Goranboy: Bütün nailiyyətlər xalqın gücünün, yenilməz ruhunun təzahürüdür

Goranboy Rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın iclasında Nazirlər Kabinetinin bu yaxınlarda keçirilmiş geniş iclasında Prezident İlham Əliyevin qarşıya qoyduğu önəmli vəzifələr müzakirə olunmuş, birinci rübdə rayonun sosial-iqtisadi inkişafına yekun vurulmuşdur.

Yığıncağı giriş sözü ilə açan Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev hökumətin iclasında Prezident İlham Əliyevin nitqində əksini tapmış ciddi məsələlər barədə iştirak­çılara ətraflı məlumat vermiş, dövlət başçısının qarşıya qoyduğu hədəfləri şərh etmişdir. Rayon rəhbəri bildirmişdir ki, iclasda ölkə başçısının vurğu­ladığı kimi, Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü, qüdrətli olmamışdır. Son 15 ildə yerinə yetirilməyən vəd yoxdur. Bu gün Azərbaycanın reallıq­ları onu göstərir ki, biz düzgün yoldayıq.

Sonra hesabat məruzəsi ilə çıxış edən Nizaməddin Quliyev əvvəlcə ilin əvvəlindən ölkənin sosial-iqtisadi inkişafında əldə edilmiş nailiyyətlərdən söhbət açmışdır. Həyata keçirilmiş islahatların, gerçəkləşdirilən önəmli dövlət proqramlarının və çoxsaylı layihələrin ayrı-ayrı sahələrdə və əksər bölgələrdə əsaslı dəyişikliklər yaratdığını qeyd edən natiq bildirmişdir ki, ilin birinci rübünün yekun­ları Goranboy rayonu üçün də uğurlu olmuşdur. Ötənilki nailiyyətləri daha da artır­maq üçün tikinti, abadlıq və quruculuq işləri sürətlə davam etdirilir.

Başçı son illərdə Goranboy şəhərinin simasını tamamilə dəyişdirmiş quruculuq prosesinin davamı olan yeni obyektlərdə işlərin gedişindən söz açaraq demişdir ki, Prezi­dent İlham Əliyevin müvafiq sərəncamı ilə tikilən Mərkəzi Xəstəxananın, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin binaları yaxın vaxtlarda istifadəyə veriləcək. Dövlət başçısının tapşırığı ilə rayonda Olimpiya İdman Kompleksinin tikintisi üçün 3 milyon manat vəsait ayrılmış, artıq işə başlanıl­mışdır. Bu müasir idman mərkəzi isə gələn il istifadəyə veriləcək.

Goranboy şəhərində 67 metrlik Dövlət bayrağı ucal­dılmış, 750 kvadratmetr sahəsi olan Bayraq muzeyində isə işlər yekunlaşır. Xalça istehsalı ema­latxanasının tikintisi davam edir. Yaxın günlərdə Ailə və Uşaqlara Dəstək Mərkəzinin inşasına start veriləcək. Dəliməmmədli-Muzdurlar-Qırıqlı avtomobil yolunun tikintisi başa çatmaq­dadır. Dəliməmmədli-Quşçular-Fəxralı-Alpout-Qurbanzadə avtomobil yolunun tikintisi ilə bağlı hazırlıq işləri aparı­lır. Ümumilikdə, son 8 ildə rayonda 130 kilometrdən artıq yol yenidən tikilmişdir ki, bu da mövcud kəndlərarası yolların 82 faizi deməkdir.

Ölkə Prezidentinin tapşı­rığına əsasən, Goranboydakı 28 çoxmənzilli yaşayış bina­sından 11-i inişil, 12-si ötən il əsaslı təmir edilmişdir. Bu il isə daha 4 binanın dam örtüyü və fasadı yeniləşdirilir və həyətləri abadlaşdırılır. 20-dək kom­munal evin dam örtüklərinin dəyişdirilməsinə yaxın günlərdə başlanacaq. Şəhərdə qəzalı vəziyyətdə olan 3 binanın yenidən tikilməsi nəzərdə tutu­lur. Goranboy və Dəliməmmədli şəhərlərinin, Goran və Qızıl­hacılı qəsəbələrinin küçə və məhəllələrində, geniş abadlıq-quruculuq işləri uğurla davam etdirilir. Meydan və yolların asfalt örtüyü dəyişdirilir, yeni yaşıllaşdırma işləri aparılır. Aparılan işlər digər yaşayış məntəqələrini də əhatə edir, yerli icma və qeyri-hökumət təşkilatlarının maliyyə dəstəyi ilə problemlərin həlli ilə bağlı layihələr icra olunur.

Rayonun ümumtəhsil məktəblərinin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Xoylu kənd tam orta məktəbinin əlavə tədris korpu­sunda əsaslı təmir işləri başa çatmaq üzrədir. Ümumilikdə, son 7 ildə rayonda 24 məktəb, 3 əlavə tədris korpusu inşa edil­miş, 11 məktəb isə əsaslı təmir edilmişdir.

Məruzəçi daha sonra bildir­mişdir ki, ötən il aqrar bölmədə əldə edilmiş ciddi uğurları artırmaq, pambıqçılığın, tütün­çülüyün, baramaçılığın və digər sahələrin inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarını gerçəkləşdirmək üçün hazırlıq işləri ilin əvvəlindən davam etdirilir. Hazırda 17 istixanada il ərzində 800 tona qədər faraş məhsul yetişdirilir ki, bunun da bir hissəsi xarici bazara çıxarılır. “Boz dağ” massivində yaradıl­mış Goranboy Aqroparkının fəaliyyətə başlaması üçün xeyli iş görülmüşdür. Bura Şəmkir maşın kanalından 12,1 kilo­metr su kəməri, 14 kiolometr yüksək gərginlikli elektrik və 12 kilometr qaz xəttləri çəkilmiş, sututarlar inşa edilmiş, suvarma sistemi və transformator quraş­dırılmışdır.

Hazırda aqropark üçün inzibati və yardımçı binalar tikilir. İndiyədək yeni meyvə bağları salınmışdır. Ərazidə 100 daimi işçi çalışır, işlərin başa çatması ilə 500 yeni iş yeri yaradılacaq. Burada taxıl, şəkər çuğunduru, texniki bitkilər əkiləcək, emal müəssisələri, soyuducu anbarlar inşa ediləcək. Ötən il Şəmkir maşın kanalı ilə Dəliməmmədli şəhərində və 8 kənddə su təminatı ödənilmişdir. Bu il isə kanalın Nadirkəndədək 7 kilometrlik hissəsi istifadəyə veriləcək, 16 yaşayış məntəqəsində 19 subartezian quyusu qazılacaq. Bütün bunlar çox böyük dövlər köməyidir.

Prezident İlham Əliyevin tapşırığına əsasən Goran­boyda elektrik təsərrüfatının yenidən qurulması, yaşayış məntəqələrinin qazlaşdırılması yığıncaqda minnətdarlıqla qeyd edilmişdir. Bildirilmişdir ki, Yəhərçi Qazaxlar və Goranlı kəndlərinə yaxın günlərdə, Həmənli kəndi nə isə növbəti mərhələdə təbii qaz veriləcək. Hazırda rayon üzrə qazlaşma 95 faiz təşkil edir.

Məruzə ətrafında çıxışlarda ayrı-ayrı sahələrdə əldə edilmiş uğurlardan və həllini gözləyən məsələlərdən söz açılmışdır. Qəbul edilmiş qərarda uğur­ları artırmaq, problemləri həll etməklə bağlı konkret hədəflər əksini tapmışdır.

Ziyəddin SULTANOV,
“Xalq qəzeti”ninbölgə müxbiri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında