Astara: Uğurlara etibarlı bünövrə qoyulur

Hər bir işin uğuru bünövrənin möhkəmliyindən asılıdır. Astarada bu həqiqəti kiməsə xatırlatmağa ehtiyac hiss olunmur. Çünki hər kəs çalışdığı sahədə işini elə qurur ki, nəticəsi fərəhli olsun, uğur yolu kölgələnməsin.

Birinci rübün yekunlarına həsr olunmuş hesabat yığıncağında qeyd olunub ki, illik nailiyyətlərin təməlində məhz indi atılan inamlı addımların böyük önəmi olacaq.

Rayon rəsmilərinin, hüquq-mühafizə orqanlarının, idarə və təşkilat rəhbərlərinin, inzibati dairələr üzrə nümayəndələrin və bələdiyyə sədrlərinin iştirak etdiyi yığıncağı giriş sözü ilə icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev açıb. O bildirib ki, aprelin 11-də ölkəmiz müstəqil dövlətçilik tarixinin yeni bir mərhələsinə qədəm qoymuş, prezident seçkilərində əsl müdriklik nümayiş etdirərək yenidən cənab İlham Əliyevə etimad göstərmişdir. Dövlətimizin başçısını astaralılar adından təbrik edir, Azərbaycan naminə fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.

Sonra natiq vurğulayıb ki, möhtərəm Prezidentimiz cənab
İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycanın bütün sahələrdə sürətli inkişafı, beynəlxalq mövqelərimizin möhkəmlənməsi, ölkə daxilində proseslərin müsbət istiqamətdə getməsi, iqtisadi inkişafın təmin edilməsi, sosial məsələlərin öz həllini tapması onu göstərir ki, bu il də ölkəmiz üçün uğurlu illərdən biri olacaq.

 Birinci rübdə Astara rayonunda da xeyli iş görülmüşdür. Tikinti-quruculuq sahəsində həyata keçirilən ən böyük layihələrdən biri olan park-bulvar kompleksinin genişləndirilməsi istiqamətində işlər hazırlanmış layihəyə əsasən uğurla davam etdirilir. Cənab Prezidentin tapşırığına uyğun olaraq, kənd təsərrüfatının inkişaf etdirilməsi, yararlı torpaqların əkin dövriyyəsinə qaytarılması, əhalinin məşğulluğunun təmin olunması üçün fiziki şəxslərə, fermer və sahibkarlara lazımi köməkliklər göstərilmişdir.

Sevindirici haldır ki, Azərbaycan Respublikasında çay, çəltik və sitrus meyvəçiliyinin inkişafına dair Dövlət Proqramının icrası ilə əlaqədar cənab İlham Əliyev bu ilin fevral ayında mühüm sərəncamlar imzalamışdır. Bu sahələrə dövlət dəstəyinin daha da gücləndirilməsi, potensial imkanlardan səmərəli istifadə edilməsi, çay, çəltik və sitrus meyvələri istehsalına marağın gücləndirilməsi əhalidə böyük nikbinlik yaratmışdır.

İlin ilk rübündə rayonda ümumi məhsul istehsalı və xidmətlərin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 14,5 faiz artaraq 36,5 milyon manata çatmışdır. Bunun 11 faizi sənayeyə, 24,3 faizi kənd təsərrüfatına, 20,3 faizi tikintiyə, 41,3 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsinə aid olmuşdur.

Rayonda inşaat işlərinin aparılması üçün bütün maliyyə mənbələrindən əsas kapitala 7601,6 min manat məbləğində vəsait yönəldilmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 2,1 dəfə artmışdır. Astara şəhərindəki gözəl dənizkənarı park-bulvar kompleksi sürətlə genişlənməkdədir. Mənzil fonduna daxil olan ictimai-yaşayış binalarında təmir-tikinti işləri də davam etdirilir. Rayon ərazisindəki magistral və yerli əhəmiyyətli yolların təmiri, abadlaşdırılması işi rüb ərzində davam etmişdir. Hazırda 11 kilometr uzunluğu olan Ojakəran-Tüləküvan-Təngərüd avtomobil yolunun tikintisinə başlanmışdır. Bu yolun asfaltlaşdırılması ilə bir neçə iri yaşayış məntəqəsinin çoxsaylı sakinlərinin rahatlığı təmin olunacaq. Astara şəhəri və ətraf qəsəbələrin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramına salınaraq, layihənin icrasına başlanmış və bu sahədə müəyyən işlər görülmüşdür.

 Astaranın qaz təchizatını daha da yaxşılaşdırmaq məqsədi ilə rüb ərzində işlər davam etdirilmiş, 323 ədəd yeni qaz sayğacı quraşdırılmışdır ki, bununla da rayonda sayğacların ümumi sayı 17007-yə çatdırılmışdır. Ölkə Prezidentinin yaşayış məntəqələrinin qazlaşdırılması və əhalinin təbii qaza olan tələbatının ödənilməsi məqsədilə bu ilin mart ayında imzaladığı sərəncamda Astara rayonunun Rinə kəndinin qazlaşdırılması nəzərdə tutulur. Bununla əlaqədar mütəxəssislər ilkin hazırlıq işləri görmüşlər.

Rayonda istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunması daim gündəmdədir. Telekommunikasiya Qovşağı tərəfindən genişzolaqlı internet xidmətlərinin genişləndirilməsi layihəsi əsasında Ərçivan və Pensər EATS-də 128 port tutumu olan DSLAM avadanlığı quraşdırılaraq istifadəyə verilmişdir. Bala Şahağac kəndində 96 şagird yerlik modul tipli məktəb quraşdırılmışdır və Siyətük kənd 56 şagird yerlik belə bir ibtidai məktəbin tikintisi yekunlaşmaq üzrədir. Azərbaycan Prezidentinin 21 mart 2018-ci il tarixli sərəncamı ilə Şəmətük kəndində 20 şagird yerlik və Doli kəndində 40 şagird yerlik modul tipli binaların tikintisi üçün vəsait ayrılmışdır. Əhalinin sağlamlığına qayğı da diqqətdədir. Yaz aksiyasında indiyədək 40 min nəfərə qədər vətəndaş tibbi müayinədən keçirilmişdir.

 Ötən payız-qış mövsümündə 1554 hektar sahədə şum aparılmışdır. Həmin sahələrin 240 hektarında çəltik əkini üçün hazırlıq işləri davam etdirilir. Bu ilin məhsulu üçün xeyli buğda, arpa, paxlalı bitkilər, qarğıdalı, kartof, faraş tərəvəz, bostan bitkiləri, yonca əkilmişdir. İlk rübdə iribuynuzlu mal-qaranın sayı 40 min 549 baş, xırda buynuzluların sayı 23 min 989 baş olmuşdur. 949 ton diri çəkidə ət, 6 min 777 ton süd, 2255 min ədəd yumurta istehsal olunmuşdur. Arıçılıq gəlirli sahə olduğu üçün arı ailələrinin sayı 12 minə çatdırılmışdır. Azərbaycan Prezidentinin bu sahənin stimullaşdırılması haqqında imzaladığı sərəncam arıçılıqla məşğul olanlara əsl müjdədir. Cənab İlham Əliyevin ötən ay imzaladığı başqa bir sərəncamda rayonun Təngərüd kəndində də subartezian quyusunun qazılması nəzərdə tutulmuşdur. Rüb ərzində 6 hektar sahədə aqromeyvə bağları salınmışdır...

Məruzə ətrafında rayon Su-kanal idarəsinin müdiri Anar Baxşıyev, 49 nömrəli “Yol İstismarı” MMC-nin rəisi Qurban Əliyev və başqaları çıxış etmişlər.

Yekunda Qəzənfər Ağayev qarşıda duran vəzifələrdən danışıb və görüləcək işlərin heç də az olmadığını diqqətə çatdırıb. Rayon rəhbəri müvafiq tövsiyə və tapşırıqlarını verib.

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında