Qaradağ rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət ürəkaçan, perspektivlər isə ümidvericidir

 

 

 

 

 

 

 

 

 

 


Mən çox şadam ki, son dövrlərdə Qaradağ rayonunda gözəl işlər görülmüşdür. Rayonun iqtisadi və sənaye inkişafı sürətlə gedir. Qaradağ rayonu Azərbaycanın güclü sənaye mərkəzinə çevrilir...

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

 


Bu gün dünyada hökm sürən qeyri-sabitlik, xalqların və ölkələrin dinc qonşuluq şəraitində yaşamalarına göstərilən təhdidlər dövlətlərin öz potensiallarını inkişaf etdirməsini, vətəndaşların rifahını yaxşılaşdırmasını çətinləşdirir. Azərbaycanda isə vəziyyət göz önündədir: müharibə şəraitində olan respublikamızda insan amilinə mühüm önəm verilir, həyat şəraitinin daha da yaxşılaşdırılması üçün müvafiq proqramlar uğurla icra edilir.

Kəndlər, qəsəbələr, şəhərlər getdikcə simasını dəyişir, gözəlləşir. Belə yeniləşmə bir vaxtlar neft tullantıları içərisində boğulan Bakıətrafı yaşayış məntəqələrində də özünü qabarıq büruzə verir. Həmin ərazilərdə sosial obyektlər inşa olunur, yollar çəkilir, yeni iş yerləri yaradılır. Bütün bunlar isə, şübhəsiz ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin yeritdiyi sosial siyasətin, insanlara göstərdiyi diqqət və qayğının, gündəlik nəzarətin bariz ifadəsidir.

Paytaxtımızın sənaye zonalarından olan Qaradağ rayonu da son illər sosial rifahın, tərəqqinin və gözəlliyin ünvanına çevrilib. Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair qəbul edilmiş dövlət proqramlarının icrası nəticəsində rayonda uğurlu infrastruktur layihələri həyata keçirilib, kommunal və sosial xidmətlərin həcmi və keyfiyyəti yaxşılaşıb, abadlıq işləri geniş vüsət alıb, əhalinin həyat səviyyəsi daha da yüksəlib.

Qaradağ hazırda Azərbaycanın iqtisadi həyatında xüsusi yer tutur. Güclü sənaye potensialına malik rayon ölkənin neft-qaz sektorunda və sürətlə təşəkkül tapan yeni nəqliyyat infrastrukturunda aparıcı rola malikdir. Bu, dövlətimizin başçısının respublikada sənayenin inkişafına göstərdiyi diqqətin bariz ifadəsidir. Xatırladaq ki, hələ 2008-ci ildə cənab Prezident Səngəçal elektrik stansiyasının açlışı zamanı Qaradağ sakinləri ilə görüşündə rayonun ümumi inkişafı haqqında demişdir: “Rayonun bu sürətli inkişafını nəzərə alaraq, hələ bir neçə il bundan əvvəl mənim təşəbbüsümlə Qaradağ rayonunda böyük elektrik stansiyası tikilib istifadəyə verilib... Yəni, bu, gələcəyə atılmış bir addımdır. Çünki biz bilirdik ki, burada yaradılacaq yeni sənaye müəssisələri əlavə elektrik enerjisi tələb edəcəkdir”.

Son illər ərzində rayonda müasir gəmiqayırma zavodu, “Metanol,” “Holcim-Azərbaycan”, “Norm” və bir sıra digər sənaye obyektləri işə salınıb. Bununla da cənab İlham Əliyevin vurğuladığı kimi, yeni və müasir infrastruktura malik bir sənaye mərkəzinin əsası qoyulub.

Artıq Avrasiya regionunun əsas nəqliyyat və logistika qovşaqlarından birinə çevrilən Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı da məhz Qaradağ rayonunun ərazisində yerləşir. Xatırladaq ki, ildə 60 minə yaxın TIR və ya 1,8 milyon ton yük qəbul etmək imkanında olan terminal ən müasir texniki tələblərə uyğun tikilib. Burada birinci körpünün illik yükaşırma qabiliyyəti 800 min ton, ikinci körpününkü isə 1 milyon tondur. Ro-Ro terminalı iki yanalma körpüsündən ibarətdir. Birinci körpünün uzunluğu 222 metr, ikinci körpünün uzunluğu isə 190 metrə yaxındır. Terminal daşımaların avtomobil-su və su-avtomobil seqmentlərində təkərli texnikanın daşınması üçün nəzərdə tutulur.

Liman ətrafında Azad Ticarət Zonasının yaradılması da nəzərdə tutulur ki, bu da gələcəkdə yeni iş yerlərinin, biznes mərkəzlərinin açılmasına öz müsbət təsirini göstərəcək.

Beləliklə, Azad Ticarət Zonasının yerləşdiyi ərazi – Ələt yaşayış qəsəbəsi paytaxtətrafı tanınmış şəhərlərdən birinə çevrilməklə Avrasiyanın müasir və sosial-iqtisadi təminatlı bir məkanına transformasiya ediləcək. Bu da, sözsüz ki, Qaradağın sosial-iqtisadi həyatında müstəsna rol oynayacaq.

Yeri gəlmişkən, burada diqqəti bir məqama yönəltmək istərdim. Bu gün Qaradağ rayonunun tərəqqisində, dinamik inkişafında Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının rolu şübhəsizdir. Bu proqramlarda nəzərdə tutulan müvafiq layihələrin uğurla gerçəkləşdirilməsi nəticəsində paytaxtın əsas sənaye müəssisələri, demək olar ki, Qaradağa köçürülüb. Bu isə rayonun sosial-iqtisadi həyatının, ümümi mənzərəsinin müasir standartlara cavab verməsinə, yeni iş yerlərinin açılması və əhalinin həyat şəraitinin daha da yaxşılaşdırılmasına gətirib çıxarıb.

Sözügedən layihənin icrası dövründə Qaradağ rayonunun elektrik enerjisi, qaz, içməli su təchizatı və kanalizasiya sistemlərinin müasirləşdirilməsi, qəsəbələrarası və qəsəbədaxili yolların müasir səviyyəyə çatdırılması məsələləri diqqət mərkəzində saxlanılıb və müsbət nəticələr əldə edilib.

Birgəyaşayışın, dini dözümlülüyün, sülhün qarantı olan multikultarilizm Azərbaycanda qədim köklərə malikdir. Milli dəyərlərimizlə həmahəng olan tolerantlıq bu gün digər xalq və millətlər, müxtəlif dövlətlər üçün nümunəyə çevrilib. Başqasının mədəniyyətinə, dünyagörüşünə, dini inancına hörmət etmək, anlayış göstərmək yüksək insani keyfiyyətdir. Bu, həm də öz dəyərlərini tanıtmağın, təbliğ etməyin bir yoludur. Qaradağ rayonu da bu yolda öz töhfəsini verir. Rayon icra hakimiyyətinin Müqəddəs Pasxa bayramı ərəfəsində Qaradağda yaşayan bir qrup slavyanəsilli sakinlərlə görüşü, onların problemləri ilə dərindən maraqlanması bunun bariz ifadəsidir.

Qaradağda abadlıq, tikinti-quruculuq işləri geniş vüsət alıb. Son illər ərzində rayon mərkəzinin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan yaşayış binalarının, qeyri-yaşayış obyektlərinin sökülməsi, habelə yenidən qurulması, dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi ilə bağlı genişmiqyaslı tədbirlər həyata keçirilib.

Qısa zaman ərzində rayonun Bakı-Astara avtomobil yolunun Lökbatan dairəsindən başlayaraq, Ələt qəsəbəsi də daxil olmaqla 60 kilometrlik ərazisində yaşıllıq sahəsi yaradılıb. Lökbatan qəsəbəsindəki hərbi şəhərciyin qarşısında yolüstü piyada keçidi istifadəyə verilib. Sahil, Səngəçal, Qobustan, Ələt qəsəbələrində binaların fasadları rənglənib, 8 min kvadratmetrdən çox dam örtüyü vurulub, 10 min kvadratmetrdən çox hörgü işləri aparılıb. Bakı-Salyan avtomobil yolunun kənarlarına səki daşları düzülüb. Ələt qəsəbəsində yeni sosial obyektlər tikilib, köhnə binalar əsaslı şəkildə bərpa olunub, yenidənqurma zamanı ümumi görünüşə xələl gətirən tikililər və qəza vəziyyətində olan binalar sökülərək, planlı şəkildə müasir tələblər səviyyəsində inşa edilib. Qəsəbədə yeni abad məhəllələr salınır.

Qaradağda ümumilikdə 500 kilometr uzunluğunda neft kəmərləri, qaz, su xətləri rənglənib, xətlər ətrafında abadlıq-yaşıllaşdırma tədbirləri görülüb. Avtomobil yollarının hərəkət hissələrində hərəkətverici xətlər təzələnib. Görülən işlər zamanı yerli sakinlərin məşğulluğunu təmin etmək üçün briqadalar yaradılıb.

Rayonun elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması üçün yeni kompleks transformator məntəqəsi quraşdırılıb, transformatorlar daha güclüsü ilə əvəz olunub, yeni yüksək gərginlikli kabel xətləri çəkilib. Qaz təchizatının yaxşılaşdırılması məqsədilə müxtəlif diametrli 168 min poqonmetr mövcud qaz xətti yenisi ilə əvəz olunub.

Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində hazırda rayonun Qobustan qəsəbəsindəki 17 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında 60 çarpayılıq poliklinika, stasionar, təcili yardım və doğum şöbələri, Qızıldaş qəsəbəsində 350 yerlik mədəniyyət evi, Puta, Ələt, Səngəçal və Qobustan qəsəbələrində isə idman kompleksləri inşa edilir. Eyni zamanda, Heydər Əliyev Fondu tərəfindən Lökbatan qəsəbəsində 120, “Ümid” qəsəbəsində isə 100 yerlik uşaq bağçaları tikilir.

Onu da qeyd edək ki, rayonda həyata keçirilən tikinti-abadlıq tədbirləri çərçivəsində IDEA İctimai Birliyinin təşkilatçılığı və rayon icra hakimiyyətlərinin dəstəyi ilə gerçəkləşdirilən “Bizim həyət” layihəsi mühüm rol oynayır. Bu il aprelin 14-də həmin layihə əsasında abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib. Xatırladaq ki, bu həyət Qaradağ rayonunun Lökbatan qəsəbəsi, İntiqam Nəbiyev küçəsində, 4 mindən çox sakinin yaşadığı məhəllədə yerləşir.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva həyətin açılışında, o cümlədən tədbir zamanı keçirilmiş kütləvi ağacəkmə aksiyasında.

“Bizim həyət” layihəsinin əsas məqsədi ekoloji cəhətdən təmiz və abad həyətlərin modelləşdirilməsi, yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

Qaradağ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan və 2 hektar sahəsi olan həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti və bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması məqsədilə əyləncə qurğuları yerləşdirilib, futbol meydançası və idman alətlərindən ibarət kiçik meydança salınıb. Bu cür meydançaların salınmasında əsas məqsəd gənclərin sağlam həyat tərzi sürmələrinə, sağlamlıqlarını möhkəmlədirmələrinə, asudə vaxtlarını səmərəli keçirmələrinə, o cümlədən onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılmasına nail olmaqdır. Həyətdə, həmçinin ev heyvanlarının gəzdirilməsi üçün xüsusi meydança salınıb.

Sakinlərin istək və maraqları nəzərə alınaraq, çoxmənzilli binaların fasadları və giriş hissələri də tam təmir olunaraq onların istifadəsinə verilib. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 500-ə yaxın ağac və kol əkilib.

Qeyd edək ki, “Bizim həyət” layihəsinə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə start verilib. Lökbatan qəsəbəsində sakinlərin istifadəsinə verilmiş həyət layihə çərçivəsində abadlaşdırılan üçüncü həyətdir.

Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin fəaliyyətinin ən böyük uğurlarından biri də regionlarımızın sosial-iqtisadi inkişafının diqqət mərkəzində saxlanılması, yaşayış məntəqələrində yeni sosial-mədəni obyektlərin, yolların, yeni müəssisələrin yaradılması, iş yerlərinin açılmasıdır. Bütün bunlar regionların yüksəlişinə səbəb olmaqla yanaşı, vətəndaşların dövlətə, onun rəhbərinə etimadını və rəğbətini daha da artırıb. Fikrimizcə, yuxarıdakı qısa qeydlərdən də bu, aydın nəzərə çarpır.

Ülviyyə VAHİDQIZI,
“Xalq qəzeti”

Məqalə Qaradağ Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə ­keçirdiyi müsabiqəyə təqdim edilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında