qaçqın və məcburi köçkün ailələrinin problemlərinin həlli ilə bağlı verilmiş tapşırıqlar Suraxanı Rayon İcra Hakimiyyətində keçirilən iclasda da geniş müzakirə olunaraq konkret tədbirlər müəyyənləşdirilib və verilən tapşırıqlar hazırda icra olunur.

Yeri gəlmişkən, Suraxanı ərazisində müxtəlif ünvanlarda 20 mindən artıq məcburi köçkün məskunlaşıb, ötən illər ərzində onların məişət problemlərinin həlli istiqamətində bir sıra işlər görülüb. Belə ki, məcburi köçkünlərin məskunlaşdığı Hövsan qəsəbəsindəki “Gilavar” uşaq bağçasının və H.Quliyev küçəsi, 22 saylı ünvandakı yataqxananın, Bülbülə qəsəbəsindəki “Azərtuneltikinti” şirkətinə məxsus yataqxananın dam örtükləri təmir edilib, rayon ərazisində məcburi köçkünlərin sıx məskunlaşdığı binalarda 426 ailə fərdi sayğacla təmin olunub, yurd-yuvalarından didərgin düşən insanların bir çox məişət problemləri həllini tapıb.

* * *

Bütün bu əldə edilən uğurlar deməyə əsas verir ki, Suraxanı rayonunda qarşıdakı dövrdə də Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və tapşırıqları vaxtında və keyfiyyətlə icra ediləcək, əhalinin sosial şəraiti daha da yaxşılaşacaq, tikinti, abadlıq-quruculuq işləri geniş miqyas alacaq, iqtisadiyyat güclənəcəkdir.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

Yazı Suraxanı Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında